Özəl sektorun peşə təhsilinə cəlbi

Peşə təhsili müəssisələrinin bazarın tələblərinə uyğunluğunu
artırmaq üçün layihə həyata keçirilir
Müasir dünyada peşə
təhsil sisteminə təkcə təhsil sisteminin bir elementi kimi baxılmır. Daha çox
iqtisadiyyatın və sənayeləşmənin elementi kimi yanaşılır. Bu baxımdan, peşə məktəblərinin şəbəkəsinin
yenilənməsi və müasir peşələrə yönəldilməsi istiqamətində bizim ölkəmizdə də
layihələr həyata keçirilir. Peşə təhsili pilləsi üzrə özəl sektor ilə əməkdaşlıq isə bu sahənin inkişafı
üçün prioritet istiqamət sayılır. Ölkə iqtisadiyyatının getdikcə inkişaf etməsi, yeni iş
yerləri və sahələrinin yaradılması ilə əlaqədar peşə təhsili sahəsində
hazırlanan kadrlara ehtiyac da getdikcə artır. Özəl şirkətlərin peşə təhsili
sahəsinə cəlb edilməsi də məhz bu məqsəddən irəli gəlir. Həmçinin
işəgötürənlərin ən son tələblərinə cavab verən bacarıqlı kadrların
hazırlanması, sənaye sahəsində, aqrar sektorda və s. məşğulluğun təmin olunması,
peşə təhsili sahəsində ən çox müzakirə olunan və həllini gözləyən
məsələlərdəndir.
Biznes sektor bu sahəyə gələrsə...
Təhsil ekspertləri günün tələbinə uyğun olaraq peşə
təhsili pilləsi üzrə özəl sektor ilə əməkdaşlıq çərçivəsini genişləndirməyə
ehtiyacın olduğunu bildirirlər. O
cümlədən bəzən özəl
sektorun peşə təhsili sahəsinə lazımı qədər diqqət yetirmədiyini, bu sahədə
mövcud problemlərin olduğunu da qeyd edirlər. "Biznes sektor bu sahəyə gələrsə,
özünə lazım olan sifarişləri verə, həm də lazım olan kadrlardan istifadə edə
bilər. Həm də yeni ixtisas sifariş verib, gələcəkdə onun hazırlanmasını gündəmə
gətirə bilər. Çünki texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla,
ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biridir”-
deyə fikirlər birmənalıdır.
Peşə
təhsilinin cəlbediciliyini artırmaq
Avropa İttifaqı (Aİ) tərəfindən
maliyyələşdirilən, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və
Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə həyata keçirilən layihə həm də
peşə təhsil müəssisələrində özəl sektorun peşə təhsili sahəsinə diqqətini
yönəltmək məqsədi daşıyır. Layihə Qəbələ, Quba, Saatlı,
Bakı, Gəncə və Şəkidə yerləşən bir sıra peşə təhsili mərkəzlərində özəl sektor
nümayəndələrini Dəyirmi masa ətrafına toplayıb. Kənd təsərrüfatı, otel
menecmenti və qonaqpərvərlik, qida istehsalı, suvarma sistemləri üzrə
ixtisaslaşmış 35 şirkətin nümayəndəsi peşə təhsili və təlimi (PTT) üzrə
mütəxəssislərlə, o cümlədən mövzu ilə əlaqədar tədqiqat qrupu ilə müzakirələr
aparıblar. Məqsəd ölkədəki özəl sektor şirkətləri ilə əlaqələri gücləndirmək və
onları peşə təhsili sahəsində gedən proseslərə yaxından cəlb etməkdir.
BMTİP-dən
"Kaspi”yə verilən məlumata görə, "Gələcək üçün
peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin
yaradılmasına dəstək” layihəsi səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaq
üçün peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə xidmət edir. Məqsəd peşə
təhsilinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini
artırmağa kömək etməkdir.
Gələcək
kadrların yetişdirilməsinə istiqamət
Peşə məktəblərinin mövcud əmək bazarındakı rolunu dəyərləndirən Layihənin koordinatoru Zəhra Əmrahova qeyd edir ki, özəl sektor və peşə təhsil müəssisələrinin
münasibəti çox sıx və qarşılıqlı olmalıdır: "Özəl şirkətlər cari bazarın tələb
və standartlarını formalaşdırır və ən son məlumat sahibidir. Bu bilgi və
təcrübə, həmçinin yenilənən tələblər birbaşa olaraq peşə təhsil müəssisələrinə
ötürülməli və gələcək kadrların yetişdirilməsinə istiqamət verməlidir. Həmçinin,
PTM-lər də yeni çağırışları özəl sektorla paylaşa bilməli və bazarın
yönləndirilməsinə təsir etməlidir. Məqsədimiz bazarın tələblərinə uyğun
kadrları yetişdirmək və bu istiqamətdə təhsili müasirləşdirməkdir. Tələb və
təklif, ümumilikdə bu proses ikitərəfli və daima yenilənəndir”.
Layihənin məqsədindən danışan BMTİP
təmsilçisi bildirir ki, əsas məqsəd Azərbaycandakı peşə təhsili müəssisələrinin
daha da müasirləşdirilməsi və onların cari bazarın tələblərinə uyğunluğunu
artırmağa dəstək olmaqdır: "Bu amalı əsas tutaraq, çoxsaylı fəaliyyətlər icra
edilir və özəl sektorun da prosesə cəlb edilməsi bu fəaliyyətlərin əsas
komponentlərindəndir”.
Peşə təhsili müəssisələri ilə əməkdaşlıq
Layihə koordinatorunun sözlərinə görə,
hazırda silsilə şəkildə baş tutan tədbirlərdə əsas müzakirə mövzuları peşəyə
olan marağın artırılması üçün işəgötürənlərin fikrinin öyrənilməsi, peşə
təhsili müəssisələri ilə əməkdaşlıq imkanlarıdır: "Həmçinin tələbələrin təcrübə
proqramları, iş yerində öyrənmə konseptinin və hər hansı birgə biznes imkanının
müzakirəsi davam edir.
Beynəlxalq ekspertlərin cəlbi
Layihə koordinatoru peşə təhsili
sisteminin müasirləşdirilməsi istiqamətində hazırda həyata keçirilən işlərdən
danışaraq günümüzün tələblərinə cavab verən ixtisasların təşviqinin vacib
olduğunu bildirir. Müasir standartlara cavab verən emalatxanaların yaradılması
da prioritetdir: "Müəllim və pedaqoji heyətin bilik və bacarıqlarının
artırılması, sahə üzrə öncül təcrübələrin öyrənilməsi və tətbiqi üçün
beynəlxalq ekspertlərin cəlb edilməsi əsas fəaliyyət istiqamətləridir. O
cümlədən, peşə təhsili istiqamətində marağı olan müvafiq potensiallı şəxslərin
təlim proqramlarına cəlb edilməsinə ehtiyac var”.
Özəl sektordan gözləntilər
Şirkətlərin məzunlara iş şəraitinin
yaradılmasına dəstəyinə gəlincə, koordinator bildirir ki, hazırda bu
istiqamətdə müvafiq araşdırma qrupu prosesə cəlb edilib və çoxsaylı özəl sektor
şirkətləri ilə sorğu aparılır: "Layihənin bu istiqamətdəki işlərinə nəzərən
deyə bilərik ki, özəl sektor üçün müəyyən gözləntilər formalaşır. Məsələn, peşə
tələbələrinin istehsal təcrübəsi keçmələri üçün şirkətlərin müəssisələrində
imkan yaratmalarına ehtiyac var. Tədris vəsaitləri, kurikulumların
hazırlanmasında yaxından iştirak etmələri, öz mütəxəssislərinin peşədə
istehsalat dərslərinə cəlb edilməsinə imkan yaratmaları vacibdir. O cümlədən,
iş yerində öyrənmə konsepsiyasına dəstək olmaları, peşə təhsil müəssisələri ilə
birgə hər hansı yeni biznes imkanlarının yaradılmasına maraqlı olmaları əsas
gözləntilərdir”.
Təranə Məhərrəmova
