AZE | RUS | ENG |

Zəhmətkeş şagirdləri ilə fəxr edən müəllim - Örnək

Zəhmətkeş şagirdləri ilə fəxr edən müəllim - Örnək
Kamil Ağayev: “Uşaqların biri nobatdan qayıdır, bir əkin işləri ilə məşğuldur, biri qoyun otarır, amma...”

Müəllimlik onun xəyalı olub. Müəllimlərini o qədər sevib ki, onların sənətini davam etdirməyi özünə borc bilib. Ona görə, müəllimlik fədakarlıqdır, müəllim atadır, anadır... Ən əsası, gələcəyə işıq tutan şəxsdir. Bunları anlamayan müəllim ola bilməz. "Örnək” rubrikamızın qonağı ucqar kənd müəllimi Kamil Ağayevdir.

1995-ci ildə Bakıda, Biləcəri qəsəbəsində anadan olub. 2012-ci ildə 297 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialına daxil olur və 2016-cı ildə tarix-coğrafiya fakültəsini bitirir. 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında 50 bal toplayaraq İsmayıllının Əhən kənd orta məktəbində coğrafiya müəllimliyinə qəbul olunur. 
 
"Ehtiyacı olanların yanında olmaq istədim”
 
Kamil deyir ki, peşəsini ona öz müəllimləri sevdirib: "Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yol göstərəni, bələdçisidir. Hər bir şagirdin taleyi müəllimin əlində olur. Məhz müəllimin düzgün yol göstərməsi və təhsil verməsi şagirdin, xüsusilə də ucqar kənd şagirdlərinin bütün həyatını dəyişə bilər. Öz bildiklərini uşaqlara aşılamaq insanda gözəl təəssüratlar yaradır. Coğrafiya haqqında məlumatı olmayan şagirdlərə fənni tədris edəndə, daha sonra həmin məlumatları onlardan daha düzgün, dolğun şəkildə qəbul edəndə sevinirəm. Bu peşəyə marağı mənə məktəb müəllimlərim aşılayıb. Onların öyrətdiklərini şagirdlərimə aşılamağa çalışıram. Düzdür, Bakıda doğulub, Bakıda yaşayan biri kimi rayonda yaşamaq çətindir. Məhz sənətimin haqqını vermək üçün ucqar kənddə dərs deməyi özümə borc bildim. Bir millətin milli, əxlaqi və mədəni cəhətdən güclü və mədəniyyət baxımından inkişaf etmiş olması müəllimlərdən asılıdır. Müəllim fədakar, əsl öyrədən olmalıdır. Mən də ehtiyacı olanların yanında olmaq istədim. Ucqar kənddəki uşaqların müəllimə ehtiyacı olduğu halda, rahat şəraitdə dərs deməyi özümə sığışdırmadım. Təsəvvür edin, qarşınızda öyrənməyə hazır uşaq var. Bu uşaqları öyrətmək bizim borcumuzdur”.
 

 
"Bəzən kəndə maşın tapa bilməyib, dağlarla piyada qalxıram”
 
Həmsöhbətimiz deyir ki, əvvəllər İsmayıllıya hər dəfə yay aylarında gəldiyi üçün bu şəhər onda yad təəssüratı yaratmayıb. Amma kəndin qışı yayı qədər zövqlü olmayıb: "İstirahətə getdiyim yerlərdə müəllim kimi işləmək maraqlıdır. Hazırda işlədiyim Əhən kəndi dağ kəndidir. Bakıdan həmin kəndə gedib çatmaq bir az çətindir. Elə vaxt olur ki, kəndə maşın tapa bilmirəm və məcbur olub dağa piyada qalxıram. Lahıc qəsəbəsindən piyada məsafə 4 km-dir. Düz yol olsa, rahatdır. Amma dağ yolu olduğu üçün çətinlik çəkirəm. Bundan başqa, sürülərin olduğu yerlərdə çoban itləri də olur. Bu itlər də bir təhlükədir. Bəzən qışda səhər tezdən dərsə gedəndə çəkinirdim. Dərsə başladığım ilk günlər daha çox narahat olurdum. Bundan əlavə, yay ilə qış arasında orada çox böyük fərq var. Hamı yayda gəlib orada dincəlmək istəyir, amma qışda heç kim buna risk etmir. Çünki həddən artıq soyuqdur. Qış fəslində günorta vaxtı 6-7 dərəcə şaxta olur. Gecələr isə mənfi 10-15 dərəcədən aşağı düşür. Mən də Bakıda istiyə öyrənmiş və istisevən olduğum üçün havasına uyğunlaşmaqda çətinlik çəkirəm”.

Kamil deyir ki, havası soyuq olsa da, insanların qayğıkeşliyi, doğmalığı, isti münasibətləri onu sevindirir. Müsahibimizin sözlərinə görə, kənd sakinləri xüsusilə başqa şəhərdən buraya işləməyə gələn müəllimlərə öz ailələri kimi münasibət göstərirlər: "İnsanların münasibətlərini müqayisə etdikdə, kənd və şəhər arasında fərqlər çoxdur. Kənd sakinləri hər zaman şəhər sakinlərindən qonaqpərvərlikləri ilə seçilirlər. Tək mənimlə deyil, məktəbdə işləyən digər cavan müəllimlərlə maraqlanırlar. Çalışırlar ki, onlardan narazı qalmayaq. Kənddə işləməyin üstünlüyü də məhz ətrafında bu cür səmimi insanların olmasıdır”.
 

 
"Kənd məktəbində təhsil alanlar daha zəhmətkeş olurlar”
 
Müəllim deyir ki, burada işləməyə gəlməzdən öncə uşaqların təhsilə marağının olmaması ilə bağlı narahatlıqları olub: "Düşünürdüm ki, kənd uşaqları ilə şəhər uşaqlarıyla işləmək qədər rahat olmaz. Amma kənd uşaqları məni təəccübləndirdi. Uşaqların dərsə marağı, müəllimlərə qarşı istiqanlı münasibəti fikrimi dəyisdirdi. Həmin məktəbə getməzdən əvvəl fikirləşirdim ki, dağ kəndidir, burada təhsil səviyyəsi çox aşağı olar. Çünki şəhər əhalisi ilə müqayisədə kənddə yaşayan əhali daha çox iş görür. Yəni, qoyun otarır, mal nobatına gedir, əkin-biçin işləri çox olur, bu da uşaqların dərsə marağının azalmasına gətirib çıxarır. Mən kənddə fəaliyyətimdən sonra fikirlərimdə dəyişikliklər etdim. Yanıldığımı gördüm. Çünki bu işləri görən şagird səhər dərsə çox hazırlıqlı vəziyyətdə gəlirdi. Bu da məndə marağı artırdı və ikiqat həvəslə məktəbdə çalışmağa başladım. Onların təhsil almağa marağı çox böyükdür. Gücləri yetdiyi qədər oxumağa çalışırlar. Kənd məktəbində təhsil alanlar daha zəhmətkeş olurlar. Çünki onlarda əməyə sevgi uşaq yaşlarından aşılanır. Hər zaman dərsdən sonra şagirdlərlə görüşəndə görürəm ki, uşaqların biri nobatdan qayıdır, bir əkin işləri ilə məşğuldur, biri qoyun otarır. Elə özümdən götürüm, bizim vaxtımızda valideynimiz deyəndə ki get dükana, deyirdim ki, dərslərimi çatdıra bilmirəm, özünüz gedin alın. Gözləntilərim çox yaxşıdır. Çünki şəhər məktəblərinə nisbətən kənd məktəblərində uşaq sayı da azdır. Onlarla bir mövzu üzərində işləmək daha aydın, daha ətraflı başa salmağa kömək edir”.

Kamilin dərslərlə bağlı tək çətinliyi sinifdə lazımi avadanlıqların olmamasıdır: "Şəhər məktəblərində texniki avadanlıqlar çoxdur. Onlarda bir çox dərsləri proyektorlarla izah etmək daha rahatdır, amma kənd məktəblərində elə deyil. Burada avadanlıqlarla işləməkdə çətinliklər çəkirik. Çünki avadanlıqlarımız yox dərəcəsindədir”.
 

 
"Vicdanla yanaşanda, hamıya nələrisə öyrətmək mümkündür”
 
Sənətinin müqəddəsliyindən danışan həmsöhbətimiz deyir ki, şərəfli peşəni icra etmək məsuliyyətdir. Çünki gələcəyimizin parlaq olmasında müəllimlərin rolu böyükdür: "Müəllimlik müqəddəs sənətdir. Bir çox şəxsiyyətlərin bu haqda gözəl fikirləri var. Ulu öndər Heydər Əliyev deyirdi ki, mən Yer üzərində müəllimlikdən yüksək sənət tanımıram. Müəllim olmaq əlbəttə ki, şərəfli hissdir. Əgər bir cəmiyyəti məhv etmək istəyiriksə, onun ziyalısını məhv etmək kifayətdir. Biz dərsdə şagirdlərə yalnız dərsi öyrətməməliyik. Onlara dünyagörüşü aşılamalıyıq. Həm dərslər ətrafında aparılan müzakirələrdə, həm ümumi söhbətlərdə şagirdlər alternativ fikirlər görürlər. Kənddə hamı bir-birinə qohumdur. Ucqar kəndlərə Bakıdan müəllimlərin təyin edilməsi çox yaxşıdır. Fərqli fikirli, dünyagörüşlü müəllim məktəbə müsbət mənada təsir edir. Əsl müəllim ilk növbədə vicdanlı olmalıdır. Hər bir sahədə tədrisdən geri qalan şagirdlər olur. Amma vicdanla yanaşanda, hamıya nələrisə öyrətmək mümkündür”.
 
"Dərsdən sonra voleybol oynayırıq”
 
Xarici görünüşü ilə şagirdlərindən seçilməyən müəllim deyir ki, şagirdlər gənc olduğu üçün bütün sirlərini müəllimlə bölüşürlər: "Yaşlı müəllimlərlə uşaqlar çox fikirlərini bölüşə bilmir, utanırlar. Amma cavan müəllimlərə öz dərdlərini çox rahat şəkildə danışa bilirlər. Bizləri özlərinə həmyaşıd hesab edirlər. Həmişə məktəbdə iki müəllim tipi olur. Biri çox ciddi, biri də çox mehriban. Şagirdlərimlə mehriban, səmimi olmağa çalışmışam. Çalışıram ki, aramızda münasibət qorxudan deyil, hörmət və səmimiyyətdən olsun. Uşaqlarla maraqlı dialoqlarımız tez-tez olur. Çox zaman uşaqlarla birgə dərsdən sonra voleybol oynayırıq. Onlar müəllimləri ilə birlikdə hər hansı bir işi görməyə həvəslidirlər”.
 

 
"Ölkəmizdə hamı yazıb-oxumağı bacarır”
 
Müəllim deyir ki, digər ucqar kəndlərlə müqayisədə məhz bu kənddə qızların təhsilinə xüsusi fikir verilir: "Qızları ilk növbədə oxutmaq lazımdır. Savadlı ana savadlı gələcək deməkdir. Bir cəmiyyətin əsasını qadınlar qoyur. Uşağı əsasən ana tərbiyə edir. Ana dünyagörüşlü və savadlı olsa, tərbiyə alan uşaq da savadlı olacaq, ən əsası, cəmiyyət sağlam olacaq. Hazırda qızlar oğlan uşaqlarından daha yaxşı oxuyur. Azərbaycan türk ölkələri içərisində ən savadlı ölkələrdən biridir. Bunu faiz göstəriciləri də sübut edir. Ölkəmizdə hamı yazıb-oxumağı bacarır. Hamı başa düşür ki, təhsil daha önəmlidir. Qız uşaqlarının gələcəkdə problemlərlə qarşılaşmaması üçün savadlı olmaları şərtdir. Əgər biz müəllimlər savadlı şagird istəyiriksə, əvvəlcə bizə savadlı valideyn lazımdır. Savadlı valideyn öz uşağının dərsləri ilə hər zaman maraqlanır. Hazırda Azərbaycanda təhsil sahəsi güclü inkişaf edir. Bu günün şagirdləri 10-15 il sonranın valideynləridir. Biz onları yaxşı öyrətməsək, onlar da öz övladlarını yaxşı öyrətməyəcəklər”.
 
Aygün ƏZİZ


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964