Yer kürəsinin “ağciyər”inə qəsd edənlər
Ana təbiətin bəşəriyyətə
bəxş etdiyi füsunkar gözəlliklərdən biri də bütün canlılar üçün həyat mənbəyi
olan meşə örtüyüdür. Yer kürəsinin "ağciyəri" sayılan meşələr təmiz
havası, bol oksigen zənginliyi, fauna və florası ilə bizə bəxş edilmiş ən gözəl
hədiyyədir. Amma təəssüf ki, bu meşələri qoruya bilmirik. Təsadüfi deyil ki, hər il dünyanın müxtəlif
bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin,
yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun
illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu
da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın
məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır.
Azərbaycan da digər dövlətlər kimi meşə
yanğınlarından sığortalanmayıb. Baş verən yanğınların qarşısının vaxtında
alınmasına baxmayaraq, hər il belə hadisələrə ölkənin müxtəlif bölgələrində
təsadüf olunur. Yanğınların bir hissəsi ildırım çaxması zamanı baş versə də,
ölkəmizdəki meşə yanğınlarında "insan əməyi” böyük rol oynayır. Baş vermiş meşə
yanğınları əsasən yaxınlıqdakı kənd təsərrüfatı sahələrində otların
yandırılması nəticəsində meydana gəlir. Bu zaman əkin sahələrinin meşə və digər
bitki örtüyünə yaxın olması, ciddi fəsadlara səbəb olur. İnsanların səhvi
ucbatından hər bir kvadratmetr sahəyə yayılan yanğın qiymətli ağac və kolların
məhv olması ilə nəticələnir.
Torpağın,
suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin
vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti
sayılır. Torpağın üst münbit qatının yuyulub getməsinin qarşısının alınmasında,
sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan
qorunmasında meşələrin müstəsna əhəmiyyəti var. Meşələrdən bəhrələnməklə, onun
nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq,
onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Bu səbəbdən də
meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və
meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri
tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Meşə yanğınlarından
bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u
odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların
yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq
qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və
meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə
yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə
atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da yanğın törədir.
Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük
zərər vurur. Yanğınların baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk
növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur. İnsanlar kiçik yaşlarından
ümumxalq sərvəti olan meşələrin qorunmasına rəğbət bəsləmək, təbiəti, o
cümlədən, meşəni sevmək ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyatlı
olmalı və meşə yanğını baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə
kömək edilməlidir. Xüsusilə, yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat
və təşviqat işləri güclənməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və
meşə ilə əlaqəsi olanlar yanğınlarının əmələ gəlməsi səbəblərini və söndürmək
üsullarını bilməlidir. Meşə yanğınları əsas etibarı ilə insan tərəfindən törədilir.
Meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu
tüfəngindən atılan güllədən əmələ gələn yanğını və s. misal göstərmək olar.
Meşə yanğınları ildırım çaxmasından sonra da baş verə bilər. Yanğın ən çox
meşədə odla ehtiyatsız davranmaqdan baş verir. Meşədə çoxlu miqdarda qurumuş
ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait
yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın, başqa sahələrə keçməsin
deyə, əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət
sahələrində yaranır. Belə sahələrdə, qalamaq üçün xüsusi yerlər düzəldilir.
Metroloji səbəblərdən yanğın təhlükəsi artan vaxtlarda xəbərdarlıq məqsədilə
mütəmadi olaraq kütləvi informasiya vasitələrindən istifadə edilməlidir.
Məlum
olduğu kimi, bürkülü yay günləri davam edir. Belə isti havalarda meşələrdə
yanğınların baş verməsi ehtimalı daha çoxdur. Əlbəttə, meşələrimizi yanğından
qorumaq təkcə meşə gözətçilərinin işi deyil. Təbii sərvətimizin yanğından mühafizəsində
hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Yəni xatırladırıq ki, meşədə
olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq və ya
kibrit çəkib siqaret yandırmaq qəti qadağandır. Eyni zamanda baş vermiş yanğını
dərhal söndürmək üçün sizin köməkliyinizə böyük ehtiyac var. Həmçinin
meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi
ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin
rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər
aparılmalıdır.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
21 avqust 1995-ci il tarixli 188 saylı "Azərbaycan Respublikası Meşə Fondunun
Qorunması Tədbirləri haqqında” qərarına əsasən, mülkiyyətində meşə və
kolluqları olan bütün hüquqi və fiziki şəxsləri meşə fondu ilə həmsərhəd zonada
taxıl biçini və digər mövsümü işlərlə əlaqədar odla ehtiyatlı olmağa, yanğın
təhlükəsizliyi qaydalarına riayət etməyə və Azərbaycan xalqının milli
sərvətləri olan meşələrimizi, torpaqlarımızı qorumağa çağırır.
Günel
Bu məqalə "Ekoloji Tarazlığın
Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə
həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində
tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb