AZE | RUS | ENG |

Yeni əməkdaşlıqlar astanasında

Yeni əməkdaşlıqlar astanasında
AzərTelecom-un nümayəndələri Türkmənistanda bir sıra görüşlər keçiriblər

Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanında Birinci Xəzər İqtisadi Forumu çərçivəsində keçirilən "Türkmən səhrası-2019” adlı Xəzər İnnovasiya Texnologiyaları Sərgisi Azərbaycan şirkətləri üçün də yaddaqalan oldu. Xəzəryanı ölkələr, eləcə də Niderland, BƏƏ, Çin, Türkiyə, Belarus, Fransa, Yaponiya, Almaniya, Özbəkistan, Finlandiya və digər ölkələrin şirkətləri ilə yanaşı, Azərbaycanı təmsil edən şirkətlərin də milli stendlərinin təqdimatı sərgi iştirakçıları tərəfindən maraqla qarşılandı.
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom-un Xəzər İnnovasiya Texnologiyaları Sərgisində təmsil olunması şirkətin gələcək uğurlu əməkdaşlılıqları üçün zəmin olub.
Belə ki, şirkət tərəfindən müxtəlif telekommunikasiya xidmətləri sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edildi, mövcud və potensial tərəfdaşlarla faydalı fikir və təcrübə mübadiləsi aparıldı, əməkdaşlıq əlaqələri quruldu.
"Şirkətin Xəzər İnnovasiya Texnologiyaları Sərgisində təmsil olunmaqda məqsədi AzerTelecom tərəfindən təqdim olunan ən müxtəlif telekommunikasiya xidmətləri və hazırda icra olunan layihələri sərgi iştirakçılarına təqdim etmək və ayrı-ayrı şirkətlərlə yeni əməkdaşlıq əlaqələri qurmaq, sərgidə təqdim olunan innovativ texnologiyalarla tanış olmaq, tərəfdaşların elmi-texniki potensialı ilə əyani şəkildə tanış olmaq, yenilikləri gözümüzlə görməkdir” - deyə AzerTelecom şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəhbəri Əlimərdan Sultanov bizimlə söhbəti zamanı bildirdi: "Keçən il də Türkmənistanda keçirilən XI "Türkməntell-2018” sərgisində iştirak edərək xidmətlərimizi təqdim etmişdik. Şirkətimiz üçün Türkmənistan və ümumilikdə Orta Asiya bazarı maraq kəsb edir və biz burada keçirilən müxtəlif sərgi və konfranslarda mütəmadi olaraq iştirak edirik”.
Şirkət təmsilçisi sərgi çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ən müxtəlif şirkətlərlə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğunu, faydalı fikir mübadiləsinin aparıldığını qeyd etdi: "Sərginin keçirildiyi iki gün ərzində Türkmənistanın, eləcə də sərgidə iştirak edən fərqli dövlətlərin müxtəlif şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib”. Belə ki, şirkət nümayəndələrinin Türkmənistanın "Türkməntelecom”, Cənubi Koreyanın "SK TNS”, Qazaxıstanın "Kazakhtelecom”, Yaponiyanın "NEC Corporation”, Özbəkistanın "Uzbektelecom”, Əfqanıstanın "Afghan Telecom” kimi qurumları ilə görüşlər gələcək əməkdaşlıqlar üçün başlanğıc olub. "Hesab edirik ki, bu cür görüşlər şirkətin gələcək beynəlxalq əməkdaşlıqlarına töhfə verəcək” - deyə Ə.Sultanov bildirdi.   
Qeyd edək ki, AzerTelecom şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
AzerTelecom öz fəaliyyətində peşəkarlıq, müştəri məmnuniyyəti, innovativlik, qabaqcıl texnologiyaların tətbiqi, dinamik inkişaf və sosial məsuliyyət kimi prinsiplərdən çıxış edir. Şirkət  Xəzər Avropa Klubu (Caspian European Club), Amerikanın Azərbaycandakı Ticarət Palatası (AMCHAM) və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) kimi nüfuzlu təşkilatların üzvüdür.
AzerTelecom hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub” proqramını icra edir. "Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.
 
Təranə Məhərrəmova
Türkmənbaşı- Avaza




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964