• cümə, 29 Mart, 09:49
  • Baku Bakı 5°C

YUĞ-da ŞOK

27.10.15 14:07 2801
YUĞ-da ŞOK
YUĞ Teatrının rejissoru Günay Səttarla tamaşaqabağı söhbət
Bu günlərdə YUĞ Dövlət Teatrı yeni tamaşanın premyerasına hazırlaşır. Artıq məşqləri yekunlaşmaq üzrə olan “ŞOK” tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Təranə Ocaqverdiyevadır. Tamaşada YUĞ Dövlət Teatrının aktyorları Oktay Mehtiyev, Rasim Cəfər, Zümrüd Qasımova, Təranə Ocaqverdiyeva, Amid Qasımov və Vüqar Hacı çıxış edir. Janrı eqosentrik transaksiya kimi təyin olunan tamaşa türk yazarı Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanıb. Pyesi azərbaycan dilinə dramaturq Mehman Musabəyli uyğunlaşdırıb. Tamaşanın daxili baxışında iştirak etdikdən sonra rejissor Günay Səttarla yeni quruluş verdiyi tamaşa haqqında söhbətləşdik.
-Bildiyimə görə, Mingəçevir teatrında Turqay Narın “Zibillik” əsərinə quruluş vermişdin. Niyə yenidən məhz bu əsərə müraciət eləmək ehtiyacı duydun?
-Turqay Narın dramaturgiyası ilə tanışlığımın çox maraqlı tarixçəsi var. Belə ki, Vaqif müəllim Ankarada müalicə alan zaman bu müəlliflə şəxsən tanış olub. Sən demə, uzun illər öncə Vaqif İbrahimoğlu ilə Turqay Narın telefon danışığı olubmuş. O zaman hələ dramaturgiya ilə məşğul olmayan, tanınmayan Turqay Nar V.İbrahimoğlu ilə telefon danışığından sonra özündə cəsarət və güc taparaq ilk pyesini yazıb və teatra təqdim edib. “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanan “Təpəgöz” pyesi müsabiqədə mükafata layiq görülüb, Türkiyə teatrında böyük uğur qazanıb. Daha sonra yazdığı pyesləri Türkiyənin müxtəlif teatrlarında dəfələrlə tamaşaya qoyulub və müəllifə böyük şöhrət gətirib.
Uzun zaman keçdikdən sonra Vaqif müəllim Ankarada xəstəxanada müalicə alan zaman Turqay Nar onu ziyarətə gəlib və illər öncə ona pyes yazmağı öyrətdiyinə görə ustadımıza təşəkkürünü bildirib. Vaqif müəllimlə xəstəxanada olmuş çox sevdiyim teatrşünas Məryəm xanımın (M.Əlizadə - K.Ə.) danışır ki, Turqay Nar Vaqif İbrahimoğlu ilə görüşdə ona uzun illər öncə aralarında olan telefon danışığını xatırladıb, həmin söhbətin onun həyatında və yaradıcılığında dönüş yaratdığını bildirib, dərin minnətdarlıq hissini ifadə edərək, öz kitablarını bağışlayıb.
Vaqif müəllim Bakıya gəldikdə Turqay Narın pyeslər kitabını bizə verdi. Beləcə, Turqay Narın dramaturgiyası ilə tanış olduq. Müəllifin çox maraqlı pyesləri var. Nədənsə məni “Çöplük” (“Zibillik”) pyesi daha çox cəlb etdi. Bu pyesi ilk dəfə Mingəçevir teatrında baş rejissor vəzifəsində çalışarkən səhnəyə qoydum. Tamaşa maraqla qaşılandı, hətta “Zibillik”lə Türkiyədə beynəlxalq teatr festivalına da qatıldıq. Bakıda Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1” Eskperimental Tamaşalar Festivalında da bu tamaşa ilə iştirak etdik.
Mingəçevirdə tamaşanın premyerasına Gumrah müəllimi (YUĞ Dövlət Teatrının baş rejissoru Gümrah Ömər – K.Ə.) də dəvət etmişdim. Gümrah müəllim Mingəçevirdə tamaşaya baxdı və bəyəndi. Sonra mənə təklif etdi ki, bu pyesi YUĞ Teatrında Psixosof teatr poetikası ilə bir daha tamaşaya qoyum. Düzünü desəm, bu əsəri başqa teatrda yenidən tamaşaya qoymağı nəzərdə tutmuşdum. Böyük səhnədə psixoloji durumları parlaq ifadə edən, klassik ənənələrə cavab verən tamaşa ola bilərdi. Mən tərəddüd edirdim, amma Gümrah müəllim təklifində israrlı oldu. Uzun çək-çevirdən sonra razılaşdım, çox sağ olsun, peşman da olmadım. Məncə, uğurlu tamaşa alınıb, aktyorlara da təşəkkürümü bildirirəm.
-Əsərin adı “Zibillik”dir, tamaşanı niyə “Şok” adlandırdın? Müasir tamaşaçıda şok effekti yarada biləcəyinizə əminsinizmi?
-Bilirsən ki, biz əsər üzərində işi müəllifin psixobioqrafiyasının və əsərin adının analizindən başlayırıq. “Zibillik” əsərinin təhlili zamanı da belə nəticəyə gəldik ki, əsərin adı “Şok” olmalıdır. Birincisi, burada perenatal məsələlər – qadının doğması, doğaraq ölməsi və s. – bilincsizlik qatında gedən proseslər açıqlanır. Əslində, döl ana bətnində gözəl, tər-təmiz bir qabın içində olmur. Orada, çirkli su, maye da var. Uşaq perenatal mərhələni keçdikdən sonra dünyaya göz açır. Əslində, insanlar bütün hissləri (ölüm, qorxu və s.) ana bətnində instinkt kimi duyurlar. Buna görə də, artıq dünyada rastlaşanda bunlar insana tanış hisslər kimi gəlir. Araşdırmalar apardım və gəlib belə bir həqiqətə çıxdım ki, mamaçalıq (maevtika) – həqiqətin doğulmasına vasitəçi olan bir meyardır. Həqiqət meydana gələndə çox çirkinliklərdən, yalanlardan arınıb doğulur. Demək ki, paradoksal səslənsə də, zibillik həm də bir təmizliyin rəmzidir. Zibillik təmizliyin doğulmasına kömək edir. Bir yerdə zibillik varsa, deməli hardasa təmizlik də var. Təmizlik zibillikdən doğur və burada biz əsl şokla rastlaşırıq. Zibillərdən təkrar emal zamanı yeni nələrsə istehsal olunur. Demək, biz maddi mədəniyyətdən mənəvi mədəniyyət yaradırıq. Həyatımız zibilliyin içindən yaranır, amma bu o anlama gəlmir ki, həyatımız zibillikdir.
Son zamanlar “şok” ifadəsini çox sıx-sıx eşidirik. Şok budur ki, biz maddi mədəniyyəti mənəvi mədəniyyət kimi emal edirik. Biz teatr sənəti ilə məşğuluq. Teatr sənəti özü mənəvi mədəniyyətin bir modelidir. Mingəçevirdə qurduğum tamaşanın adı “Zibillik” idi. Orada konkret psixoloji mətləblərə uyğunlaşmış bir formanı gerçəkləşdirməyə çalışmışdım. Həmin tamaşadakı yozum daha çox pxisoloji yanaşmaya, rasional düşüncəyə söykənirdi. Yuğdakı tamaşada isə yozumun əsasına irrasional mətləbləri qoymuşuq. Biz yuxuda günah da edə bilərik, cinayət də törədə bilərik. Buna görə heç kim insanı ittiham edə bilməz. Tamaşada hadisələr qızla oğlanın başına yuxuda gəlib. Biz hadisələri karnaval estetikası ilə təqdim edirik – yəni astar üzünə çeviririk. Burada heç kəsi günahlandırmırıq, ittiham etmirik. Tamaşada nə mənfi, nə də müsbət obraz yoxdur. Şok həm yaxşı, həm pis, həm xoş, həm də acı hiss və həyəcanların eyni anda yaşanmasından doğur. Çağdaş tamaşaçı gerçək həyatda o qədər dəhşətli hadisələrin şahidi və iştirakçısı olub ki, adama elə gəlir ki, onu səhnədə ölüm belə şoka sala bilməz, heç nə təəccübləndirə bilməz. Ona görə də biz tamaşaçıya göstərmək istədik ki, zibillik dediyimiz, həyatın dibi adlandırdığımız bu nəmənə, əslində, canlı həyatın başlanğıcıdır. Əsl şok məhz budur.
-Tamaşada müxtəlif dini etiqadlara işarələr gördüm.
- Bəli, tamaşada islama da, xristianlığa da, iudaizmə də işarələr var. Amma arif olan hər kəs üçün allah təkdir, müsəlman da, xristian da var olan bir allaha səcdə edir, ona görə də mən tamaşada heç bir dini etiqadı nə təhqir, nə də təqdir etmək fikrində olmamışam. Pyesin müəllifi türkdür – müsəlmandır. Pyesdə xristian dininə, iudaizmə bağlı bəzi mətləblər var. Personajlardan birinin adı Xaço, birinin adı İsrafildir. Belə olan halda, hansısa konkret dindən söhbət gedə bilməz.
Bizim üçün tamaşada dini dəyərlər yox, mənəvi-ruhsal dəyərlər maraqlıdır. Bilirsən ki, Psixosof teatr poetikasının predmetini insan ruhu təşkil edir. Ruh qatında isə nə irqi, nə milli, nə də dini mənsubiyyət anlayışı yoxdur.
-Tamaşada qeyri-normativ leksikadan istifadə olunur. Buna görə ictimaiyyətin qınaq obyektinə çevriləcəyindən qorxmursan ki?
- Əvvəla, biz əsərin dilini olduğu kimi saxlamışıq, hətta bir az yumşaltmağa çalışmışıq. Bununla yanaşı, nəzərə alsaq ki, əsərin adı “Zibillik”dir və fotmal qatda hadisələr zibillikdə cərəyan edir, personajlar isə zibillikdə yaşayan insanlardır, məncə, tamaşanın dil xüsusiyyətləri ilə bağlı heç bir sual yaranmır. Bir də bu jarqon sözlər əsərin ideya-bədii təsir gücünü artırmağa, estetikasını qoruyub saxlamağa yardımçı olursa, nədən olmasın?! Axı zibillik sakinlərinin, həyatın dibində yaşayan insanların elmi-bədii dildə danışmağı nə qədər real səslənə bilər?!
-Hər bir sənət əsəri kimi tamaşa da cəmiyyətə sosial və mənəvi mesajlar ötürür. Sən tamaşanla hansı mesajları ötürürsən cəmiyyətə?
- Mən sadəcə həyatın astar üzünü göstərirəm, hər kəs payına düşəni götürür. Çağdaş dövrümüzdə islam dininin müxtəlif qollara bölünərək (sünni, şiə, vəhabi və s.) bir-birinə düşmən kəsilməsi, siyasi çaxnaşmalar, kataklizmlər, iqtisadi böhranlar, kütləvi aclıq, xəstəliklər, müharibələr, ekoloji təhlükə, az qala, üçüncü dünya müharibəsinin başlanması, dünyanın terrorla çalxalanması və s. dünyanı xaosa çevirib. Belə bir zamanda bəşər övladının arınmaya, təmizlənməyə, özünə, öz mahiyyətinə, öz mənəviyyatına qayıtmasına, bəlkə də, heç zaman olmadığı qədər ehtiyacı var. Mən də özümü və tamaşaçıları mənəviyyata qayıdışa dəvət edirəm.
P.S. Mən isə Sizi “Şok” tamaşasına baxmağa dəvət edirəm. Qeyd edim ki, hər nümayişdə tamaşaya cəmi 20 nəfər tamaşaçı baxa biləcək. Amma və lakin... Düşünürəm ki, cəhd eləməyə dəyər. Bəri başdan xəbərdarlıq edim ki, şok sözünün sarı mətbuatda və sapsarı teleməkanda görüb-eşitməyə adət etdiyiniz mənasını axtarıb da gəlsəniz, xəyal qırıqlığına uğraya bilərsiniz. Sonra şok axtara-axtara “hanı şok?” deyərək, şoka düşməyəsiniz deyə indidən xəbərdarlıq edirəm. Sonra deməyin ki, demədi...
Könül Əliyeva-Cəfərova
teatrşünas
banner

Oxşar Xəbərlər