Öz kəndindəki məktəbdə işləməyi qarşısına məqsəd qoyan müəllim - Örnək
Mehman Xudaverdizadə: "Öz hesabımıza bilet alıb, uşaqları imtahana yola salırdıq”
Ucqar kənd məktəbində təhsil alıb. Kəndlərdəki müəllim
çatışmazlığı onu incidib və məhz öz məktəbində müəllim olmağı qarşısına məqsəd
qoyub. Elə müəllim ki, öz çəkdiyi çətinlikləri şagirdlərinə göstərməsin, onları
sevsin, qayğı göstərsin və istədikləri təhsili verə bilsin...
Müsahibimiz kənd müəllimi Mehman Xudaverdizadədir.
Mehman 1997-ci ildə anadan olub. 9 illik təhsil
aldıqdan sonra Lənkəran Dövlət Humanitar Kollecində ibtidai sinif müəllimliyi
ixtisasına qəbul olub. 2016-cı ildə kolleci bitirib və 2017-ci ildə müəllimlərin
işə qəbulu müsabiqəsində iştirak edib. Müvafiq bal toplayaraq Lənkəran rayon
Türkəncil kənd ümumi orta məktəbinə işə düzəlib. Artıq 3 ildir ki, həmin məktəbdə
ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
"Niyə də öz kəndimizdən
bir müəllim olmasın?”
Həmsöhbətimiz deyir ki, ona müəllimliyi ibtidai
sinif müəllimi sevdirib. Kənddə müəllim az olduğu üçün yaşadığı kəndə yararlı
olmaq istəyib və müəllim olmaq qərarına gəlib: "Bizim kənd ucqar dağ kəndi
olduğu üçün müəllimlər burada işləməyə gəlmirdilər. Gələnlər də bir müddət işləyib
gedirdilər. Demək olar ki, hər il müəllim dəyişirdi. Uşaqlar bir müəllimə
alışmamış, digəri onu əvəzləyirdi. Mən də bu hissləri keçirdiyim üçün özümə söz
verdim ki, müəllim olacağam. Niyə də öz kəndimizdən bir müəllim olmasın və
burada qalıb işləməsin. Uşaqlarla işləməyi çox sevdiyim üçün arzuma çatdım və ibtidai
sinif müəllimi oldum”.
Peşəsinin sirlərindən danışan həmsöhbətimiz deyir
ki, müəllimlik gözəlliyi ilə yanaşı, çətin və məsuliyyətlidir: "Müəllim səbirli,
təmkinli və qayğıkeş olmalı, şagirdlərin xarakterini öyrənə bilməlidir. Çünki hər
şagird fərqli tərbiyəni alır və fərqli evlərdən gəlir. Müəllim onlarla ünsiyyət
qurmağı bacarmalıdır. İşini sevəndən sonra və heç bir sənət çətin deyil”.
"Müəllim, siz
də bir il işləyib gedəcəksiniz?”
Mehman müəllim özü ucqar kəndə yaşadığı üçün şərait
ona çətin gəlmir. Onu ən çox incidən kənddəki internet problemləri və uşaqların
onun da gedəcəyini düşünmələridir: "Dağ kəndi olduğu üçün internet problemləri
çox olur. Dərsə aid hər hansı məlumatı internetdən götürmək üçün çətinlik çəkirik.
Valideynlərlə də çalışıram internetlə əlaqə saxlayım. İnanıram ki, o da düzələcək.
İlk dəfə dərs deməyə başlayanda mənə 3-cü sinif verilmişdi. Sinfə daxil oldum,
salamlaşdıqdan sonra şagirdlərin ilk
sualı "müəllim, siz də bir il işləyib gedəcəksiniz?” oldu. Həqiqətən çox pis təsir etdi. Çünki şagirdlər
ildə bir müəllim görürlər. Ucqar yer olduğundan müəllimlər qalmır, uyğunlaşa
bilmirlər. Onları inandırmağa çalışıram ki, sizlərlə qalıb kömək edəcəyəm”.
Müəllim deyir ki, hətta universitetə qəbul olsa da,
uşaqlara verdiyi sözə görə, onları müəllimsiz qoyub getməyib: "Müəllimlərin işə
qəbulu komissiyasında iştirak edəndən sonra atam mənə məsləhət gördü ki, şəhər
məktəblərindən birini seçim. Dedim ki, uşaqlığımdan arzum öz məktəbimdə təhsil
vermək olub və mən bunu istəmişəm. Burada qalıb işləyəcəyəm. 2018-ci ildə ali məktəbə
də qəbul olundum, ancaq getmədim. Çünki şagirdlərimə söz vermişdim ki, qalıb
işləyəcəyəm. Bundan peşman da deyiləm”.
"Məktəbə
rezin qaloşla gedirdik”
Mehman müəllim şagird kimi məktəbdə təhsil alarkən
yaşadığı çətinliklərdən danışdı. Müəllimin sözlərinə görə, palçıq olduğu üçün
onlar hər gün məktəbə rezin qaloşla gediblər: "Oxuduğum illərdə çətinliklərimiz
çox olub. Biz məktəbə gedəndə evdən rezin qaloşla çıxırdıq. Sinif otaqları
soyuq olurdu. Məktəbimizin binası köhnə olduğundan məktəb ləvazimatlarımız yox
idi. Lakin şəhərdə oxuyarkən gördüm ki, hər bir ləvazimat, internet, kompyuter,
bir məktəb üçün lazım olan hər şey var. Amma biz onlardan məhrum təhsil
almışıq. Hazırda şagirdlərimin üzərində işləyirəm ki, dünyagörüşləri artsın. Yəni
ən azı, hər şeydən məlumatları olsun. Əvvəllər valideynlər valideyn iclasına gəlmirdilər.
Artıq bütün valideynlər özləri gəlib dərsdə oturur, dinləyirlər. Şagirdlər
sıxılmırlar, rahat olurlar. Burada Novruz Bayramını, Yeni ili qeyd edirik”.
"Şagirdlərimə
öz maaşımla dəftər aldım”
Müəllimin sözlərinə görə, məktəbdə məktəbli forması
problemi var. Çünki ailələrin maddi sıxıntıları olduğu üçün forma almaqda çətinlik
çəkirlər: "Bizdə kənd yeri olduğu üçün valideynlərin maddi sıxıntısı olur deyə
övladları üçün məktəbli formasını ala bilmirlər. Ona görə də şagirdlər müxtəlif
geyimlərdə dərsə gəlirlər. Dərslərə aid kitablar, testlər almaq üçün çətinlikləri
olur. Hətta, bir neçə dəfə özüm maaşımla şagirdlərimə lazım olan dəftər-kitabı
almışdım. Bir gün şagirdlərimə test almağı tapşırdım. Əksəriyyəti almışdılar. Səhər
dərsə gələndə şagirdlərdən biri mənə dedi ki, müəllim, bütün uşaqlara test
almısınız, niyə mənə almırsınız? Pis oldum, çünki uşaq elə bilirdi ki, testləri
mən almışam. Ondan sonra uşağa test aldım. Facebook-da müəllim yoldaşımla
birlikdə xeyriyyə məqsədilə imkanı olmayanlara dəstək kampaniyası başlatdıq.
Şagirdlər üçün dəftər, qələm, test vəsaitləri aldıq. Bacardığımız qədər kömək
etməyə çalışdıq ki, şagirdlər heç nədən korluq çəkməsinlər. Bir şagirdim var
idi, hər gün məktəbə köhnə və eyni kurtka ilə gəlirdi. Sonra maraqlandım ki,
maddi imkanları həqiqətən zəifdir. Müəllim kollektivində söylədim ki, gəlin
bacardığımız qədər kömək edək. Şükür ki, bu da alındı. Müəllim kimi şagirdlərə
dəstək olmağa çalışırıq”.
"Öz
hesabımıza bilet alıb oxuyan uşaqları imtahana yola salırdıq”
Qız uşaqlarının təhsilinə gəldikdə isə, müəllim
deyir ki, ilk dərs dediyi vaxtlarda valideynlərin beynində fikir formalaşmışdı
ki, qız uşağını oxutdurub şəhərə göndərmək olmaz: "Kənd yerində həm də iş cəhətdən
problemlər var. Burada şagirdlər məktəbdən evə gedən kimi evdə işləməyə
başlayırlar. Kənd yerində işlər çox olur deyə, valideynlər istəyirlər ki,
şagirdlər onlara kömək etsinlər. İndi elə şeylər azalıb. Məktəbdə maarifləndirmə
prosesi gedir. Məktəbimiz təzə olduğu üçün hər bir hər bir şərait var. Keçən il
3 qız şagirdimiz müxtəlif yerlərə qəbul olundular. Artıq görürəm ki, yavaş-yavaş inkişaf var.
Valideynlər əvvəllər iclaslara gəlməzdilər, hətta çəkinirdilər ki, iclasa gəlib
müəllimlə nə söhbət edəcəyəm? Əvvəllər bizim məktəbdə demək olar ki, ali məktəblərə
qəbul olan şagirdlər yox idi. Amma biz bu çətinlikləri artıq geridə qoymuşuq.
İndi hamı qızlarının oxumasına daha çox maraq göstərir, oxutdururlar. Mənim öz
sinfimdə bu il qız şagirdim məktəb üzrə sınaq imtahanında birinci yeri tutdu.
Bizim məktəbdə fəal olan, yaxşı oxuyan qızlarımız çoxdur. Valideynlər onları
imtahana göndərmirdilər. Bəlkə də imkansızlıq ucbatından idi... Biz müəllimlər
öz hesabımıza bilet alıb oxuyan uşaqları imtahana yola salırdıq”.
"Mehman müəllimdən
Afərin!”
Həmsöhbətimizin maraqlı dərs keçmək metodu da var:
"Mən uşaqları həvəsləndirmək üçün onlara smayliklər aldırmışam. Müxtəlif gülüş
smayliklərini dəftərlərinə yapışdırıram. Onlar üçün möhür düzəltdirmişəm ki, orada
"Mehman müəllimdən Afərin!” yazılıb. Bu cür həvəsləndirmə tədbirləri edərək,
yaxşı nailiyyətlər əldə edirəm. Şagirdlər daha çox həvəslənirlər”.
"Valideynlərlə
mütəmadi əlaqə saxlamaq lazımdır”
Gənc müəllim sonda vurğuladı ki, hər bir şagirdin
ucalığı müəllimin ucaldığı deməkdir: "Müəllim öz üzərində işləməli və istədiklərini
şagirdlər üzərində tətbiq etməyi bacarmalıdır. Şagirdlərlə ünsiyyət qurmağı,
onların problemlərini dinləməyə, həll etməyə çalışmalıdır. Şagirdlərin nə istədiyini
öyrənməlidir. Onun istədiyini ona vermək üçün müəllim əlindən gələni əsirgəməməlidir”.
Aygün ƏZİZ