bazar ertəsi, 06 fevral, 19:29

Baku Bakı 7°C

Zəngəzur Qafqazın ən önəmli turizm məkanlarından birinə çevriləcək - RƏY

icon 526 icon 22 oktyabr 2022 | 08:00 Zəngəzur Qafqazın ən önəmli turizm məkanlarından birinə çevriləcək - RƏY

Bu gün Azərbaycan dünyaya örnək olan mənzərə yaradıb. 30 il işğal altında qalan Qarabağ erməni vandalizmi nəticəsində böyük dağıntılara məruz qalmışdı. Ağdamı, Füzulini, Cəbrayılı və işğaldan azad edilən digər əraziləri görən hər kəs burada baş verən insanlıqdankənar hərəkətlərin nəticələrini təəssüflə qarşılayır. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ən qısa zamanda ciddi işlər görərək, Qarabağda dağıntıların nəticələrini aradan qaldırır, oraya yeni həyat verir. Dövlətimizin başçısının iradəsi və qətiyyəti sayəsində keçmiş məcburi köçkünlər artıq işğaldan azad edilən bölgələrə dönürlər. Ağalı kəndinin timsalında Qarabağda, ümumiyyətlə, regionda ilk olan yeni şəhərsalma elementlərindən istifadə edilib. Prezident İlham Əliyev mütəmadi olaraq Qarabağa səfərlər edir, quruculuq işləri ilə birbaşa yerində tanış olur. Qarabağın dirçəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Qalib ölkənin qalib vətəndaşları indi Qarabağın necə inkişaf etdiyini, burada hansı genişmiqyaslı işlərin aparıldığını böyük maraq və qürurla izləyirlər.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri 44 günlük Vətən müharibəsi zamanı tarixi qələbələrin qazanıldığı günlərə təsadüf edir. Dövlətimizin başçısı Qarabağdakı hər bir yeniliyi və inkişafı şəxsən idarə edir. Onun sıx iş qrafikinə rəğmən, işğaldan azad edilən bölgələrə mütəmadi səfərləri dediklərimizin əyani sübutudur. Prezident İlham Əliyev Qarabağda istifadəyə verilən infrastruktur layihələrinin, müasir tikililərin açılışlarını edir, həmçinin Qarabağda yaşamağa başlayan insanlarla görüşlər keçirir.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə sayca ikinci olan aeroportun - Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Qarabağ və Zəngəzurun gələcəkdə Qafqazın ən önəmli turizm məkanı olacağını göstərir. Bu bölgələr Azərbaycanın turizm potensialı baxımdan ən inkişaf etmiş regionlarına çevriləcək. Növbəti illərdə işğaldan azad edilmiş Laçında da hava limanının istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda isə paytaxt Bakıdan Füzuliyə, Zəngilana çox qısa vaxtda çatmaq mümkündür. Eyni zamanda, həyat bərpa olunduqdan sonra Qarabağdakı hava limanları mühüm turizm səyahət mərkəzlərindən biri olacaq.

Azərbaycanın müasir hava nəqliyyatı infrastrukturunun daha da inkişafı üçün uzun illər ərzində böyük işlər görülüb. Ölkəmiz Qafqazın ən böyük hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportuna malikdir. Ümumilikdə Qarabağ zonasında tikilən hava limanlarının məhz bu üç ərazidə olması həmin bölgənin coğrafi əhəmiyyətini bir daha nümayiş etdirir.

Ekspert qeyd edib ki, eyni zamanda, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə dövlətinin başçısının növbəti dəfə Qarabağa gəlməsi, Zəngilanda aeroportun açılışına qatılmasının mühüm siyasi mesajları var. Türkiyə regional aktordan qlobal siyasi gücə çevrilib. Araz sahillərində Türkiyə Prezidentinin səsləndirdiyi fikirlər dosta da, düşmənə də mesaj xarakteri daşıyırdı. Qardaş ölkə bir daha göstərdi ki, Azərbaycan yalnız deyil. Türkiyə-Azərbaycan həmrəyliyi ölkəmizə nifrət bəsləyənlərə hər zaman layiqli cavab verəcək.

“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa səfərləri zamanı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi də istifadəyə verildi ki, bu yolun Qarabağın nəqliyyat qovşağında mühüm əhəmiyyəti var. Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi layihələri erməni işğalçılığı dövründə məhv edilmiş flora və faunanın bərpası yönündə danılmaz əhəmiyyətə malikdir. Cəbrayılda və Qubadlıda "Azərişıq" ASC-nin yarımstansiyaları və Rəqəmsal İdarəetmə Mərkəzlərinin təməli qoyldu ki, Qarabağda ərazi infrastrukturunun formalaşmağında görülən işlərin tərkib hissəsi beynəlxalq aləmdə də diqqətlə izlənilir. Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması da çox əhəmiyyətlidir.

Azərbaycan dünyaya model dövlətdir. Cəmi iki il ərzində Qarabağda terrora məruz qalmış yurdlardan firavan yaşayış yerləri ərsəyə gətirildi və proses sürətlə davam edir",- deyə STM-in baş məsləhətçisi vurğulayıb.