Yenə də ikili standart?
Deputatların fikrincə,
Ermənistandan təzminat tələbi məsələsində də, bir çox amillərin təsiri altında
Azərbaycana ikili standartlar tətbiq olunacaq
Vətən müharibəsindən sonra Ermənistanın işğal edilmiş Azərbaycan
ərazilərinə vurduğu ziyanın müəyyənləşdirilməsi ilə bağlı işlər davam
etdirilir. Hətta bu prosesə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi,
xarici mütəxəssislər cəlb edilib. Bu fikirləri aprelin 20-də dövlət başçısı AzTV-yə
müsahibəsində deyib. Prezident qeyd edib ki, yol infrastrukturunun yaradılması
ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir: "Bu işlərlə paralel olaraq,
vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər
cəlb edilib. Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq
məhkəmələrə verməkdir. Bunu biz, təbii ki, edəcəyik və xarici mütəxəssislər bu
sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə
etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə
üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii
sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq
cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib”.
Bu məsələdə diqqətçəkən bir məqam Azərbaycanın üzləşdiyi ikili
standartlarla bağlıdır. Görəsən, Azərbaycanın bu haqq işində bir sıra
dövlətlərin, beynəlxalq təşkilatların nümayiş etdirdiyi ikili standartlar
yenidən özünü göstərəcəkmi? Əgər belə olarsa, ölkəmiz hansı qabaqlayıcı
addımlar atmalıdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi
ki, tək son dövrlər deyil, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı
zaman ərzində ölkəmizə qarşı əksər hallarda qeyri-obyektiv yanaşmanın, ikili
standartlar siyasətinin şahidi olmuşuq: "Təəssüf ki, burada bir çox amillər
səbəb rolunda çıxış edir. Birinci amil ondan ibarətdir ki, erməni diaspor
təşkilatları, erməni lobbiçiliyi ölkəmizə qarşı bu məkrli səfərbərliyi, təəssüf
ki, uğurla həyata keçirə bilib. Amma sonrakı mərhələlərdə Azərbaycanın da bu
istiqamətdə təsirli addımları oldu. Bir də bu istiqamətdə öz təcrübəmizi
yaratdıq. Sistemli şəkildə, bəlli strategiyaya uyğun öz həqiqətlərimizi dünyaya
çatdırdıq. İkili standartlar siyasətinin təsirlərini əhəmiyyətli dərəcədə
zəiflətdik. Bu baxımdan qeyd etmək istəyirəm ki, ölkəmizə qarşı yönəlmiş
ədalətsiz sərgilənən mövqeləri zərərsizləşdirmək imkanlarını da formalaşdırırıq
və zamanla təsirli addımlar atmağı öyrənirik. Məhz bunun nəticəsi idi ki, Vətən
müharibəsi dövründə ölkəmizə qarşı əsassız iddialar irəli sürə bilmədilər.
Çünki öz mövqelərimizi kifayət qədər gücləndirə bilmişik və fəaliyyətlərimizin
siyasi elementlərini də əhəmiyyətli dərəcədə zənginləşdirə bilmişik. Hesab
edirəm ki, münaqişə ilə haqlı mövqelərimizi dünyaya qəbul etdirə bildik. İndiki
mərhələdə işimiz Ermənistanın ölkəmizə, xalqımıza qarşı törətdiyi cinayətlər
haqqında dünyada aydın təsəvvürlər yaratmaqdan ibarətdir. Bu istiqamətdə də
sistemli işlər həyata keçirilməkdədir”.
Siyasi elmlər doktoru vurğulayıb ki, 44 günlük müharibə dövründə ölkə
Prezidenti dünyanın 50-yə qədər ən nüfuzlu media orqanlarına müsahibələr verdi,
Azərbaycan həqiqətlərini çox ciddi şəkildə əsaslandıraraq çatdırdı və dünya
ictimaiyyəti də bunu qəbul etdi: "Deməli, artıq informasiya mübarizəsində
kifayət qədər təsirli addımlar ata bilirik. Ermənistandan təzminat alınması
məsələsində vacib komponentlərdən birini məhz informasiya mübarizəsi təşkil
edir. Ermənistanın dövlətimizə vurmuş olduğu ziyanın miqyasının
dəqiqləşdirilməsi istiqamətində Azərbaycan iradə nümayiş etdirir və müvafiq
addımlar atılmaqdadır. Ölkə Prezidenti də vurğuladı ki, bizim əsas
hədəflərimizdən biri beynəlxalq məhkəmələrə müraciət etməkdən ibarətdir.
Azərbaycanın strategiyasının uğurlu tərəflərindən biri də odur ki, Ermənistanın
dövlətimizə vurduğu zərərin hesablanması üçün xarici mütəxəssislərin də
xidmətlərindən istifadə olunacaq. Bunun özü də düşünülmüş strategiyanın çox
mühüm komponentini təşkil edir. Çünki sabah Azərbaycanın qaldırmış olduğu haqlı
məsələlərin müdafiə olunması üçün bizim əlavə dəstəkləyici elementlərimiz
olacaq. Hesab edirəm ki, bunun özü çox vacib, düşünülmüş bir addımdır”.
Millət vəkili Vüqar
Bayramov bildirdi ki, xarici mütəxəssislərin iştirakı ilə
torpaqlarımızın bir hissəsini 27 ildən çox işğalda saxlayan Ermənistanın
vurduğu ziyanın hesablanması prosesi davam etdirilir: "Qiymətləndirmə başa
çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq
məhkəmələrə veriləcək. İşğalçı ölkə uzun müddət zəbt etdiyi torpaqlarımızda
infrastruktur və ekoloji soyqırımı edib. Demək olar, bütün tikililər dağıdılıb,
meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri
göstərir ki, əksər hallarda nəinki dağıdılmış evlərin yerlərini, hətta
kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir.
V.Bayramov qeyd etdi ki, bütün metodoloji dəyərləndirmələrə görə,
Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə onun
varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq: "Həmin ərazilərimizin
böyük iqtisadi potensialını nəzərə aldıqda, ÜDM-ə dəyən ziyanın da ayrıca
hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla
bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın
qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi, daha
dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.
Onu da qeyd edim ki, dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa belə,
bu, milyard dollarlar ilə ölçülür. Gözlənilir ki, konkret rəqəmlər
qiymətləndirmə başa çatandan sonra ictimaiyyətə elan olunacaq. Prosesin
beynəlxalq ekspertlərin iştirakı ilə aparılması, elan olunacaq rəqəmə beynəlxalq
yanaşmada pozitiv təsir edəcək. Qeyd edək ki, Birinci və İkinci Dünya
müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları
qeydə alınıb. Körfəz müharibəsindən sonra İraqdan, Küveytə vurduğu ziyanın
ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT
Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar
müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq
nail olunub.
Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da
beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın
ödənilməsini tələb etmək hüququndan istifadə edəcək. Beləliklə, regionda
proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ, həmçinin işğalçı
Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq”.BƏXTİYAR