• şənbə, 20 Aprel, 13:22
  • Baku Bakı 23°C

Yol adlamaq deyil, ömür yaşamaq...

16.10.21 12:00 1164
Yol adlamaq deyil, ömür yaşamaq...
Və ya "Əlvida, Şmidt!” haqda düşüncələr
Gedib gələn nəfəs yoldur – yoxuş kimi enər, qalxar
Ömür yolu hamar olmaz – nə qədər ki, nəfəsin var...
(Laədri)
Son dövrlərdə çəkilən filmlər arasında özünəmxsusluğu ilə seçilən biri var – "Əlvida, Şmidt!”. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan” studiyasında tragikomediya janrında çəkilib. Ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu rejissoru Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, rejissoru Akif Rüstəmov, redaktoru İlqar Fəhmi və bəstəkarı İsfar Sarabski olan bu film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. Qeyd edim ki, General Yermolovun 1817-ci ildəverdiyi göstəriş əsasında həmin koloniyalardan biri Göygöl rayonuna yerləşdirilib. Filmin baş qəhrəmanı Emil Şmidtin (rolun ifaçısı Azər Aydəmir) atası azərbaycanlı olsa da, anası həmin almanlardan biridir. Və o xanım təzəlikcə rəhmətə gedib.
Qaçış – özünə qayıdış

Emil şəhərin kafelərindən birində pizza ustası kimi çalışır. Həyatı "səhər işə, axşam evə” çərçivəsində keçən bu gəncin arzusu anasının torpağına – Almaniyaya getməkdir. Dəfələrlə səfirliyə müraciət edən Emilin istəyinə rədd cavabı verilir və səbəb kimi onun atasının azərbaycanlı olduğu bildirilir. Yəni Almaniyaya getmək üçün onun təkcə anasının alman olması kifayət etmir. Burada biz bir insanın özünü, tarixini, genini axtarmağa çıxdığı yolun ilk addımını görürük. Emil sanki özünü tapmaq, özünü dərk etmək, tarixinə geri dönmək arzusundadır. O düşünür ki, yalnız geriyə qayıtmaqla, anasının vətəninə getməklə o xoşbəxtliyini tapacaq. Və ömrünün sonunu anasına aid vətəndə keçirmək istəyir. Bütün arzuları puç olan və hələ üstəlik, ağır ürək əməliyyatı keçirməli olan Emil əməliyyat otağından qaçır. Bu qaçış, evinin, işinin, gündəlik həyatının, daha doğrusu, yeknəsək həyatının çərçivələrindən çıxmayan birinin, əslində, özünə qayıdışı olur.

Miqyası kiçilən arzu

Böyük arzusunu – Almaniyaya getməyi reallaşdıra bilməyən gənc, arzusunun miqyasını kiçildərək, sanki Almaniyanı Göygöl şəhəri ilə əvəz etmək qərarına gəlir. Uzun bir yola çıxır. Və bu yolda filmin əsas koloritli obrazlarından biri, taksi sürücüsü Rasimlə (rolun ifaçısı Rasim Cəfər) tanış olur. Rasim bu filmin ən maraqlı, ən fərqli və tam ciddiliyi ilə inanılmaz yumoristik obrazıdır. Obraz olaraq da əla tapıntıdır. Hadisələrə dərhal, kəskin və öz dünyagörüşünə görə haqlı, düzgün reaksiyaları filmə ayrıca "duz” qatır. Bakıdan Göygölə qədər olan yol, sanki bir insanın millətini, xalqını, adət-ənənəsini, sevgisini, daxilini, rəngini, düşüncəsini, fərqliliyini tanımaq üçün açılan bir tuneldir. Emil bu yolda müxtəlif situasiyalara düşür. Hər dəfə də özü üçün yeni nələrisə kəşf edir, açır. Bəzən əsəbiləşir, bəzən gülür, bəzən də emosiyalarını, sadəcə, qəzəbli baxmaqla yola verən yolçu gözlərində, onun üçün yeni, əslində isə qədim vətənini tam reallığı ilə açır. İnsanları yolda qoymamağı, kömək etməyi, tikəni paylaşmağı, qonaqpərvərliyi və s. yaxından görür və tanıyır.
Multikulturalizm və ya adam adamı yolda qoymaz

Tipik taksi sürücüsü olan Rasim yol boyu Emili darıxmağa qoymur. Artıqlaması ilə pul "oxumasına” baxmayaraq, yolda qalan adamları da əlavə pul müqabilində mənzil başına çatdırır. Amma onlardan biri - gürcü qızı, jurnal fotoqrafı Nananı (rolun ifaçısı Mariam Kitia) ölkəmizdə qonaq olduğu üçün ödənişsiz aparır. Yolboyu Nanaya ancaq özündən danışan, özünü tərifləyən Rasim Emili bezdirir. Lakin Emil qonağın xətrinə susur, ona hörmət edir. Burada biz xalqımızın multikultural dəyərlərə önəm verdiyinə, tolerant olduğuna, üstəgəl də, qonaqpərvər olduğuna şahid oluruq. Qonaqpərvərlik mövzusunun üstündən sürətlə keçməyəcəyəm, ailə dəyərlərindən, yardımsevərlikdən danışıb ora gələcəyəm. Taksi sürücüsü yolda ailəsi ilə qalan sürücüyə maşının ehtiyat təkərini verir. Nəinki verir, özü düşür, quraşdırır, ondan sonra yoluna davam edir. Onun aləmində insan insanı yolda, darda qoymaz. Ələlxüsus da, insan yolda tək yox, ailəsi ilə – qadını, uşaqları ilə qalıbsa. Axı bizdə ailə, uşaq dəyərləri həmişə üstün tutulub. Bu belə... Qəza yerindən bir qədər aralanandan sonra öz maşınının da təkəri sıradan çıxan Rasim, ehtiyat təkəri başqasına verdiyinə görə qətiyyən peşman olmur. Yenə də düşünür ki, adam adamı yolda qoymaz.

Qonaqpərvərlik

Gəlirəm qonaqpərvərliyə. Təkər ustası Famil dayı (rolun ifaçısı Qurban İsmayılov) avtoservisini bağlayıb. Çünki oğlunun toyudur. Ustanı axtara-axtara gəlib toy yerinə çatan "üçlüyü” – Emil, Rasim və Nananı Famil dayı buraxmır. Ən əziz adamı kimi yedizdirir, hələ bir gecəni də evində qonaq edir. Famil bütün gecə kardioloqun verdiyi göstərişlərin əksini edir, amma Azərbaycanın ən gözəl adəti – toy adətini görür. Toyda insanların bir-birinə necə yaxınlaşmasını, sevincini bölməsini, birliyini görür. Burada da onun üçün yeni bir dünya açılır.
Şəhid atası, şəhid övladı

Gecəni burda qalan "üçlük” Famil dayı ilə yaxından tanış olurlar. Sən demə, onun oğlu Qarabağ müharibəsində qəhrəmancasına vuruşub, şəhid olub. Divarda asılan, üçrəngli bayrağın fonunda oğlunun şəklinə baxan şəhid atasının gözləri dolur, amma ağlamır. Onun haqqında qürurla, fəxrlə danışır. Bu yerdə məlum olur ki, Rasimin də atası 1992-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə həlak olub. Filmin, bəlkə də, ən təsirli və eyni zamanda da ən qürurverici məqamıdır. Şəhid atası və şəhid övladı üz-üzədir!

Famil dayı ən qədim alətimiz, Dədə-Qorqud yadigarımız sazını götürüb ifa edir... Burda həm keçmiş var, həm bu gün var, həm gələcək var. Bundan başqa, Famil dayı deyir ki, musiqi bizim qanımızdadır, saz isə babamdan atama, atamdan mənə, məndən də oğluma qalacaq. Xırda bir detalla yaradıcı heyət Azərbaycan xalqının istedadlı olmasına, üstəlik də, sazına, sözünə, keçmişinə, gələcəyinə dəyər verməsinə işarə edir.

Dostluq və ədalət keşiyində

Mingəçevirdə davaya düşən "üçlük” yenə də bir-birindən ayrılmır. Yenə də bir-birlərinə dayaq olaraq vəziyyətdən birtəhər çıxırlar. Polis rəisini aldada bildiyini zənn edən gürcü qızı yanılır. Polis onları, sadəcə haqlı olduqlarına və həm də gürcü qızı qonaq olduğuna görə buraxır, əslində.

Qayıdış

Göygölə min bir macəraya düşən Emil, özünü müəyyən qədər alman saysa da, yanıldığını ilk dəfə məhz burada dərk edir. Pravoslav kilsəsinə gələn Emil hələ indi bilir ki, almanlar etiqadca katolikdirlər. Yəni Emil nə alman dilini, nə alman dinini, nə də alman adətini bilir. Dili bilmədiyini filmin əvvəlində səfirlə tərcüməçi xanımın vasitəsilə danışarkən bilirik. Yəni özününkü bildiyi heç nə onun deyilmiş. Özününkü elə öz torpağı, öz diyarı, öz dili, dini imiş. Artıq son nöqtəyə çatan Emil kilsədə keşişə sual verir: "Bəs indi mən nə edim?” Keşişin cavabı çox qısa, amma dərin olur: "Oyan!” Bu isə Emilin, məncə, elə həqiqi oyanışı idi. O, yuxudan, anesteziyadan və beynində qurduğu xəyallardan ayılıb gerçəyə – özünə dönür.

Almaniyada gördüyü xoşbəxtliyini Göygöldə quran Emil evlənir, həmişə arzuladığı ailəyə, gözəl övlada sahib olur. Yəni sanki insan ölüm ayağında yenidən doğulur, yenidən həyata baxır və artıq bu dəfə daha geniş və daha dərin baxır.

Ağrının və ağırlığın yüngülləşməsi

Emil filmin əvvəlindən Almaniyaya gedə, xəyalını qurduğu ailəni qura bilmədiyinə görə ağırlıq, ürəyindəki kəskin çatışmazlığa görə ağrı çəkir. Əslində, çəkdiyi ağırlığın özü də bir ağrı, ağrının özü də onun üçün bir ağırlıq idi. Amma yaradıcıların ötürmək istədiyi mesaj nə qədər çəkili olsa da, bunu acı ilə yox, əksinə, yumorla ötürə biliblər. Və bu onlarda alınıb. Filmin redaktoru İlqar Fəhmi deyir ki, ağrılı və iztirablı proses olan özünü yenidən dərketmə və tanıma prosesi bu filmdə spesifik yumorla, ağrını azaltmaqla yüngülləşdirilib, tamaşaçıya təqdim olunub. Qeyd edim ki, filmdə hadisələr yol işarələri kimi ardıcıl və sistematik keçir. Darıxmağa, nəfəs dərməyə vaxt olmur. Musiqi də filmin dinamikasına uyğundur və yüksək zövqlə seçilib.
Xanım Aydın

banner

Oxşar Xəbərlər