• cümə, 19 Aprel, 01:01
  • Baku Bakı 18°C

“Öz yaşıma uyğun da görünürəm” - Fotolar

16.02.19 10:00 874
“Öz yaşıma uyğun da görünürəm” - Fotolar
İrina Muravyovanın sevimli frazası var: «Öz yaşımı gizlətmirəm, ona görə ki, tələbəyə ərə getməyə hazırlaşmıram». Məlahətli və cazibəli aktrisanın 70 yaşı tamam olur və bu, bir qədər qəribə görünür. Çünki Muravyova gənc ampluadadır. 20 yaşında ikən Mərkəzi Uşaq Teatrında oğlan rollarında oynayırdı. 30 yaşında olanda «Karnaval»da 16 yaşlı Nina Salamatinanı canlandırırdı. O, heç vaxt yaşından gənc və incə görünməmişdi. Gəncliyi onun xarakterindədir. İrina emosiyalarını gizlədə bilməyən biridir. Uğurlu filmlərdən başqa «Mənzillə bağlı sual» verilişində onun mətbəxini təmir etsələr də, o, işin mənasız alındığını gizlədə bilmədi: «Bircə buynuzları çatışmır ki, meşəbəyinin evinə oxşasın» - deyə az qala ağlayacaqdı. Çəkildiyi məşhur film qəhrəmanları ilə Muravyovanın çox az oxşarlığı var. O, nə qəbiristanlıqda, nə də kitabxanada kişilərlə tanış olmurdu. 40 il Leonid Eidlinlə bir yerdə yaşadı. Həyatında mühafizəkarlığı daha üstün tutur. Gənc yaşlarından özünə yalnız bir obraz seçib: «Karnaval» filmindəki Nina Salamatinanın obrazını ömürlük örnək götürərək hər şeyə rəğmən "abadoku” saxlayıb. Tamaşaçılarla görüşlərindən birində ondan həyatının ən parlaq epizodlarından birini söyləməsini xahiş edəndə bir qədər fikrə gedib: "həyatın bir anın içində belə sürətlə keçdiyini gözləmirdim” deyib.
20 il əvvəl jurnalistlər ondan "20 ildən sonra nə işlə məşğul olacaqsınız?” deyə soruşanda aktrisa "teatr mənim həyatımda önəmli deyil. Ona görə də haradasa süpürgəçilik və keşikçilik də edə bilərəm” cavabını verib. Amma xoşbəxtlikdən İrina Vadimovna Kiçik Teatrda işləməkdə davam edir.
«Nəyə görə belə az çəkilmisiniz?»
«Moskva göz yaşlarına inanmır» filmi çəkiləndən sonra kino tənqidçilər çılğınlıqla – "Bu qədər vaxtı bu gözəl aktrisa harada idi?” – deyə təəccüblərini gizlətmədilər. «Doğrudanmı, bu qədər peşəkar və inamlı oyun göstərən debütantdır?” O vaxta qədər aktrisanın 10 il iş təcrübəsi vardı. "Kinematoqraf 10 ilini itirib» - deyə kinotənqidçi Tatyana Saviskaya yazırdı.

90-cı illərdən sonra isə kinematoqrafiya daha çox şey itirib. Tamaşaçılar gözəl-göyçək, yaddaqalan aktrisanın kinodan belə tez ayrılmasına təəssüflənirlər. Muravyova isə çəkilməyi xoşlamır, ona görə ki, özünü kinoda görmür. Onu kinonun çox gözəl aktrisası hesab etsələr də, özü daim "mən teatr aktrisasıyam”- deyir.
Ümumiyyətlə, elə bir rolu yoxdur ki, özünə xoş gəlsin. Onu məşhur edən «Moskva göz yaşlarına inanmır» filmi haqqında isə belə deyib: «Nifrət etdiyim hər şey ekrana çıxdı. Çəkildiyim qəhrəman çox qəribə alınıb…» Hamıya məlumdur ki, o, «ən gözəl və cazibədar»lıqdan qətiyyətlə imtina edirdi. Xoşbəxtlikdən xüsusilə qadınlardan etiraz qəbul etməyə alışmayan, yaxın şərqli rejissor Gerald Bejanovun inadkarlığı Muravyovanı valeh etdi. Uzun illər kinonu sevmədi, niyəsini soruşduqda qızarıb üzr istəyirdi. Və yalnız bu yaxınlarda kinonun pis olmadığını etiraf edib.

Çəkildiyi filmlərin siyahısını tutsaq, yarım səhifə olar. Amma «Moskva göz yaşlarına inanmır» filmi onun bioqrafiyasında əsas yeri tutur. Aktrisa öz qəhrəmanını elə gözəl, parlaq, açıq-aydın oynamışdı ki, "o, öz-özünü oynayır” deyə düşünürdülər. Bu, doğrudanmı belədir?
Yaxşı vaxtlar idi...
- İrina Vadimovna, «Moskva göz yaşlarına inanmır» filmindəki Lyudmila rolu sizə böyük müvəffəqiyyət qazandırıb. Bəs siz özünüz canlandırdığınız qəhrəmana bənzəyirsinizmi?
- Yox, mən fərqliyəm. Lap beş pilləkəni birdən atlanmaq istəsəm də, başa düşürəm ki, onları bir-bir, inadla keçmək lazımdır. Lazımdır və keçəcəyəm. Məndə dözüm, gözləməyi bacarmaq, öz zəhmətimlə nəyəsə nail olmaq bacarığı var.

- Nəyə görə siz müsahibə verməyi xoşlamırsınız və çox az müsahibə verirsiniz?
- Müsahibə verməyi xoşlamıram. Ən əsası isə onu sonradan oxuyuram və öz sözlərimi tanımıram.Həmişə belə düşünürdüm ki, məşhur adamlar müsahibə verməkdən və öz haqqlarında danışmaqdan həzz alırlar. Artistin bir vəzifəsi var – o, oynamalıdır. Vəssalam.

- Artist olmaq - bu, cəlbedicidir?
- Cəlbedicidir! Mənəsə o qədər də xoş gəlmir. Mən bunu dəlicəsinə istəyirdim və «bazar biletini» çətinliklə, böyük zəhmət çəkərək qazanmışam. Baxın, qrim otağımın pəncərəsindən Teatr meydanı və bağçası görünür. Qarşısında isə Mərkəzi Uşaq Teatrı. Düzdür, indi o başqa cür adlanır. Orada mən yeddi il sənət qazanıb bundan sonra artist kimi işləmişəm. Yaxşı vaxtlar idi. Çox rollarda oynamışam və maraqlı alınıb. Orada mənim dostlarım, müəllimlərim qalıb.

- Sevimli aktrisanız kimdir?
- Sevimli aktrisamın kim olduğunu bilmirəm, əvəzində həqiqi ulduzları tanıyıram – bunlar Anastasiya Vertinskaya, İnna Çurikova, Marina Neelova, Alisa Freyndlixdir.

- Sizi addımbaşı Qərbə - kinoya çəkilməyə dəvət edirlər?
- Bir dəfə dəvət almışam. Qorki adına kinostudiyaya gəlmişdim. Orda hansısa amerikalı rejissoru gördüm. Qarşıda əyləşib ayaqlarını qarşımdakı stola qoyub Böyük Pyotr haqqında nəsə deyirdi. Müxtəsəri, o, mənə mərhəmət göstərmək istəyirdi, mən daha ora getmədim.
Əsas odur ki, özünü itirməyəsən
- Bir çox artistlər üçün böyüklərin rolunu oynamaq çətin olur – bu, ciddi problemdir. Sizə gəncləri oynadıqdan sonra böyüklərə keçmək çətin olmadımı?
- Bəli, bu, çətindir. Amma özünə ciddi yanaşmaq lazım deyil – vəssalam. Onda problemlər də olmayacaq. Ümumiyyətlə, özünü elə aparmalısan ki, sanki yoxsan. Bilməlisən ki, sənin nömrən axırıncıdır. O zaman itirməyə də heç nəyin olmayacaq, söykənməyə də yer axtarmayacaqsan. Bir dəfə dedim ki, istəmirəm teatr mənim üçün həyatımın əsası olsun. Onda məni sənətimə xəyanətdə günahlandırdılar. Dedilər: «Bu necə olur? Teatr – artistin həyatının ən vacib hissəsidir. Bundan vacibi ola bilməz». Məncə isə əsas odur ki, özünü itirməyəsən. Bu zaman heç nə qorxulu deyil.

- İrina Vadimovna mənə başa salın – kinoda «qadın mövzusu» nə deməkdir?
- Məncə, bu, boş şeydir. Bu, hətta pis səslənir. Bəs kişilərdə necə, «kişi mövzusu»dur? İnsanlar var – kişilər və qadınlar və ümumbəşəri mövzu. Amma təkcə – qadının mövzusu yoxdur. Bütün bunlar tənha insanların uydurmasıdır.

- Siz tənha qadınların siyahısında deyilsiniz ki, belə düşünürəm.
- Yox, bəxtim gətirib, mənimlə evləniblər (gülür). Mənim bir kişidən 2 uşağım var.

- Siz tələbkar anasınız?
- Tamamilə iradəsizəm. Məni ciddi olmaq üçün tərbiyələndiriblər. Məktəbdə dərslər ikiyə qalmış qurtarırdı, ikinin yarısında isə mən əllərimi yuyub stolun arxasında oturub nahar etməli idim. Bir dəqiqə belə itirə bilməzdim. Heç vaxt! Məktəbdə zəng vuruldu, hamı söhbətləşir, mənsə evə qaçırdım. Ancaq indi başa düşürəm ki, bu, necə də gözəldir. Əvvəla, mən yaxşı oxuyurdum, boş söhbətlərə vaxt itirmirdim. Mən indi də teatrda vaxt itirmirəm, vərdiş etmişəm. Tamaşa qurtaran kimi mən gedirəm… «qara işləri» artıq yoldaşım görür – məni evə aparır.

- O, sizi pərəstişkarlarınıza qısqanırmı?
- Yox, əvəzində mən çox qısqancam.

- Həyat yoldaşınızda xoşunuza gələn nədir?
- O, məni əvvəlki kimi sevir və məni sevdiyi üçün mən belə babat görünürəm.

- Ailənizdə həmişə hər şey rəvandırmı, yoxsa ziddiyyətlər də olur?
- Əlbəttə olur... Bir tanışım mənə deyir ki, «Mən dörd kişi dəyişmişəm və nəhayət ki, azad olmuşam. İndi istədiyimi edə bilirəm». Ona deyirəm ki, «Mən də özümü azad hiss edirəm. Mənim uşaqlarım, yoldaşım, ailəm var – bu, azadlığım yox, xoşbəxtliyimdir».

- Sizdə belə bir arzu yaranmayıb ki, bunların hamısını atıb hansısa macəra ilə məşğul olasınız?
- Siz nə danışırsınız, mən risk etmərəm. Uşaqlarım körpə olan zamanlarda mən ancaq Moskvada çəkilirdim. Və çox səfərlərdən imtina edirdim ki, başqa yerə getməyim. Bu, mənə baha başa gələrdi. Bilirsiniz nə üçün? Mən uzun müddətdir ki yoldaşımla yaşayıram. Mənə onunla çox maraqlıdır. O, çox gözəl rejissordur və mən ondan çox şey öyrənmişəm. O, yeknəsək insan deyil. Biz onunla məişət problemlərindən deyil, həyati məsələlərdən söhbət edirik. Biz onunla teatra, muzeyə, konsertlərə, sərgilərə gedirik. Evlilikdən əvvəlki kimi, normal həyatımızı yaşayırıq. Ailə həyatı bizi bir-birindən ayrı salmayıb, normal həyatımızı yaşayırıq.

- Bəs siz necə tanış olmusunuz?
- Məndə gecikmiş inkişaf gedib. İlk dəfə 22 yaşında öpüşmüşəm və ərə getmişəm. Bilirdim ki, ərə getmək ömürlük olmalıdır. Mənim anam atamla belədir… Ümumiyyətlə, ailəmizdə heç kim ayrılmayıb. Heç düşüncəmizdən belə keçirməzdik ki, ərə gedib uşaq doğaq və sonra ayrılıb hamısını bədbəxt edək. Nəyin naminə? Burada hər şey qadından asılıdır.

- Ailə mətinliyi hisslərin mətinliyindən asılıdır, həm də xoş güzərandan…
- Biz uzun müddət çətinlik içərisində, pis şəraitdə yaşadıq. Amma sevinclə yaşadıq. Və o zaman planlaşdırdıqlarımızın çoxu həyata keçdi. Necə düşünürsünüz, «Moskva göz yaşlarına inanmır» filmi üçün nə qədər qonorar aldım? 600 rubl. Teatrda maaşım 150 rubl idi və bunun yarıdan çoxunu uşaqlarıma baxan dayəyə verirdim. Bizə qəpik-quruş qalırdı. Yoldaşım da «sıfır»da idi.

- Siz gileylənmirdiniz ki, işləyib ailəni saxlamaq lazımdır?
- Siz nə danışırsınız? O adamdan gileylənmək olar ki, divanda uzanıb, sənin əzabınla maraqlanmır. Bax, beləsini divanla birgə mişarlayıb gecəylə zibil yeşiyinə atmaq olar.

- Deyirlər ki, qadınlar həyat qabiliyyətlidir, nəinki kişilər…
- Sadəcə, hər şeyi bacarmaq onların vəzifəsidir. Bir dəfə çəkilişlər tez bitdi və biz evə getməli idik. Aktrisalardan biri mənə üzünü tutub: «İndi kişi həmkarlarımız evə gedib necə yorulduqlarından danışacaqlar və divana əyləşib dincələcəklər. Biz isə ev işlərini görməyə məcburuq. «Yorulmuşam» deməyə haqqımız yoxdur. Axı biz də onlarla bərabər işləyirik. Mən düşündüm doğurdan da dəhşətdir. Axı biz onlarla bərabər işləyirik, amma qadın bir az daha çox etməlidir. Kişilər deyir ki, sən borclusan, bu, qadın işidir. Bunu onlar daş dövründən belə görüblər.

- İlin hansı fəslini bəyənirsiniz?
- İlin bütün fəsillərini sevirəm. Ancaq yayda isti günəşin, qışda isə qarın olmasını istəyirəm. Hazırda təbiətdə elə qarışıqlıqdır ki…

- Siz vaxtınızı stol arxasında dostlarla keçirməyi xoşlayırsınız?
- Qətiyyən.

- Tənha olduğunuz vaxtlarda nə haqqında düşünürsünüz?
- Vaxtaşırı qocalığımı düşünürəm. Maraqlıdır, qocalığım zamanı mən istədiyim kimi qala biləcəyəmmi? Çox qocaları görürəm ki, onlara özləri ilə baş-başa qalmaq necə də çətindir. Onlar özlərindən əziyyət çəkirlər, və özlərinə çətinlik, problemlər yaradırlar. Qocalanda necə olacam? Bilmirəm. Amma ləyaqətli olmaq istəyirəm. Uşaqlarım mənə deyir ki, ana, sənin qocalığın layiqli olacaq. Deyirəm ki, bilmirəm, mənim balalarım. Ola bilər ki, hansısa əsəb, ya da başqa bir xəstəlik məni tutar, bəlli deyil. Mən sizin hamınızı acılayaram. Onların hamısına demişəm: "məni heç vaxt atmayın!” Ailəmlə bir yerdə olmaq xətrinə az yeyib, sakitcə bir küncdə oturaram.

- Siz öz yaşınızı gizlətmirsiniz. Niyə?
- Niyə də gizlədim… Ona görə ki, mənə desinlər: «Necə qocadır, amma nə yaxşı baxımlı görünür? Düzdür, yerimək çətindir, amma üzümdə bir dənə də olsun qırış yoxdur?» Xeyir! Mən öz yaşıma uyğun da görünürəm – nə az, nə də çox, bu normaldır.

- İrina Vadimovna, həyatdan nə istəyərdiniz?
- Mən yaxşı rollar arzulayıram, ona görə ki, hər zaman bir addım irəli atmaq istəmişəm. Elə bir rolda oynamaq istəyirəm ki, hansı ki, hələ onu oynamamışam, onun çətinliklərinin öhdəsindən gəlim, eyni zamanda nələrsə öyrənə bilim.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər