• cümə axşamı, 28 mart, 15:57
  • Baku Bakı 16°C

Zadi Smitsdən yazarlar və yollar haqqında

14.01.16 11:38 1123
Zadi Smitsdən yazarlar və yollar haqqında
İngiltərənin ən istedadlı və uğurlu gənc qələm ustalarından biri kimi nüfuz qazanmış Zadi Smits “İnci dişlər” (“White teeth”), “İmza yığan adam” (“The autograph man”), “Gözəllik haqqında” (“On beauty”), “Fikrimi dəyişmək: Təsadüfi hekayələr” (“Changing my mind: occasional essays”) əsərlərinin müəllifidir. Ölkə və beynəlxalq səviyyədə bir çox ədəbi mükafata layiq görülmüş yazarın Kolumbiya Universitetinin yaradıcı yazarlıq bölməsinin tələbələri üçün təşkil edilmiş konfrans çərçivəsində böyük maraqla qarşılanmış çıxışını ədəbiyyatsevərlər və ədəbiyyata yeni qədəm basanların marağına səbəb olacağına inanırıq. Bu çıxışda müəllif psixoloji baxımdan bütün yazarların iki kateqoriyaya bölündüyünü iddia edir. Smits Birinci qrup yazarları “Micro managers”, yəni “Hədəfə addım-addım irəliləyənlər”, ikinci qrup yazarları isə “Macro planners”, yəni “Əsas məqsədə köklənənlər” adlandırır.
Müəllifin ikinci qrup yazarlar üçün müəyyənləşdirdiyi xarakterik keyfiyyətlər belə sıralanır: “Əsas məqsədə köklənənləri “Post-it” (“Yadda saxla”) kağızlarından, yanlarından ayırmadıqları xüsusi üzlüklü “Moleskine” dəftərlərindən tanıya bilərsiniz. Bu yazıçılar hələ ilk səhifə üçün bir söz yazmadan saysız-hesabsız qeydlər aparır, yazı ilə əlaqədar materiallar toplayır, xüsusi bir əhvalat formalaşdırır və süjeti qururlar. Ana xəttin düşünülmüş olmasının verdiyi rahatlıq onlar üçün böyük sərbəstlik yaradır. Əsas məğzi hədəflənənlər üçün nəyisə yazmağa hekayənin ortasından başlamaq heç də məntiqsiz və ya ağlasığmaz bir şey deyil. Amma bu yazarlar zaman-zaman mətnin sonrakı və öncəki hissələrinə qayıtdıqca yazı daha da çətinləşir, seçimlər qarışır. Tanıdığım bütün bu tip yazarlar əksərən əsər sonluqları arasında şübhəli şəkildə götür-qoy edir, mətnə yeni obrazlar əlavə edir və ya çıxardırlar, bölmələrin yerini dəyişdirir, ya da mənim üçün ağlasığmaz cəhd olan - radikal dəyişikliklərə gedirlər. Məsələn, bu adamlar qəfildən əhvalatın baş verdiyi məkanı Londondan Berlinə çevirə bilir, ya da kitabın adını dəyişdirə bilirlər”.
Zadi Smits bu tip yazı formasının əleyhinə olmadığını diqqətə çatdırsa da, öz yazı ritualını “Hədəfə addım-addım irəliləyən” yazarlar qrupuna daha yaxın hesab etdiyini vurğulayır: “Mən istənilən romana beynimdəki ilk cümlə ilə başlayır və alternativsiz son cümlə ilə bitirirəm. Təcrübəmdə elə bir şey olmayıb ki, əsərin sonunda beynimdə üç fərqli final səhnəsi canlandırım və mən onlar arasında seçim etməli olum. Çünki sona çatana kimi romanın necə bitəcəyi haqqında beynimdə ən xırda fikir belə olmur. Mənə elə gəlir ki, romanlarımı oxumuş adamlar üçün bu heç də təəccübləndirici fakt deyil. Əsas məsələni hədəfləyənlər, belə təsəvvür edin ki, ev haqqında düşünməyə başladığı andan beyinlərində onu tamamilə dizayn edən memarlardır. Odur ki, bu tip yazarların üzləşdiyi çətinliklər daha çox interyerlə bağlı məsələlərdir – məsələn, mebellerin yerini durmadan dəyişdirirlər. Bu adamlar yazı üzərində təxminən belə işləyirlər – eyni stulu gah hamama, gah zala, gah mətbəxə, sonra yenə hamama yerləşdirirlər. Hədəfə addım-addım irəliləyənlər isə o evi mərtəbə-mərtəbə inşa edirlər. Konkret və bütöv bir şəkildə bitirirlər. Növbəti mərtəbəni tikmək üçün əvvəlkinin tam təchizatla təmin edildiyindən və bütün mebellərin yerində durduğundan əmin olmalıdırlar. Əgər zalın nərdivanları bu yazıçıları növbəti mərtəbəyə apara bilmirsə, onda əvvəlki mərtəbəni divar kağızları ilə bəzəməyə başlayırlar. Çünki hədəfə addım-addım irəliləyən yazarlar böyük son nəticəni əvvəldən görə bilmirlər, onların romanları sadəcə “bu an” üçün mövcud olur. Romanın duyğusal tonunu, növbəti sətirdə nə yazılacağını müəllifin mövcud ruhi vəziyyəti müəyyənləşdirir”.
Romanı oxuduqda müəllifin hədəfə addım-addım irəliləyənlərdən olub olmadığını belə müəyyənləşdirə bilərsiniz: “Əgər ilk cümlə və sonrakı paraqraflar həddindən artıq detalla yüklənmiş, dərin diqqət və şübhə ilə yazılmış mətn təsiri bağışlayırsa, təntənəli söz yığını yalnız iyirmi səhifədən sonra seyrəlir və təhkiyənin dili rahatlayırsa, müəllif böyük ehtimalla addım-addım irəliləyəndir”.
Smitsin fikrincə, bu tip yazma üslubu müəllifləri “Obsessiv perspektiv dağınıqlığı”na apara bilər. Müəllif bunun müəyyən mənada özünütəsdiq olduğu qənaətindədir. Bu tip yazarlar romanın ilk səhifələrindən etibarən özlərini “Necə bir roman yazmışam?” sualına cavab vermək məcburiyyətində hiss edirlər. Addım-addım yazmağı ilə bağlı Smits bunları deyir: “Elə təsəvvür edin ki, mexanizmli oyuncaq maşını sona qədər arxaya çəkirsiniz. Onu əlinizdən buraxdıqda vəhşi bir leopard sürəti ilə irəliləyir. Romanın ritmini bir dəfə müəyyənləşdirəndə mətnin geri qalan hissəsi həmin sürətlə gedir, beş aylıq qısa zaman kəsimində bitir. Mənim üçün romanın ilk iyirmi səhifəsi üzərində var-gəl etmək bütün roman üzərində düşünməklə eyni çətinlikdədir. Bir əhvalatı qurmaq, hadisələrin gedişatını və obrazları müəyyənləşdirmək mənim tipli yazarlar üçün bir cümlənin içində də gizlənmiş ola bilər. Odur ki, çətini romanın ritmini tutana kimidir. Sonrası asanlıqla gəlir”.
Bəs hədəfə addım-addım irəliləməklə əsas məqsədə köklənərək yazmaq arasında hansı fərq var? “Əsas məqsədə köklənməkdənsə, hədəfə addım-addım irəliləməyin böyük üstünlüyü var. Bizim üçün romanın bitdiyi gün həqiqətən də yazının son günüdür. Əgər düzəlişləri mətnin içində irəlilədikcə aparsanız, yəni addım-addım irəliləsəniz, ilk əlyazma, ikinci nüsxə, üçüncü baxış deyə, lazımsız detallar da yaranmaz. Bu tip yazarların əlində romanın cəmi bir nüsxəsi olur. O nüsxə bitirsə, roman da bitir. Bəzən roman yazmağın ən yaxşı tərəfinin son cümləni yazandan sonrakı xoşbəxtliyin olduğunu düşünürəm”.
Zadi Smits bir romanı bitirdikdən, hətta nəşr etdirdikdən sonra belə müəllifin beyninin rahatlamadığını və bunun dramatik həqiqət olduğunu diqqətə çatdırır: “Əgər romanı tamamladığınızda o an üçün həmin kitab üzərindən qazanacağınız pul həyati əhəmiyyət daşımırsa, kitabı təcili şəkildə hansısa nəşriyyata satmaq, ya da nəşr etdirmək dərdində deyilsinizsə, romanınızı uzaqda bir siyirtməyə yerləşdirin, mümkün olduğu qədər ondan uzaq qalın. Bir il və ya bir ildən bir az uzun zaman kəsimi ideal hesab olunur, amma sizə üç ay da bəs edə bilər. Ən az üç ay mətndən uzaq qalın. Yazdıqlarınızı düzəltmək əslində sadə prosesdir, amma doğru düzəlişlər üçün mətnə onun müəllifi kimi deyil, oxucu kimi yanaşmağınız şərtdir. Qatıldığım ədəbiyyat festivallarında bu səhnəyə dəfələrlə şahid olmuşam - bir qrup yazıçı əllərində qırmızı qələmlərlə çap olunmuş romanlarının üzərində düzəlişlər aparır, yalnız bundan sonra onu oxumaq üçün səhnəyə çıxırlar. Bu gülünc vəziyyətə düşməmək üçün qeyd etdiyimiz ideal zaman kəsiyində romanı unutmaq lazımdır. Bu sizi kitab yayımlandıqdan sonra üzərində düzəliş apararaq oxumaq kimi mənasızlıqdan xilas edər. Göstərilən müddətdən sonra oxuduqda lazımsız hər cümlənin, həvəsdən doğan səhvlərin, söz yığınının, heç bir işə yaramayan detalların hamısını müşahidə edəcəksiniz. Yazıldığı anda eyni səhifədə görülməyən yanlışlar özünü qabarıq şəkildə büruzə verəcək. Bunları necə görmədiyinizə, özünüz də təəccüblənəcəksiniz”.
Yazıçı tamamlanmış bir roman haqqında nə hiss edə bilər ki? “İnsanlar mənə hansısa kitabımı oxuduqlarını deyəndə bütün yazıçılar kimi bu mənim də xoşuma gəlir. Onun haqqında danışmağa başlayanda, sanki mənə çox uzaq bir mövzu haqqında danışırlar kimi gəlir. Elə bil kimsə uzaq bir qohumumu görüb, onun haqqında danışır. Təxminən belə bir hissdir”.
Mariya Popova konfransdan sonra Smitslə olan söhbəti zamanı ondan soruşur: “Bəs siz necə yazırsınız? Həyatdan, yoxsa kitabdan gəlmə yazarsınız? Ya da necə yazıçı olmaq istəyərdiniz?”
Zadi Smits: “Son zamanlar yazdığım az hekayədə özümü hansısa məqsədə hədəflənən yazıçı kimi hiss edirəm. Qatıldığım yaradıcı yazarlıq kursunda, yazı prosesini asanlaşdıran məsləhətlərin verildiyi tapşırıq dəftərlərində və digər təlimatlarla tanış olduqda ümumi strukturu düşünməyin mənim üçün çətin olduğunu anlayıram. Mənim üçün hər şey necə davam edə biləcəyimi bilmədiyim hörgü prosesidir. Bəzən bütün hadisələrin səbəbini adi bıçaq yarasına belə bağlaya bilirəm. Sadəcə bir obraza da köklənə bilərəm, düşüncələrini və duyğularını şərh etməyə, xarakterini çözməyə çalışdığım real bir qəhrəman belə böyük bir romanın yazılma səbəbi ola bilər. Yazmağa başlayanda zehnimdə sadəcə bəzi kiçik nöqtələr aydın olur. Məncə, müəllif üçün işin ən çətin hissəsi yazdıqdan sonra başlayır. Öz inşa etdiyiniz evə nəyi əlavə etmək və ordan nəyi çıxarmaq lazım olduğunu bəzən ətrafdakılar daha yaxşı müəyyənləşdirə bilir. Odur ki, yazdığınız mətnə onu ilk dəfə oxuyan biri kimi yanaşmaq heç də asan məsələ deyil. Nəticədə bütün yazarlar bir gün Freydin fikri ilə razılaşırlar - ədəbiyyat və daha geniş anlamda incəsənətlə məşğul olanlar oyuncaqları ilə oynayan uşaqlara bənzəyirlər, xəyallar qurur və bu xəyallara inanırlar. Bu “uşaqlar”ın bircə məqsədi var - xəyallarına inanacaq insanlar tapmaq”.
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər