• şənbə, 20 Aprel, 05:19
  • Baku Bakı 15°C

Özbəkistan var gücü ilə turizmi inkişaf etdirməyə çalışır

16.10.18 10:45 1459
Özbəkistan var gücü ilə turizmi inkişaf etdirməyə çalışır
Özbəkistanda turizmin inkişafı prioritet istiqamətlərdəndir. Ölkədə turizm obyektlərinin bərpa və tikintisi, peşəkar personalın hazırlanması, başqa ölkələrlə hava yollarının açılması, viza sisteminin sadələşdirilməsi və s. bu istiqamətdə atılan addımlardır. Ölkə "İpək Yolu vizası”nın yaradılması istiqamətində də planları gerçəkləşdirmək niyyətindədir. Daşkənd şəhərində "Turizm Böyük İpək Yolunda” adlı beynəlxalq turizm sərgisində iştirakımız zamanı Turizmin İnkişafı Dövlət Komitəsinin sədr müavini Əbdüləziz Akkulov jurnalistlərlə keçirdiyi mətbuat konfransında və "Kaspi”yə ölkədə turizmin inkişafı məqsədi ilə görülən və bundan sonra da həyata keçiriləcək işlərdən danışdı.
Birgə dinimiz, mədəniyyətimiz, ənənələrimiz
- Azərbaycanla Özbəkistan arasında turizmin inkişafı hansı səviyyədədir? Azərbaycanı bu bazarda özünüzə nə qədər əlverişli tərəfdaş hesab edirsiniz?
- Biz Azərbaycanla Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Mərkəz çərçivəsində yaxından əməkdaşlıq edir, birgə tədbirlər keçiririk. İlin əvvəlində Azərbaycandan mətbuat nümayəndələrini qəbul etdik və gələcəkdə bu istiqamətdə işləri davam etdirməyi nəzərdə tuturuq. Əməkdaşlığa dair müəyyən planlar var, ancaq hələ ki detallarını açıqlamaq istəmirəm. Elə ölkələrin insanları var ki, Azərbaycanı və Özbəkistanı yaxın region ölkələr kimi görürlər. Təbii, yaxın ölkələr deyəndə birbaşa Mərkəzi Asiya ölkələri nəzərdə tutulur, o cümlədən Azərbaycanla Özbəkistan, həmçinin Türkiyə ilə birgə turizm layihələrinin həyata keçirilməsi mümkündür. Biz öz məhsulumuzu reklam edərkən əsasən birgə dinimiz, mədəniyyətimiz, ənənələrimiz olduğunu nəzərdə tuturuq və bu istiqamətdə planlarımız var. Azərbaycandan yeni uçuşların həyata keçirilməsi bizi sevindirir. Azərbaycanın Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə sıx işləyirik. Mənim Azərbaycanda dostlarım çoxdur və daim onlarla təmasdayıq. Azərbaycanda tətbiq olunan elektron viza sistemini öyrənmişik və bizə çoxlu məsləhət veriblər. Gələcəkdə bu əməkdaşlığı davam etdirmək niyyətindəyik.
- Siz elektron viza sisteminin fəaliyyətində hansısa çətinliklərlə qarşılaşırsınızmı? Ümumiyyətlə, viza siyasətini genişləndirməklə bağlı planlarınız nədir?
- Təbii ki, sistemin tətbiqi prosesində müəyyən çətinliklər ortaya çıxır. Biz bunları bilir və texniki nasazlıqlar üzərində işləyirik. Bu çətinliklər əsasən şəkillərin yerləşdirilməsi və ödəmələrlə bağlıdır. Biz indi ikinci hökumət qərarının üzərində işləyirik ki, bu, əsasən ikigirişli və çoxgirişli elektron vizaların üzərində tətbiq olunacaq. Bunların qeydiyyatı ilə turoperatorların da işləyə bilməsi üçün onlara şərait yaratmağa çalışırıq ki, turistlər çətinliklərlə qarşılaşmasınlar. Bundan başqa, elektron viza sisteminin portalının müxtəlif dillərə tərcümə olunması üzərində işləyirik. Planımız var ki, ilin sonuna kimi sadələşdirilmiş vizanın tətbiq edildiyi 51 ölkə bu elektron viza sisteminin portalından faydalana bilsin. Elektron viza sistemini genişləndirmək planımız var ki, bu sistemdən istifadə edə biləcək bütün ölkələri əhatə etsin.
Təhlükəsizliyə görə 5-ci yer
- Turizmin inkişafı çərçivəsində hansı ölkələr sizin üçün prioritetdir? Yoxsa bütün ölkələr üçün açıqsınız?
- İnkişaf etmiş və inkişafda olan ölkələrin turizm tendensiyalarına əsaslanaraq marketinq siyasəti və reklam işlərini o Avropa və Asiya ölkələrində aparırıq ki, Özbəkistandan 6 saatlıq uçuş istiqamətində yerləşirlər. Bundan başqa, xüsusi diqqət MDB ölkələrinə ayrılır. Və 2018-ci ildən başlayaraq biz 30 günədək 7 ölkə üçün viza rejimini açdıq ki, onları dini turizmə cəlb edək. Bu ölkələrin sırasında Sinqapur, İndoneziya, Malayziya, Türkiyə, İsrail, Yaponiya və Koreya yer alıb. Bu ölkələrin yarısından çoxu, o cümlədən Yaponiya və Koreya üçün açıq viza sistemi tətbiq olunur. Ümumiyyətlə, bütün ölkələrə təyyarə reyslərinin çoxalması bizim prioritetlərimizdən biridir. Özbəkistan Hava Yollarının fəaliyyətinə dair Dünya Bankı ilə birgə analiz aparılır. Bu analizə əsasən bizim planlarımızda aviadaşımalar və ayrıca ölkələrə birbaşa reyslərin açılması və həmin reyslərin sayının artırılması planlaşdırılır. Bundan başqa, planlarımızda aviaşirkətləri daha çox cəlb etmək üçün xarici aviaşirkətlər üçün "Açıq səma adında” proqram planlaşdırılır. Məsələn, son zamanlar Çindən turistlərin sayının artması bizi sevindirir. 2018-ci ilin 15 iyulundan başlayaraq elektron viza sistemi işləməyə başladı. Açılışdan sonrakı iki ay ərzində xarici vətəndaşlar üçün 15 minə yaxın viza verildi. Bu sistemlə sayın 30 faizini Çindən gələn turistlər təşkil edir. Həmçinin Çinin Loyan və Siyan şəhərlərinə də yeni uçuş istiqamətlərinin açılması planlaşdırılır.
- Ölkədə turistlərin təhlükəsizliyi üçün hansı addımlar atılır?
- 2017-ci ilin sonlarından 5 vilayətdə DİN nəzdində xarici turistlər üzrə idarələr yaradılıb. Onlar bizim çarğı mərkəzi ilə birbaşa əlaqəni yaradırlar. Call-mərkəzimiz 24 saat və üç dildə fəaliyyət göstərir. Səmərqənd, Buxara, Xarəzm - Xivə, Şəhrizabs və Termezdə bu xidmət mövcuddur. Bundan başqa, təhlükəsizliyin tam təmin edilməsi məsələsi normativ sənədlərdə turoperatorların üzərinə qoyulur. Onlar da həmin sənədlərə görə məsuliyyət daşıyırlar. Gallup ictimai sorğular xidmətinin nəticələrinə əsasən Özbəkistan ölkələr sırasında təhlükəsizliyə görə 5-ci yerdədir. Bu da ölkənin xarici turistlər üçün təhlükəsiz olduğunu göstərir. Bu, dövlət tərəfdən turizmin təhlükəsizliyinə dair addımlar atıldığını göstərən reytinqdir. Dövlət tərəfindən turistlərə təhlükəsiz şərait yaradılması üçün mərkəz tərəfindən anketləşdirmə aparılıb.
İslam, buddizm, iudaizm, xristianlıq...
- Daxili turizmin inkişafı sizi qane edirmi?
- İlk növbədə daxili turizmi inkişaf etdirməyə çalışırıq. Keçən il 10 milyon 600 min nəfər ölkədaxili turizmdə iştirak edib. Biz bu məsələdə əsasən əhalimizə güvənirik. 2018-ci ildə onların sayını 40 milyona çatdırmaq istəyirik. Yerli ənənələr dini turizmin inkişafına kömək edir. Əsas problem mövsümlə bağlıdır. İqlim şəraitinin incəliklərinə görə qışda bizdə çətinliklər yaranır. Buna görə dini turizmin təşkilini asanlaşdıran bəzi addımların atılması planlaşdırılır. Məsələn, turistlər Səudiyyə Ərəbistanından qayıdarkən "Ümrə+” proqramı çərçivəsində ziyarətgahlarımızı ziyarət etsinlər. Təbliğat çərçivəsində "Konqres turizmini” inkişaf etdirməyi nəzərdə tuturuq. Belə ki, otellərin qonaqla təmin edilməsi məsələsini konfransların keçirilməsi hesabına həll etmək istəyirik. Əgər qışda 3-4 ay ərzində turizm sahəsi donursa, bu, sektorda çalışan subyektlərin fəaliyyətinə təsir edir. Turizm sahəsində olan qurumları bu sahədən qaçırmamaq üçün ilboyu ölkəyə gələnləri təmin etməyə çalışırıq. Otellərin qış mövsümündə doldurulmasını təmin edə bilmək üçün əlimizdən gələn bütün addımları atacaq və lazımi güzəşt və imtiyazları tətbiq edəcəyik. İyul-avqust aylarında xarici turistlər gəlmirdi. Biz daxili turizmi inkişaf etdirməklə balansı qoruyub saxlaya bildik.
- Siz dini turizmdən danışarkən islam ziyarətgahlarını nəzərdə tutursunuz, yoxsa başqa dini obyektlər də bu sırada yer alıb?
- Dini turizm deyəndə, biz bütün dinləri nəzərdə tuturuq. Ölkədə turistləri cəlb etmək üçün islam, buddizm, iudaizmə aid ziyarətgahlar var. Səmərqənd və Buxarada xristianlığa aid dini məbədlər, üstəlik, Daşkənddə və Buxarada sinaqoqlar var.
- Qonaqları qarşılamaq üçün neçə yer var? Bu istiqamətdə planlar nədir?
- Planda otel fondunun artırılması məsələsi var. Bu gün üçün ölkə üzrə 20 min nömrə var, bu, 40 min adam deməkdir. Yəni otellər eyni zamanda 40 min adamı qonaqlaya bilər. Bu otellərin çoxu tarixi şəhərlərdə yerləşir. Həmçinin hostellərin sayının artırılması üzərində işləyirik. "Səmərqənd city” şəhərciyinin tikilməsini planlaşdırırıq. O cümlədən Buxarada da 10 hektar ərazidə "Qədim Buxara” adlı belə bir layihə həyata keçiriləcək. Biz həmin şəhərciklərdə XV əsrin ab-havasını bərpa etmək istəyirik ki, turistlər özlərini həmin dövrdə - Teymurləngin hakimiyyəti və ya Buxara əmirliyi zamanında hiss etsinlər.
Turizm – strateji istiqamətlər siyahısında
- Hazırda ölkənizdə turizm sektoruna investisiyalar cəlb etmək üçün böyük layihələr həyata keçirilir. Bu sahədə hansı yeniliklər gözlənilir? Məsələn, vergi güzəştlərinin təqdim olunması və başqa addımlar atılacağı ilə bağlı hansı planlar var?
- Turizm üzrə Dövlət Komitəsi 2016-cı ilə kimi milli şirkət kimi fəaliyyət göstərib. Bu, qeyri-kommersiya və qeyri-dövlət təşkilatı olub, amma dövlət qurumunun funksiyalarını həyata keçirirdi. 2016-cı ilin 2 dekabrından etibarən prezident Şavkat Mirzyoyevin təşəbbüsü ilə bu quruma dövlət statusu verildi və turizm sahəsi strateji istiqamətlər siyahısına əlavə edildi. Dövlət Komitəsi ilə yanaşı, rəhbərlik tərəfdən 30-a yaxın quruma, o cümlədən bəzi ölkələrdəki səfirliklərə turizm sahəsi üzrə fəaliyyət göstərmək tapşırılıb ki, bu istiqamətə turizmin inkişafı, xaricdə marketinq aparılması və s. daxildir. Son iki il ərzində bu sahədə 30 normativ aktdan çox sənəd qəbul olunub. Bundan öncə turizm deyərkən ayrıca sektor kimi qəbul olunmurdu, amma bizim təşkilatımız şirkətdən dövlət komitəsinə çevriləndən və prezident tərəfindən qoyulan tapşırıqlardan sonra bu sahə ilə bütün yerli idarəetmə orqanları da məşğul olur. Belə ki, icra hakimlərinin müavinlərindən biri turizmin inkişafı sahəsi ilə işləyir. 4 regionda yalnız turizm üzrə müavinlər fəaliyyətdədir, qalan regionlarda turizm və sərmayə üzrə müavinlər fəaliyyət göstərir. Bundan başqa, Dövlət Komitəsinin ştat üzrə işçilərinin sayı 3 dəfə artırılıb. Bütün regionlarda 35 işçidən ibarət departamentlər yaradılıb. Digər 5 regionda yalnız idarələr yaradılıb ki, bu işçilər hökumət tərəfdən qoyulan vəzifələri icra etməlidirlər. Son qəbul olunan sənədlərə əsasən 22 növdə güzəşt və imtiyaz, o cümlədən investorlar və turoperatorlar üçün tətbiq edilir. Həmçinin daxili turizmin inkişafından ötrü səy göstərmələri üçün adi vətəndaşlara da imtiyazlar tətbiq edilir. Belə ki, əgər onlar ölkə üzrə səyahət edirlərsə, gəlir vergisindən azad olunurlar. O cümlədən, yerli əhali üçün istehlak krediti tətbiq olunur ki, onlar ölkə üzrə səyahət edərlərsə, vergidən azad olunurlar. İnvestorlar üçün də müxtəlif güzəştlər tətbiq olunur. Turizm obyektlərinin tikintisi zamanı onlar 10 il, dörd ulduzdan çox ulduzlu otellərin tikilişi zamanı isə 5 il müddətinə bütün vergilərdən azad olunurlar. Xüsusi imtiyazlar xarici mütəxəssislər üçün tətbiq olunur. İdarəetməyə cəlb olunduğu hallarda xarici mütəxəssislər ikiqat vergidən azad olunurlar. Turoperatorlar üçün də müxtəlif güzəştlər həyata keçirilir. Bundan əvvəl onlara lisenziya vermək müddəti uç ay uzadılırdı. Hazırda isə 10 gün ərzində lisenziya alıb fəaliyyətlərinə başlaya bilərlər. Bundan əvvəl otellərin fəaliyyəti üçün də lisenziyalaşdırma var idi, ancaq biz bunu keçən ildən ləğv etdik və sertifikasiyanı sadələşdirdik. Cari problemimiz daxili turizmdə infrastrukturun inkişafı ilə bağlıdır. Bizim turistlərin rəylərini almaq üçün müxtəlif kanallarımız var. Həmin təkliflərin analizi üzərində iş gedir. Biz, həmçinin Çindəki kimi "tualet inqilabı” etmək niyyətindəyik. Turizm obyektlərinin yaxınlığında və yollar boyu tualetlərin tikilməsini nəzərdə tuturuq.Bundan başqa, tutumu 8 yerdən çox olan yeni avtonəqliyyat vasitələrini ölkəyə gətirilərkən gömrük vergisindən və digər bütün vergilərdən azad olunur. Bu sistemi biz ilin əvvəlindən tətbiq etdik və 9 ay ərzində ölkəyə 150-dən çox avtobus gətirilib. Bundan başqa, Daşkənd vilayətində prezidentin təşəbbüsü ilə "Çarvak” azad turizm zonası yaradılıb. Bu, ölkədə ilk eksperimental ərazidir. Fransanın bir qrup şirkəti ilə master planın hazırlanmasına dair razılaşma əldə edilib. Bu planın hazırlanmasına Fransa tərəfi 800 min avro büdcə ayırıb ki, gələn ilin aprel ayı üçün bu planın hazırlanmasının başa çatdırılmasını planlaşdırırıq.Digər məqam təbliğat və təhsil məsələsi ilə bağlıdır. Ölkədə turizm üzrə mütəxəssislər və yüksək ixtisaslı personal hazırlığı ilə məşğul olan professional səviyyədə kolleclər və 5 ali məktəb var. Prezidentin təşəbbüsü ilə Səmərqənddə yaradılan İpək Yolu universitetinə bu il 125 nəfər qəbul olunub. Onlar bir il ərzində dövlət hesabına oxuyacaqlar, gələn ildən fənlərə yiyələnmələri üçün kredit veriləcək. Yaxın 5 ildə yüksək səviyyəli tədrisi təmin etmək üçün bu ali məktəbi dünyanın 5 min ali məktəbi sırasına daxil etmək fikrimiz var. Təxminən 10 ölkə ilə professor- müəllim heyətini cəlb etmək üçün danışıqlar aparılıb. Bunlar əsasən Çin, Rusiya, Yunanıstan, İspaniya ali məktəblərinin professor-müəllimləri olacaq. Komitənin əsas məqsədi turizmin təbliğatını da təmin etməkdir.
Təranə Məhərrəmova
Bakı-Daşkənd
banner

Oxşar Xəbərlər