• şənbə, 20 Aprel, 07:47
  • Baku Bakı 14°C

Yol polisi texniki baxışla bağlı sürücülərə müraciət edib

12.12.18 18:15 439
Yol polisi texniki baxışla bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.
İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət QuliyevAZƏRTAC-a açıqlamasında yol qəzalarının bir çox hallarda avtomobillərin nasazlığı ucbatından baş verdiyini vurğulayaraq bildirib: "Texniki baxış zamanı təkcə avtomobilin texniki vəziyyəti yoxlanılmır, eyni zamanda, onun mənsubiyyəti, qeydiyyat məlumatları dəqiqləşdirilir, cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə tədbirləri həyata keçirilir. Bütün bunlar isə vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. "Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq, avtobuslar, maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və s. ildə bir dəfə, digər minik və yük avtomobilləri isə istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, on il keçdikdə isə ildə bir dəfə texniki baxışa təqdim edilməlidir”.
Qeyd edilib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsi məqsədilə "Yol hərəkəti haqqında” Qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib. Əvvəlki qaydalara görə mexaniki nəqliyyat vasitələrinə texniki baxış yanvarın 1-dən oktyabrın 31-dək keçirilir və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə kağız daşıyıcıda texniki talon verilirdisə, bu, artıq ləğv edilib. Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin növbəti texniki baxışdan keçiriləcəyi günü müəyyən etmək üçün həmin avtomobillər yuxarıda qeyd etdiyimiz texniki baxışdan keçmə müddəti əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanmalıdır. Digər bir dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi inzibati məsuliyyətə səbəb olur. Başqa sözlə, nəqliyyat vasitəsi verilmiş müddətin bitdiyi sonuncu gündən 20 gün ərzində texniki baxışa təqdim edilməlidir. Bu müddət bitdikdən sonra texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrlə aşkarlanır və onun istifadəçisi barədə avtomatik rejimdə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Avtomobilini texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsə bu xətanı aradan qaldırmaq üçün daha 20 gün imkan yaradılır.
Bu müddət başa çatanadək nəqliyyat vasitəsini hələ də texniki baxışa təqdim etməyən şəxs 20 gündən sonra yenidən inzibati məsuliyyətə cəlb olunur və bu proses ardıcıl davam edir. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs avtomobilini müəyyən edilmiş növbəti texniki baxışın keçiriləcəyi gündən əvvəl də Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə mərkəzlərinə təqdim edə bilər. Belə olduqda növbəti dəfə avtomobilin texniki baxışa təqdim olunma vaxtı dəyişiləcək. Bu müddət avtomobilin sonuncu dəfə texniki baxışdan keçirildiyi gündən hesablanacaq.
Rüfət Quliyev bildirib ki, qanuna edilmiş daha bir mühüm dəyişiklik texniki baxışdan keçmiş nəqliyyat vasitəsi barədə elektron talonun tərtib olunmasıdır. Bu halda artıq nəqliyyat vasitələrinin ön şüşəsinə vurulan texniki baxış talonuna ehtiyac qalmır. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə tərtib edilən elektron talon, dərhal elektron qaydada "ASAN ödəniş” sisteminə göndərilir və həmin sistem texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.
Texniki baxışa təqdim edilən avtobuslarda, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərində nasazlıqlar aşkar edildikdə onun sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.
Digər avtomobillər texniki baxışdan keçirildikdən sonra əvvəlcə bu barədə elektron talon hazırlanır. Əgər texniki baxış zamanı nasazlıqlar aşkar edilibsə bu barədə avtomobil sahibinə bildiriş verməklə ona nasazlıqların aradan qaldırılması tövsiyə olunur. Həmin minik avtomobili növbəti texniki baxışa təqdim edilərkən bildirişdə göstərilən nasazlıqlar təkrar aşkarlanarsa, bu dəfə nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.
"Nəqliyyat vasitələrinin texniki baxışa təqdim olunması qaydalarına edilmiş mühüm əlavə və dəyişikliklərdən biri də inzibati cərimələrin ödənilməsi ilə bağlıdır. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs yalnız barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər”, - deyə Rüfət Quliyev bildirib.
banner

Oxşar Xəbərlər