• cümə axşamı, 25 aprel, 09:30
  • Baku Bakı 14°C

Zaman fərqi

04.07.13 08:43 1702
Zaman fərqi
Adəm övladının vaxtında qədrini bilmədiyi üç şey var - biri can sağlığı, o biri əlində olanı, digəri isə zamanı, vaxtıdır. Mən bu gün bunların üçüncüsü haqda danışmaq, bölüşmək niyyəti ilə əlimə qələm almışam. Səhv eşitmədiniz, bəli, bu zamandır… Bəşəriyyətin, bütün yaradılışın sığmalı olduğu, amma bəzən çərçivəsindən çıxdığı, hərdən ölçülərini təzələmək istəyində belə bulunduğu Zaman… Amma ona da zaman deyərlər ha… Bəzən bilmədən itirdiyimiz, bəzən bilə-bilə «öldürdüyümüz», ağına-bozuna baxmadan, təəssüf etmədən xərclədiyimiz zaman, vaxt…
Elə-hey görürsən hamı ondan şikayətçidi. Bəzən haqlı-haqsız müttəhimə də çeviririk onu. İstədiyimiz olmayanda, işimizi çatdırmayanda, harasa gecikəndə, etməli olduğumuz iş marağımızla qoşa düşməyəndə onu günahlandırırıq – «vaxtım yoxdur», deyə and-aman edirik. Tələsirik, gecikirik… Hər iki halda itirən özümüz oluruq. Tapdığımıza sevinirik, bunun üçün qurban verdiyimizin isə fərqində deyilik…
… Aydı, gündü, gəlib keçir ömürdən,
Tələsirik görən yaza nə qaldı…
(Aşıq Alı)
Elə sevgimizi etiraf etməyə də, məqamında sözümüzü deməyə də, lap yazmağa da vaxt gözləyirik. Elə çox vaxt beləcə gözləyə-gözləyə zamanımızı ötürürük. Daha düşünmürük itən təkcə zaman deyil, o zamana bükülü bizim arzularımızdır, puç olan ümidlərimizdir. Onları reallaşdırmalı olduğumuz aylarımız, illərimizdir. Sonra da ömürdən düşən günlərə yanaraq sanki özümüzə təsəlli veririk…
Dəyişib, dönüb zamana
Yollar bürünüb dumana,
Gülüm, səbr eylə yanına
Gəlməyə vaxt gözləyirəm…
Amma elə günlər, anlar da var ki, ona illərimizi veririk, özü də düşünərək, olacağını bilə-bilə üzü ona gedirik, axı biz məhkumlarıq… Nə olsun ki, cinayət etməmişik, nə fərqi, bizə cəza kəsməyiblər. Biz elə bu dünyaya gəlişimizlə o adı qazanmışıq… Yaşamalı, işləməli, qazanmalı, itirməli, nələrəsə dözməli… Xülasə, bir insan taleyini yaşamalıyıq… Gözlədiklərimiz bizi öyə də bilər, döyə də. Biz onu nə tələsdirmək, nə də yubandırmaq gücündə deyilik. O öz vaxtında gəlir, gəlişi ilə də tarix yazır. Möhürlənib qalır yaddaşımızda. Həm şirin dadır, həm acı…
Qamətimizin min cür qayğıdan əyilmədiyi, qəlbimizin itkilərdən sızlamadığı əvəzsiz illər… Hər birimizin dönə-dönə, həyəcanla xatırladığı, unuda bilmədiyi illər… Ömrümüzün ilk sınaqları, ilk axtarışları, tapıntıları, uğurları, səhvləri, büdrəmələri, ilk dostları, bəzən də ilk sevgimizi tapdığımız dövrü… məktəb illəri… Unuda bilmədiyimiz xatirələr yaşar o illərdə. Hər dəfə yada düşəndə bir az kövrələr, bir az sevinərik. Xəyalların hansı qatındasa çöhrəmizdə gah təbəssüm açar, gah kədər muncuqlanar…
…Ən müqəddəs arzularla yaşardıq
Ən keçilməz sərhədləri aşardıq.
Onda hələ ayrılıqlar yox idi
Onda hələ çox doğmalar sağ idi.
Görməmişdik tərs üzünü fələyin
Əyməmişdi bizi hicran küləyi.
Hələ min-min qayğılardan uzaqdıq
Suçumuzdan keçərdilər… uşaqdıq…
…İlahinin töhfəsiydi o illər
İllərin ən körpəsiydi o illər.
Sevincimiz onda necə bol idi.
Günlərimiz şəkər idi, bal idi…
Çiçək idi, heyran idik ətrinə
Bəlkə dəydik elə onun xətrinə
Necə gəldi, hara getdi bilmədik
Ömrümüzdən düşüb itdi… bilmədik…
Hələ son akkord, son himn kimi səslənən Son zəng… Bu «son» kəlməsi nədənsə həmişə şirin gəlir adama. Özündə həsrət, hicran, ayrılıq, iztirab, göz yaşı ehtiva etsə də. İllah da başqa bir sözün önünə atılanda… Son görüş, son ayrılıq, son vida, son nəğmə, son zəng… Yadıma qırx il öncə yaşadığım son zəng mərasimi düşür… Onda hər şey daha sadə, daha təbii idi. İndiki kimi birinci və onbirici sinif şagirdləri hədiyyə məsələsində əvvəldən «razılaşmırdılar». Üzbəüz sıra ilə düzülən birincilər və onuncular… Birincilər əllərində çiçək dəstələri, sonuncular isə kitab tutmuşdu. Məktəb direktorunun təsirli nitqindən sonra təbriklər başladı, hədiyyələr dəyişdirildi… Ən sonda bu gün də yaşayan ənənə - məktəb zənginin duyğuları coşduran səsi… Bu dəfə şagirdləri sinif otağına səsləmirdi. Bu son vida məktəb həyatının sonuna qoyulacaq son nida idi.
…Onu elə vurdular,
elə bil ki, bu ahəng
yayıldı Yer üzünün
lap o ucuna kimi
Belə vurulmamışdı
bu zəng heç buna kimi…
Bu sətirlər qara hörüklü, əlaçı qızın az qala göz yaşları içində söylədiyi şeirdən bir parçadır. Sonra ayrılıq anı… İcazə verin, bu anların təsvirini elə mənim kimi orta məktəbə qırx il əvvəl əlvida söyləyən həmyaşıdlarımın fantaziyasına buraxım…
… Gənclik illərini geridə qoyan Gənclik, geriyə tez-tezmi boylanırsan? O illərdə nəyin qalıb, bu günə nəyi gətirmisən, gələcəyə ərmağanın nədi?... Axtardığını tapdınmı, istədiyini aldınmı zamandan?... Yoxsa…
Salam sabahın yolçuları! Bizim zaman fərqimiz də var imiş, lap az qala unutmuşdum. Bizim vaxtımızda son zəng mayın 25-də keçirilərdi- təqvim üzrə cəmi altı gün…
P.S. Hərdən deyirlər filənkəsin zamanı keçib… Heç qanım qaynamır bu sözə… Zamanınız mübarək! Vaxtınız xeyir.., hər vaxt həmyaşıd olanlar…
banner

Oxşar Xəbərlər