• cümə axşamı, 25 aprel, 21:05
  • Baku Bakı 21°C

Zamanı ustalıqla seçilən səfər 

05.11.22 00:30 1190
Zamanı ustalıqla seçilən səfər 

Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində fəxri qonaq statusunda iştirak edən Prezident İlham Əliyev Fransanın yüz ildən çox müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmasına, 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olmasına diqqət çəkib. Bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. 

Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Eyni zamanda bu ölkə Afrika qitəsinin ən zəngin dövlətlərindən biridir. Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malikdir.

Zirvə toplantısında Fəxri qonaq

Noyabrın 1-də Azərbaycan dövlət başçısı İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkədə səfərdə olub. Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. Əlcəzairdə Milli Azadlıq Hərəkatı 1954-cü ildə məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1 noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur. Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində Zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut edir.

Müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsi

Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edən Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Milli Mücahidlər Muzeyinin Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleks olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Elə həmin gün Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakterinə diqqət çəkib. Deyib ki, Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və ölkəmiz əməkdaşlığı genişləndirmək istəyir.

Fransız zorakılığı və kütləvi qəddarlığı

Fransanın yüz ildən çox müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmasına, 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olmasına diqqət çəkən Azərbaycan Prezidenti bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalı, gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlindən gələni etməlidir. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədri kimi təşkilatın fəaliyyətindən, Azərbaycan-Əlcəzair, eləcə də Ərəb ölkələri ilə əlaqələrdən, 44 günlük Vətən müharibəsindən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasından, işğaldan azad olunan ərazilərimizdə “Böyük Qayıdış” proqramına başlanılmasından geniş söhbət açıb.

“1,5 milyon şəhid ölkəsi”

Xatırladaq ki, əhəmiyyətli təbii qaz (hasilatda dünyada 5-ci, ixracatda 4-cü), neft (hasilatda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısı olan Əlcəzair 300 ildən çox Osmanlı İmperiyasının nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılıb. 1954-cü il noyabrın 1-də bu ölkədə başlayan inqilab Fransız müstəmləkə zülmündən qurtulmaqla, müstəqilliyin əldə edilməsi ilə nəticələnib. 1962-ci ilin martında isə Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzalayaraq Əlcəzairin müstəqilliyini tanımalı olub. Bununla da həmin ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edilib.

Əlcəzairdən Azərbaycana investisiya qoyuluşu

Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin qurulması tarixi ölkəmizin müstəqillik tarixi ilə eynidir. Əlcəzair 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb, 1994-cü il aprelin 22-də ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Azərbaycanın Əlcəzair şəhərində səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014-cü il noyabrın 28-də sərəncam imzalayıb və 2016-cı ildə Əlcəzairdə səfirliyimiz təsis olunub. Əlcəzairin Azərbaycanda diplomatik ofisi isə 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib. Hazırda ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. Azərbaycanda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 5 Əlcəzair şirkəti qeydiyyatdan keçib. 

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər