AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Zərifgeyt” qalmaqalı

“Zərifgeyt” qalmaqalı

Təfsilat
07 May 2021, 16:00 1219
İrandaxili siyasi gərginliyin pərdəarxası məqamları
 
İranda prezident seçkiləri ərəfəsində siyasi gərginlik yaşanır. Bir tərəfdən Qərbin sanksiyalar hədəsi, digər tərəfdən də ölkədaxili siyasi gərginlik artmaqdadır. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin qalmaqallı audio yazıları nəinki ölkədə, onun hüdudlarından kənar da ciddi rezonans doğurub. Audioyazı, ən əsası ölkədaxili siyasi gərginliyin, hakimiyyət uğrunda mübarizənin hansı həddə olduğunu göstərmiş olub. Nazirin səs yazısında daha çox İslam İnqilabı Keşikçiləri Korpusunun hökumətin qərarlarına qarşı çıxdığı fikri geniş rezonans doğurub. Audioyazı İran üçün kritik vaxtda ortaya çıxıb – ölkə Birləşmiş Ştatlarla və digər qərb dövlətləri ilə nüvə razılaşmasına dönmə prosesini yaşayır. Vasitəçilərin köməyi ilə keçirilən danışıqlar Vyanada baş tutub. Bu lent yazısının və etirafların hansı effekti doğuracağı, hələ ki, bəlli deyil. Maraqlıdır ki, Zəriflə onun yaxın adamı, iqtisadçı Səid Leylaz arasında danışıqlar 2020-ci ilin mart ayında baş tutub və orada da bildirilir ki, səs yazısı yazılmayacaq. Lakin bu lent yazısı az sonra Londonda yerləşən "Iran International”a ötürülür. O da yazını "The New York Times”la bölüşüb. İş o yerə çatıb ki, hakimiyyət qalmaqalda əli olduğu şübhəli bilinən 15 nəfərin ölkədən çıxışına qadağa qoyub.
 
Xatırladaq ki, səs yazısında Zərif həm də Qüds briqadasının qətlə yetirilən rəhbəri Qasım Süleymaninin ona mane olduğunu, Rusiyanın nüvə razılaşmasını pozmağa çalışdığını, Kerrinin ona İsrail hücumları barədə məlumat verdiyini də bildirir. Bu insidentin prezident Həsən Ruhaniyə qarşı təzyiq vasitəsi kimi nəzərdən keçirildiyi iddia edilir. Zərif xarici siyasətdəki nüfuzunun "sıfır” olduğunu da deyib. Zərif, həmçinin Rusiyanın nüvə razılaşmasının uğur qazanmasına hər cür maneə yaratdığını deyib.O, İranın Qərblə münasibətlərinin yaxşılaşmasının Moskvanın marağında olmadığını bildirib. O, Süleymaninin 2015-ci ildə Rusiyaya İranın nailiyyətlərini məhv etmək üçün getdiyini qeyd edib. Bununla bərabər, Zərif səs yazısında Süleymanini həm də tərifləyib. O, ABŞ-ın Süleymanini öldürməklə İrana ciddi zərbə vurduğunu bildirib. XİN rəhbəri Süleymaninin öldürülməsinin bir neçə şəhərin dağıdılmasından daha çox ziyan verdiyini söyləyib. Zərifin səs yazısında Ukrayna təyyarəsinin vurulması məsələsi də yer alıb. Belə ki, Zərif SEPAH-ın təyyarəni vurduğunu dərhal bildiyini, amma hökumətin bunu 3 gün sonra etiraf etdiyini deyib. XİN rəhbəri təyyarənin vurulmasından sonra iki ali rütbəli generalın Təhlükəsizlik Şurasının iclasında olduğunu, komandirlərin ondan tvit yazmağı və təyyarəyə hücumun həqiqət olmadığını qeyd etməyi tələb etdiklərini bildirib: "Allah şahidim olsun ki, onlar mənə Allahı inkar edirəmmiş kimi reaksiya verdilər”.
 
Zərifin cavabı
 
İranın xarici işlər naziri Cavad Zərif dərhal Qüds Qüvvələrinin sabiq komandanı general Qasım Süleymani haqqında dediyi və ölkə siyasətində böyük təpkilərə səbəb olan sözlərinə görə generalın ailəsindən və İran xalqından üzr istəyib.C. Zərif "sözlərim bəzi kəsimlər tərəfindən siyasi təzyiq vasitəsi olaraq istifadə edildi. İfadələrimin Süleymanini sevənlər və ailəsini incitdiyinin fərqindəyəm” deyib. "Məni suçlayan və iftira atdıqlarına inandığım hər kəsi bağışlayıram. İran xalqı, Süleymaninin bütün sevənləri və xüsusilə də ailəsindən məni bağışlayacaqlarına ümid edirəm” deyərək reportajın yayımlanacağını bilmədiyini, əks təqdirdə Q.Süleymani ilə bağlı hər hansı ifadə işlətməkdən çəkinəcəyini də deyib. Zərif aprelin 28-də "Instagram”da yazıb ki, həmin audiodakı fikirlərinin "əsas məqamı” "bu iki qanadın münasibətinin ağılla uyğunlaşdırılması ehtiyacı”dır. Səs yazısı İran mühafizəkarlarını qəzəblənirib. Onlar səs yazısının sızmasını "casusluq aktı” adlandırır, Məhəmməd Cavad Zərifin istefasını tələb edirlər. Hakimiyyət bildirir ki, müsahibə hökumət rəsmiləri ilə bağlı geniş bir layihə üçün hazırlanırdı və ictimaiyyətə açıqlanmaq üçün yox, xidməti istifadə üçün nəzərdə tutulmuşdu. IRNA xəbər verir ki, Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Hüsaməddim Aşenanı həmin postda kabinet sözçüsü Əli Rabieyi əvəz edib. Media xəbərlərinə görə, Zəriflə 7 saatlıq müsahibədə şəxsən iştirak edən Aşena həm də prezidentin müşavirlərindəndir.
İran Prezident Həsən Ruhani deyir ki, xarici işlər nazirinin səs yazısının sızdırılmasında məqsəd nüvə danışıqları vaxtı "bölücülük” yaratmaqdır.  Hazırda İranla dünya gücləri 2015-ci il nüvə sazişini dirçəltməyə çalışırlar. "Kəşfiyyat Nazirliyi bu lentin necə oğurlanmasını tapmaqdan ötrü əlindən gələni etməlidir”, – Ruhani hökumətin həftəlik iclasında deyib. "Biz yalnız birlik yolu ilə sanksiyaları qaldıra bilərik”, –  sözlərinə əlavə edib. Vyana danışıqlarının hədəfi Birləşmiş Ştatları 2015-ci il sazişinə qaytarmaq, Tehranı öhdəliklərinə əməl etməyə inandırmaqdır. Ruhaninin prezidentliyinin birinci dönəmində, Zərifin başçılığı ilə aparılan danışıqlar nəticəsində nüvə sazişi imzalanıb. Bundan sonra İranın nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyalar qaldırılıb. Ancaq Donald Tramp 2018-ci ildə Vaşinqtonu sazişdən çıxararaq sanksiyaları bərpa edib. Bundan bir il sonra İran da nüvə fəaliyyətini sürətləndirib. Öz növbəsində İranın ali rəhbəri Ayətulla Seyid Əli Xamneyi də İran xalqına müraciət edib və çıxışı zamanı Zərifin açıqlamasına toxunub. Bildirib ki, İran XİN-i xarici siyasəti müəyyənləşdirmir, sadəcə deyiləni icra edir. Əslində, bu, dünyanın bütün ölkələrində belədir. Hər bir dövlətin xarici siyasəti onun xarici konsepsiyasına uyğun olaraq inkişaf etdirilir. İranın xarici siyasətini müəyyənləşdirən Xamneyidir. Onun qərarlarından, iradəsindən, xeyir-duasından kənar addım atıla bilməz. Qalmaqallı səs fonunda dini lider bildirib ki, XİN ölkənin xarici siyasətini müəyyən etmir, sadəcə ali rəhbərlik tərəfindən müəyyən edilən xarici siaysət kursunun icrası ilə məşğuldur. Dini lider açıq şəkildə bildirib ki, "bir sıra məmurların bəyanatı", xüsusən də general Süleymani və islam İnqilabi Keşikçiləri Şurası ilə bağlı fikirləri "heyrət" və "təəccüb" doğurur. "Bu cür fikirlər "ABŞ-ın düşmənçilik bəyanatlarının" təkrar edilməsi deməkdir. Biz  "ölkənin siyasətini qəbul etmirik” kimi təssürat yaratmalı deyilik" deyə dini lider bəyan edib.
 
Zərif istefa verəcəkmi?
 
Zərifin opponentləri sakit dayanmaq fikrində deyillər. Onun istefası tələbini səsləndirir və bildirirlər ki, nazir İranın milli təhlükəsizliyini təhlükə altına alır. Qeyd edirlər ki, XİN rəhbəri cəzalanmalıdır. İranın bundan əvvəlki XİN rəhbəri də istefaya göndərilmişdi. Çünki atom-nüvə silahı ilə bağlı xəta etmiş və prezidenti ali rəhbərdən üstün tutmuşdu. Xamneyi bu addımlarla ölkədə Qərblə danışıqlara meyil göstərən qüvvələrə mesaj verir. Zərifin bir müddət əvvəl yayılan səs yazısı onun İran hakimiyyəti üçün qəbuledilməz, səhv addım atdığını və üzərinə daha böyük məsuliyyət götürmək cəhdindən xəbər verir. Əvvəllər də Zəriflə bağlı belə fikirlər var idi. Ümumiyyətlə, son iyirmi ildə İran XİN-i ilə bu cür neqativ hallar çoxdur. Özbaşına qərar verən hər kəs cəzalanır.
Yeri gəlmişkən, Zərifin tərəfdarları da narahatlqılarını ifadə ediblər. Bildiriblər ki, onun sözləri gələn ayın sonu keçiriləcək prezident seçkilərinə təsirsiz ötüşməyəcək. Onların qənaətincə, nazirin şərhləri islahatçılar fraksiyasından olan namizədlərə ciddi ziyan vura bilər. Nazir də onların müdafiəçiləri sırasındadır. Bununla da seçicilərin onlara şübhə və apatiyasını gücləndirə bilər. Yəni belə bir təssürat formalaşaq ki, seçilən məmurlar heç bir hakimiyyətə malik deyillər. Lent yazısı həm də ölkənin xüsusi xidmət orqanlarının və hakimiyyət dairələrində yaşanan iki qalmaqalla eyni vaxta təsadüf edir. Söhbət Natanda nüvə obyektində baş verən qətllər və partlayışlarla bağlıdır. Keçmiş vitse-prezident Məhəmməd Əli Avtahinin qənaətincə, audioyazı İranın nüvə sənədlərinin İsrail tərəfindən oğurlanmasının ekvivalentdirir. Bir sıra analitiklərin qənaətincə, audioyazı danışıqlar dövründə İran diplomatlarının nüfuzuna ciddi zərbə vurmuş olur. Atlantik Şurasının qeyri-rezident üzvü Sina Azodi hesab edir ki, bu lent yazısı nüvə danışıqları aparan tərəflərin əllərini bağlamış olur: "Lent yazısı göstərir ki, Zərif evində heç bir hörmətə malik deyil. İranın xarici siyasət kursu isə hərbçilərin diqtəsi ilə müəyyən olunur, Zərif isə heç kimdir”. Lent yazısında Zərif etiraf edir ki, söhbət danışıqlardan gedəndə qərar verən tək Ali dini lider Əli Xameneyi deyil, Keşikçilər Şurasıdır.
 
"Zərifgeyt"
 
İnsident Qərb mediasında artıq maraqlı bir ad da qazanıb - "zərifgeyt". Cəmiyyətdə ən çox gərginlik yaradan odur ki, nazirin müsahibəsi ölkədə artıq məxfi bəyanat və yaxud gizli nəsə olmadığını üzə çıxarmış olub. "Yəni siz nəsə desəniz, dərhal da yayılacaq". Bu fikri keçmiş briqada generalı Hüseyn Alayi səsləndirib. İranda əsas müzakirə mövzusu həm də odur ki, nazir bu qalmaqaldan sonra mütləq istefa verməlidir. Artıq İran sanki "şüşə ev"i, yəni başqa ölkələr üçün sirr olmayan bir məkanı xatırladır. Bütün bunlar da o anlama gəlir ki, ölkənin indiki hakimiyyət orqanları işinin öhdəsindən gələ bilmir. Səs yazısı daha çox İran mühafizəkarlarını qəzəblənirib. Onlar səs yazısının sızmasını "casusluq aktı" adlandırır və bu səbəbdən də Zərifin istefasını tələb edirlər.
İran hakimiyyəti besab edir ki, ölkə sanksiyaların və təzyiqlərin ləğvi ilə bağlı həssas və tarixi günlər yaşayır. Belə bir gərgin vaxtda da Zərifin yayımlanmamalı olan səs yazısı ictimailəşir. İran prezident Həsən Ruhani isə deyir ki, xarici işlər nazirinin səs yazısının sızdırılmasında məqsəd nüvə danışıqları vaxtı "bölücülük" yaratmaqdır.
Beləliklə, qalmaqalın necə nəticələnəcəyi maraq doğurur. Lakin ən əsası odur ki, qarşıdakı seçkilərdə "islahatçılar" adlanan qanada ciddi təsir edəcək. Bu qalmaqalla mühafizəkarları təmsil edənlərin seçki prosesinə daha çox cəlb ediləcəyi gözlənilir.
 
Azər NURİYEV