• çərşənbə axşamı, 16 aprel, 20:56
  • Baku Bakı 18°C

Yeni çap olunacaq dərsliklər ictimai müzakirəyə çıxarılacaq

27.04.16 11:34 3736
Yeni çap olunacaq dərsliklər ictimai müzakirəyə çıxarılacaq
Təhsil sahəsindəki problemlərdən danışanda ən çox dərsliklərlə bağlı məsələ qabardılır. Dərsliklərin tərtibatından tutmuş, mövzusu, məzmunu, dili, üslubu və s.lə bağlı qüsurlardan danışılır. Valideynlərlə yanaşı, müəllimlərin özləri də dərsliklərin keyfiyyətindən narazılıq edirlər. İllərdən bəri davam edən problemin həlli yolları axtarılsa da, müəyyən təşəbbüslər irəli sürülsə də, hətta real addımlar atılsa da, hələ ki, problemin həlli çözülməyib. Yenə də əllərdə vərəqləri cildindən ayrılan kitablara, mövzu seçimində uyğunsuzluğa, məzmunda əhatəsizliyə, kobud orfoqrafik və qrammatik səhvlərə rast gəlinir. Səsləndirilən iradlar əsasında dərsliklər nə qədər təkmilləşdirilsə də, yenə də daha təkmil varianta rast gəlinmir.
Təhsil Nazirliyi Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov “Kaspi”nin suallarını cavablandırarkən dərsliklərin keyfiyyətli olması marağında olan nazirliyin yalnız ekspertlər tərəfindən ən yüksək qiymətləndirilən dərsliklərə üstünlük verdiyini bildirib.
- Ümumtəhsil məktəblərinin I, II, III, V, VII və IX siniflər üzrə 261 adda dərslik çapının nəzərdə tutulduğu bildirilir. Dərsliklərin hazırlanması istiqamətində hansı yeniliklər nəzərdə tutulur?

- 2016-2017-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I, II, III, V, VII və IX sinifləri üzrə 261 adda dərslik çapı nəzərdə tutulur. II, III sinif dərslikləri şagird kontingentinin artımı, bəzi dərsliklərin yararsız olması səbəbi ilə ehtiyac əsasında müəyyən olunmuş faizlə çap olunur. I, V, IX siniflər üçün dərsliklər isə mövcud şagird kontingentinin tam həcmi qədər çap olunaraq məktəblərə çatdırılacaqdır. Yeni tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün yeni təhsil proqramları əsasında ilk dəfə olaraq dərsliklər tərtib edilib. IX sinif, təkmilləşdirilərək təkrar çap olunacaq I, V sinif dərsliklərinin layihələri də çapa verilməzdən əvvəl, ictimai rəy və təkliflərin bildirilməsi üçün www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilib. Həmin səhifəyə daxil olaraq yerləşdirilmiş dərslik layihələri ilə tanış olmaq və fikir bildirmək mümkündür.
- Nazirliyin mətbuata açıqlamasında dərsliklərdə təkmilləşmələrin olacağı qeyd edilib. Bu təkmilləşmələr əsasən nədən ibarətdir?

- Hər il tədris ili üçün çap olunan dərsliklərdə təkmilləşdirmə işləri mütəmadi olaraq aparılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dərslikləri Qiymətləndirmə Şurasının ekspertlərinin rəy və təklifləri, KİV də səsləndirilmiş iradlar əsasında dərsliklər həmişə təkmilləşdirilir. Həmçinin, yuxarıda qeyd etdiyimiz kimi ictimai rəy və təkliflərin bildirilməsi üçün bu ildən başlayaraq çap olunacaq dərsliklərin layihələri www.e-resurs.edu.az saytında yerləşdirilir.
- Məlumdur ki, dərsliklərin çapı, məzmundakı səhvlər, dil və yazı üslubunun ağır olması ilə bağlı çoxlu şikayətlər var. Bunları aradan qaldırmaq üçün hansısa addımlar atılacaqmı?

- Məktəb dərsliklərinin dil və yazı üslubunun “ağırlığı” nisbi anlayışdır. Onu “fərqlilik” sözü ilə əvəz etmək daha doğru olardı. Hər bir fərqli bilik, bacarıq və təfəkkürü mənimsəmək isə həmişə ağır olur. Son yüzillərin təcrübəsi göstərir ki, Qərb ölkələrinin güclü inkişafında təhsilin rolu böyük olub. Buna görə də, dərsliklərdə dil-üslub, elmi-metodik və dizayn-bədii tərtibat baxımından mütəmadi düzəlişlər edilir. Bu il çap olunacaq bütün dərsliklərdə də bu istiqamətdə düzəlişlər aparılır. Onu da qeyd etmək lazımdır ki, çox zaman dərslikdə hansısa səhvin olması barədə yayılan fakt araşdırıldıqda əslində o faktın səhv deyil, doğru olduğu, yaxud səhvlərin hazırda istifadədə olan dərsliklərdə deyil, əvvəlki illərin dərsliklərində mövcud olduğu, bəzən isə səhvin ümumiyyətlə dərsliklərdə deyil, əlavə tədris vəsaitlərində olduğu aşkarlanır ki, həmin tədris vəsaitlərinin ekspertizasına Təhsil Nazirliyi nəzarət etmir.
- Hər il tədris ili başlandıqda məktəblərdən dərslik çatışmazlığı ilə bağlı müraciətlər eşidilir. Bu problemin həlli nəzərdə tutulurmu?

- Hər il tədris ili başlandıqdan sonra yerlərdən dərslik çatışmazlıqları ilə bağlı müraciətlərin daxil olması müşahidə edilir. Bunun da əsas səbəbi tədris ilinin sonunda şagirdlərin məktəb yerdəyişmələri və miqrasiyasıdır. Müraciətlərin bir qismi də hamının hər il yeni dərslik tələb etməsi ilə bağlı olur. Nəzərə almaq lazımdır ki, dərsliklər məktəbdə 4 il istifadə edilməlidir. Və hər bir şagirdi hər zaman yeni dərsliklə təmin etmək olmur.
- Bəzi məktəblərdə - konkret olaraq İstedadlar Liseyində (keçmiş Pişəvəri adına Humanitar Gimnaziya) 3-cü sinif şagirdlərinə qrammatikası rus dilində yazılan İngilis dili kitabından dərslər keçilir. Müəllimlər kitabın Moskvadan gətirildiyini bildirərək şagirdlərə 23 manata satırlar. Məgər ölkədə azərbaycandilli ibtidai sinif şagirdləri üçün dərsliklər yazılmırmı?

- Azərbaycanda III siniflər üçün təsdiq olunmuş “İngilis dili” dərsliyi mövcuddur. Tədris zamanı başqa ölkənin dərsliklərindən məcburi olaraq istifadə edilə bilməz və şagirdlər hansısa dərsliyi almağa məcbur edilməməlidir. Bununla yanaşı, başqa ölkənin dərsliklərinin əlavə resurs kimi istifadəsi mümkündür.
İstedadlar Liseyinin III sinif şagirdlərinə qrammatikası rus dilində yazılan “İngilis dili” kitabından dərslərin keçirilməsi və müəllimlərin kitabı şagirdlərə 23 manata satmaları məsələsi isə araşdırılacaqdır.
- Fikirlər var ki, dərsliklər peşəkarlar tərəfindən yazılmır və yazılandan sonra ekspertlərin müzakirəsinə və ictimai müzakirəyə verilmir. Bu barədə fikirlərinizi eşitmək maraqlı olar.

- Hazırda istifadədə olan dərsliklərin müəllifləri tanınmış alimlər, pedaqoq-metodistlər və qabaqcıl müəllimlərdir. Bildiririk ki, Təhsil Nazirliyi nəşriyyatların müəllif seçiminə, eləcə də dərsliyin hazırlanmasında xidmətləri olan digər mütəxəssislərin seçiminə müdaxilə etmir və bu işdə nəşriyyatlar tam sərbəstdirlər. Təhsil Nazirliyi müəlliflərdən çox, dərsliklərin özlərinin keyfiyyətli olmasının marağındadır. Bu məqsədlə də keyfiyyətinin təmin olunması üçün Təhsil Nazirliyi yalnız ekspertlər tərəfindən ən yüksək qiymətləndirilən dərsliklərə üstünlük verir.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər