• cümə axşamı, 28 mart, 22:56
  • Baku Bakı 13°C

Yeni ildə Kukla Teatrı uşaqlara nə göstərdi?

15.01.16 11:05 1640
Yeni ildə Kukla Teatrı uşaqlara nə göstərdi?
Yeni il bayramı ərəfsində, uşaqların sevimli məkanı olan Abdula Şaiq adına dövlət Kukla Teatrına getdik. Teatrın yaradıcı heyəti müasir uşaqların marağını nəzərə alaraq nağılları remiks edərək maraqlı tamaşa hazırlamışdı. Balaca tamaşaçılara bu dəfə tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı birhissəli tamaşa təqdim olunurdu.
Teatrın istedadlı gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağılın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir. Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub. Uşaqlara dostluq, qəhrəmanlıq, qorxmazlıq, haqsızlığa qarşı mübarizə, çeviklik və məqsədyönlülük kimi keyfiyyətləri ayrı-ayrı situasiyalarla təqdim edən tamaşada canlı plan və kukla oyunu vəhdətdə təqdim edilir.
Məlumat üçün bildirək ki, birhissəli uşaq tamaşasının bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır. Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov, Cavid Telman, Samirə Nəcəfova, Elmira Hüseynova, Elnarə Hacıyeva və Araz Həsənov ifa edirlər.
Səhnədə “Çəkməli pişik”, “Yatmış gözəl”, “Dəniz quldurları” əsərləri birləşdirilib üç nağılın əsasında maraqlı tamaşa hazırlanmışdı. Tamaşanın sonuna Şaxta baba və qar qızı əlavə olunmuşdu. Onların gəlişi, yolkanın işıqlandırılması uşaqların bayram sevincinə xüsusi bir gözəllik qatırdı. Tamaşa ərzində diqqətimizi çəkən bir məqam da oldu ki, 40 dəqiqəlik tamaşaya yarım saat gecikən, hətta davamlı olaraq zalı tərk edib geri dönən valideyinlər də var idi. Nəzarətçilər nə qədər xəbərdarlıq etsələr də bu hal tamaşa bitənə qədər davam etdi...
Tamaşa bitdikdən sonra kulisə keçdik. Səhnə arxasında obrazların qəhrəmanlarını danışdırdıq. Onlar da hallarından razı görünürdülər. “Pəri” və “Dayə” obrazlarını canlandıran Rəhilə İbadova bizimlə söhbətində uşaqların bayramını təbrik edərək tamaşanın hazırlanma prosesindən danışdı: “Bizim tamaşanın adı “Oyaq gözəl”dir. Mən bu tamaşada Qış pərisi rolunu oynayıram. Həm də mən gözəlin dayəsiyəm. Bu tamaşa eynən “Yatmış gözəl” nağlına bənzəyir. Tamaşada sehirli çubuğumla çalışıram ki, nağılı dəyişim. Bu obrazı mənə gənc rejissorumuz Anar Məmmədov uyğun gördü. Bildirdi ki, rolu mənim ifamda daha yaxşı görür. Beləcə biz məşqlərə başladıq. Gördüm ki, doğrudan da bu elə mənim obrazımdır. Çox maraqlı tamaşadır, uşaqlar tərəfindən də gözəl qarşılanır”.
Tamaşa zamanı aktrisanı bəzən onun bənzəri olan kukla əvəz edirdi. Rəhilə İbadova bu barədə danışanda qeyd etdi ki, teatrda bir çox tamaşalarda onun siması kuklalara əks olunub: “Bu tamaşada mənim oxşarım olan kukla da yer alır. Rəssam kuklanı mənə bənzədib. Bunun səbəbini soruşanda rəssam mənə dedi ki, mənim simamda qış pərisinin cizgiləri daha gözəl alınır. Bu, ilk belə iş deyil. Rəssam Solmaz Musayeva da tamaşalarda qəhrəmanlarımı özümə bənzədirdi. Mən xoşbəxt aktrisalardanam ki, Kukla Teatrında işləyirəm”.
Nağılların qəhrəmanı olan “Şahzadə” obrazının ifaçısı Cavid Telman isə uşaqlarla işləməyin zövqverici olduğunu dedi: “Tamaşada yatmış gözəli oyatmalıydım. Nağıla görə şahzadə gözəli öpüb oyatmalıdır. Bizdə isə hər şey əksinə olur. Quldurlar gəlib gözəli aparırlar, mən də gedib qızıl verərək gözəli xilas edirəm”.
Cavidin sözlərinə görə, uşaqların qəlbini almaq, onları başqa aləmə aparmaq heç də asan deyil: “Amma tamaşa gözəl alınanda bütün çətinliklər yaddan çıxır. Əslində bizim üzərimizə böyük yük düşür. Elə etməliyik ki, həm uşaqları sevindirməli, həm də onlara kuklaları sevdirməliyik. Onlar bizim ifamızda elə hesab etməlidirlər ki, doğrudan da bu obrazı kuklalar canlandırır”.
“Oyaq gözəl” obrazının ifaçısı Elnarə Hacıyeva isə öz obrazından ağızdolusu danışdı: “Bu tamaşada həm “Çəkməli pişik”, həm “Qış pərisi”, həm də “Yatmış gözəl” nağıllarından obrazlar var. Mənim canlandırdığım, uşaqlıqdan bəri dinləyərək böyüdüyümüz Yatmış gözəl bu dəfə artıq oyanır. Əslində bu gözəl oyaqdır. Sadəcə olaraq o, özünü yuxuluğa vurub ki, şahzadəni görsün. Gözəl obrazı bir az saf, ərköyün və çoxbilmişdir. Əlimdən gələn qədər çalışmışam ki, bu gözəlin saflığını uşaqlara göstərə bilim. Yaratdığım gözəl obrazı 16 yaşında bir yeniyetmə qızdır. Repertuara yeni daxil olsa da, bu tamaşa uzun müddət teatrda oynanılacaq”.
“Kapitan” obrazının müəllifi Elnur Xəlilov da öz halından məmnun görünürdü: “Canlandırdığım obraz pirata bənzəyir. Rejissor bu obrazı mənə təklif edəndə məmnuniyyətlə qəbul etdim. Tamaşada Kapitan o qədər də zalım deyil. Obrazımın köməkçisi matrosla maraqlı dialoqları var. Bacardığım qədər öhdəsindən gəlməyə çalışmışam. Tamaşanın sonunda aydın olur ki, o, heç pul hərisi də deyil. Əldə etdiyi qızılları geri qaytarır. O, qızılları geri qaytarıb ehtiyacı olanlara verir və səyahətə gedir. Uşaqlarla işləmək çox maraqlıdır. Tamaşada bizim vuruşma səhnəmiz var. Əslində bu səhnədə uşaqlar daha çox şahzadənin tərəfini saxlamalıdırlar. Ancaq biz bunun tam əksini müşahidə etmişik. Uşaqlar daha çox kapitanın tərəfini saxlayırlar. Onlar istəyirlər ki, kapitan qalib gəlsin. Hər dəfə döyülən kapitan olsa da, uşaqlar ancaq kapitanı dəstəkləyirlər”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər