Yenə də erməni təxribatı

Rusiyanın
İrandakı erməni mənşəli səfiri iki ölkə arasında qalmaqal yaradıb. Bu, onun ilk
belə təxribatı deyil. Diplomatın bir il əvvəl də paylaşdığı şəkil İranda kəskin
etiraz doğurmuşdu.
Rusiya ətrafında
yaşanan gərginliyə daha biri əlavə oluna bilər. Qəribə səslənsə də, bu dəfə
qalmaqal İranla yaşana bilər. Qalmaqalın mərkəzində Rusiyanın İrandakı erməni mənşəli
səfiri Levon Caqaryan dayanır. İran və rus mediasında dərc olunan materiallara
görə, səfir diplomatiya işçiləri günü rus şairi və diplomatı Aleksandr
Qriboyedovun heykəli önünə əklil qoyub. Ardınca da, "Tvitter”də fotolar paylaşıb
və "biz unutmuruq" mesajı atıb ki, bu da İran ictimai fikrinin ona
qarşı yönəlməsinə səbəb olub. Sözsüz ki, səfirin bu addımı təsadüfi deyil və müəyyən
qüvvələrin sifarişi ilə həyata keçirilir. Özü də bu, səfirin artıq ikinci
qalmaqallı addımıdır.
Qriboyedov
sevgisi, yoxsa...
Beləliklə,
İran tərəfini qəzəbləndirən əsas amil kimi Qriboyedovun 1828-ci ildə Türkmənçay
sülh müqaviləsinin imzalanmasındakı mənfi rolu göstərilir. Erməni mənşəli səfirin
hərəkəti neçə gündür ki, bu ölkənin kütləvi informasiya vasitələrinin ən çox
müzakirə olunan mövzusudur. Artıq məsələyə ölkənin hazırkı və keçmiş
diplomatları da qoşulub. Məsələn, İran Xarici İşlər Nazirliyinin Qərbi Asiya
ölkələri üzrə departamentinin baş direktoru Rəsul Musəvi bəyan edib ki, ölkələr
tarixdən dərs çıxarmaqla yanaşı, ondan asılıb qalmamalıdır. BMT-dəki İran nümayəndə
heyətinin keçmiş əməkdaşı Kuroş Əhmədi isə bəyan edib ki, belə bir qalmaqallı
keçmişi olan şəxslə bağlı səfirin mövqeyi qəribədir: "Hansı ölkədə işlədiyini nəzərə
almalısan". İran KİV-ləri xatırladır ki, məhz Qriboyedov Türkmənçay sülh
müqaviləsinin hazırlanmasında əvəzsiz rol oynayıb. Həmin müqavilə ilə
1826-1828-ci il müharibəsi sona çatıb. Bununla da, Rusiya imperiyası Cənubi
Qafqazın işğalını rəsmiləşdirmiş olub. Məsələ o qədər böyüyüb ki, İran XİN-in rəsmi
nümayəndəsi Səid Xətibzadə də reaksiya verib və bildirib ki, nazirlik səfirin
sözlərinə olan reaksiyaları və etirazları qeydə alıb. Əlavə edib ki, istənilən
diplomat və təcrübəli səfir bilir ki, olduqları ölkədə xalqın hisləri ilə
oynamamalıdırlar. Xətibzadə əlavə edib ki, iradlar müvafiq kanallarla Rusiya tərəfinə
təqdim edilib.
Bir il əvvəl
də şəkil paylaşmışdı və...
Maraqlıdır
ki, Rusiya səfirliyi də sakit qalmayıb. İrandakı Rusiya diplomatik missiyası
"anti-İran mediası” tərəfindən qalmaqalla bağlı təxribat xarakterli nəşrlərin
yayılmasına diqqət çəkib. Bildirilib ki, rusiyalı şair və diplomat Aleksandr
Qriboyedovun abidəsi önünə əklilqoyma mərasimi hər il keçirilir. "Biz bu nəşrləri
təxribat xarakterli hesab edirik və bu kimi xəbərlərin Rusiya ilə İran
arasındakı dostluq və isti münasibətlərə xələl gətirmək məqsədi daşıdığını
bildiririk. Eyni zamanda "belə saxta eyhamlara” sərt cavab verəcəyik".
Əlavə edilib ki, bu cür epizodlar sürətlə və qorxulu şəkildə baş verir. Keçən
il səfirlik Caqaryanın britaniyalı həmkarı Saymon Şerklifflə fotosunu sosial şəbəkələrdə
yerləşdirdiyinə görə açıqlama verməli olmuşdu. Qalmaqala səbəb kimi şəklin
SSRİ, ABŞ və Böyük Britaniya arasında 1943-cü ildə Tehran konfransının
keçirildiyi tarixi pilləkəndə çəkilməsi göstərilmişdi. İranlılar iki səfirin təqdimatını
ingilis-sovet işğalını xatırlatmaq kimi qiymətləndirmiş və "imperiya"
təlqininə görə üzr istənilməsini tələb etmişdilər. O zaman XİN rəhbəri vəzifəsini
tutan Məhəmməd Cavad Zərif fotonu "yersiz" adlandırmışdı.
İran xalqı
təkrar təhqir olunub
İranın
"Hamshahri" qəzeti yazıb ki, Rusiya erməni səfirinin timsalında İran
xalqını təkrar təhqir edib. Məqalədə bildirilir ki, vaxtilə səfirin öldürülməsi
elə onun öz günahı ucbatından baş verib. Həmin ilin fevralında Rusiya Xarici
İşlər Nazirliyinin ərəbdilli hesabından bir tvit də qeyri-müəyyən vəziyyət
yaratmışdı. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və
İraq səfiri Əbdürrəhman Hüseyni arasında görüşdən bəhs edən yazıların birində
"fars” əvəzinə rus dili üçün ənənəvi olmayan "Ərəb körfəzi” adından istifadə
edilməsi də İranın narazılığına səbəb olmuşdu.
Rus
ekspert erməni səfiri ittiham edir
Rusiya
Elmlər Akademiyası Y.Primakov adına Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər
institutunun baş elmi işçisi Nikolay Kojanov vəziyyətə iki istiqamətdə
baxılmalı olduğunu deyib: "Rusiya-İran münasibətləri, ya Rusiyaya qarşı
daha neytral kurs tərəfdarları, ya da Qərblə daha fəal yaxınlaşma tərəfdarlarının
nəzarəti altındadır". Ekspert vurğulayıb ki, tarixi yaddaş və mənfi təcrübə
ilə yanaşı, Rusiya-İran yaxınlaşması əleyhdarlarının istənilən ağrılı nöqtələrə
fəal şəkildə təzyiq göstərəcəkləri müasir kontekst var. Onun sözlərinə görə,
Rusiya səfirinin hərəkəti böyük təəccüb hissi yaradır: "Axı o bilməmiş
deyil ki, İran cəmiyyətində Qriboyedov fiquru Tükmənçay müqaviləsi ilə yanaşı xatırlanır".
Kojanovun qənaətincə, İranda hesab edirlər ki, bu müqavilə İran üçün təhqir və
alçaldıcı bir müqavilə olub. Analitik onu da xatırladıb ki, Qriboyedov, sadəcə
icraçı olub, müqavilənin hazırlanması heç onluq da deyil. Sadəcə İranda bu qənaətdədirlər
ki, ölkənin bütün bəlaları məhz bundan sonra başlayıb.
Nifrətin dərinləşməsinə
səbəb
Kojanov qeyd
edib ki, belə bir şəraitdə Rusiya diplomatiyası, xüsusən də "Böyük üçlüyün”
fotosunun imitasiyası ilə bağlı insidentdən sonra bir qədər diqqətli olmalı
idi. Belə bir hərəkət ən azı məlumat kampaniyası ilə müşayiət olunmalıdır.
Düzdür, Qriboyedovun abidəsi önünə gül dəstələri qoyulması, ilk növbədə, Rusiya
tarixi üçün vacib olan bir şəxsiyyətə ehtiramdır. Amma ekspertin fikrincə,
Rusiya tərəfi müəyyən tarixi vəziyyətə görə Qriboyedovun İranın ərazi itkilərini
təsbit edən saziş hazırlayanlar arasında olmasına təəssüf hissini ifadə edə bilərdi.
Azər
NURİYEV
