Yerin altında da sıxlıq və ləngimə - SOSİAL

Əgər
normal həyata qayıdışdan danışırıqsa, 2020-ci ilin martına qədər olan dövrdəki
kimi metroda gur saatlarda sıxlıq, dərs vaxtının başa çatmasından asılı olaraq
bəzi stansiyaların dolub-boşalması, zamanla daşıma yükünün artması adi hal
sayılmalı deyil?
Pandemiya
dönəmində ölkə ərazisində bir sıra məhdudiyyətlər tətbiq edilsə də, zamanla
onlar aradan qaldırılır. "Bakı Metropoliteni” də yeni tədris ilinin açılması ilə
eyni vaxtda öz fəaliyyətini bərpa etdi. Metropoliten sərnişindaşımada hər zaman
mühüm önəm kəsb edib və paytaxt ərazisində nəqliyyat sıxlığının azalmasına təsir
göstərib. Bir sıra sahələrin yenidən əvvəlki normal fəaliyyətə başlaması, şübhəsiz
ki, metroda sərnişindaşımaya da təsirsiz ötüşmür. Bu səbəbdən də, "Bakı
Metropoliteni” pik saatlarda qatarlar arasında intervalı azaldır. Elə bu günlərdə
qurumun yaydığı açıqlamada da müəyyən edilmiş pik saatlarda intervalın 2 dəqiqəyə
endirildiyi bildirilirdi. Lakin metrodan
daha çox istifadə edən şəxslər iddia edirlər ki, pik saatlarda 2 dəqiqəlik
intervala riayət olunmur. Qatarlar 3,5-4 dəqiqə aralığında hərəkət edirlər ki,
bu da pik saatlarda sıxlığa səbəb olur. Əgər belə bir durum varsa, ləngimələrə
səbəb nədir?
"Şübhə
varsa, məmnuniyyətlə araşdırarıq”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat
xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovbildirdi ki, yeni tədris mövsümü başlayandan metropolitendə yubanma cəmi bir dəfə
qeydə alınıb: "Bu, "İçərişəhər" stansiyasında qatara növbəti baxış
keçirilməsi ilə bağlı olub. Həm də hadisə səhər pik saatdan əvvəl və qatarların
xəttə çıxması dövrünə təsadüf etdiyindən, yalnız iki qatar arasında intervalda əksini
tapıb. Başqa sözlə, ciddi qrafik pozulması, cədvəldən kənara çıxılma olmayıb.
Ümumən metropolitendə 2-dəqiqəlik interval gur saatlarda tətbiq edilir. Yəni səhər
7:30-dan 9:30-a qədər, axşam 17:30-dan 19:30-a qədər. Bu iddia "28 May-Həzi
Aslanov" sahəsinə aiddir. Təbii olaraq, iki xətt "28 May" stansiyasında
kəsişdiyindən, bu stansiyadan həm "Dərnəgül", həm də "İçərişəhər"
istiqamətində interval 2 dəfə böyüyür. Amma ümumən, gün ərzində ehtiyat
qatarlar nəzərdə tutulur və lazım olduqda xəttə buraxılır. Bütövlükdə monitorinqlərlə
bağlı qeydlərimdə yubanma, qrafik pozulması yoxdur. Yeganə istisna yuxarıda
qeyd etdiyim iki qatar arasındakı intervaldır. Əgər hər hansı şübhə varsa, məmnuniyyətlə
araşdırarıq”.

"Xüsusi
araşdırılır”
Metropoliten
rəsmisi qeyd etdi ki, ümumən, yoxlama-nəzarət mexanizmlərində diqqət yetirilən əsas
hədəflərdən biri də qapıların saxlanmamağına yönəldilib: "Hələlik, müsbət
tendensiya var. İl yarımdan artıqdır ki, pandemiya şəraitində olduğumuzdan və
metropolitenin fəaliyyətində zamanla məhdudiyyətlər tətbiq edildiyindən, sərnişinlər
arasında metrodan istifadənin bir sıra məqamlarını xüsusi nəzarətdə saxlayır və
onlar arasında iş aparırıq. Monitorinqlərə uyğun olaraq, tədris mövsümü tam həcmdə
başladığından, sərnişinlərin axın istiqamətləri, gün ərzində sıxlıq müddətləri
xüsusi araşdırılır.
"Gizli heç
nə saxlamırıq”
Metrodan
ilk dəfə və ya buna qədər az istifadə edənlərin uyğunlaşması, səmti daha asan və
avtomatik müəyyən etməsi və s. praktiki vərdişlərin formalaşması kimi məsələlərə
də xüsusi diqqət yetiririk. Hətta 2019-cu illə müqayisədə müsbət cəhətlər
çoxdur. Bunu qoruyub saxlamaq metropolitençilərlə sərnişinlərin birgə və
qarşılıqlı münasibətindən də çox asılıdır. Pandemiya dövründə maskanın düzgün
taxılmasına bundan sonra da ciddi əməl olunsa, müsbətə doğru irəliləyiş davam
edəcək. Bir də onu xüsusi qeyd edim ki, daşımaya, qrafikin pozulmasına gətirib
çıxaran yubanma və onun səbəblərini açıq şəkildə ictimaiyyətə dərhal
açıqlayırıq. Gizli heç nə saxlamırıq”.
"Başqa cür
təsəvvür etmirdim də”
B.Məmmədov
əsaslı sərnişin artımının olduğunu vurğulayıb: "Amma bunu, yəqin, hər kəs bilir
və gözləyirdi. Tədrisin tam həcmdə başlaması və bu şəraitdə metropolitendə seyrəklik
müşahidə etməyin qeyri-mümkün olacağını adi məntiq də deyirdi. Əgər normal həyata
qayıdışdan danışırıqsa, 2020-ci ilin martına qədər olan dövrdəki kimi metroda
gur saatlarda sıxlıq, dərs vaxtının başa çatmasından asılı olaraq bəzi stansiyaların
dolub-boşalması, zamanla daşıma yükünün artması adi hal sayılmalı deyil? Mən
başqa cür təsəvvür etmirdim də”.
Bəxtiyar Məmmədli
