• cümə, 19 Aprel, 06:10
  • Baku Bakı 13°C

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışı olub

18.09.19 21:31 818
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışı olub
Sentyabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.
APA-nın məlumatına görə, açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqa qonaqlar iştirak ediblər.
Tamaşaçılara Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim olunub.
Konsertdə ilk olaraq Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürası səsləndirilib. Sonra Arif Məlikovovun 6-cı Simfoniyası "Təzadlar" ifa edilib. Fasilədən sonra isə rusiyalı solist Sergey Doqadinin ifasında Yan Sibeliusun "Skripka və orkestr üçün Konsert"i dinlənilib.
Qeyd edək ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dan 30-dək keçiriləcək.
Festival Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının "Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqalarının iştirakı ilə 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər