• cümə axşamı, 25 aprel, 12:24
  • Baku Bakı 23°C

Özbəkistan seçkiyə hazırlaşır

14.10.21 16:15 693
Özbəkistan seçkiyə hazırlaşır
Oktyabrın 24-də ölkədə prezident seçkiləri keçiriləcək
Oktyabrın 24-də Özbəkistanda prezident seçkiləri keçiriləcək. Prezident postuna 5 namizəd var. Özbəkistan Liberal-Demokrat Partiyasından hazırkı Prezidenti Şavkat Mirziyoyevin, "Milli Dirçəliş Demokratik” Partiyasından Əlişir Kadırovun, Ekoloji Partiyadan Narzulla Oblomuradovun, "Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimovun və Xalq Demokratik Partiyasından Maqsuda Borisovanın namizədliyi qeydə alınıb. Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri Prezident seçkilərində iştirak edə bilər.
İslahatları qiymətləndirmə
Ekspertlər hesab edir ki, ölkədə keçiriləcək növbəti Prezident seçkiləri, əslində, hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin başladığı islahatları "qiymətləndirmə” baxımından əhəmiyyətli olacaq. Belə ki, insanlar hazırkı Prezidentin beş il əvvəl seçdiyi kursa münasibətlərini ifadə edəcəklər.
Özbəkistan Parlamentinin birinci vitse-spikeri Sadık Safaev hələ təbliğat kampaniyasına start veriləndə TASS-a açıqlamasında qeyd edib ki, bu gün Özbəkistan inkişafında dönüş nöqtəsidir və bu şəraitdə seçkilərin hakimiyyət və cəmiyyət arasında etimadı gücləndirməsi çox vacibdir. Safayev bu seçkilərin beynəlxalq ictimaiyyət, respublikanın yaxın və uzaq xaricdəki tərəfdaşları, dünya ictimai rəyini formalaşdıran təşkilatlar tərəfindən tanınacağına inanır: "Bu, Özbəkistanın imici və beynəlxalq reytinqləri üçün çox vacibdir”.
MSK-nın məlumatına görə, prezident seçkilərində 50 ölkədən və onlarla beynəlxalq təşkilatdan müşahidəçilərin gələcəyi gözlənilir. Qurumun mətbuat xidməti xəbər verir ki, Özbəkistanda ilkin məlumatlara görə, 21,2 milyondan çox seçici qeydə alınıb, 10 min 760 seçki məntəqəsi təşkil edilib. Vətəndaşlar 55 stasionar seçki məntəqəsi və 316 mobil məntəqə açıq olmaqla, 49 ölkədə səs verə biləcəklər.
İqtidarla xalq arasında rabitə
Özbəkistanda keçirilən Prezident seçkilərinin sərhəd ölkələr və Azərbaycan üçün hansı əhəmiyyəti var? Siyasi şərhçi İlqar Vəlizadə seçkiləri ölkə üçün xüsusən indiki həssas vaxtda mühüm hadisə adlandırır: "Hazırda Özbəkistanın ətrafında çox mühüm proseslər gedir. Bilirik ki, Əfqanıstandakı hakimiyyət dəyişikliyi regiona mənfi təsir göstərir. Eyni zamanda, Qırğızıstan və Tacikistanla baş verən son olayları nəzərə alaraq Özbəkistanın Şərq qonşuları arasında münasibətləri ürəkaçan deyil. Bütün bunlar, sırf Özbəkistana təsir göstərə bilən proseslərdir. Belə vəziyyətdə Özbəkistanın təhlükəsizliyini qorumaq, davamlı inkişafı təmin etmək və reallaşan layihələrin perspektivi baxımından yerli iqtidardan çox şey asılıdır”. Politoloq hesab edir ki, hər hansı sürpriz olmayacaq. Belə ki, bu dönəmdə seçkilər yeni iqtidara insanların inamının göstəricisi ola bilər: "Çünki son illər Özbəkistanın xarici siyasəti tənzimlənmiş, yüksək səviyyədə aparılan siyasətdir. Eyni zamanda, daxili siyasəti praqmatik qurulub və insanların tələblərinə uyğun yönəldilib. Son illər ərzində Özbəkistanda prezidentin "Qəbul otaqları” adlı bir layihə həyata keçirilir. Hər bir insan bura yaxınlaşaraq öz istəklərini deyə bilər. Keçirilən islahatlarda onların müraciətləri nəzərə alınır. Bu da iqtidarla xalq arasında rabitə yaradır”. İ.Vəlizadə qeyd edir ki, ölkədə biznesin inkişafı yeni iş yerlərinin açılmasına gətirib çıxarıb: "Bu, sahibkarların öz mənfətlərini çoxaltmasına səbəb olub. Asiya İnkişaf Bankı ilə uğurlu layihələr həyata keçirilir. Əhalinin ilbəil artımı da sosial-iqtisadi məsələlərin həllini gündəmdə saxlayır. Özbəkistan son illər qonşu ölkələrlə yaxşı münasibətlər quraraq tranzit ölkəyə çevrilib. Özbəkistandan gedən yüklər müxtəlif istiqamətlərə yönəlir, eyni zamanda, Azərbaycan, Türkmənistan, Türkiyə və Gürcüstan vasitəsilə Avropaya çatdırılır”.
Azərbaycan-Özbəkistan münasibətləri
Politoloq son vaxtlar Azərbaycanla Özbəkistan əlaqələrinin xeyli inkişaf etdiyini deyir: "Özbəkistan son vaxtlar türkdilli ölkələrin formatına müsbət töhfə verir. Özbəkistan Azərbaycanda keçirilən Sammitdə türkdilli ölkələrin tam üzvü olub. Bu baxımdan, bizə yaxın ölkədə baş verənlər prosesləri bizim üçün də əhəmiyyətli edir. Münasibətlərin yaxşı səviyyədə olması və inkişaf etməsi imkan yaradır ki, Özbəkistan nəinki Azərbaycanla, eyni zamanda Türkiyə ilə də münasibətləri yaxşılaşdırsın və inkişaf etdirsin. Son vaxtlar Özbəkistanın Türkiyə ikitərəfli ticarət dövriyyəsi 3 milyarda yaxınlaşır. Azərbaycanla ticarət dövriyyəsi sürətlə artır. Bu da ölkəmizdəki biznes sahiblərinə imkan verir ki, fəaliyyətlərini genişləndirsinlər”. Politoloqun fikrincə, proseslərin gedişi bütün hallarda Özbəkistan cəmiyyətinin xeyrinədir: "Hesab edirəm ki, özbək xalqı oktyabrın 24-də seçkilərə gələndə bu faktorları da nəzərə alacaq və seçimləri doğru olacaq. İnsanlar iqtidara inanır, onun arxasınca gedir. Bu, öz təsdiqini ayın 24-də bir daha tapacaq”.
Qeyd edək ki, hazırkı dövlət başçısı Şavkat Mirziyoyev ölkənin ilk prezidenti İslam Kərimovun ölümündən sonra - 2016-cı ilin dekabrında (88,61 faiz səslə) Özbəkistan prezidenti seçilib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər