Yeni nəşrlərin təqdimatı olub

AMEA Naxçıvan Bölməsində bölmənin
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşları,
filologiya üzrə fəlsəfə doktorları-Əli Həşimovun "Azərbaycan tarixi nəsrində
Naxçıvan” və Aygün Orucovanın "Cəlil Məmmədquluzadənin
şeir yaradıcılığı” adlı monoqrafiyalarının təqdimatı olub.
Tədbirdə institutun direktoru, AMEA-nın
müxbir üzvü Əbülfəz Quliyev ictimaiyyətə təqdim olunan yeni nəşrlərin əhəmiyyətindən
danışıb. Bildirib ki, "Azərbaycan
tarixi nəsrində Naxçıvan” monoqrafiyasında Azərbaycan ədəbiyyatında nəsrin
tarixi inkişaf yolu izlənilir, xüsusilə
Naxçıvana aid əsərlər diqqət mərkəzinə çəkilir, tarixi dövr, müasir gerçəklik və
yazıçı mövqeyindən bəhs olunur.
"Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı”
monoqrafiyası barədə məlumat verən Əbülfəz Quliyev bildirib
ki, əsərdə XIX əsrin sonlarında Naxçıvan ədəbi
mühitinin yetirməsi olan yazıçı, dramaturq, "Molla Nəsrəddin” satirik məcmuəsinin
və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli
yaradıcılığının nisbətən az araşdırılan bir sahəsi tədqiqata cəlb olunub.
Monoqrafiyada mollanəsrəddinçi satirik şeirin ideya estetik, dil və ifadə
xüsusiyyətlərinin formalaşdırılmasında Cəlil Məmmədquluzadənin rolundan əsaslı
şəkildə bəhs edilir.
Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru
Elxan Məmmədovun "Naxçıvanı öyrənən dəyərli tədqiqat əsəri”, Ədəbiyyatşünaslıq
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun "Mirzəcəlilşünaslıqda
dəyərli mənbə” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə Dilçilik şöbəsinin böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl, Ədəbiyyatşünaslıq şöbəsinin böyük laborantı Rübabə
Qafarova çıxış ediblər.
Sonda müəlliflər
tədbir iştirakçılarına minnətdarlıqlarını
bildiriblər.
