• cümə axşamı, 28 mart, 16:19
  • Baku Bakı 16°C

Öz içindən yanan bir ocağam mən...

19.08.19 14:37 10249
Öz içindən yanan bir ocağam mən...
Ədəbiyyatımızda qədim dövrlərdən bəri qadın şairlərimiz az olmayıb. Məhsəti Gəncəvi, Heyranxanım, Xurşidbanu Natəvan, Ağabəyim ağa Ağabacı, Umgülsüm və başqaları öz lirik şeirləri ilə tariximizdə əbədiyaşarlıq qazanıb. Bu sırada Mirvari Dilbazinin də öz yeri var. Bu gün Azərbaycanın xalq Şairi Mirvarid Dilbazinin anadan olmasının 107-ci ildönümü tamam olur.AZƏRTACyazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin bu münasibətlə hazırladığı yazını oxuculara təqdim edir.
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşayıb. Onun "zəhərə batırılmış badam içi” kimi keçən uşaqlığı, ilk gənclik çağları dünyanın siyasi çaxnaşma və təbəddülatlarla qaynayan bir dövrünə təsadüf etmişdi. Kökünün, nəslinin yaşadığı iztirablar, qorxular, sürgünlər, ölümlərlə müşayiət olunmuş acı xatirələri illərlə yaddaşında qövr etmiş, zaman-zaman onu böyük bir həyat məktəbində yetişdirmişdir. Bütün bunlar şairin bədii, poetik yaradıcılığında – şeirlərində, poemalarında sənətkarlıqla öz əksini tapmışdır.
Belə bir acılarla yaşayan sənətkarın həyatından da aydın olur ki, Mirvarid Dilbazinin yaradıcılıq yolu çətin dolaylardan, məşəqqətlərdən keçib. Şair vətəninə, xalqına olan məhəbbətini və bu ağrı-acıları özünün ictimai məzmun və ideyası ilə ədəbiyyata gətirmişdir. Belə bir tarixi dövrün səhifəsini yazmaqla o, həm də şəxsiyyətinin bədii obrazını əbədiləşdirmişdir. Təbii ki, bunlar ilk olaraq özünü yetişdirməkdən, təhsil illərindən keçib. Vaxtilə bir nəslin qeyrətli övladlarına – daim ali məktəbdən qovulmaq qorxusuyla yaşayan Mirvarid xanımla bacısına dayaq duran Musaköy kənd camaatının xeyirxahlığı həyat yollarına işıq saldı. Şair təbiətli Mirvarid təhsildə və ədəbiyyatda mükəmməllik qazandı…
XX əsrin əvvəllərindən başlayaraq, xüsusən də Cümhuriyyət dövründə və sonrakı illərdə Azərbaycanda böyük bir maarifçi nəsil yetişmişdi. Bu bəsirətli ziyalılar millətin qəflətdən oyanmasına, dünyəvi məktəblərin açılmasına, qadınların təhsil almasına çalşırdılar. Belə bir vaxtda gənclik köynəyini yenicə əyninə almış, bədii yaradıcılığa könül vermiş Mirvaridin "Qadınların hürriyyəti” adlı ilk şeiri "Oktyabr alovlanır” məcmuəsində dərc olunur. 1934-cü ildə isə "Bizim səsimiz” adlı kitabı işıq üzü görür. Elə o vaxtlardan zamanın nəbzini tutan, mənəvi gücünə söykənərək, özünün poetik incilərilə xalqın yetişməsi, inkişafı istiqamətində qələm çalan M.Dilbazi Vətənin taleyi, qüdrətlənməsi yolunda ideoloji mübarizəsini böyük coşqu ilə davam etdirdi…
Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da şairlər yurdu Qazax rayonunun Musaköy (indi Xanlıqlar adlanır) kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alan Mirvarid ilk əmək fəaliyyətinə Quba Partiya məktəbində ədəbiyyat müəllimi kimi başlamışdır. Bundan sonra Bakıda Azərbaycan EA-nın Əlyazmalar Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifəsində işləmişdir. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairi (1979), "İstiqlal” ordenli Mirvarid Dilbazinin ədəbi-bədii yaradıcılığı poeziyaya yenicə gələn gənc şairlər və həmin dövrü araşdıran tədqiqatçılar üçün böyük bir həyat məktəbi, səhih mənbə və məxəzdir.
Zənnimcə, Mirvarid Dilbazini tərcümeyi-halının fonunda, istərsə də yaradıcılığının timsalında oxuculara təqdim etmək elə də çətin deyil. Amma mənə elə gəlir ki, sənətkar ədəbi şəxsiyyət olaraq həqiqi obrazını özü daha dürüst təsvir edib.
Əslim – Dilbazilərdən
Mərdlər böyüdən yerdən,
Südüm mələk südüdür,
Sərvətim nəğmələrdən –
Özüm də Dilbaziyəm
Azərbaycan qızıyam!
Göründüyü kimi, bu 6 misralıq poetik fikirdə şair özünün obrazını sadə və bitkin formada təqdim edə bilib… Mirvarid xanım həyatda baş verən hadisələrə hər zaman həssaslıqla yanaşmış, onlara özünün ədəbi baxışları ilə münasibət bildirmişdir. 70 ildən də çox yaradıcılıqla məşğul olan şairin əsərlərində XX əsrin ikinci onilliyindən başlamış, 2001-ci ilə qədər (ömrünün sonunadək) olan dövrün panoramını görmək mümkündür. Şairin yaradıcılığında müharibə mövzusuna həsr olunmuş əsərləri, o cümlədən "Döyüş imtahanı”, "Kamal”, "Vətən eşqi”, "Qoçaq ataların qoşaq övladları”, "Xatirələr”, sonrakı illərdə isə "Sənətkarın xəyalı”, "Məhəbbət bizimlə qoşa doğulur”, "Həyat lövhələri”, "Bənövşələr üşüyəndə”, "Ana qanadı”, "Dağ çiçəyi”, "Durnalar ötüşəndə” "Çiçəkdən-çiçəyə”… kitablarında yer almış şeirləri, poemaları əsasən yaddaşından boy göstərən xatirələri, müşahidələrinin bədii təxəyyülündə yaratdığı mənzərələr öz əksini tapmışdır.
Bu sətirləri yaza-yaza yaxın vaxtlarda M.Dilbazinin "Seçilmiş əsərləri”ndən (2004) tanış olduğum şeirlərini, poemalarını xatırladım. Həmin əsərləri nəzərdən keçirdikcə Vətən dərdləri ilə dolu olan şairin sanki qəlbinin səsini eşidirdim. "Öpün bu qanlı torpağı”, "Türkiyəyə gedən yollar”, "Vətən oğulsuz olmasın”, "Qoymayın ağlayım məni”, "Vəzifə məhək daşıdır”, "İthaflar”, "İnsan və məhəbbət”, "Poemalar”, "Pyeslər”dən ibarət bölmələrin hər birində lirik-romantik istiqamətdə, eləcə də realist üslubda yazdığı əsərlərindəki xalq həyatı, insan taleyi və mənəviyyatı, vətənçilik əxlaqının təsviri məndə böyük təəssürat oyatdı. Aldığım qənaətlər düşüncəmdə Mirvarid Dilbazinin şair, ana obrazını canlandırdı. Ömrünün sonunacan qələm-kağızdan bezməyən, ədəbi-bədii fəaliyyətindən yorulmayan şairin ahıl çağlarının yaradıcılığını gözlərimin önündən keçirdim. Xalqımızın başına gətirilən müsibətlər, torpaqlarımızın işğalı, şəhid oğullarımızın acı taleyi, Qarabağımızın düşmən tapdağı altında inləməsi Mirvarid xanımı korun-korun yandırırdı. Vətənin dar günlərində bu Vətən qızı xalqın taleyini öz həyatında yaşadı. Mirvarid xanım həmin günlərdə ürəyində böyük ağrılar daşıyır, bu ağrıları, yanğılarını isti göz yaşları təki ağ vərəqlərə səpirdi. 1990-cı ilin yanvar qırğınları yaradıcılığından odlu bir xətlə keçdi. Günü ağlamaqla keçən şairə "ağlama” dedikdə o, haqlı olaraq belə cavab verirdi ki, axı mən necə ağlamayım ki, millət ağlayır… görün, başımızın üstündən necə bir tufanlar əsir, xalqımıza zülüm oldu, zillət ağlayan yerdə mən necə ağlamayım… O qanlı günlərdə şairin ana qəlbi haray çəkirdi:"Mən bir ana fəryadıyla İndi sizi, dərdimizi Dinləməyə çağırıram Ey insanlar…” Amma bu ağır günlərdə şair özünə qayıtmağı da bacarır, belə məqamlarda sanki bir səs onu silkələyirdi: "… Dur, ağlama, Düzəlt qəddi-qamətini! Dərdə, qəmə səsləmə sən Dərddən güclü millətini! Dur! Ağlama!Vətən yolunda canlarından keçənlərə "Rəhmət sizə, ey igidlər!” deyərək, onların bədii obrazını yaradırdı. Şairin öz elindən, yurdundan didərgin düşmüş qaçqınlara həsr etdiyi "Ağla, kamanım ağla”, "Qoymayın ağlayım məni”, eləcə də qanlı yanvar günlərində qələmə aldığı "Öpün bu qanlı torpağı”, "Şəhidlər qəbiristanında”, "Qanlı yanvar bayatıları…” kimi şeirlərini ağlamadan, titrəmədən, həyəcansız oxumaq mümkün deyil… O şənbə gecəsində və ondan sonrakı günlərdə ərini, qardaşını itirmiş gəlinlərə, qızlara sənətkar göz yaşları içində deyirdi:
Ağlama kamanım, sazım ağlama!
Sil bu göz yaşını, gözüm, ağlama!
Gəlinim ağlama, qızım, ağlama,
Dərddən güclüləri dərd əyə bilməz!
Qırılan ağacın yerində müdam
Təzə ağac əkər qüdrətli bağban,
Təzə nəsil böyüt, ey dərdi ümman!
Oğulsuz millətə millət deyilməz!
Dərddən güclüləri dərd əyə bilməz!
Bu dərdimizin ardınca gələn Qarabağ ağrıları… Şairin qəlbində hələ uşaqlığından müharibələrə, ölümlərə, itkilərə üsyan edən səsi-sözü burda da haray qoparır:Gah gülümsər gözüm, gah da qan ağlar. Hey dil tutub, ürək ağlar, can ağlar, Ürəyimdə bir Qarabağ qəmi var, Vətən qəmi heç bir qəmə bənzəməz… Sənətkar cənnət yurdumuzu qoruyan igid oğullarımızı bir ana məhəbbətilə vəsf edir, onları el-obaya, Vətənə tanıdır: Vətən dar ayaqda mərd oğul istər, əgər oğulsansa, dur hünər göstər! Döyüşdə sınanır qəhrəman kəslər, Ey vətən, cəsurdu, ərdi Qorxmazın!
Yəqin ki, Mirvarid Dilbazini həyatda görənlər 1990-cı ilin qanlı yanvar hadisələrində, ömrünün sonunacan yaşadığı illərdə şairi qara yaylıqda xatırlamamış deyillər. Həmin tarixi günlərdə təkcə bu əlamət, hadisə ilə o, xalqın yaddaşında Azərbaycan qadını, el anası, millətin anası obrazının həqiqi cizgilərini yarada bilmişdi. Qəlbində daşıdığı milli-ictimai bəlaları bir ana kimi öz müşahidələri, yaşantıları ilə təsvir edən şairin xalqın taleyindən yana ağrılarını duymamaq, ondan təsirlənməmək, nəhayət, ANAmızın səsindən-sözündən ehtizaza gəlməmək, titrəməmək mümkünmü…
Mirvarid Dilbazinin yaradıcılığının bir qolu da uşaq ədəbiyyatı olmuşdur. Şairin balacalar üçün yazdığı nağıllar, şeirlər, hekayələrini bu gün həm uşaqlar, həm də böyüklər sevərək oxuyurlar. 1940-cı ildən başlayaraq, uzun illər kiçik yaşlı uşaqlar üçün əsərlər yazmağı özünün mənəvi borcu hesab edən müəllif, vətən övladlarının düzgün tərbiyə olunması, yurdunu, torpağını sevməsi və vətənpərvər ruhda böyüməsini yaratdığı əsərlərində böyük məhəbbət və məsuliyyətlə təsvir etmişdir. Mirvarid xanım həmişə deyirdi ki, uşaqlar üçün əsərlər yazmaq bütün şair və yazıçıların, ədəbiyyat adamlarının bir ziyalı, vətəndaş borcudur. Biz bu borc hissini heç zaman unutmamalıyıq…
Mənə elə gəlir ki, uşaqlıqdan qəlbinə çökən nisgil, gözlərinə dolan yaş həyatı boyu şairin gözündən-könlündən silinmədi, əksinə, yaddaşında şırım açdı. Taleyinin qarşısına çıxardığı ağrılarla yaşadı, yazdı, yaratdı. Mirvarid Dilbazi şeirlərinin birində deyirdi:"Öz içindən yanan bir ocağam mən, Yandıqca daha gur yanacağam mən!”Həqiqətən, bütün həyatı boyu içində gur bir ocaq çatdı, yana-yana yazdı, yaratdı və özündən sonra ədəbiyyatımız üçün, gənc nəsildən ötrü ibrətamiz, mükəmməl bir ömrün izini qoyub getdi… Ruhu şad olsun…
Azərtac

banner

Oxşar Xəbərlər