Özbəkistan televiziyasında “Qafqaz mirvarisi – Azərbaycan” adlı geniş veriliş yayımlanıb
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
təşəbbüsü ilə bu ölkənin müxbirlərinin ötən ilin iyul ayında Azərbaycana təşkil
etdiyi Mediaturun nəticəsi olaraq Özbəkistan telekanallarında ölkəmizə dair
verilişlər yayımlanır.
Azərbaycan Mədəniyyət Mərkəzi ilə bu ölkənin "Dunyo Boylab” telekanalı arasında əldə olunan razılığa əsasın iki ölkə arasında
dostluq əlaqələrinin təbliği, habelə yeni turizm mövsümünün başlanması ilə
əlaqədar sözügedən kanalda ölkəmizə dair yeni silsilə verilişlər yayımlanması
davam etdiriləcəkdir.
Cari il 14 aprel tarixində "Dunyo Boylab” telekanalında ölkəmizin
tarixi, mədəniyyəti, turizm imkanlarına dair yeni təkmilləşdirilmiş "Kamalakdek
Cerjilo” layihəsi çərçivəsində "Qafqaz
mirvarisi – Azərbaycan” adlı veriliş
yayımlanıb. Tanınmış jurnalist Gulsara Soathonovanın təqdim etdiyi verilişdə
Azərbaycanın dünya şöhrətli Naftalan sanatoriyaları, Naftalan neftinin tarixi,
şəhərdəki istirahət, turizm, kurort mərkəzləri, habelə
Naftalan neftinin müəlicəvi əhəmiyyətindən söhbət açılır.
Verilişdə Azərbaycanın qədim və ikinci böyük
şəhəri, Nizami Gəncəvinin vətəni olan Gəncə şəhəri haqqında, şəhərin tarixi,
onun görməli yerləri, turizm imkanları barədə geniş məlumat verilir, XVIII
əsrdə yenidən bərpa olunan Xan bağı, Azərbaycan təbiətinin mirvarisi olan
Göygöl gölü haqqında maraqlı kadrlar nümayiş etdirilir. Verilişdə jurnalist qədim tarixə malik Şəki
şəhərinə səfərə də xüsusi yer ayırıb, bu şəhərdə XVII əsrdə tikilən "Yuxarı
karvansara”, unikal memarlıq abidəsi olan Şəki Xan Sarayı, Şəki ipəyi haqqında
məlumat verərək, Əliəhməd nəslindən olan şirniyyat ustaları tərəfindən
bişirilən Şəki halvası, onun hazırlanması prosesini nümayiş etdirib. Aparıcı
Gulsara Soathonova Şəkinin mədəniyyət abidələri, turizm imkanları, bu
şəhərdə geniş itifadə edilən qədim şəbəkələr haqqında söhbət açıb, şəhərinin
yaxınlığında yerləşən Kiş kəndi, orada eramızın I əsrinə aid olan İbadətxana
haqqında geniş məlumat verib.
Veriliş ictimaiyyət arasında da böyük maraqla
qarşılanıb. Qeyd edək ki, Özbəkistanda Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən Azərbaycana hər il
Özbək jurnalistlərinin "Mediatur”u təşkil edilir və artıq 3 dəfə təşkil olunan
bu layihə nəticəsində Özbəkistan televiziya kanallarında çoxsaylı verilişlər,
sayt və qəzetlərdə silsilə məqalələr yayımlanmaqdadır.