Yeniyetmələr şahid qismində necə dindirilməlidirlər ki...
Uşağın
dindirilməsi o halda həyata keçirilir ki, yanında mütləq valideynlərindən biri, ya da psixoloqu
olmalıdır. Uşaq heç bir halda tək dindirilə bilməz. Valideynləri yoxdursa,
hansısa müəssisədə yaşayırsa, yanında müəllimi olmalıdır
"Oğlum
keçid dövrünü yaşayır, 14 yaşı var. İstintaq zamanı yeniyetmə uşağı 3 müstəntiq
8 saat dindirib. Bundan sonra vəkilim onu psixoloq yanına aparıb. Onun bu
emosiyaları təkrar yaşamasını istəmirəm”.
Bu sözlər
məhkəmədə övladının dindirilməsindən narahat olan ataya məxsusdur. Yeniyetmələrin
məhkəmə, polis orqanlarında şahid qismində dindirilməsi təkcə Yusif Məmmədovu
(ad şərtidir) narahat etmir. Bu, istintaq prosesində şahid kimi dindirilən bir
çox yeniyetmələrin valideynlərini qayğılandıran məsələdir. Onlar iddia edirlər
ki, bütün bu proseslər yeniyetmə və uşaqlara mənəvi, psixoloji təsir göstərir. Bir
çox hallarda onları sarsıdır. Bəs necə etməli? İstintaq zamanı, eləcə də məhkəmənin
gedişində yeniyetmələri şahid qismində necə dindirməli? Ümumiyyətlə, bu proses hüquqi
baxımdan necə tənzimlənir?
"Uşaq heç
bir halda tək dindirilə bilməz”
Hüquqşünas
Fariz Əkbər deyir ki,
yetkinlik yaşına çatmayanların məhkəmədə və istintaqda dindirilməsi onun qanuni
nümayəndəsi, vəkili tərəfindən həyata keçirilir. Əgər yetkinlik yaşına çatmayan
uşaq ailəsi və qohumu tərəfindən zorakılığa məruz qalıbsa, həmin ərazi üzrə
rayon icra hakimiyyəti yanında komissiya tərəfindən uşağın müdafiəsi üçün himayəçi
təyin olunur: "Eyni zamanda uşağın dindirilməsi o halda həyata keçirilir ki,
yanında mütləq valideynlərindən biri, ya
da psixoloqu olmalıdır. Uşaq heç bir halda tək dindirilə
bilməz. Valideynləri yoxdursa, hansısa müəssisədə yaşayırsa, yanında müəllimi
olmalıdır. Cinayət orqanı uşağı tək dindirə bilməz”.
Düzgün məlumatın
ortaya çıxması üçün...
Psixoloq
Murad İsazadə deyir
ki, yetkinlik yaşına çatmayan uşaqların təsir altına salınması, mükafatlandırmaqla
ələ alınması ehtimalı çox yüksəkdir. Ona görə də, uşaq tərəfindən dəqiq və
düzgün məlumat verilmir: "Biz şahid qismində dindiriləcək uşaqları, ilk növbədə
psixoloqa aparmalıyıq. Elə hadisələr var ki, onlar haqda necə danışmalı
olduğunu valideynləri öncədən planlayır və öyrədir. Valideynlər öz maraqları, mənfəətləri
uğrunda uşaqları təşviq edirlər. Düzgün məlumatın ortaya çıxması üçün mütəxəssis,
psixoterapevt, uşaq psixoloqunun xidmətindən istifadə olunmalıdır. Bundan əlavə,
uşaqda şahid olduğu hadisə ilə bağlı şok effekti yarana bilər və düzgün qiymətləndirə
bilməz. Bu halda yetkinlik yaşına çatmayan gəncin dindirilməsi doğru nəticə verməz.
Ona görə də, ilk olaraq uşaqlar psixoloq
tərəfindən sakitləşdirilməli, həqiqi məntiqi təfəkkür və analitik yaddaşı,
qabiliyyəti nə deyirsə, onu əsas götürmək lazımdır”.
Şahid
uşağın travması
Psixoloq
deyir ki, uşağın psixoloqsuz və ya valideynsiz istintaqa çəkilməsi gələcəkdə mənfi
fəsadlar yarada bilər: "Biz uşaqlara təzyiq göstərməklə gələcəkdə onu mənfi
istiqamətə itələyirik. Uşaq get-gedə müəyyən etiket qaydalardan, mental dəyərlərdən
uzaqlaşmağa başlaya bilər. Və ya qorxu, özünəinamsızlıq faktoru altında xarakterində
depressiv vəziyyət yarana bilər”.
"Uşaq
cinayəti unuda bilər”
Psixoloq
vurğulayır ki, yetkinlik yaşında olan uşağa yanaşma düzgün olmalıdır: "Əks təqdirdə,
şok vəziyyətində unutqanlıq yarana bilər. Məsələn, deyirlər gözünün qarşısında olan hadisəni necə unuda bilərsən?
Amma, həqiqətən də, affekt halı insanın yaddaşında olan bütün məlumatları silər
bilər və heç nə xatırlaya bilməz. Yetkinlik dövründə olan uşaqlara düzgün
formada yanaşılmalı, düzgün suallar verilməli, fasilələrlə danışılmalıdır ki, uşaq
özünə gəlsin. Ondan sonra qərar qəbul oluna bilər. Əks təqdirdə, ciddi fəsadlar
ola bilər, O uşağı anlamadığımıza görə, bizə adekvat qarşılıq verməyə bilər.
İntiqam hissi ilə kiməsə zərər verər, yaxud özünə qəsd edər”.
Uşaqlar dövlətin
gələcəyidir. Gələcəyimizə sahib çıxaq. Heç bir uşaq cinayətə şahid olmasın!
Aygün ƏZİZ