• çərşənbə, 24 Aprel, 14:59
  • Baku Bakı 27°C

Yeni qaz müharibəsi baş verəcəkmi?

23.05.14 09:11 1371
Yeni qaz müharibəsi baş verəcəkmi?
Gələn həftə Berlində Ukrayna-Rusiya-Avropa İttifaqı səviyyəsində qaz danışıqları planlaşdırılıb. Ukraynada keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq bu danışıqlar qaz müharibəsindən qaçmağa yönəlik sonuncu kompromis toplantı olmalıdır. Mayın 26-da əgər razılaşma əldə olunmasa, onda Ukraynanın “Naftoqaz” və Rusiyanın “Qazprom” kompaniyaları Stokholm Arbitraj Məhkəməsində görüşməli olacaq. Bu isə ona gətirib çıxaracaq ki, Rusiya qazının 2014-2015-ci ilin qışında Ukraynaya və Avropa İttifaqına çatdırılmasında ciddi problemlər ortaya çıxacaq. Hazırda problem qaza görə borcların yığılıb qalması və qiymət məsələsindədir. Borclar isə hələ eks-prezident Viktor Yanukoviçin dövründən yığılıb. Borclarla bağlı keçmiş hökumət dəfələrlə “Qazpom”u qazın qiymətini qaldırmaqda günahlandırmışdı. Dekabrın sonunda prezidentlər Yanukoviç və Putin vəziyyətdən çıxış yolu axtarıb tapdılar - Rusiya tərəfi “Naftoqaz”a əlavə güzəştlər edib. Rusiya qazın hər min kubmetrinə görə 268 dollar ödənməsi təklifini irəli sürüb. Güzəşti yalnız cari ilin birinci rübünə aid edən Kreml həm də şərt irəli sürürdü - Kiyev yığılıb qalan borclarını ödəməlidir. Lakin nə Yanukoviç, nə yeni hakimiyyət “Qazprom”un borclarını ödəyə bilmədi. Yeni hökumət bəyan edib ki, bu borcları yalnız noyabr-dekabrda ödəyə bilər. “Naftoqaz” hazırda yanvar-fevral aylarının borclarını ödəyib. Mart ayından isə borclar yenidən yığılmağa başlayıb. Aprel ayında Moskva Ukrayna üçün tətbiq etdiyi bütün güzəştləri ləğv edib. Əvəzində isə Ukraynaya Rusiya qazını hər min kub metrinə görə 485 dollara almağı təklif edib. Bu isə Ukrayna üçün fəlakət deməkdir. Belə olan halda sənaye müəssisələri üçün qazın qiyməti 600-800 dollara yüksələ bilər. Müəssisələrin rentabelsizliyini nəzər alsaq, bu, heç bir halda Kiyevi qane edə bilməz. Ukrayna Rusiyanın təklif etdiyi yeni tariflə razı olmayaraq qazın əvvəlki tək 268 dollara satılmasını tələb edib. Bu tarifi rəsmi Kiyev heç bir halda iqtisadi cəhətdən əsaslandırılmamış sayır. May ayında “Qazprom”a Rusiyanın borcu 3,5 mlrd. dollara çatıb.
Bir faktı da qeyd edək ki, Rusiya Krımı işğal etməsindən sonra iki ölkə arasında münasibətlərin normallaşacağı gözlənilən deyil. Qaz məsələsində də hər hansı bir razılaşmanın baş verəcəyini gözləmək düzgün deyil. Belə olan halda Rusiya artıq üzünü Şərqə tutmalı olub. Belə bir vəziyyətdə Rusiya Çinlə özünün də qeyd etdiyi kimi, “əsrin müqaviləsi”nə imza atıb. Ötən gün qaz nəhəngləri - “Qazprom” və “CNPC” kompaniyası ümumi dəyəri 400 milyard dollarlıq bir layihəyə imza atdılar. İmzalanan sazişə uyğun olaraq Rusiya qazı 2018-ci ildən bu ölkəyə nəql olunmağa başlayacaq. Ukrayna böhranından faydalanan Çin Rusiya qazını cəmi 360 dollardan alacaq. Lakin Qərb ekspertləri hesab edir ki, bu qiymət də aşağı düşə bilər. Yəni Çinin ipinin üstünə odun yığmaq mümkün deyil. Bu ölkə yaranacaq vəziyyətə uyğun olaraq istənilən an tariflər məsələsinə yenidən baxa bilər.
Artıq Rusiya müxalifəti imzalanan müqaviləni ən kəskin formada tənqid etməkdədir. Məsələn, baş nazirin sabiq müavini Boris Nemtsov hesab edir ki, bu saziş başdan-ayağa itkilər və Rusiyanın qarət edilməsinə yönəlib. Onun sözlərinə görə, Rusiya bu layihənin reallaşmasında açıq mənbələrdən istifadə edəcək. İl ərzində qazın satışı isə 38 milyard kub metr təşkil edəcək. 30 il ərzində Rusiyanın qazancı 400 mlrd. dollar olacaq: “Bundan çıxış edərək demək olar ki, qazın qiyməti hər min kub metrə görə 350 dollardır. Rusiya tərəfindən yatırılacaq investisiya 55 mlrd. dollar təşkil edəcək. Bu məbləğdə vəsaitdən Yakutiyada qaz yataqlarının mənimsənilməsi, eləcə də “Sibirin gücü” qaz kəmərinin inşasına sərf olunsa yaxşı olardı. Özü də “Qazprom” bu vəsaitə malik deyil”. Onun sözlərinə görə, “Qazprom”un qaz satışına görə mənfəəti olmayacaq: “Rusiyanın bu sövdələşmədən itkisi 35 mlrd. dollar təşkil edəcək. Deyin görək bu bizə lazımdırmı?” deyə o sualla çıxış edib”. Onun qənaətincə, yaxınlarda Rusiyanın özündə qazın qiymətində artım gözləniləndir: Axı, qaz itkisinə görə itiriləcək itkini nəyləsə yerini doldurmaq lazım olacaq?”.
B.Nemtsov daha sonra bildirib: “Gəlin məsələyə obyektiv, emosiyasız yanaşaq. Bəli, Putin taktiki cəhətdən qalib gəldi. Onun əsas məramı nə idi? Rusları Krımda müdafiə etmək? Əlbətdə yox. Onları orada heç kim çırtma da vurmurdu. Qara dəniz donanmasını müdafiə etmək? Təbii ki, yox. Ona da heç bir təhlükə yox idi və icarə müddəti 2042-ci ildə başa çatırdı. Ukraynanı NATO-ya üzv olmağa qoymamaq. Axı məhz indi biş verən hadisələrdən sonra Ukraynanın NATO-ya üzv olmaq perspektiv yaranıb. Putinin əsas məqsədi öz hakimiyyətini möhkəmləndirmək idi və buna da nail oldu. Onun reytinqi hazırda 80 faizə yüksəlib. Müxalifət izolə edilmiş vəziyyətdədir. Mitinqləri ola bilsin yaxınlarda tam qadağan edəcəklər. Senzura tək TV-də deyil, interneti də əhatə edib. Duma yekdilliklə səs verir, qubernatorlar əl buyruqçusuna çevriliblər, regionlar yoxsul vəziyyətdədir. Seçkilər? Siz nə danışırsınız? Korrupsiya, rüşvət barədə artıq unudublar. İndi bu işlərlə Putinin qohumu məşğul olur”. Lakin sabiq məmur bu qənaətdədir ki, strateji cəhətdən o məğlub olub: “Rusiyanı Çinə satdı. Bu addım çox ziyanlı və qarşıdurmaya gətirib çıxaracaq. Avropalılar addım-addım “Qazprom”dan və Putinin neft asılılığından uzaqlaşmaqdadırlar. Rusiyada az keçməz ki, hər şey - kommunal haqlar, ərzaq və benzinin qiyməti artacaq. Maliyyə Nazirliyi artıq etiraf edib ki, pensiya yaşını artırmadan mövcud pensiya sistemini saxlamaq mümkün deyil. Krımın saxlanılması üçün ildə 200 mlrd. gərəkdir. Bunu isə orta biznes ödəməli olacaq. Vergi yükü iki dəfə artacaq”. Beləliklə, artıq əksəriyyət hesab edir ki, Rusiyanın Çinlə sövdələşməsinin heç bir iqtisadi mənfəəti olmayacaq. Hamıya gün kimi aydındır ki, burada yalnız və yalnız siyasi məqsəd güdülüb. Lakin hər halda layihənin reallaşması o deməkdir ki, Rusiya uzun müddət Çin tərəfindən sanksiyalarla üzləşməyəcək, Pekinin tam dəstəyinə malik olacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər