• cümə, 19 Aprel, 08:23
  • Baku Bakı 13°C

Özbəkistan alman biznesinə yaşıl işıq yandırır

22.01.19 19:01 553
Özbəkistan alman biznesinə yaşıl işıq yandırır
Fransanın ardınca Almaniyaya səfər edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu ölkə ilə çoxmilyardlıq sazişlərə imza atıb. Özbək prezident ikigünlük səfəri ilə bağlı bildirib ki, alman investorları ilə əlaqələrin qurulmasını prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. Özbək və rus nəşrlərinin yaydıqları məlumata görə, Mirziyoyev Berlinə neft kimyası və maşınqayırma sahəsində təkliflər paketi gətirib. Almaniyanın Mərkəzi Asiya regionuna, bütövlükdə Özbəkistana öz marağı və baxışları var. Berlin Çin və Hindistandan Avropaya gedən nəqliyyat dəhlizlərinə asan şəkildə qoşulmaq niyyətindədir. Müşahidəçilərin qənaətincə, danışıqların uğuru həm də Berlin və Daşkəndin Əfqanıstanda vəziyyətin stabilləşməsində ümumi mövqeyi də ola bilər. Yanvarın 22-də Münhendə Mirziyoyev Bavariyanın baş naziri Markus Zederlə, eləcə də, almanların aparıcı şirkət və banklarının rəhbərləri ilə görüşüb. Bundan əvvəl isə Berlində federal prezident Frank Valter Ştaynmayer, federal kansler Angela Merkel, eləcə də, bundestaqın sədri Volfanq Şoyble ilə görüşlər baş tutub.
Almaniya özbək liderinin rəsmi səfər etdiyi ikinci böyük Avropa İttifaqı dövləti olub. Oktyabrda Ş.Mirziyoyev Fransada səfərdə olub. Belə görünür Avropa Özbəkistan üçün böyük maraq kəsb edir. Ekspertlərin də qeyd etdiyi kimi, maraq qarşılıqlıdır - Avropaya yeni Özbəkistan gərəkdir. Təsadüfi deyil ki, ötən ilin sonunda Avropa İttifaqının Mərkəzi Asiya üçün strategiyasının yeni redaksiyasının təqdimat mərasimi keçirilib. Münasibətlərdə əsas diqqət iqtisadi əməkdaşlığın inkişafına edilib. Ekspertlər qeyd edir ki, Almaniyanın xarici siyasəti Mərkəzi Asiyada siyasi və iqtisadi vəziyyətin sabitləşməsinə yönəlib. Almaniya dünya ölkələrində öz məhsullarını ixrac edən ölkələr sırasında lider dövlətlər sırasındadır. Bu səbəbdən də Mərkəzi Asiyanın istənilən ölkəsində, o cümlədən Özbəkistanda vəziyyətin sabitləşməsi Berlin üçün prioritet məsələdir. Alman-özbək münasibətlərini də məhz bu aspektdən baxmaq gərəkdir. Qeyd edək ki, Özbəkistana maraq bu ölkədə aparılan siyasi və iqtisadi islahatlardan sonra artıb. Bunu bu günlərdə keçirilən biznes forum da sübut edib. Onun nəticələrinə uyğun olaraq özbəklərlə ümumi dəyəri 4 mlrd. avroluq ikitərəfli razılaşmalara imza atılıb. Alman ekspertləri bildirirlər ki, alman biznesi iqtisadi mühitin yaxşı olduğu yerlərdə aparılacaq. Əlavə edirlər ki, imzalanan sazişlər mütləq reallaşacaq.
Avropa İttifaqına daxil olan ölkələr sırasında Almaniya Mərkəzi Asiyada daha çox istənilən (tarixən belə formalaşıb) bir dövlətdir. "Bu Qərb dövlətinin hakimiyyət orqanları alman kapitalının yeni perspektivli bazarlara çıxması üçün maksimum səylər göstərməkdədir”, - deyə Strateji qiymətləndirmələr və proqnozlar Mərkəzinin baş direktorunun müavini İqor Pankratenko bildirib. Onun qənaətincə, bu, bir tərəfdən müsbət haldır, belə ki, yüksək səviyyədə siyasi razılaşma Daşkəndin iri iqtisadi layihələrə Almaniya tərəfindən yaşıl işıq yandırılması deməkdir. Digər tərəfdən bu həm də almanların biznes üzrə tərəfdaş seçimində seçilən ölkələrə qarşı sərt tələblərin olacağı deməkdir. Özbəkistan iqtisadi tərəfdaş seçimində Almaniya üçün qeyri-adi dərəcədə cəlbedicidir. Ən əsas da sənaye sahəsində almanlarla özbəklər sıx əməkdaşlıq etmək istəyirlər. Alman maliyyə-sənaye kapitalının yanaşması tam şəkildə Özbəkistan rəhbərliyinin bu sahədəki iqtisadi planları ilə üst-üstə düşür. Artıq Avropa İttifaqı özbək istehsallı 6200 məhsulun Avropa bazarına rüsumsuz daxil olmasına razılıq verib. Özbəkistanın "Mano” tədqiqatlar təşəbbüsü mərkəzinin direktoru Bəxtiyar Erqaşov hesab edir ki, Özbəkistan Rusiya və Çinlə əldə olunan on milyard dollarlarla investisiya paketini Almaniya ilə gözləməməlidir. Ekspert hesab edir ki, Almaniya ilə imzalanan saziş çox güman ki, Fransa ilə imzalanan sazişin təkrarıdır. Bu paketin böyük bir qismi çox güman ki, alman avadanlıq və texnikasının Özbəkistana çatdırılması ilə bağlı olacaq.
Yeri gəlmişkən, bu günlərdə Tramp ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərar qəbul edib və Bundesverdə də hesab edirlər ki, boşluğu Almaniya doldurmalıdır. Bundestaqda da Əfqanıstanda alman hərbi kontingentinin olması barədə müəyyən konsensus var. Demək gündəlikdə Özbəkistan və Almaniyanın Əfqanıstanla bağlı əməkdaşlıq məsələsi də var. Bu, ciddi məsələdir. Bundesver Termezdə (bundrsver Termezdəki aerodromundan 2002-2016-cı illərdə sabitləşmə missiyası məqsədilə istifadə edirdi) əvvəlki mövqeyini qaytara bilərdi. Bəxtiyar Erqaşov diqqəti Çinin, indi isə Hindistanın həyata keçirdiyi nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi layihələrinə yönəldib. Mərkəzi Asiya regionu, xüsusən də Özbəkistan Berlin tərəfindən Cənubi və Şərqi Asiyanın, xüsusən də Çin və Hindistanın bazarlarına quru yolla çıxışı üçün perspektivli tranzit istiqaməti kimi nəzərdən keçirilir. "Alman biznesi üçün Mərkəzi Asiya ölkələrinin nələri və necə düşünməyi əhəmiyyət kəsb edir. Eləcə də onların Çinin "bir qurşaq - bir dəhliz”, Hindistanın layihələrində özləri necə gördüklərini bilmək gərəklidir”, - deyə ekspert vurğulayıb. O əlavə edib ki, 2018-ci ildə Çinin ən böyük ticarət tərəfdaşı Birləşmiş Ştatlar deyil, məhz Almaniya olub. Hindistanın da rolu artmaqda davam edəcək. Bu səbəbdən də Almaniya üçün region ölkələri üçün dayaq nöqtələri axtarıb tapmaq və burada möhkəmlənmək gərəkdir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər