Öz gözündə “tiri” görməyənlər... - Fotolar - Video
XX əsrin sonunda yenidən müstəqilliyini bərpa edən
Azərbaycanda ilk vaxtlar dövlət quruculuğu, xüsusən də vahid komandanlığa tabe
olan Silahlı Qüvvələrin yaradılması istiqamətində ciddi addım atılmayıb.
Düzdür, 1991-ci
ilin sentyabr ayında Azərbaycan Ali Soveti Müdafiə Nazirliyinin və həmin ilin
oktyabr ayında Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edib. Lakin bu qanun kağız üzərində qalıb, icrası təmin
edilməyib və nizami ordu yaradılmayıb. O zamankı ölkə rəhbərliyinin
düşüncəsinin məhsulu olaraq,
bunun əvəzinə ayrı-ayrı şəxslərin rəhbərliyi altında özünümüdafiə
ərazi taburları yaradılıb.
"AXC
batalyonları” adlı
silahlı birləşmələr də məhz həmin illərdə formalaşan, Milli Azadlıq Hərəkatında
fəallıqları ilə diqqət çəkən müxtəlif şəxslərin nəzarətində olan hərbi güc
olub. O batalyonların bəzisinin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə
vuruşan, şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xidmətləri hər zaman yüksək
qiymətləndirilib, indi də elədir. Bu, birmənalıdır. Lakin əfsuslar olsun ki, ayrı-ayrı vaxtlarda
bu hərbi gücdən işğalçı Ermənistana qarşı deyil, ölkə daxilində bir-biri ilə
siyasi mübarizə aparan qüvvələrə dəstək, qarşı tərəfi "məğlub etmək” üçün
istifadə olunub.
Silahlı müxalifətpaytaxt Bakıda hakimiyyət savaşına cəlb olunub
Qeyd olunanlara nümunə gətirmək üçün yaxın
keçmişimizi - müstəqillik tariximizi vərəqləmək, yaddaşımızı bir qədər təzələmək
kifayət edər. Əvvəlcə onu xatırlatmaq yerinə düşər ki, müstəqil Azərbaycanın
ilk Prezidenti Ayaz Mütəllibovdur. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə
Azərbaycanın Prezidenti
seçilib və 1992-ci
il martın 6-a qədər bu vəzifəni icra edib. A.Mütəllibovun vəzifədən getməsinə səbəb
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törətməsi, azərbaycanlıların soyqırıma məruz qalması, Xocalı şəhərinin işğalı faktı olub. Bu
faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan müxalifət növbədənkənar sessiyanın
çağırılmasına nail olub
və
A.Mütəllibovu
tutduğu vəzifədən istefa verməyə məcbur edib. O zamankı müxalifətə bir qədər əvvəl qeyd
etdiyimiz "AXC batalyonları” hər mənada dəstək verib. Beləliklə də Ermənistan
Azərbaycana qarşı işğalçı siyasət yürütdüyü zamanda, Xankəndi, Xocavənd, Əsgəran
rayonları erməni separatçıları tərəfindən zəbt edildiyi vaxtda müxalifətin
silahlı qanadı Vətənin müdafiəsi, ölkənin ərazi bütövlüyünün təmin edilməsində
iştirak etmək əvəzinə, paytaxt Bakıda hakimiyyət savaşına cəlb olunub.
"AXC batalyonları”nın Şuşa, Laçın uğursuzluğu
AXC-Müsavat cütlüyünün "AXC
batalyonları”nın köməkliyi
ilə Azərbaycanda hərbi çevriliş etməsindən, ölkə daxilində siyasi hərc-mərclik,
vəzifə davasının baş alıb getməsindən yararlanan Ermənistan işğalçılığını davam
etdirib. 1992-ci il martın 6-da siyasi hakimiyyətin zəbt edilməsindən 8 iyun
1992-ci ildə Əbülfəz Elçibəyin Prezident seçilməsinə qədər ötən vaxt ərzində,
konkret olaraq 8 may 1992-ci ildə Şuşa şəhəri kimi alınmaz qala, 18 may 1992-ci
ildə Laçın kimi strateji yüksəklikdə yerləşən rayon ermənilər tərəfindən işğal
edilib. Hakimiyyəti zəbt edən silahlı müxalifətin - "AXC batalyonlarının” o
zaman bunu əngəlləməyə təəssüf ki, ya gücü çatmayıb, ya da Şuşanın, Laçının
müdafiəsinin təşkil edilməsi o batalyonlara rəhbərlik edənlərin marağında
olmayıb. Həmin vaxt Azərbaycan Xalq Cəbhəsinin (AXC) Ali Məclisinin sədri olan,
hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) sədrlik edən Əli Kərimli də
məhz 1992-ci ilin may ayında Prezident Aparatının (indiki Prezident Administrasiyası) Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri xidmətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Azərbaycanın
eks-prezidenti Ə.Elçibəyin siyasi hakimiyyətdə olduğu 17 iyun 1993-cü ilə qədər,
daha dəqiq desək 2 aprel 1993-cü ildə Kəlbəcər kimi mühüm əhəmiyyət kəsb edən, strateji
yüksəklikdə yerləşən rayonumuz da Ermənistan silahlı birləşmələri tərəfindən
işğal olunub. Torpaqların işğal olunduğu bir vaxtda Əli Kərimli bizə məlum
olmayan xidmətlərinə görə vəzifə pilləsində bir qədər də irəliləyib, 1 may
1993-cü ildə - sovet zəhmətkeşləri günündə Azərbaycan Dövlət katibi təyin olunub və 7 iyul 1993-cü ilə qədər bu vəzifəni
daşıyıb.
"Milli Qəhrəmanın"ölkədə qardaş qanı axıtması
Diqqəti işğal faktından yayındırmadan qeyd edək ki,
o dövrdə bütün bunlara səbəb siyasi müxalifətin – "AXC batalyonlarının” gücü ilə
hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi, düzgün
olmayan kadr siyasəti, hakimiyyət komandası daxilində ayrı-ayrı şəxslərin özlərindən
böyük iddiaları, vəzifə davaları, nizami ordunun, vahid komandanlığın olmaması
idi. Məhz Prezident Ə.Elçibəyin qərarı ilə Yevlax yun fabrikinin direktoru Surət
Hüseynov Azərbaycanda Baş nazirin müavini təyin olunub. Bununla parelel olaraq
o, Prezidentin
Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi idi. Hətta Ə.Elçibəyin 8
avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı
qüvvə yeni yaradılmış II
Ordu Korpusuna tabe etdirilmiş və S.Hüseynov polkovnik rütbəsində korpusun
komandanı təyin olunmuş, oktyabrın 9-da ona Milli Qəhrəman adı verilmişdi. Nəzarətində böyük hərbi
güc olan bu şəxsin iddiaları böyük olduğundan 1993-cü ilin 4 iyununda Gəncədə hərbi
qiyam başladıb, cəbhə boyu ölüm-dirim savaşı getdiyi vaxtda hərbçilərini geri çəkərək
paytaxt Bakıya istiqamət aldırıb, ölkədə qardaş qanının axıdılmasına səbəb
olub.
Avtomat Kalaşnikovla "sui-qəsdə məruz qalanın" Makarovla ayağından yaralanması
Prezident Ə.Elçibəyin və onun təyin etdiyi Dövlət
katibi Ə.Kərimlinin "kadr siyasətində” riyaziyyat muellimi Rəhim Qazıyevin
müdafiə naziri olması da faktdır. 1990-cı il Qanlı Yanvar
hadisələri ilə əlaqədar 2
mart 1990-cı
ildə SSRİ DTK tərəfindən həbs olunaraq Moskvaya - məşhur "Lefortovo” həbsxanasına göndərilən, orada "verbovka” olunaraq sonradan
"deputat” kimi Azərbaycan cəmiyyətinə sırınan bu şəxs "Şuşa əldən getsə başıma
bir güllə çaxaram” – deyib populist çıxışlar edən, Şuşa əldən getsə də hazırda
həyatda olan birisidir. Heç kimə ölüm arzulamasaq da, məsələyə şəxsiyyətin
bütövlüyü sözün bütövlüyüdür prinsipi ilə yanaşsaq, R.Qazıyevin hansı şəxsi
keyfiyyətə sahib olduğunu təsəvvür edə bilərik. Bu şəxsin də rəhbərlik etdiyi xüsusi
batalyon olub. Guya ki, rəhbərlik etdiyi batalyonla Şuşanın müdafiəsinə getdiyi
halda 1992-ci il fevral ayının 4-dən 5-nə keçən gecə ona sui-qəsd olub. Sui-qəsdin məğzi bundan ibarətdir
ki, "Azərbaycan
Qarabağı”
batalyonunun əsgəri Emin
Məmmədov indiyə qədər
naməlum qalan səbəbdən kazarmada yatanlara avtomatdan atəş açıb və nəticədə
kazarmadakı 8 döyüşçü avtomat gülləsindən həlak olub, 5 nəfər yaralanıb. Həmin
vaxt R.Qazıyev də "Makarov” tipli tapançanın gülləsi ilə ayağından yaralanıb.
Beləliklə də "Şuşanın müdafiəçisi” R.Qazıyevin "qəhrəmanlığı” bütün Azərbaycana
səs salıb. 17 Mart 1992-ci ildən 20 Fevral 1993-cü ilə qədər müdafiə naziri postunu tutmuş R.Qazıyevin vəzifədə
olduğu dövürdə separatçılara qoşulması, Rusiyanın yüksək rütbəli zabitləri
ilə "alver” etməsi, hətta separatçı Əlikram Hümbətovla "xlebnik”
olmasına dair internet resurslarında kifayət qədər məlumat var.
Azərbaycanın hər bölgəsində bir "respublika” yaratmağa çalışanlar
Biz bu sadalanan faktlara əlavə olaraq, 1992-ci
il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Daxili İşlər Naziri olmuş İsgəndər Həmidovun, həmçinin
Ə.Elçibəyin qərarı ilə daxili işlər nazirinin müavini təyin olunmuş Rövşən
Cavadovun nəzarətlərində olan hərbi gücləri, eləcə də Müdafiə
Nazirliyinə əsla tabe olmayan, hər birinə ayrı-ayrı şəxslərin komandirlik etdiyi digər
silahlı birləşmələrin əməllərini də sadalaya bilərik. Hansı ki, bir sıra
hallarda bu şəxslərin nəzarətində olan batalyonlar cəbhədə düşmənə qarşı
mübarizə aparmaq əvəzinə, xanlıqlar dövründə olduğu kimi Azərbaycanın müxtəlif
bölgələrinə, rayonlarına nəzarət edir, özləri üçün "xanlıq” yaradırdılar. Məhz
o dövrdəki iqtidarın yarıtmaz siyasəti nəticəsində Dağlıq Qarabağla bərabər,
Şimalda sadvalçılar, Cənubda əlikramçılar separatçı çıxışlar edir, Azərbaycanın
hər bölgəsində bir "respublika” yaratmağa çalışırdılar.
"Asta qaçan namərddir" prinsipi
Bir vaxtlar AXCP sədri Ə.Kərimlinin də yer aldığı
hakimiyyətin Azərbaycan xalqı və dövləti qarşısında "xidmətləri” bundan ibarətdir.
İndi bu hadisələrin üstündən illər keçib deyə, Ə.Kərimli elə hesab edir ki, hər
şey unudulub və yeni nəslin beynini doldurmaq üçün istədiyi yalanı cəmiyyətə
sırıya bilər. Füzuli və Cəbrayıl rayonlarının işğalı günündə status yazaraq, Azərbaycan
torpaqlarının işğalında ulu öndər Heydər Əliyevi təqsirkar bilməsi, eləcə də
Dağlıq Qarabağ probleminin indiyə qədər həll edilməməsində mövcud iqtidarı
günahkar sayması da bu qəbildəndir. Ölkəni yox olmaq təhlükəsi, separatizm,
parçalanma, vətəndaş müharibəsi, iqtisadi, siyasi, hərbi böhran, aclıq,
işsizlik vəziyyətinə salıb 17 iyun 1993-cü ildə heç kimə xəbər vermədən, yalnız
bir qrup AXC üzvü ilə birlikdə Kələkiyə qaçan prezident Ə.Elçibəyin yetirməsi
Ə.Kərimli indi bütün bunların günahını başqalarında axtarır. Talehin ironiyası
bu olsa gərək...
Uğurlu Horadiz əməliyyatı
Bəlkə də AXCP sədri Ə.Kərimli sadəlövlüklə elə təsəvvür
edir ki, ulu öndər H.Əliyev 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə gətiriləndən
dərhal sonra Azərbaycandakı bütün problemlər həllini tapmalıydı. Əgər belədirsə,
bu, siyasətçi adına iddia edən şəxsin düşüncəsizliyinin məhsuludur və beləsindən
heç zaman siyasətçi, lider ola bilməz, necə ki, olmayıb da. Öz liderinə xəyanət
etməklə "ad çıxaran” AXCP sədrinin yaddaşını təzələmək üçün xatırlatmaq yerinə
düşər ki, ulu öndər H.Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra
ilk işi ölkə daxilindəki vətəndaş müharibəsinin qarşısını almaq, ardınca vahid
komandanlığa tabe olan nizami ordu yaratmaq olub. Bu prosesin davamı olaraq
1993-cü ilin dekabrından 1994-cü ilin yanvar ayına qədər uğurlu Horadiz əməliyyatı
baş verib. Ulu öndər H.Əliyevin nəzarəti ilə Daxili İşlər Nazirliyinin polis
polkunun komandiri, polkovnik Fətullah Hüseynovun rəhbərliyi etdiyi bu hərbi əməliyyat
zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi və rayonun 20 kəndi düşməndən azad
olunub.
Şanlı Aprel döyüşləri, Günnüt zəfəri..
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyik etdiyi
illər ərzində də Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları olub. 2016-cı
ilin Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və rayonun Madaqiz kəndi istiqamətində yollar daxil olmaqla ümumilikdə 2 min
hektar ərazi düşməndən azad olunub. 2018-ci il may ayının 20-27-də Naxçıvan Əlahiddə
Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsindəŞərur rayonununGünnütkəndi,
"Ağbulaq” yüksəkliyi,Qızılqaya dağı,Qaraqaya dağıazad
olunub,Dərələyəz mahalının Arpakəndi
isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11 min hektar ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Yeğeqnadzor – Gorus – Laçın - Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Cari ilin iyul-avqust aylarında isə Qazax
Əlahiddə Sərhəd Diviziyası tərəfindən
Azərbaycan-Ermənistan
sərhədinin Qazax ərazisindən keçən hissəsində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli
yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı
bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün
daha optimal imkanlar yaradıb. Orada düşmən tərəfinin aramsız atəşi altında mühəndis
işləri aparılıb.
Vətən torpağı qarış-qarış azad ediləcək
Bütün bu faktlardan göründüyü kimi Prezident İlham
Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz zaman-zaman düşmənə sarsıdıcı zərbələr
endirir, işğal altındakı torpaqlarımızı hissə-hissə azad edir. Şübhə etmirik
ki, bu proses işğal altındakı bütün ərazilər azad olunana qədər davam etdiriləcək.
O ki, qaldı Dağlıq Qarabağ probleminin indiyə qədər həll olunmamasına, bu,
radikal müxalifətçilərin iddia etdiyi kimi asan olsaydı, onlar öz hakimiyyətləri
dövründə buna nail ola bilərdilər. Amma buna nəinki nail olmayıblar, əksinə,
uğursuz siyasət nəticəsində Azərbaycanın başqa ərazilərinin işğal olunmasına şərait
yaradıblar. Digər tərəfdən, müasir dövrümüzdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bərabər, Rusiya-Gürcüstan, Abxaziya, Osetiya, Rusiya-Ukrayna,
Krım, Luqansk, Donetsk, Rusiya-Moldova, Dnestryanı kimi münaqişələr var.
İşğalçı Ermənistanın Rusiyanın "forpostu”, Fransanın "kiçik bacısı” olduğu da heç
kimə sirr deyil...
Rufik
İSMAYILOV