• cümə, 19 Aprel, 11:16
  • Baku Bakı 13°C

Özəl universitetlər təhsil haqlarını aşağı saldı

20.05.17 11:00 4159
Özəl universitetlər təhsil haqlarını aşağı saldı
Bəzi özəl ali təhsil müəssisələri bu il təhsil haqlarını endiriblər. 20-30, hətta 50 faizə qədər endirimlər edənlər var. Bunu təhsil haqlarının ötən il daha yüksək olması ilə də bağlamaq olar.Çünki 2016-2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul üçün yerlər ayrılmış 43 ali məktəbdən 39-da plan yerləri tam dolmamışdı. Məsələn, Odlar Yurdu Universitetində yerlərin cəmi 11.33%-i (ən aşağı göstəricidir), Qərb Universitetində 25.05%-i, Azərbaycan Kooperasiya Universitetində 36.07%-i, Azərbaycan Universitetində 45.38%-i, Bakı Avrasiya Universitetində 49.22%-i, Bakı Biznes Universitetində isə 59.50%-i dolmuşdu.
Endirimlər var…
"Universitetlər bunu fərqli səbəblərlə əlaqələndirirlər. Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Kaspi”yə bildirildi ki, onlarda da müəyyən ixtisaslarda endirim edilib. Belə ki, bu il 14 ixtisas üzrə qəbul aparılacaq. Onlardan ikinci qrup ixtisasların yalnız 4-də təhsil haqqı 3000 manatdan 2500-ə endirilib. Digər 10 ixtisas üzrə təhsil haqqı eyni olaraq qalır. Ölkə üzrə qəbul statistikasının aşağı olmasını nəzərə alaraq, təhsilin stimullaşdırılması üçün qiymət endirimlərinə gedildiyi bildirildi.
AzərbaycanKooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov bildirdi ki, təmsil etdiyi təhsil müəssisəsində nəzərəçarpacaq dərəcədə endirimlər olacaq: "18 ixtisas üzrə tələbə qəbulu aparılacaq, onların hər birində endirimlər gözlənilir. 300 manatdan 1500 manata qədər, hətta daha çox endirimlər ola bilər. Amma hələ ki tam təsdiqlənmədiyi üçün dəqiqliklə açıqlama verə bilmirik”.
Qərb Universitetinin KİV-lə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədovun sözlərində görə, universitetdə bütün fakültələr üzrə illik təhsil haqları aşağı salınıb: "Hazırda təhsil haqları 1500-2000 manat arasındadır. Hazırda Qərb Universiteti infrastrukturun müasirləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində iş aparılır. Nəhəng kompleks tikilir. Yeni binalar və müasir kampusun tikintisini həyata keçirir. Bununla əlaqədar qəbulunun artacağını nəzərə alaraq, belə bir addım atılıb. Bu prosesə universitetin Qəyyumlar Şurası da dəstək verir. Bütün bunlar təhsil haqlarının aşağı salınmasına imkan verir”.
Təhsil haqlarını 30% aşağı salan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, bunun başlıca səbəbi valyutanın məzənnəsində olan dəyişiklik və universitetin nəzərdə tutulan tələbə qəbulu planının doldurulmasıdır.
Təhsil haqını endirən digər bir təhsil ocağı Bakı Avrasiya Universitetindən isə bildirilib ki, ötən il universitetin qəbul planında 50% yer boş qalıb. Bunu nəzərə alan universitet rəhbərliyi bu il təhsil haqlarını 300-400 manat aşağı salıb.
Dövlət universitetlərində endirim gözlənilmir
Bəs dövlət universitetlərində belə bir endirim gözlənilirmi? Bakı Dövlət Universiteti rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov qəzetimizə açıqlamasında bildirdi ki, universitetdə qiymətlər stabil olaraq qalır, hər hansı endirim gözlənilmir. Onu da qeyd etdi ki, BDU artıq büdcədən maliyyələşmir, korporativ idarəetməyə keçib.
Azərbaycan Dövlət Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov deyir ki, hazırda universitetdə bütün fakültələrdə təhsil haqqı 1320 manatdır. Təhsil haqlarının artırılıb, yaxud azaldılacağı ilə bağlı hələ ki heç bir rəsmi məlumat yoxdur.
Azərbaycan Texniki Universitetini mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirdi ki, təmsil etdiyi təhsil müəssisəsində ödənişli əsaslarla oxuyan tələbələr üçün təhsil haqqı ixtisaslar üzrə müvafiq olaraq 1600-1700 AZN təşkil edir: "Mövcud vəziyyətdə bu məbləğ digər dövlət ali təhsil müəssisələri ilə müqayisədə kifayət qədər münasibdir. Nəzərinizə çatdırmaq istərdim ki, AzTU-da təhsil haqı əvvəlki illərdə qaldırılmayıb, sosial-iqtisadi vəziyyət nəzərə alınaraq, hər kəsin gücü çata biləcək səviyyədə saxlanılıb. Buna görə də təhsil haqlarının növbəti qəbul ili üçün aşağı salınması hazırda müzakirə mövzusu deyil. Universitetimizdə son illər yaradılan təhsil mühiti, maddi-texniki baza, kadr potensialı və ödənişli əsaslarla təhsil alan tələbələr üçün münasib məbləğ zənnimcə, abituriyentlərin AzTU-nu seçməsinə səbəb olacaq”.
"Universitetin də fəaliyyəti ödənişlərdən asılıdır”
Qiymətlərdə endirim olmasının səbəblərini qəzetimizə şərh edən təhsil eksperti Nadir İsrafilov bildirdi ki, universitetlərimizdə təhsil haqları elə bir məbləğdədir ki, əhalinin böyük hissəsinin onu ödəmək iqtidarında deyil: "Bu gün müxtəlif statistika səslənir. Ötən il belə bir statistika açıqlandı ki, 1000 nəfər tələbə bir tədris ilində ali məktəbə yüksək balla daxil olub, ödəniş imkanı olmadığı üçün təhsilini yarımçıq qoyub. Sonra başqa bir fikir səsləndirildi ki, 10 minə qədər tələbənin ödənişlə əlaqədar təhsilini davam etdirmək imkanı yoxdur. Bu gündəmdə olan ən aktual məsələdir. Statistikadakı rəqəmin dəqiq olub-olmamağından söhbət getmir. Amma fakt odur ki, əhalinin böyük hissəsinin həmin məbləğləri ödəmək imkanları yoxdur. Buna görə də şübhəsiz ki, təhsildən kənarda qalırlar”.
N.İsrafilov deyir ki, ödəniş olmadan isə universitetlərin fəaliyyəti çətinləşir: "Dünya təcrübəsində bu, müxtəlif şəkildə həyata keçirilir. Məsələn, elə ölkələr var ki, onlarda dövlət təhsil müəssisələrində ümumiyyətlə, ödəniş yoxdur. Özəl məlum, amma bizdə dövlət təhsil müəssisələrində də 80 faiz təhsil ödənişlidir. Bu, şübhəsiz ki, plan yerlərinə də öz təsirini göstərir. Bu mənada ayrı-ayrı universitetlər güzəştə getməli olurlar. Çünki universitetin də fəaliyyəti ödənişlərdən asılıdır. Bu gün bəzi universitetlər tələbələrin ödənişlərini birinci il birdəfəlik tələb etsələr də, növbəti illərdə müəyyən güzəştlər verilir, hissə-hissə ödəyirlər. Bəzi universitetlərdə elə problemlər yaranır ki, tələbələrin bəziləri imkanları olmadığı üçün 2-3 il ödəniş edə bilməyiblər. Tələbələrin 4-5 milyon manata qədər borcu qalıb. Universitetlərin müəllimlərinin əmək haqları, tələbələrin təqaüdləri və digər xərclər bu ödənişlər vasitəsilə formalaşır. Əgər o ödənişlər yığılmırsa, universitet öz müəlliminə əmək haqqı verməyəcək. Ona görə də bu, problemli məslədir”.
"Təhsil kreditləri ilə bağlı qanun yaxın illərdə vacib olacaq”
Ekspertin sözlərinə görə, bu məsələnin ortaq nöqtəsi dünya təcrübəsində təhsil kreditləridir: "Dünya təcrübəsində təhsil haqlarını ödəmək imkanı olmayan tələbələrə aşağı faizlə, uzunmüddətli kreditlər verilir. Məsələn, 4-5, yaxud 6 faizlə. Tələbə universiteti bitirib işləyən zaman isə əməkhaqqından o krediti ödəyir. Bizdə də tələbələrə təhsil krediti verilməsi məsələsi dəfələrlə gündəmə gəlib. Amma banklarımız bu faizlə kreditə getmirlər, eyni zamanda bankların təminatı yoxdur ki, tələbələr universiteti bitirəndən sonra iş tapıb nə vaxtsa borcu qaytara biləcəklər. Biz bu prosesdə keçid dövrünü yaşayırıq. Boloniya prosesinə qoşulmuşuq. İndi bəzi universitetlərdə təhsil haqqını ödəyə bilməyən tələbələri imtahana buraxmırlar. Sonra o təhsil haqqını ödəyir, amma yenidən imtahana girmək üçün kredit pulu ödəyir. Bu cür problemlər var. Ötən il kömək məqsədilə "Maarifçi" Tələbə Kredit Fondu yaradıldı. Onlar hardasa 200-ə qədər tələbəyə kredit verməklə, köməklik edirlər. Milli Məclisdə dəfələrlə Təhsil Krediti haqında qanun qəbul olunması gündəmə gəlib. Bu məsələ gündəmə gətirilsə də, hələ də qalıb. Hesab edirəm ki, bu, yaxın illərdə vacib detala çevriləcək. Çünki tələbənin xərci təkcə təhsil haqqı deyil axı. Rayondan gələnlərin hələ digər xərcləri də çox olur”.
"Güzəştə getməyənlər də güzəştə getməli olacaqlar”
N.İsrafilov qeyd etdi ki, tələbə üçün təhsil almaq mühiti rahat olmalıdır: "Dünyada daha yüksək reytinqdə olan universitetlərin elə uğurlu olmasının sirri bilirsiniz nədir? Ona görə ki, onlarda kampus sistemidir. Tələbə yataqxana, tədris materialı, kitabxana digər məişət problemlərindən azaddır. Onların vəzifəsi ancaq oxumaqdır. İdman zalı, kafe, yatmaq yerləri də ordadır, tıxaca düşmürlər. Orda tələbələrin işləyə biləcəyi müxtəlif iş yerləri də var. Bizim tələbələr isə ancaq sosial problemlərlə əlləşirlər. Ona görə də təhsil istədiyimiz səviyyədə olmur. Şübhəsiz ki tələbələrin təhsil kreditləri məsələsi həll olunmalıdır. Ödənişlər əhalinin sosial vəziyyətinə adekvat deyil. 1500 manat olan təhsil haqqını belə ödəmək iqtidarında olmayanlar var. Hesab edirəm ki, bu məsələ üzərində iş gedir, ayrı-ayrı universitetlər müəyyən güzəştlər edirlər. Güzəştə getməyənlər də güzəştə getməli olacaqlar. Çünki universitetin fəaliyyəti tələbədən asılıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər