• cümə, 29 Mart, 11:19
  • Baku Bakı 5°C

Yuxularımın kəndi

18.04.19 10:00 1445
Yuxularımın kəndi
O yer, o ünvan həmişə mənimlədir. Harda olsam, hara getsəm, onu bir "sənəd" kimi özümlə gəzdirirəm. İş stolu arxasında, yol gedəndə, yaxud sakit bir yerə çəkilib dincələndə o əziz və qiymətli "sənəd"i salıb itirəcəyimdən ehtiyat edir, yerində olub-olmadığını dönə-dönə yoxlayıram. Çünki o balaca kənd mənim taleyimə yazılan ilk işıqlı ünvandır.
Kəndimizdən on bir yaşında ayrılsam da, fikir və düşüncələrimdə, söhbətlərimdə, yuxularımda, cızma-qaralarımda tez-tez ora qayıdıram. Kəndimizlə bağlı düşüncələrim şirindən şirin, yuxularım rəngli və bol işıqlıdır. Əvvəllər arabir təkrar etdiyim bir ifadə vardı: "Uzun illər Bakıda yaşasam da, ancaq kəndimizə aid yuxularım rəngli olur. Qalanları "çornı-belıy" olur ". Kefim saz olanda yoldaşlarım da deyərdilər ki, deyəsən, bu gecə rəngli yuxu görübsən...
Babakişi əminin zarafatı
Həmişə kəndimizi düşünəndə ümidlərim tumurcuqlayır, öləziyən arzularım pöhrə verir, məni yaşamağa səsləyir. O balaca kənd, bu gün də qəlbimin rahatlıq tapdığı tək ünvandır.
Kəndimizdən ayrılandan illər keçib. Necə deyərlər, onda bığ yeri yenicə tərləmiş, sütül, qaradinməz, saçları daraq batmayan bir oğlan idim. İndi nə o saçlar var, nə də o qarayanız oğlan. İndi o oğlanın yerində həyatın yorub yıxdığı, dərdi batmanla, sevinci misqalla ölçülən bir Allah quludur... Mən ömrümün çoxunu şəhərdə keçirdim, ancaq nə şəhərli ola bildim, nə də doğma kəndə qayıda bildim, arada qaldım, arada. Bu gün də beləyəm...
Uşaqlığımda gördüyüm kəndimizə gedən tozlu-torpaqlı yollar, arxlar, ağaclar, o illərin adamları olduğu kimi yaddaşımda durur. Onda çörəyi torpaqdan, mal-qara saxlamaqdan, alış-verişdən çıxan insanların gün-güzəranı o qədər yaxşı olmasa da, dərdi, qayğını zarafatla, deyib-gülməklə ötürməyə çalışardılar. Hamı bir-birinə əl tuta-tuta yükün altından qalxardı. Qışın ortasında bir yoğurum unu olmayan da yaza çıxırdı, kisə-kisə buğdası olan da. Gecələr çörək dərdi çəkənin qapısı döyülürdü. Açanda görürdü ki, kimsə qapıya yarım tay buğda, yaxud bir-iki bişirim un qoyub. Bayramlarda kasıblar, kimsəsizlər unudulmurdu. Deyirdilər, gərək bu günlərdə hamının qazanı qaynasın... Xeyirdə-şərdə qohum-qonşu, ağsaqqallar ağbirçəklər yığışıb məclisi yola verirdilər. Ev yiyəsinin xəbəri də olmazdı ki, məclis hardan gəldi, hara getdi.
Kəndimiz üçün tarixi günlərin bir çoxu yadımdadır. İli dəqiq yadımda deyil, ancaq bir yay günü kəndimizdə elektrik işığı parladı. Həmin günün axşamı Şirvan kişinin anası Ülfət qarı dünyasını dəyişdi. İlk dəfə idi ki axşamları belə işıqlı görürdüm. O axşam heç kəs yatmaq istəmirdi. Səhəri gün hüzr yerində Babakişi əmi zarafatla demişdi ki, Ülfət arvad ordakılara xəbər apardı ki, biləsiniz, Cəfərli nura qərq olub....
Sədrəddin kişinin nikbinliyi
Hər tərəf yaz dumanına bürünmüşdü. Həyətdən çıxıb üzü şor kanala doğru getdim. Ayaqqabılarım şehdə yuyunurdu. Sədrəddin kişi qoyunlarını qabağına qatıb kanalın kənarı ilə yulğunluğa tərəf aparırdı. Mənə yaxınlaşıb əl verdi, "xoş gəlibsən” dedi. Sonra əlindəki ağaca söykənib ərkyana əlavə etdi ki, müəllim, sənin mal-qaran yox, ot biçininə getmirsən, niyə səhərin şirin yuxusunu doyunca almırsan? Daha bəsdir o şəhərdə yaşadın, qayıt kəndə, sakit yaşa. Şəhər indi arı pətəyi kimidir. Uşağın yanına gedəndə bircə gecə qala bilirəm, səhər qayıdıram kəndə. İndi bu kənddə hər şey var, Allaha şükür. Vallah tənbəl olmayan, kənddə bəy kimi dolanar. Torpaq payımız var, Kürün suyu bol, texnika da var. Ək, becər, mal-qara, qoyun, toyuq-cücə saxla. İşlək olan ac qalmaz. Guya şəhərdə pul küçəyə tökülüb? Elə kənd də indi şəhər kimidir. Bir vaxt yolumuz pis vəziyyətdə idi. Artıq kəndin içinə kimi asfalt yol çəkilib, on beş-iyirmi dəqiqəyə rayona getmək olur. Qaz yox idi. Odun almaqdan bezmişdik, yenə canımız qızmırdı. Bax, indi ilboyu qaz verilir. Elektrik işığını gündə, yaxud iki gündən bir kəsirdilər. Şükür, indi nadir hallarda işıq kəsilir. İçməyə təmiz suyumuz yox idi. Kanal suyu içməkdən qarnımız qurd bağlamışdı. İndi bulaq qapımızda axır, nə vaxt istəsək - yayda da, qışda da doyunca təmiz su içə bilirik.
Bakıya iki saatlıq yoldu, səhər get, işini gör, uşaqlara baş çək, axşamçağına qayıt kəndə. Elə Bakının bu başından o başına da saat yarıma ancaq getmək olur. Demirəm kəndin dərdi-səri, problemi yoxdur, var, məsələn, örüş yerimiz çox az qalıb. Ancaq daha əvvəlki dövrlə müqayisədə dərd-sərimiz çox azdı...
"Tarixi" günlərdən biri
Kəndimizdə ilk daş evin tikilməsi də yadımdadır. Çünki həmin günlərdə atam mənim üçün ilk dəfə idi ki, çanta, kitab, dəftər, rəngli qələmlər alıb gətirmişdi. Dərslərin başlanmasına hələ bir aydan çox vaxt qalsa da, mən hər gün o balaca çantanı açır, şəkilli, rəngli kitabları dönə-dönə vərəqləyirdim...
Tərəkəmə həyatı sürmüş insanlar üçün ən rahat yer yaşıl otlar üstündə qurulmuş alaçıq idi. Sonralar üstü qamış və torpaqla örtülmüş və çiy kərpicdən hörülmüş evlər dəb düşdü. Bu evlər qışda isti, yada çox sərin olurdu. Bir neçə il ərzində kəndimizdə onadək daş ev tikildi. O evlərin çoxuna atam ustalıq edirdi və mən onlara baxdıqca sevinirdim. Ancaq sahibləri o təzə evlərə köçməyə nədənsə, heç tələsmirdilər. Burcalı kişi də daş ev tikdirmişdi. Evi kəndin qabağında idi. Bir neçə il o evə girmədi. Uşaqlarına deyirdi ki, gedin orda siz yaşayın, mən o evə girəndə boğuluram. Payızın sərt günlərində belə, balkonda yatırdı.
Kanalın kənarındakı hündür yerə çıxıb kəndə doğru baxıram. İndi birmərtəbəli ev təkəmseyrəkdir. Evlərin çoxunda gözəl həyət-baca, hər cür şərait yaradılıb. Son on-on beş ilədək şirin su az olduğundan, qrunt suyu bağ-bağçaları qurutmuşdu. Bu yerlərdə hər cür çox dadlı meyvə yetişdiyi halda, camaat bazardan meyvə almağa başlamışdı. Bir neçə il olar ki, yeni çəkilmiş arxla kəndə su gəlir və həyətlərin suvarılmasına yetir də, artıq da qalır. Həyətyanı sahələrdəki ağaclar yenidən boy atır, məhsula düşürlər.
Zəmi kənarında
Nahardan sonra böyük qardaşım Fərhadla maşına oturub kanalın üstü ilə payızlıq arpa və buğda zəmilərinə baxmağa getdik. Göz işlədikcə uzanan zəmi hələ boyatma mərhələsindədir. Qardaşım dedi ki, axırıncı yağış düşməsəydi, zəmidən əlimizi üzəcəkdik. Biçənəklərdə olan ot da yanıb quruyacaqdı. Şükür ki, yağış, qədərincə olmasa da, düşdü. Bizim torpaqların çoxu şorakətdir. Bu torpaqlardan bol məhsul götürmək çətindir. Ancaq burda yetişən taxılın çörəyinin dadına dad çatmaz. Meyvələrin də, ətin də tamı bambaşqadır. Əldə etdiyimiz arpanın bir hissəsini satırıq, bir qədər toxumluq saxlayırıq. Yerdə qalanını da yem eləyib mal-qaraya, toyuq-cücəyə veririk. Keçən il iyirmi tondan çox taxılım olmuşdu. Yəqin ki, bu mövsümdə də keçənilkindən az olmaz.
Qardaşım onu da bildirdi ki, kənddə taxıl əkməyən az ailə var. Əkin sahələrinin çoxu da arpadır. Çünki arpa şoranlığa davamlıdır. Taxılçılıq həm də heyvandarlığı inkişaf etdirmək üçün bir növ, bazadır.
Uşaqlar mənə deyirlər ki, köç Sumqayıta, rahat yaşa, bəsdir işlədiyin. Ancaq mən getmək istəmirəm. Çünki bir gün işsiz qalsam, xəstəlik taparam. Bir də bu yerləri qoyub şəhərə necə gedim? Yetmiş il çörəyini ye, suyunu iç, havasını ud, sonra da əlin pullanan kimi köç şəhərə... Nə bu torpaq bizi bağışlayar, nə də o qəbiristanda yatan əzizlərimizin ruhu.
Uşaqlığım keçən yollar
Novruzgülü baş qaldırandan payızın can üşüdən yağışları başalayanacan kəndimizdə qaynar həyat yaşanardı. Payızda yağış çox düşəndə hər yan yaşıllığa bürünərdi. Yaz xoş gələndə isə günəşin ilıq nəfəsi torpağın üzünü bir neçə gündə dəyişər, hətta yollarda və cığırlarda qurşağa qədər ot əmələ gələrdi. O boyum bərabəri yaşıl biçənəklərin içindən keçib qonşu Hacıuşağı kəndinə məktəbə getdiyim günlər ömrümün ən işıqlı günləri kimi ürəyimdə yaşayır. Mən illərin saçıma "sığal" çəkdiyi bu yaşımda da tez-tez biçənəklər arasından ötüb, bəzən tək-tənha, bəzən də tay-tuşları ilə qonşu kəndə məktəbə tələsən o balaca, çəlimsiz, qarayanız oğlanı yuxularımda görürəm.
Qoy o günlərdən də sizə bir xatirə danışım.
Yoldaşlarımdan heç birinin məktəbə getmədiyi günlərdə belə, o yolu mən sevinə-sevinə, lakin qorxa-qorxa gedirdim. Qorxum isə canavardan və ilandan idi. Buna görə də, qarlı-dumanlı günlərdə böyük qardaşım məni yoldan qaytarıb demişdi ki, bir gün səni canavar yeyəcək.
Ancaq havalar xoş keçən aylarda mən o məktəb yolunda özümü heç vaxt tənha hiss etmirdim. Yolboyu hər gün rastlaşdığım yeganə qaratikan kolu, o kolun yaxınlığında yuva qurmuş qaratoyuq, elektrik dirəkləri, öz mal-qarasını otaran Allahverdi kişi, əslində, mənim yol yoldaşlarım idi. Allahverdi kişi səhərlər məni görən kimi deyirdi ki, qayıdanda səni gözləyəcəyəm. Hamının qaraqabaq adam saydığı Allahverdi kişi bir gün yazı dəftərimə baxıb demişdi:
- Ay səni, nə gözəl xəttin var. Elə bil muncuq düzübsən... Maşallah, gör nə qədər beş alıbsan.
Kişinin dəftərimə baxıb sevinməyi mənə qəribə gəlirdi. Çünki Allahverdi kişi ancaq hərfləri tanıyırdı. Sözləri birinci sinfin uşaqları kimi hecalaya-hecalaya oxuyurdu.
Allahverdi kişi bir gün məni qaratoyuğun yuvasının yanına aparıb dedi ki, qorxuram balaları çıxan kimi tülkü yeyə. Elə belə də oldu. Bir gün dərsdən dönəndə kişini çox kefsiz gördüm. Hiss elədim ki, nəyisə məndən gizlədir. Sonra özü dedi ki, tülkü quşun yuvasını dağıdıb. Allah bəlasını vermiş tülkü quşun balalarını harasa aparıb, bəlkə də yeyib.
Mən qaratikan koluna tərəf qaçdım. Qaratoyuq mənimdağıdılmış yuvaya yaxınlaşdığımı görcək, uçub lap yanıma qondu və qanadlarınıçırpa-çırpa qəribə tərzdə civildəməyə başladı. Elə bil fəryad edirdi:
- Balalarımı məhv etdilər, dostum, indi mən onlarsız necə yaşayım?!
Mənim isə nitqim tutulmuşdu. Bir azdan Allahverdi kişi əlini başıma çəkib dedi:
- Qalx ayağa, bəsdir ağladın. Onun da qisməti beləymiş. Gələn yaz yenə balaları olacaq. Həyat belədir, neynəmək olar...
Onun bu sözlərindən sonra gözlərimin yaşını əlimin arxası ilə silib yoluma davam etdim.
O günün səhəri, bəlkə də ilk dəfə idi ki, mən dərsdən qaldım.
İndi kəndimizdə orta məktəb var. Bir il əvvəl məktəb binası təmir edilib. Sinif otaqlarının sayı çox deyil. Amma o da var ki, kənddə məktəbə gedən uşaqların sayı da getdikcə azalır. Səbəbi də cavan ailələrin şəhərə köçüb getməsidir.
Bir səhər dərs başlanmamış məktəbə getdim. uşaqlarla, müəllimlərlə söhbətləşdim. Uşaqların bir neçəsi uzun illər redaktoru olduğum "Tumurcuq" qəzetini soruşdular. Dedilər ki, istəyirik "Tumurcuq"u oxuyaq, ancaq bizim məktəbə gəlmir. Sonra təzə direktor Allahverdi müəllimlə təhsil ocağının qayğılarından danışdıq, əvvəlki direktor rəhmətlik Tahir müəllimi yada saldıq. Zəng çalınanda uşaqlar həyətdən sinif otaqlarına tərəf yüyürdülər. Gözlərim önünə yenə uşaqlığım, qonşu kənddəki birotaqlı, çiy kərpicdən tikilmiş sinif otağımız gəldi. Bir anlığa mənə elə gəldi ki, Şahmurad müəllim indicə məni yazı taxtasının qarşısına çağırıb bugünkü dərsi danışmağımı istəyəcək...
İstəyi yerinə yetirilməyən Pənah kişi
Bir vaxtlar kəndin günçıxanında, təxminən bir kilometr aralıda Cəngi gölü vardı. Heç bir xəritəyə düşməyən o göl dağlardan axıb gələn sel sularının durduğu yer idi. Cəngi gölü yay aylarında bizim kəndin, eyni zamanda Küdrü düzünə yaxın ərazilərdə yaşayan, mal-qara, qoyun-quzu saxlayanların, belə demək olarsa, həyat mənbəyi idi. Yaz-yay aylarında o gölün ortasındakı adada on minlərlə köçəri quş yuva salır, bala çıxarırdı. Kənd uşaqları havalar qızandan dərslər başlayanadək gün boyu Cənginin kənarından əl çəkmirdilər, göldə çimir, günün altında qaralırdılar. Bu gün Cəngi olmasa da, Bakının qaynar günlərində və ürək sıxan bürkülü axşamlarında yuxumda Cəngi gölünü görür, onun sularına baş vurub bir qədər sərinləyirəm...
Təxminən 25 il əvvəl Cəngi gölünə yaxın ərazidə yeni qəbiristan üçün torpaq ayrılmışdı. Qəbiristan üçün xəndək qazılanda rəhmətlik Pənah kişi zarafatla demişdi ki, məni bu girəcəkdə basdırarsınız ki, təzə "sakinləri" sayım. Qəribə də olsa, yeni qəbiristanın ilk sakini olmaq Pənah kişinin qismətinə düşdü. Ancaq nədənsə, böyüklər kişinin istəyinə əməl etmədilər...
Qəbiristan hər bir elin-obanın, bir növ, tarixidir. İnsanların məzar daşlarına baxa-baxa həmin kəndin, şəhərin keçmişi və vaxtı ilə orada yaşamış insanlar haqqında çox məlumat əldə etmək olar.
Hər dəfə kəndimizə gedəndə mütləq qəbiristana baş çəkirəm. Əvvəlcə dünyasını yeni dəyişmiş kəndçilərimin məzarı başında dayanıb dualar edirəm. Sonra da iki-üç ildə haqq dünyasına qovuşmuş əzizlərimin məzarı başında dayanıb, onlarla "söhbət" edirəm. Əvvəlcə kövrəlsəm də, getdikcə təskinlik tapıram, rahatlanıram.
Yeni qəbiristanda lazım olan çox şey var - daşdan hörülmüş su quyuları, yağış-qardan, istidən qorunmaq üçün geniş talvar, qəbir qazmaq və ağaclara qulluq göstərmək üçün müxtəlif alətlər, su qabları və sair. Son illər ayrı-ayrı sakinlər tərəfindən qəbiristana ağac və gül kolları əkmək ənənəyə çevrilib. Əlbəttə, bu, xoş işdir. Ancaq səliqə-sahman istənilən səviyyədə deyil. Axı bu yer qəbiristan olmaqdan başqa, həm də el-obanın həyati düşüncələrini əks etdirən ünvandır. Buna görə də kənd bələdiyyəsi bu kimi məsələlərə diqqət yetirməlidir.
Gedirəm, qayıtmaq üçün
Kəndimizdən ayrılanda ürəyimdə təəssüf hissinə bələnmiş qəribə hiss baş qaldırmışdı. Sanki kəndi ürəyimə doldurub, tezliklə oraya qayıtmaq üçün yola çıxmışdım. Yol boyu nə illah eləsəm də, o hissdən yaxa qurtara bilmədim. Amma bu ümiddəyəm ki, orda keçən və uşaqlıq xatirələrimi dönə-dönə yaşadığım o üç gün mənim üçün yenə şirin xatirəyə dönəcək və yuxularımda heç vaxt solmayacaq, öləziməyəcək rəngli kino lentinə çevriləcək.
Səməd Məlikzadə - Ağsu rayonu
banner

Oxşar Xəbərlər