AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Yeni Klinika"nın işçiləri məhkəmə zalında həbs edilib

Kriminal
28 İyul 2021, 19:30 167
Bu gün "Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov, onun işçiləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Pərviz Abbasovun vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək, onun ev dustaqlığına buraxılmasının istəyib.
Təqsirləndirilən şəxsin digər vəkili də vəsatətlə çıxış edərək iş üzrə bəzi sənədlərin sübutlar siyahısından çıxarılmasını xahiş edib.
Pərviz Abbasov vəsatətlərin təmin edilməsini istəyib: "4 aydır ailə üzvlərimi görmürəm, xahiş edirəm mənim ailə üzvlərimlə görüşümə şərait yaradasınız".
Vəsatət təmin edilməyib. İş üzrə təqsirləndirilən şəxslər Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyevin barələrində olan polis nəzarətində olma qətimkan tədbiri dəyişdirilib və barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.
Vüsalə Əliyeva barəsindəki polis nəzarətində olma qətimkan tədbiri isə qüvvədə saxlanılıb.
Məhkəmə baxışı avqustun 10-a təyin edilib.
Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.