Yerevanda nümayişçiləri kim güllələyib?
Böyük Britaniyanın dünyaca məşhur BBC radiosu müasir Ermənistanın
tarixinin ən faciəvi hadisələrindən biri - 2008-ci il mart gülləboranı ilə
bağlı sənədlərə eksklüziv giriş əldə edib. Korporasiya həmin sənədləri dərc
edib. Bildirilir ki, həmin hadisələr zamanı 10 nəfər qətlə yetirilmiş, yüzə
yaxın insan yaralanmışdı. Nikol Paşinyan da baş nazir olarkən vəd etmişdi ki,
həmin hadisələrin günahkarları cəzalanacaq. Lakin məsələ ondadır ki, açılan
sənəd Paşinyanla separatçı DQR rejimi arasında gərginliyi daha da artırmış
olacaq. Belə ki, indi artıq sənədlərlə təsdiq olunur ki, nümayişçilərin gülləboran
edilməsi barədə əmri general-mayor Samvel Karapeytan (Oqanevskiy) verib.
Bundan
əlavə, istintaq materiallarında iki keçmiş prezident və iki nüfuzlu deputatın
adı keçir. Bu materialların üzə çıxması
eks-prezident Robert Koçaryanın vəziyyətini bir qədər də ağırlaşdırmış olacaq.
İstintaq işi nəhəng siyasi əhəmiyyət kəsb edir və Ermənistanda siyasi qüvvələr
balansını əhəmiyyətli dərəcədə dəyişə bilər. Nəticələri həmin hadisələr zamanı
ölən və yaralananların yaxınları da diqqətlə izləyir. BBC istintaq
materiallarına istinadən aşağıdakı nəticələrin üzə çıxdığını dərc edib.
Müstəntiqlər hesab edirlər ki, nümayişçilərə atəşi qarabağlı hərbçilər atıblar.
Hazırda adıçəkilən Karapetyan şahid qismində dindirilir. İstintaq müəyyən edib
ki, onun dəstəsi prezident administrasiyasının zirzəmisində saxlanılıb. O da
bəlli olub ki, dəstəyə iki sabiq prezident Robert Koçaryan və Serj Sarkisyan
mütəmadi baş çəkiblər. İstintaq tərəfi eyni zamanda iki nüfuzlu biznesmeni - Qaqik
Çarukyan və Samvel Aleksanyanı da yoxlayırlar. Onlar separatçı qurumdan gələn
güc strukturlarını maliyyələşdirirmişlər. Ermənistan və separatçı qurumda olan
mənbələr BBC-yə müstəntiqlərin dindirilmə zamanı əldə etdikləri məlumatları
təsdiq ediblər. Karapetyan hazırda tanınmamış qurumda xidmət edir. Sarkisyanın
prezidentliyi müddətində mart hadisələri ilə bağlı kimsə məsuliyyətə cəlb
olunmayıb.
Mart hadisələri ilə bağlı yeni tədqiqat Nikol Paşinyanın təşəbbüsü
ilə başlayıb. Bu təşəbbüs erməni cəmiyyətində intuziazmla qarşılanmışdı. Səbəb
həm də odur ki, erməni cəmiyyətində qarabağlılara qarşı nifrət pik həddədir.
Lakin istintaqın qeyri-şəffaf xarakteri və yeni hakimiyyətin nümayəndələrinin
emosional bəyanatları prosesə siyasi xarakter gətirdi və məhkəmə sisteminə
təzyiqlərə gətirib çıxardı. Buna səbəb həm də odur ki, Paşinyan 2008-ci ildə
mitinqlər təşkil edib və məğlub namizədin qərargahında işləyib. Hətta
məsuliyyətə də cəlb edilib. İstintaq işini aparan Xüsusi İstintaq Xidməti də
birbaşa Nikol Paşinyana tabedir. Qurumdan isə məsələyə münasibət
bildirməyiblər. Karapetyan BBC-yə açıqlamasında ünvanına söylənilənləri şərh
etmək istəməyib. Biznesmenlər Çarukyan və Aleksanyan da 2008-ci il
hadisələrində rolları barədə ittihamları şərh etmək istəməyiblər. Koçaryanın
vəkili operativ şərh verə bilməyib. Sarkisyan da şərh vermək istəməyib. BBC
xəbər verir ki, Karapetyan 2018-ci il avqustunda istintaqa verdiyi ifadədə
bildirib ki, həqiqətən də separatçı dəstənin komandiri olub. Onun dörd saat
sürən dindirilməsinin protokolu BBC-dədir. İstintaqa verdiyi ifadə zamanı
qondarma qurumun "müdafiə naziri”nin müavini olub və bu ilin aprelində
vəzifəsindən gedib. İstintaqın versiyasına görə, Karapetyan ona tabe olan
dəstələrdən xüsusi qrup yaradıb. İstintaq bildirir ki, bütün qrup üzvləri əmr
gələrsə, xalqa atəş aşmağa hazır olduqlarını bildiriblər. Lakin Karapetyan
istintaq zamanı bütün ittihamları təkzib edərək xalqa atəş açmaq barədə heç
kimin əmr vermədiyini bildirib. Karapetyana qarşı şahid ifadələrində də bu
ittihamlar irəli sürülür. Xüsusi İstintaq Xidməti iki dəfə Sarkisyanı dindirib.
Eks-prezident Koçaryan isə dindirilmədən sonra 2018-ci ilin iyulunda həbs
edilib.
Sarkisyanın, sədri olduğu Respublika Partiyası üzrə müavini Armen
Aşotyan bidirib ki, eks-prezident hazırkı mərhələdə media ilə ünsiyyət qurmaq
istəmir. İstintaq materiallarından o da bəlli olur ki, biznesmenlər Çarukyan və
Aleksanyan Qarabağdan gələn hərbçiləri pul və ərzaqla təchiz edirmişlər.
Ümumiyyətlə, hazırda erməni cəmiyyətində mart hadisələri qarşılıqlı
nifrət atmosferinə çevrilib. BBC-yə açıqlamasında insan haqları üzrə ombudsman
Armen Arutunyan bildirib ki, bu qarşılıqlı nifrət atmosferi günbəgün artır.
Politoloq Qrant Mikaelyan isə bu qənaətdədir ki, erməni cəmiyyətində mart
hadisələrinə münasibətdə bir-birinə zidd iki baxış hökm sürür. Çoxluq
hadisələri qanlı aksiya kimi qələmə verir və Koçaryanı günahkar sayır. Bəziləri
isə bu qənaətdədir ki, Paşinyan və Levon Ter-Petrosyanın fəaliyyəti nəticəsində
aksiya radikallaşıb və qanlı toqquşmalara gətirib çıxarıb”. İndi isə baş nazir
kimi Paşinyan vəd edir ki, atəş açan hər kəs məsuliyyətə alınacaq. Karneqi
Fondunun eksperti Pol Stronski hesab edir ki, Ermənistan Gürcüstanın vaxtilə
etdiyi səhvi təkrarlamaq riskini yaşayır. Belə ki, 2003-cü il inqilabından
sonra ölkədə demokratik inkişaf dayanıb. Siyasi mübarizə ayrı-ayrı şəxslərin
şəxsi mübarizəsinə keçib. BBC eyni zamanda Qarabağın siyasi və hərbi elitası
ilə Paşinyanın münasibətlərinin kəskin olduğu qənaətindədir.
Qafqaz
İnstitutundan olan ekspert Qrant Mikaelyan hesab edir ki, bu, mart hadisələrinə
də təsirsiz ötüşməyib. Belə ki, separatçı qurum Koçaryanın azad edilməsini
irəli sürüb, ardınca da, rəsmi Yerevandan qarşı tərəfə sərt bəyanatlar daxil
olub. "DQR hakimiyyət orqanları Sarkisyan siyasi komandasının bir hissəsidir”,
- deyə Cənubi Kaliforniya Universitetinin erməni tədqiqatları institutunun
əməkdaşı Emil Sanamayan BBC-yə bildirib: "Sarkisyan komandası səhnəni döyüşsüz
tərk edənə oxşamır”. Paşinyana xalq arasında dəstək olsa da, güc strukturları
barədə bunu demək olmaz. Ekspertlər hesab edir ki, hərbi rəhbərliyi dəyişmək
bir qədər çətindir, səbəb də ölkənin müharibə vəziyyətində olmasıdır.
Paşinyanın komandasında ciddi hərbi təcrübə və milli təhlükəsizliklə bağlı
ekspertiza yoxdur.
Azər NURİYEV