AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Yenə də gözəl dövranımız olacaq”

“Yenə də gözəl dövranımız olacaq”

Müsahibə
07 Avqust 2020, 20:15 3082
Səkinə İsmayılova: Bir xanımın evdə olub da darıxması mənə qəribə gəlir, çünki evdə mütləq görməli işlər var
 
Xalq artisti, professor, tanınmış xanəndə Səkinə İsmayılova karantin günlərində "Kaspi"-yə danışaraq, fikirlərini oxucularımızla bölüşdü. Xanəndə bu günlərdə evdə qaldığını və məhdudiyyətlərin bizim xeyrimiz üçün qəbul edildiyini bildirdi.
 
- Karantin günlərində Səkinə xanım virusla necə mübarizə aparır? 
 
- Karantin günləri başlayandan qoyulan bütün qaydalara əməl etmişəm. Qanun nə tələb edirsə, ona da riayət etməyə çalışmışıq. 20 gün bundan öncəyədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki tələbələrimə onlayn dərs keçirdim. Hazırda isə evdəyəm, yaxınlarım, əzizlərimlə birlikdə evdə zaman keçiririk. Ümumiyyətlə, elə hesab edirəm ki, həyatı, əzizlərini sevən insanlar özlərini qorumalıdır. Bunu tək özləri üçün deyil, ailəsi, doğması üçün etməlidir. Qanun hamı üçündür. Bu virus elə bir bəladır ki, onunla birlikdə mübarizə aparmalıyıq.
 
- Evdə hansı işlərlə məşğul olursunuz?
 
- Sağlamlığımızı qorumaq üçün evdə qalmağa məcburuq. Bir xanımın evdə olub da darıxması mənə qəribə gəlir. Çünki hər bir xanım evinin işini görməli və xanımlıq missiyasını yerinə yetirməlidir. Evdə mütləq görməli işlər var. Ev işlərimlə bərabər, evdə sənətimlə də məşğul oluram. Əsas işim sənətimlə bağlıdır. Belə ki, bədii ədəbiyyat oxuyuram, klassiklərimizin qəzəllərinə baxıram, yeni qəzəllər seçirəm. İndiyə qədər imkan edib baxa bilmədiyim klassiklərin əsərlərini oxuyuram.
 
- İsti yay günlərində bölgələrə getmək imkanınız oldumu?
 
- Qaydalara əməl edib, evdə qalıram. Çox vaxt bağda oluram.
 
- Sosial şəbəkələrdə virusun olmadığı və bunun bir oyun olduğunu yazanlar da az deyil.  Onlara reaksiyanız necədir?
 
- 5 aydır ki, bu virus bütün dünyanı cənginə alıb. Vəziyyət bura qədər gəlib çıxıbsa, bu vaxtdan sonra pandemiyanın əslində bir oyun olduğunu demək savadsızlıqdan başqa bir şey deyil. Necə yəni yoxdur? Açığı, əvvəl bu cür düşünənlərin sayı çox idi. Ancaq bu virusa elə gözümüzün önündə nə qədər tanınan, sənət adamları yoluxdular. Onların mətbuatda çıxan xəbərlərini, açıqlamalarını oxuyuruq. Tanınan insanları keçdim, artıq qohum-əqrəbalarımız belə koronavirusa yoluxur. Gərək elə sizin də başınıza gələ? Axı bununla zarafat eləmək olmaz. Elə bir adam yoxdur ki, onun ümumi nəslində bu virusa yoluxan olmasın. Onu necə danmaq olar? Burdan vətəndaşlarımıza müraciət edirəm ki, sevdikləriniz naminə özünüzü qoruyun. Heç kimə yox, elə əzizlərinizə görə. Çünki biz bu ölkənin vətəndaşlarıyıq və bu dövlətə lazımıq. Dövlətin qoyduğu qanunlara əməl etmək lazımdır. Bu qanunlar bizim sağlamlığımız üçündür. Hər nə qədər yorulsanız da, hövsələniz daralsa da, bu qanunlardan kənara çıxmaq lazım deyil. Hər şey insanın özündən asılıdır. Biz uşaq deyilik. Hər birimizin ağlı, zəkası var. Qoyulan qadağalar bizdən ötrüdür. Əslində, şükür etməliyik ki, bu yöndə zamanında düzgün addımlar atıldı. Yoluxma və ölüm sayları məhz bu səbəbdən bizdə daha az oldu. Digər ölkələrə baxanda, bizdə virusla mübarizədə vəziyyət xeyli yaxşıdır. Getdikcə yoluxanların sayı azalır. Dövlətimiz sağ olsun ki, hər birimizin yanındadır. Hər birimiz onlar üçün qiymətliyik. Sağ olsun, həkimlərimiz, polislərimiz gecə-gündüz bizim üçün çalışırlar. Burdan bu isti yay günlərində cəbhə xəttində bizi qoruyan əsgərlərimizə də təşəkkür edirəm. Tovuz hadisələrində mərd-mərdanə dayandılar, canlarından keçdilər. Belə vəziyyətdə biz də dövlətimizin yanında olmalıyıq. Bizdən başqa heç nə tələb olunmur, sadəcə özümüzü qoruyaq və qaydalara əməl edək.
 
- Səkinə xanım ev şəraitində səsini, formasını necə qoruyur?
 
- Elə əvvəlki qaydada. Bilirəm ki, mənə soyuq olmaz. Məsələn, o qədər də çimərlik həvəskarı deyiləm, amma suyun dərəcəsi lazımi dərəcədə deyilsə, mən o suya girmərəm. Dondurmadan, duzlu yeməklərdən kənar gəzirəm. Özümü, səsimi qorumaq üçün hər şeyə fikir verirəm. Xanəndəlik sənətində özünə baxmaq da bir tərbiyə istəyir. Gərək o tərbiyəyə uyğunlaşıb, özünü tərbiyələndirəsən ki, sənə nə olar, nə olmaz. 40 il bundan qabaq mən bu rejimə özümü öyrəşdirmişəm. Ona görə də sənətim də, səsim də məni yarı yolda qoymur. Sən səsinə qulluq edirsən, qayğısına qalırsan, səs də sənin yanında olur, qayğına qalır. Bizə bu istedadı Allah verib. O da özümüzə görə verilməyib, bu, bizə xalq üçün verilib. Xalqın yolunda bunu sərf etməli, onun dəyərini özümüz bilməliyik. Heç kim onu bizim üçün qorumayacaq, qayğısına qalmayacaq.
 
- Bu gün Səkinə xanım niyə mətbuatda, efirdə çox az görünür? Bəzən efirlərdə ziyalı ekspert sözünə ehtiyac duyulur.
 
- İndi siz mənim fikirlərimi soruşursunuz və mən də sizinlə düşüncələrimi paylaşıram. Ancaq efirə dəvət alıb, kimlərinsə haqqında fikir söyləmək heç zaman mənlik olmayıb və bundan sonra da olmayacaq. İnsanların düşüncələri fərqlidir. Mənim fikirlərimi kimin necə qəbul edəcəyi bilinmir. Uzun müddətdir ki, sənətdəyəm, bu illər ərzində sənətimlə özümə hörmət qazanmışam. Sənətlə özünə hörmət qazanmaq da, onu saxlamaq da çətin məsələdir. Mən bunu illərlə ona görə yığmamışam ki, kiməsə bir məsləhət verim, o da mənə kobud cavab qaytarsın və düzgün başa düşülməsin. İstəmərəm, sənətimə və hörmətimə bir xələl gəlsin. İndi müasir dövrdür, insanlar hər şeydən xəbərdardır. Sosial şəbəkələr vasitəsi ilə bilmədiklərindən xəbərdar olurlar. Nəyisə öyrənmək istəyirlərsə, internet vaisitəsi ilə əldə edirlər. Kiməsə nəsə məsləhət etməkdən çəkinirəm. Çünki başqasına nəyisə deyəndə, düzgün qəbul etmirlər.
 
- Belə çıxır ki, Səkinə xanım ancaq yaxınlarına məsləhət verir?
 
- İnandığım, güvəndiyim insanlara sözümü deyirəm. Bu gün mənim də çevrəmdəki insanların vəziyyəti əla deyil. Bacardığım qədər onlara maddi-mənəvi dəstək oluram, qayğısına qalıram. Bilirəm ki, heç bir sözümdən inciməzlər, məni eşidərlər. İndi elə bir zəmanədir ki, insan öz övladına söz deyə bilmir. Belə olduğu halda, başqa birinə söz desən, sənə başqa cavab qaytara bilər. Mən hər zaman belə şeyləri gözləmişəm.
 
- Sizcə, pandemiyanı əsas götürərək, 2020-ci ili mədəniyyət üçün itirilmiş il hesab etmək olarmı?
 
- Pandemiya dönəmidir, bu dönəmdə mədəniyyət nə itirəcək ki? Şükürlər olsun ki, mədəniyyətimiz bu gün belə məqamda da dünyaya səviyyəli şəkildə təbliğ olunur. Nəinki mədəniyyət, digər sahələrdə də Azərbaycan hazırda dünyada tanınan bir ölkədir. Koronavirusa görə bütün dünyada durğunluq yaranıb. Yəni, bu vəziyyət hamıda var, tək bizdə deyil. Yaşadığımız bu hadisələr müvəqqəti çətinlikdir. Belə bir misal var: "Palaza bürün, elnən sürün". Biz də hazırda o durumdayıq. 5 aydır evdəyik və özümüzü qoruyuruq. Belə olduğu halda, biz nə itiririk ki? Yenə də istedadlı gənclərimiz var. Onlar da pandemiyadan sonra işlərinə davam edəcəklər. Bilirsiniz ki, iki ildən bir Muğam müsabiqəsi keçirilir. Uzun illərdir ki, istedadlı xanəndələri seçib müsabiqəyə gətiririk. Onlar var olduqca, biz musiqimiz heç nə itirmir. Yenə də gözəl dövranımız olacaq. Onlar elə öz sənətləri ilə tanınacaq, biz də əvvəlki kimi işimizə, sənətimizə davam edəcəyik. Yenə beynəlxalq  festivallara gedib, müsabiqələrdə ölkəmizi təbliğ edəcəyik. Bu, müvəqqəti çətinlikdir. Əgər indi evdə oturmuşuqsa, bu o demək deyil ki, indiyə qədər heç nə olmayıb və mədəniyyətimiz tənəzzülə uğrayır.
 
Xəyalə Rəis