• cümə, 29 Mart, 19:29
  • Baku Bakı 14°C

Zaqatalada xalq teatrı da varmış - Fotolar

06.12.18 14:00 3470
Zaqatalada xalq teatrı da varmış - Fotolar
Davamlı olaraq mətbuatda bölgələrdə fəaliyyət göstərən dövlət teatrları ilə bağlı xəbərlərə rast gəlirik. Ancaq onlarla bərabər, bölgələrdə özünəməxsus xalq teatrları da var. Onlar öz bölgələrinin mövcud durumuna uyğun şəkildə fəaliyyət göstərir, özfəaliyyət halında çalışırlar. Əsasən də Mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərirlər.

Zaqatalada xalq teatrı

Budəfəki söhbətimiz Zaqatala Xalq Teatrı haqqındadır. Zaqatala rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova ilə teatrın yaranma prosesindən, Zaqatalada Mədəniyyət evinin fəaliyyətindən danışdıq. Daha sonra Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Zaqatala xalq teatrın ilə bağlı ətraflı məlumat əldə etmək üçün teatrın rejissoru Bayram Qurbanovla söhbət etdik.

Bayram müəllim uzun müddətdir ki, bu teatrda çalışır. Əsil teatr fədaisidir. O, bildirdi ki, sovet hakimiyyəti qurulduqdan sonra öz ideologiyasını yaymaq üçün teatrı əsas təbliğat vasitəsi kimi genişləndirməyə, inkişaf etdirməyə başlayıblar: "Kolxoz quruculuğu dövründə kolxoz və sovxoz teatrları yaradılıb, teatr tamaşaları hazırlayıb əhali arasında göstərirdilər. Bununla da əhali arasında fikir formalaşdırmağa müvəffəq olurdular. Zaqatala Dövlət Teatrı 1947-ci ilin iyul ayında yaradılıb. Və İbrahim İsfahanlı bu teatra rejissor təyin olunub. İbrahim İsfahanlının 1934-cü ildə Azəri və Osmanlı türklərinin yaşadıqları Adigün rayonunda səyyar kolxoz və sovxoz teatrının yaradılmasında da böyük rolu olub. Məlik Dadaşov və Sofiya xanım Hüseynova Zaqatala Dövlət teatrına aktyor təyin ediliblər. M.Dadaşov burada işləyən müddətdə S.S.Axundovun "Eşq və intiqam”, "Namus” əsərində, "S.Vurğunun "Vaqif” əsərlərində Əlimərdan, Seyran, Vaqif rollarında çıxış edib. Ancaq bu dövlət teatrının ömrü uzun olmur. Müharibədən çıxmış dövlətimizin iqtisadiyyatı zəif olduğu üçün SSRİ hakimiyyətinin qərarı ilə 1948-ci ilin sonunda bütün teatrlar özünü maliyyələşmə (təsərrüfat hesablı) iş üsuluna keçir. Azərbaycanda bir-birinin ardınca, Şəmkirdə, Şamaxıda, Şəkidə, Qazaxda, Ağdamda, Füzulidə, Ağdaşda, Salyanda, Sabirabadda, Lənkəranda, Zaqatalada, Ordubadda, Göyçayda, Şuşada dövlət teatrları fəaliyyətini dayandırmağa məcbur olurlar”.

"Xalq teatrı”-na keçid

Bayram müəllim qeyd etdi ki, Zaqatalada teatr təsərrüfat hesabına keçdikdən sonra dram dərnəyi formasında fəaliyyət göstərib: "1960-cı ildən "Xalq teatrı” kimi fəaliyyət göstərmişik. Zaqatala teatrının yaranmasının, inkişafının öz tarixi var və bu teatrın inkişafında müstəsna rol oynayan şəxslər olub. Onlardan biri də mənəm. Ömrümün 48 ilini Zaqatala Xalq Teatrının inkişafına həsr etmişəm. Ömrünə yazılmış bu illər, bu illərin zəhməti hədər getməyib. Teatr yolunda çəkdiyim əməyim Mədəniyyət Nazirliyi tərəfindən qiymətləndirilib. Belə ki, 2014-cü ildə Azərbaycan Mədəniyyətinin inkişafındakı xidmətimə görə, "Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi” adına layiq görülmüşəm”.

Bayram müəllim Zaqatala xalq teatrının yaradıcılıq yoluna C.Cabbarlının "Sevil” əsəri ilə başladığını və repertuarına müasir həyatımızın tələblərinə cavab verən, xalqımızın həyatını, əməyini, xalqlar dostluğunun dövlət və qüdrətini tərənnüm edən əsərlər daxil edildiyini deyir: "Bu əsərlərdən Georgi Xuqayevin – "Arvadımın əri”, "Elburus evlənir”, Seyfəddin Dağlının "Adı sənin, dadı mənim”, Mehdi Hüseynin "İntizar”, İsi Məlikzadənin "Gəl qohum olaq”, İsa Əlimovun "Xəyanət”, Şəmistan Əsgərovun "Son Ələk”, Salam Qədirzadənin "Gurultulu məhəbbət”, Süleyman Rüstəmin "Gəldi gedər”, Üzeyir Hacıbəyovun "Ər və arvad”, Məhərrəm Əlizadənin "Şeyx Rəhmətullah”, Cəfər Cabbarlı "Solğun çiçəklər” və başqalarını göstərmək olar”.

Söhbət əsnasında məlum olur ki, tarixə nəzər yetirdikdə yarandığı ildən çox keçmədən Zaqatala xalq teatrı 1962 və 1965-ci illərdə xalq teatrlarının I və II Respublika baxışlarında uğurla çıxış etmiş və ikinci dərəcəli diploma layiq görülmüşdür. Xalq teatrının kollektivi az bir müddət ərzində Ü.Hacıbəyovun "Ər və arvad”, "Əsli və Kərəm”, S.Rəhmanın "Toy”, "Xoşbəxtlər” əsərlərini tamaşaçılara göstərə bilmişdir. Zaqatala rayon Xalq teatrı çoxillik səhnə fəaliyyəti sayəsində böyük nailiyyətlər əldə etmiş, haqlı olaraq geniş xalq kütlələrinin hörmətini qazanmışdır. "Teatr - 77” Respublika baxış müsabiqəsində Zaqatala xalq teatrı da müvəffəqiyyətlə çıxış etmiş, son turda Bakıda Aktyorlar evində çıxış etmək hüququ qazanmışdır. Kollektivimiz S.S.Axundovun "Laçın yuvası” əsərini göstərmişdir. Kollektivin uğurlu çıxışına görə 3 nəfər aktyora pul mükafatı, 2 nəfər aktyora qiymətli hədiyyələr verildi. Mən ən yaxşı kişi rolunun ifasına görə mükafata layiq görüldüm. Zaqatala xalq teatrı ilə əmək adamlarının ünsiyyəti ildən ilə möhkəmləndi. Xalq teatrının tamaşlarında iştirak edən həvəskar aktyorlar heç də peşəkar artistlər, incəsənət ustaları deyil, xüsusi təhsili olmayan müxtəlif peşəli sadə zəhmət adamlarıdır. Onların gündüzlər istehsalatda, iş növbəsində çalışır, məktəblərdə tədris müəssisələrində oxuyur, axşamlar isə öz istirahətlərini ən sevimli işə - incəsənətə sərf edirlər. Zaqatala rayon Xalq teatrının ilk həvəskarlarından Nəbi Qədirov, İlham Əsədov, Əli Süleymanov, mərhum Xurşud Abbasova, Münəvvər Məmmədova, İbrahimxəlil Butdayev, mərhum Kamil Babayev, mərhum Həbib Xeyrullayev, Nərgiz Hacıyeva, Fikrət Məmmədov, mərhum Əjdər Lələyev, Dilqəm Əzimov, Valeh Həsənov, Xatın Əhmədova, Samirət Hümbətova və başqalarını göstərmək olar. Xalq teatrında həvəskar aktyorlara səhnə sənəti ustalığı, nitq mədəniyyəti-diksiya, səhnə hərəkəti öyrədilir, faydalı rejissor məsləhətləri verilir. Teatr sənətinə aid maraqlı söhbətlər aparılır. Teatrda olan həvəskar aktyorlar öz yaradıcılıq estafetini teatrımızın özəyini təşkil edən gənclərə vermişlər. Bu gənclərin qüvvəsi ilə xalq teatrında bir çox samballı, maraqlı tamaşalar hazırlamışdır. Bu gənclərdən, Namiq Məmmədov, Rafiq Butdayev, mərhum Hacıramazan Butdayev, Ramazan Məmmədov, Oruc Məmmədov, İradə Hüseynova, Gülşad Xəlilova, Şahin İsayev, Kənan Şəkərov, Müqəddəs Yekayev, Qaragöz Məmmədova, Bayram Qurbanov, Günel Mehdiyeva, Tahirə Pirimova, Samirət Hümbətova, Aysel Yusubova, Fərid Əzimov, Çingiz Məmmədov, Kənan Rəhimov, Nazən Bulacova və başqalarını göstərmək olar.

"Sən öl, mən ölümlə” birtəhər biletləri təşkil edirik

Bayram Qurbanov qürurla Zaqatala rayon Xalq teatrının Respublikada keçirilən bütün teatr festivallarında müvəfəqiyyətlə iştirakından və yüksək naliyyətlər əldə etməsindən danışır: "Teatr yarandığı gündən indiyədək 150-dən çox iri və xırda həcmli əsərə səhnə həyatı vermişəm. Kollektivimiz respublikamızın əksər rayonlarında qastrol səfərlərində olmuşdur. Qonşu Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan bütün rayonlarında olmuş, tamaşaçı hörmətini qazanıb. Qarabağ müharibəsi dövründə kollektivimiz cəbhənin Tovuz, Ağdam, Goranboy, Ağdərə bölgələrində hospitallarda olub, döyüşçülər və yaralılar qarşısında çıxışlar edib. Teatrımız bu gün də işini günün tələbləri səviyyəsində qurur, belə ki, kollektivimiz 2016-cı ildə Hüseynbala Mirələmovun "Vicdanın hökmü” pyesini səhnələşdirib. Əsər Qarabağ mövzusundan bəhs edir. Teatrımız balaca tamaşaçılarımızı da unutmayıb. 2017-ci ilin yanvar ayında qış tətili günlərində balaca tamaşaçılarımıza "Tıq–Tıq xanım”, Novruz bayramı ərəfəsində "Göyçək Fatma” nağılını səhnələşdirib təqdim edib. 2017-ci ilin iyul ayında Zaqatala rayon Xalq Teatrı Bakı şəhərində keçirilən II Respublika Xalq Teatırı festivalında 2-ci yerə layiq görülüb. İki nəfər həvəskar aktyor ən yaxşı qadın roluna görə və ən yaxşı kişi obrazı ifasına görə mükafat alıblar. 2018-ci ildə Məmməd Səid Ordubadinin və Səid Rüstəmovun "5 manatlıq gəlin” adlı musiqili komediyası tamaşaçılara təqdim olunub”.

Bayram müəllim Zaqatala tamaşaçılarını kifayət qədər teatral tamaşaçı hesab etmir: "Məktəblərə bilet satmağı qadağan ediblər. "Sən öl, mən ölümlə” birtəhər biletləri təşkil edirik (gülürük)”.

Rejissorla söhbətimizdə bildirdi ki, Zaqatala Xalq teatrı hər il iki əsər təhvil verir: "İndi bir böyük, iki kiçik həcmli əsər təhvil vermişik. Yaradıcı heyəti öz ətrafımıza toplayır və onları yetişdiririk. Heyətimiz gənclərdən ibarətdir. Rayonda məni çox tanıyırlar, mən də öz xətir-hörmətimə həvəskarları teatra cəlb edirəm”.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər