AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yenə də Sarkisyan…

Yenə də Sarkisyan…

Siyasət
22 Fevral 2013, 10:34 1834
“Novosti” Beynəlxalq Mətbuat Mərkəzində “Cənubi Qafqaz” politoloqların diskussiya klubunun növbəti yığıncağı keçirilib. Tədbirdə Ermənistanda keçirilmiş prezident seçkiləri və bu hadisənin regiona ehtimal olunan təsirləri müzakirə olunub. İlqar Vəlizadənin moderatorluğu ilə baş tutan müzakirələrdə politoloq Rasim Ağayev bildirib ki, Ermənistanda keçirilən son prezident seçkiləri bundan əvvəl keçirilən seçkilər kimi olub. Onun sözlərinə görə, Serj Sarkisyanın namizəd olduğu hər iki seçkidə lazımi qədər saxtakarlığa, insan narazılığına, bəzi hallarda demokratik addımlara da rast gəlinib: “Seçkilərə çox az vaxt qaldığı bir məqamda namizədlərdən biri Paryr Ayrikyanın güllələnməsi, ona qarşı Serj Sarkisaynın münasibəti Qərb tərəfindən demokratiyaya doğru bir addım kimi dəyərləndirildi. Raffi Ovanisyanın mövqeyinə gəlincə, seçkilərdə onun da çox səs toplayacağı gözlənilən idi. Çünki Ermənistan cəmiyyətində çox gərgin durum, ağır iqtisadi-siyasi vəziyyət hökm sürməkdəydi. Amma, bütün bunlara baxmayaraq, Serj Sarkisyan əlindəki inzibati resurslardan, eləcə də digər imkanlardan maksimum səviyyədə yararlanıb təkrar qələbə qazandı. O, hazırda Ermənistanın ən varlı adamlarından biridir. 5 il prezident olduğu müddətdə, eləcə də ondan qabaq müdafiə naziri postunu tutanda kifayət qədər kapital toplayıb. Ətrafında varlı insanların toplanması, onu Dağlıq Qarabağda birgə mübarizə apardığı silahdaşlarından da xeyli məsafədə ayırıb. İndi Sarkisyan Moskvada, o cümlədən Rusiya generaliteti arasında yaxşı hörmətə sahiblənib. Hətta ABŞ dövlət katibi Ermənistana səfərində Sarkisyana xitabən, - “Sən əlverişli prezidentsən” – deyə, ona münasibətini bildirib. Yəni, hansı yolla prezident seçilməsinə baxmayaraq, Serj Sarkisyan hələlik İranı, Rusiyanı və Qərbi qane edir. Amma, onun təkrar prezident seçilməsi, əvvəlki prezidentlər kimi Azərbaycana yaxşı heç nə vəd etmir”.

Siyasi şərhçi Fikrət Sadıxov Ermənistanda keçirilən prezident seçkilərində demokratiya izi olmadığını söyləyib. Deyib ki, hazırda Ermənistanın siyasi həyatında ziddiyyətli vəziyyət yaranıb. Onun sözlərinə görə, bir tərəfdən beynəlxalq təşkilatların nümayəndələri, müşahidəçilər, ATƏT, Avropa Şurası, MDB hesab edir ki, seçkilər zamanı demokratiyanın müəyyən uğuru olub, saxtakarlıq o qədər də kütləvi şəkildə baş verməyib. Digər tərəfdən, Ermənistanın bir sıra politoloqları, analitikləri və jurnalistləri beynəlxalq təşkilatların nümayəndələrinin əksinə çıxış edərək, seçkilərin nəticələrini daha obyektiv qiymətləndirirlər: “Misal üçün, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresinin seçkilərlə bağlı çox ciddi bəyanatı oldu. Digər jurnalistlər də seçki barəsində çox sərt yazılar dərc etdilər. Digər tərəfdən, biz bilirik ki, seçkidə ən çox səs toplayan namizədlərdən biri Raffi Ovanisyanın təşkilatçılığı ilə indiyə qədər İrəvanın Azadlıq meydanında fasiləsiz mitinqlər gedir. Lakin buna baxmayaraq, biz yenə də müxtəlif təşkilatların qeyri-obyektivliyi ilə üzləşirik. ATƏT, Avropa Şurası sadəcə olaraq, belə faktlara göz yumur. Ermənistanın özündə isə müəyyən qüvvələr, müəyyən dairələr seçkini obyektiv qiymətləndirirlər. Bu obyektiv yanaşma həmin vəziyyəti əks etdirən bir vəziyyətdir”.

F.Sadıxov bildirib ki, Serj Sarkisyanın hakimiyyətə yenidən gəlməsi çox asan bir şəraitdə baş verib. Onun fikrincə, Sarkisyan seçkiqabağı bütün güclü rəqiblərini aradan götürüb, onların seçkidə iştirakının qarşısını alıb: “Sarkisyanın tərəfdaşı Robert Köçəryan guya, haradasa oldu və səsvermədə iştirak etmədi. Əvəzində seçkilərdə hansısa üçüncü, beşinci dərəcəli insanlar iştirak etdi. Məsələn, eposla məşğul olan hansısa politoloq, qondarma respublikanın nümayəndəsi və sair. Yəni, bunların arasında güclü rəqib yox idi. Belə bir şəraitdə adminstrativ resursdan, güc strukturlarından istifadə edərək qələbə qazanmaq çətin bir məsələ deyildi. İndi əsas məsələ seçkinin nəticələri və Sarkisyanın yeni addımlarıdır. Mən düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində rəsmi İrəvandan yaxşı heç bir addım gözləməməlidir.

Politoloq Elxan Şahinoğlu Ermənistanda son bir ildə ciddi müqavimətlərin gözə çarpdığını qeyd edib. Bildirib ki, Sarkisyana ciddi rəqib kimi Levon Ter Petrosyanın, Robert Köçəryanın və başqalarının adı çəkilib. Lakin seçkilərə çox qısa müddət qalanda adıçəkilən şəxslər müəmmalı şəkildə prosesə qatılmayıblar: “Son illərə qədər Serj Sarkisyanla Rusiya arasındakı münasibətlərdə gərginlik var idi. Ona görə də eks-prezident Robert Köçəryanın adı hallandırılır və bildirilirdi ki, Ermənistandakı prezident seçkilərində də Rusiya variantı işə salınacaq. Yəni, cəmi 5 illik prezident vəzifəsini icra edən S.Sarkisyan estafeti təkrar Köçəryana ötürəcək. Bu ərəfədə Köçəryan hər 3 aydan bir Moskvaya səfər edir, vaxtı ilə Rusiyanın baş naziri olan Vladimir Putinlə çox sıx danışıqlar aparırdı. Ona görə də Köçəryanın təkrar prezident olma ehtimalı böyük idi. Lakin son nəticədə Köçəryan namizədliyini irəli sürmədi. Bu, onunla əlaqədar idi ki, haradasa, 8-9 ay bundan qabaq Sarkisyan Rusiyanın diqtə etdiyi bütün şərtləri qəbul etdi. Həmin şərtlər Vladimir Putinin Avrasiya Birliyi, Vahid Gömrük İttifaqı ideyaları, həmçinin Rusiya ilə hərbi əməkdaşlığın daha üst səviyyəyə qaldırılması idi. Belə olan halda Kremldə fikirləşdilər ki, əgər Sarkisyan rəsmi Moskvanın iradəsinə zidd getmirsə, onu dəyişdirməyin nə mənası? Fikrimcə, Köçəryan məhz bu amili anladı və prezidentliyə namizədliyini irəli sürmədi”.

Siyasi şərhçi Levon Ter Petrosyanın seçkilərdən uzaqlaşdırılmasına da aydınlıq gətirib: “Baxmayaraq ki, Sarkisyan Rusiya ilə sıx münasibətlər qurdu, paralel olaraq Avropa ilə də təmasları “yoğunlaşdırdı”. Rusiyanı hər zaman nə qıcıqlandırır? Qonşu dövlətlərin NATO ilə sıx əməkdaşlığı. Sarkisyanın NATO ilə məsafə saxlaması hamıya bəllidir. Amma o, Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıdır. Bu isə Rusiyanı o qədər də qıcıqlandırmır. Çünki rəsmi Moskvanın özünün də Avropa Birliyi ilə sıx əməkdaşlığı var. Görünür Petrosyana da bu faktın özü kifayət edib və namizədliyini irəli sürməyib. O, anlayıb ki, kritik məqamda Qərb yenidən Sarkisyanı dəstəkləyə bilər. Seçkilərdə Köçəryanın və Petrosyanın iştirak etməməsi S.Sarkisyanın ikinci, üçüncü dərəcəli namizədlərlə asanlıqla mübarizə aparmasına şərait yaratdı. Lakin buna baxmayaraq, yenə də seçkilərdə kütləvi saxtakarlıq hallarına rast gəlindi. Seçki bülleteninin yeyilməsi, Köçəryanın seçki günü ölkədən kənara getməsi, Petrosyanın seçkini məzhəkəyə qoyması, seçicilərdən birinin bütün namizədlərin üstündən xətt çəkərək erməni porno ulduz Kim Kardaşyanın adını siyahıya əlavə etməsi və ona səs verməsi Ermənistan cəmiyyətinin seçkilərə münasibətinin göstəricisidir”.

E.Şahinoğlu erməni namizəd Paryr Ayrikyana sui-qəsd məsələsinə də toxunub. Deyib ki, bu hadisədən sonra Ermənistan Konstitusiyasının tələbləri əsas tutulmaqla ya seçkilər iki həftə təxirə salınmalı, ya da 40 gündən sonra yeni seçki günü təyin olunmalı idi. Lakin Serj Sarkisyan 2008-ci ilin mart hadisələrinin yenidən təkrarlanacağından ehtiyat edərək buna getməyib: “Namizədlərdən birinin yaralanması faktı bir sıra addımların atılmasını zəruri edirdi. Əsas namizədlərdən birinin təbliğat aparması qeyri-mümkün olduğuna görə, Ermənistan Konstitusiyasının tələbləri əsas tutulmaqla ya seçkilər iki həftə təxirə salınmalı, ya da 40 gündən sonra yeni seçki günü təyin olunmalı idi. Ancaq S.Sarkisyan ötən dəfəki seçkilərdən sonra yaranan mart hadisələrini nəzərə alıb buna getmədi. Hər necə keçirlisə də artıq qərb bu seçkilərin legitimliyini tanıdı. Bu isə hadisələrə yanaşmada ikili standartlar amilini bir daha ortaya qoydu. S.Sarkisyandan gələcəkdə yaxşı heç nə gözləmirəm. Bu adam daha 5 il yerini möhkəmlətdiyini görə, müəyyən təxribatlara əl ata bilər”.

Rufik İSMAYILOV