• şənbə, 20 Aprel, 13:40
  • Baku Bakı 23°C

“Zeytun budağı” əməliyyatı dünyada dəstək qazanır

26.01.18 21:09 879
“Zeytun budağı” əməliyyatı dünyada dəstək qazanır
Afrində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı ilə təhlükəsizliyini təhdid edən terror şəbəkəsinin məhvini planlaşdıran Türkiyə qətiyyətli addımlarını davam etdirir. Maraqlıdır ki, əməliyyatın davam etdiyi vaxtda bir sıra Qərb mediasının, xüsusilə Amerika KİV-inin Ankaranın terrora qarşı mübarizəsini yanlış təqdim etmək cəhdləri də müşahidə olunur. Bu, Vaşinqtonun PKK/PYD/YPG terrorçularını dəstəklədiyi və bölgədə məhz onlar üzərindən siyasət yürütdüyü faktı fonunda informasiya müharibəsi olaraq dəyərləndirilir.
Son məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatı nəticəsində məhv edilən terrorçu sayı 350-yə çatıb. Məlumata görə, əməliyyat nəticəsində həmçinin PKK/KCK/PYD/YPG və İŞİD terror təşkilatlarına məxsus 25 hədəf məhv edilib. "Zeytun budağı” əməliyyatının planlaşdırılanşəkildə davam etdirildiyi bildirilib. O da qeyd olunur ki, Türkiyə Suriyanın şimalında, PYD və YPG terror təşkilatlarının nəzarəti altında olan Mənbic şəhəri istiqamətində də cəbhə aça bilər. Türkiyə Silahlı Qüvvələrindəki mənbə bildirib ki, Mənbic terrorçuların dislokasiya mərkəzidir: "Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu” ilə birgə Afrin bölgəsinin azad edilməsi üzrə hərbi əməliyyatları uğurla davam etdirir”. O əlavə edib ki, Afrində görülən tədbirlər "Zeytun budağı” əməliyyatı ilə məhdudlaşmayacaq.
Qeyd edək ki, ötən gün "Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.
Ölkə mediası yazır ki, Türkiyənin BMT-dəki daimi nümayəndəsiFeridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında Afrin bölgəsində həyata keçirilən əməliyyat barədə məlumat verib. Sinirlioğlu Fələstin məsələsi daxil, Orta Şərqdəki vəziyyətin müzakirə olunduğu iclasda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sədri olan Türkiyə adından çıxış edib. Suriyadakı hadisələrətoxunan Sinirlioğlu Türkiyənin bu ölkədəki böhrana siyasi həll tapılması barədə cəhdlərini davam etdirdiyini xatırladıb, Astana və Soçidəki danışıqların Cenevrə prosesini "dəstəkləyən və tamamlayan” platformalar olduğunu vurğulayıb. Terrora son qoyulması və Suriyanı sabitliyə qovuşdurma hədəflərinə çatılmasının sadəcə uzun müddətli strategiya ilə mümkün olacağını qeyd edən Sinirlioğlu Türkiyənin terrorla mübarizədə qətiyyətli mövqeyini davam etdirdiyini də dilə gətirib. "Türkiyənin Suriyanın şimal-qərbində, Afrin bölgəsində başlatdığı "Zeytun budağı” əməliyyatı BMT konvensiyasının 51-ci maddəsində yer alan özünümüdafiə hüququ çərçivəsində, Suriyanın ərazi bütövlüyünə hörmətlə icra edilir. Hərəkatın planlaşdırma və icrasında yalnız terrorçular və onlara aid sığınacaq, mövqe, silah anbarları və hərbi avadanlıqlar hədəf götürülüb, sıravi vətəndaşların zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilir” - deyə Sinirlioğlu vurğulayıb.
"Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması Ankara və Dəməşqin ümumi məqsədidir, Türkiyə Silahlı Qüvvələri Suriyada hökumət qüvvələrinə hücum etmək niyyətində deyil”. Bu bəyanatla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu çıxış edib. "Suriya Silahlı Qüvvələri nə vaxtsa təyyarəmizi vurublar və cavabını alıblar. Onlar hələ ki bizə hücum etmirlər, onları hədəf kimi qəbul etməyə ehtiyac yoxdur. Bu günədək elə addım atmamışıq. Rejim bilir ki, YPGSuriyanı parçalamaq niyyətindədir. Amma biz, rejim və müxalifətSuriyanın hazırkı sərhədlərdə ərazi bütövlüyünün tərəfdarıyıq. Biz inanırıq ki, rejim terrorçularla əməkdaşlıq etməyəcək”, - deyə M.Çavuşoğlu jurnalistlərə bildirib.
Vaşinqtonun mövqeyinə gəldikdə, Ağ ev iddia edir ki, Türkiyənin Afrin bölgəsində apardığı hərbi əməliyyat diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər. Bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib. "İŞİD işi tam bitməyib. Biz Türkiyə ilə bu məsələni hərbi səviyyədə, XİN rəhbərləri və dövlət başçıları səviyyəsində müzakirə edirik”, - deyə Mettis bildirib. Onun sözlərinə görə, əməliyyat keçirildiyi vaxt və əhatə etdiyi miqyasa görə məhdudlaşdırılmalıdır. Eyni zamanda,mülki insanlar arasında qurbanlar olmamalıdır. "Bütün bunlara baxmayaraq, biz Fərat çayı vadisində qızğın döyüşlər üzərində fikrimizi cəmləşdirmək istəyirik”, - deyə Pentaqon rəhbəri vurğulayıb.
Pentaqon sözçüsü Dena Vayt isə rəsmi Ankaranın qanuni təhlükəsizlik narahatlıqları olduğuna diqqət çəkib və ABŞ-ın Türkiyə ilə arasında böhran olmadığınıbildirib. D.Vayt da "Zeytun budağı” əməliyyatının İŞİD əleyhinə əməliyyatlardan diqqəti yayındırmağa səbəb ola biləcəyi haqda ABŞ rəhbərliyindəki narahatlıqları ifadə edib. Pentaqon sözçüsü Türkiyə ilə ABŞ arasında Suriya məsələsində bir böhranın başlamaq üzrə olub-olmadığına dair suala cavab olaraq deyib ki, "Türkiyə ilə aramızda böhran yoxdur. Ancaq hazırda həyata keçirilən "Zeytun budağı” əməliyyatı diqqətləri yayındırır. Müttəfiqlər olaraq diqqətimizi əsas vəzifəyə, yəni İŞİD ilə mübarizəyə cəmləşdirməliyik”. Baş Qərargah Rəisliyi sözçüsü general-leytenant Kenet Makenziisə Türkiyənin təhlükəsizliklə əlaqəli narahatlığı məsələsi ilə ABŞ-ın Suriyada İŞİD ilə mübarizə məqsədini bir-birinə uyğunlaşdırmaq üçün türk rəsmilərlə müzakirələrin aparıldığını deyib. NATO-nun baş katibi Yens Stoltenberq isə vurğulayıb ki, bütün ölkələr kimi, Türkiyə də özünümüdafiə hüququna malikdir.
Beləliklə, Afrin əməliyyatında Türkiyənin əsas hədəfi nədən ibarətdir? Bu suala birmənalı cavab belə ola bilər ki, Türkiyə Suriya ilə sərhəddə yeni bir dövlətin yaradılmasına izn vermək istəmir və verməyəcək. Əksəriyyət də qəbul edir ki, bu, Türkiyə üçün həyati bir təhlükədir. Ümumiyyətlə, Türkiyənin Afrin əməliyyatı bölgədə marağı olan dövlətlərin mövqelərinin öyrənilməsi baxımından bir test kimi də dəyərləndirilə bilər. Belə bir fikir də var ki, ABŞ bölgədə uduzdu, planları alt-üst oldu. Amma yaratdığı gərginlikdən nəticə çıxarıb məkrli planlarından əl çəkmək istəmir. Bir tərəfdən bölgəni Rusiyaya tərk etmək istəmir, digər tərəfdən isə Türkiyəyə basqıdan əl çəkmir. Bu ikisi bir arada imkansızdır. Elə hesab edirdi ki, Türkiyə Afrində hərbi əməlyyatlara başlamaz. Amma hərbi əməliyyatlar başladı. İndi də bir qədər yumşaq bəyanatlar verir. Bu hadisələr göstərdi ki, ABŞ bölgədə hadisələrin arxasınca gedir.
Afrin əməliyyatının perspektivinə gəldikdə, böyük ehtimalla Türkiyə Fərat çayı sahilinə qədər bir bölgəni terrorçulardan təmizləyib Suriya xalqına təslim edəcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər