Yesəm öldürər, yeməsəm ölləm
Çiyələk və yabanı çiyələk
ən allergik giləmeyvədir. Trend-in məlumatına görə, bunu rusiyalı
allerqoloq-immunoloq Marina Malinovskaya deyib. Onun sözlərinə görə, çiyələyə allergiyası
olan insanlarda bu giləmeyvə qaşınma, asqırma, boğaz qıcıqlanması, səpmə,
bronxial astma kimi simptomlara səbəb ola bilər. Həkim körpələrə çiyələk
verməməyi məsləhət görüb. Eyni zamanda, daha az allergiyaya səbəb olan
giləmeyvələr moruq, qarağat, qaragilə və motmutu hesab olunur.
Qeyd edək ki, son dövrlər
insanlar arasında allergiya halları artıb. Hətta mübaliğəsiz demək olar ki,
doğulan körpələrin böyük əksəriyyəti allergiyadan əziyyət çəkir. Bir çox
hallarda allergiyanı törədən səbəblər barədə məlumatsızlıqdan bu hal daha da
ağırlaşır və arzuolunmaz nəticələrə gətirib çıxarır.
Maraqlıdır,
allergiya nədir, necə yaranır, hansı hallarda sağlamlığımız üçün təhlükə
yaradır, müalicəsi varmı?
Allergiya - orqanizmin
allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara (kimyəvi maddələrə, mikroblara,
qida məhsullarına və s.) qarşı yüksək həssaslığıdır.Allerqoloq Nahid Məhərrəmovmövzu
ilə bağlı açıqlamasında bildirib ki, allergiya – adətən immun sisteminin
zəifləməsi nəticəsində yaranır: "Allergiya bəzi heyvanların tükünə, müxtəlif
məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki
tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır.
Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz
özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz”.
Allergiyanın
çox ağır fəsadlar yarada biləcəyini vurğulayan N.Məhərrəmov qeyd edib ki, bu
hal insanda həyati təhlükəyə səbəb ola bilər: "Allergiyaya düçar olan
insanlarda anafilaktik şok əmələ gələ bilər – bu, orqanizmin allergenə qarşı
son dərəcə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok
müxtəlif allergenlərdən törəyə bilər: dərman preparatlarından, həşəratların
sancmasından, qida məhsullarından. Anafilaktik şok, həmçinin dərinin
allergenlə, məsələn, latekslə kontaktından da yaranır”.
Həkim
deyir ki, qida allergiyası – müəyyən məhsulların törətdiyi və müvafiq
simptomlarla müşayiət edilən immun reaksiyadır: "Orqanizm hər hansı bir məhsulu
təhlükə hesab edəndə,qida allergiyası yaranır. Bu halda orqanizm özünü
qorumaq üçün immun sistemini anticismlər istehsal etməyə məcbur edir.
Allergenin bədənə təkrar daxil olduğu halda, immun sistemi o maddəni tez
tanıyır və yenidən anticismlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə
bu maddələr allergik simptomlar yaradır”.
Allergiya
yaradan meyvələr arasında ön sırada yer alan
giləmeyvə - hər birimizin çox sevdiyi çiyələkdir. Bu giləmeyvə dadı, ən əsası
isə, qoxusuna görə çoxlarının ən sevimli meyvəsidir. Lakin bu giləmeyvə bir tək
qoxusu və dadı ilə deyil, orqanizm üçün çox xeyirli və lazımlı vitamin və mikroelemtlərlə
zəngin olduğu üçün də faydalı meyvələr sırasına daxildir. Belə ki, çiyələyin
tərkibində insan orqanizmi üçün çox lazımlı antioksidantlar və bir sıra
vitaminlər var. Bunlar: A, B, E, H və PP qrup vitaminləridir. Xeyirli
xüsusiyyətlərinə, həmçinin onun iştah artırması və həzm sisteminə yaxşı təsiri
də aid edilir. Həmçinin çiyələk arterial təzyiqi aşağı salma qabiliyyətinə
malikdir və ürək-damar xəstəlikləri zamanı xeyirlidir. Bu giləmeyvə susuzluğu
yatırır, eyni zamanda sidikqovucu və tərqovucu effektə malik olub, zəngin
kimyəvi tərkibə malik olduğu üçün qocalma prosesini zəiflədir və əhvalı
yüksəldir.Təəssüf ki, bu qədər xeyirli olan giləmeyvəyə olan allergiya
çoxlarına aid edilən bir problemdir. Çiyələk, məsaməli strukturuna görə,
yetişmə zamanı özündə çox miqdarda tozcuqlar yığdığı üçün kifayət qədər
allergik meyvə sayılır. Bir çox insanlar isə müəyyən bitkilərin çiçəkləməsinə
hiperhəssas olduğuna görə, onlarda meyvədə yığılan tozcuqlar sayəsində
avtomatik olaraq allergiya yaranır. Allergiyanın
əsas əlamətləri boğazda arabir sancma, ağızda qaşınma və şişmə, gözlərin
yaşarmağı, asqırmaq və burun tutulması ola bilər. Həmçinin dəridə qaşınma ilə
müşahidə olunana səpkilər də allergiyanın əlamətlərinə aiddir. Daha kəskin reaksiyalar qusma, qıcolma, astma tutması,
yüksək hərarət və ishal ola bilər. Ən təhlükəlisi isə anafilaktik şokdur. Ümumilikdə isə, bu giləmeyvəyə olan reaksiya,
təbii ki, individual olaraq hər kəs üçün fərqlidir.
Amma bir məsələ də var. Tutaq ki, bir şəxsin çiyələyə və ya adı
çəkilən digər giləmeyvələrə allergiyası var, amma ürəyindən onu yemək keçir. Bu
halda o nə etməlidir?
Tibb üzrə ekspert, professor Adil
Qeybulla "Kaspi” yə
açıqlamasında ilk olaraq meyvələri
mövsümündə yeməyi məsləhət gördü: "Bazarda satılan meyvələrin
əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin
yetişdirilməsi, eləcə də uzun müddət xarab olmamağı üçün müxtəlif gübrə və
dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların
zəhərlənməsi ilə nəticələnir. Allergiyası,
həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu
cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş,
dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində
səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur. Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda
satışda olan çiyələklər ondan dəfələrlə böyükdür. Belə meyvələr istixana
şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil. Əhaliyə yerli
məhsullardan istifadə etməyi məsləhət görürəm. Yəni, ən azından yedikləri
meyvənin yetişdirilmə mühitindən xəbərdar olsunlar”.
Ekspert deyir ki,
allergiyası olan şəxslər nəfsinə nəzarət etməlidir: "Tam olaraq imtina etmək
mümkün deyil. Bütün meyvələrin tərkibində insan orqanizmi üçün önəmli olan
vitaminlər var. Amma istənilən halda ehtiyatlı olmaq lazımdır. Allergiyası olan
şəxslər kənardan gələn meyvələri yox, sırf yerli şəraitdə becərilmiş meyvələri
yeməlidirlər. Yəni, bizim iqlim şəraitimizə uyğun şəraitdə yetişmiş meyvələr
yeyilsə, daha yaxşı olar. Allergiyası olan insanlar həmişə diqqətli
olmalıdırlar, onlar nəinki yedikləri meyvədən, hətta adicə arı sancmasından
belə allergiya ola bilərlər”.
Günel Azadə