Yeni ildə restoran seçimi
Artıq
yavaş-yavaş 2018-ci ili yola salıb, 2019-u qarşılayırıq. Şəhər tam bayram əhval-
ruhiyyəsində bəzədilib. Yeni ili təmtəraqlı şəkildə keçirmək, onu daha da
unudulmaz etmək istəyənlər çoxdur. Kimiləri ölkə xaricində bayramı qeyd etməyə
hazırlaşarkən, ölkədə qalanlar da öz ciblərinə uyğun şəkildə planlar qurur.
Bəziləri bayram gecəsini evdə yox, maraqlı şou proqramların, əyləncənin bol
olduğu məkanda keçirmək istəyir.
Hazırda
ölkəmizdə fəaliyyət göstərən restoranların bir çoxunda Yeni il proqramı təklif
edilir. Kim istəsə, cibinə uyğun olan restorana gedib ailəsi və ya dostları ilə
əylənə bilər. Qərara gəldik ki, kiçik bir araşdırma edib, hansı restoranların
bayramla bağlı nə kimi təklifinin olduğunu öyrənək.
"Grand Neon”
restoranında bayram 2 gün, yəni 30-31 dekabrda keçiriləcək. 30-u günü qiymət
70-100, 31-i isə 250 manat civarında olacaq. Qiymətlərin niyə baha olduğunu
soruşanda bildirdilər ki, qiymət menyuya və Türkiyədən gələn ifaçılara görə
dəyişir. Bayram günü Türkiyədən müğənnilərin gəlməsi qiymətə təsir edən əsas
faktordur. Türkiyədən Safiye Soyman, Faiq Öztürk qonaq olacaq. Yerli şou-biznesdən
isə Faiq Ağayev, Nadir Qafarzadə, Rəhim Rəhimli, Manana, Xumar Qədimova
oxuyacaq. Proqram axşam saat 8-dən səhər saat 6-ya qədər davam edəcək. Saat
8-dən 9-un yarısına kimi canlı musiqi olacaq. Bayram günündən başqa, yəni tutaq
ki, dekabrın 25-dən 30-dək restoranda şou-proqram təşkil edilib-edilməyəcəyi
ilə maraqlandıqda isə, belə planın olmadığını dedilər.
"Xəmsə” restoranında
qiymətlər menyu daxil, yerindən asılı olaraq 70-80-100 manat arası dəyişir. Səhnəyə
yaxın yerlər 100, orta 80, qıraq masalar isə 70 manatdır. Yəni bu restoranda
bayram keçirmək üçün əvvəlcədən ya baxıb oturacağınız yeri seçə, ya da əgər
yerin sizin üçün fərqi yoxdursa, əvvəlcədən rezerv olunmayan yerlərdə otura
bilərsiniz. Restoranın adminstratoru qeyd etdi ki, əlavə məlumatı məkanın İnstaqram-dakı
səhifəsindən əldə etmək olar. Qonaq müğənnilər isə Damla, Rüfət Axundov, Səidə
Dadaşova, Günel Məhərrəmovadır. Uşaqlardan 5 yaşına qədər olanlara bilet
pulsuzdur, 5-12 yaşdakılara isə yarı bilet qiymətinədir. Uşaqlar üçün həm də
müxtəlif əyləncəli oyunlar keçiriləcək.
"Manqal Steak House” isə Yeni il gecəsi üçün fiks, yəni öncədən hazırlanmış menyu təklif
edir. Bir nəfər üçün qiymət 200 manatdır. Məlumat verən şəxs onu da qeyd etdi
ki, 200 manat menyusuna alkoqollu içkilər daxil deyil. Əgər kimsə spirtli içki
istəyərsə, bunun üçün əlavə ödəniş olacaq. Hər il olduğu kimi, bu il də
müxtəlif müğənnilərin çıxışı ilə əyləncəli şou-proqramtəşkil ediləcək. İfaçılar
arasında İlqar Xəyal, Məryəm Şabanova, Ədalət Şükürov, Əkbər Əliyev olacaq.
"Cıdır düzü”
restoranında isə qiymət bir nəfər üçün 100-150 manatdır. Qiymətə soyuq
qəlyanaltı, salatlar, ət assorti, turşu assorti, plov, kabablar, təbii şirələr,
qazlı və qazsız sular, spirtli içkilər və desert daxildir. Müğənnilərdən isə
Mətanət İsgəndərli, Niyam Salami, Yeganə, Səidə Sultan və digərləri çıxış
edəcək. Şounun aparıcısı Rəşad İlyasovla Xəyalə olacaq.
"Rich Palace”
adlı iaşə obyektinin nümayəndəsinin verdiyi məlumata görə, biletlərinin 3-də
1-i satılıb. Proqramları saat 8-də başlayıb gecə 3-ə, 4-ə qədər davam edəcək.
Bir nəfər üçün qiymət isə 70 manatdır. Açıq havada atəşfəşanlıq olacaq.
Müxtəlif viktorinalar, oyunlar keçiriləcək. Müğənnilərdən isə İzzət Bağırov,
Elariz Məmmədoğlu, Pərviz Bülbülə və Türkan, Mənzurə Musayeva, "Azəri Atəşi”
rəqs qrupu qonaqlar arasında olacaq.
"Çanaqqala” restoranında
bir nəfər üçün qiymət 80-100 manat arasıdır. Bir çox restoranlarda olduğu kimi,
"Çanaqqala”da da həmin günə xüsusi olaraq bilet satışı həyata keçirilir.
Bizimlə danışan şəxs menyuların müxtəlif olduğunu qeyd etdi. 31 dekabrdan başqa
gün menyunun 35-40 manat arası olduğu bildirildi. O da qeyd olundu ki, qeyri-bayram,
yəni 25-dən sonrakı günlər üçün əksər yerlər tutulub.
"Oazis”
restoranında isə dekabrın 20-dən yanvar ayının 1-nə kimi yeni proqramı olacaq
və qiymətlər də tarixdən asılı olaraq dəyişir. Məsələn, dekabrın 27-si 30, 28-i
35, 31-i isə 150 manatdır.
Bəzi
restoranlarla əlaqə saxlaya bilməsək də, bayram gecəsi bir nəfər üçün nəzərdə
tutulan digər restoranlardakı qiymətləri sizə təqdim edirik:
"Şuşa”
restoranı - 60 AZN,
"Gənclik”
sarayı - 70 AZN,
"Piano
palace” və "Monte Karlo” restoranı - 80 AZN,
"Lido”
restoranı -120 AZN.
Bunlar
qiymətini öyrənə bildiklərimizdir. Ümumiyyətlə, araşdırmanı apararkən bir çox
restoranla əlaqə saxladıq. Elə restoranlar var ki, Yeni il şənliyi keçirmir.
Keçirənlərdə isə qiymətlər müxtəlifdir. Əslində maraqlıdır, bu qiymət
fərqliliyinin səbəbi nədir?
Sualımızı
cavablandıran "Şadlıq. az” saytının
rəhbəri Abbas Abbasov qeyd edir ki, qiymət fərqliliyinin səbəbi
restoranların malik olduğu status və imicdir: "Qiymətlərə təsir edən əsas
faktor restoranın imicidir. İkinci önəmli səbəb isə dəvət olunan müğənnilərdir.
Yəni şou proqramın keyfiyyəti də burada böyük rol oynayır. Menyunun da təsiri
olur, amma bu, elə də ciddi faktor hesab edilmir”.
Həmsöhbətimizdən
imic və status deyərkən nəyi nəzərdə tutduğunu soruşduq: "Restoran var ki,
artıq uzun müddətdir bu sahədə fəaliyyət göstərir. Kifayət qədər tanınıb. Bu
iaşə obyektlərinə böyük tələbat olduğundan onlar həmişə qiymətlərini yüksək
saxlaya bilirlər. Amma digər obyektlər isə bu işdə hələ yenidirlər. Məsələn,
ilboyu da onların menyu qiymətləri aşağı olur və ya heç vaxt Yeni il tədbiri keçirməyiblər.
Bu kimi restoranlarda qiymətlər aşağı olur. Yəni onlar aşağı qiymət qoymağa
məcburdurlar ki, rəqabətdə önə keçə bilsinlər”.
Yuxarıda
adları qeyd edilən iaşə obyektlərinin demək olar ki, hamısında şou-proqramlar
və müxtəlif hədiyyəli oyunlar keçirilir. Həmçinin Şaxta baba və Qar qızın
iştirakı ilə gecə daha da maraqlı olur.
Günel Azadə