• çərşənbə axşamı, 23 aprel, 20:04
  • Baku Bakı 20°C

Yenə aldatdılar

11.06.21 17:00 662
Yenə aldatdılar
NATO Gürcüstan və Ukraynanı Brüssel sammitinə dəvət etmədi
İllər uzunudur ki, "Gürcüstan və Ukrayna üçün NATO-nun qapıları açıqdır" deyən Qərb hər iki dövləti iyunun 14-də Brüsseldə keçiriləcək sammitə adi qonaq qismində belə dəvət göndərməyə cürət etməyib. NATO-nun Ukrayna və Gürcüstana qarşı taktikasının bu formada dəyişməsi ondan xəbər verir ki, Qərb Rusiya ilə dialoqda onunla ciddi gərginliyə getmək istəmir. İstisna olunmur ki, bu, ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putinin qarşıdakı görüşü ilə bağlıdır. Maraqlıdır ki, 2003-cü ildə Gürcüstanda "qızılgül”, sonrakı ildə isə Ukraynadakı "məxməri” inqilab"dan sonra hər iki ölkə sürətlə Qərblə yaxınlaşma xətti götürmüşdü. Və o illərdə hər kəsdə belə bir təəssürat yaranmışdı ki, belə getsə, yaxın illərdə Alyans üzvlərinin sırasına daha iki dövlət də daxil olacaq. Buna da o zaman ən çox inanan Gürcüstan prezidenti Mixail Saakaşvili idi. Hətta o qədər buna inandı ki, bir gün Rusiya sülhməramlıları ilə döyüşə girməkdən belə çəkinmədi. Nəticəsi də hər kəsə bəllidir. Rus qoşunları az qalmışdı Tbilisinin ələ keçirsin. Sonra da Saakaşviliyə hər cür dəstək və üzvlük vədi edən dövlətlər kənarda qalıb, sadəcə bəyanat verməklə kifayətləndilər. Məhz bu qısamüddətli müharibədən sonra tək Saakaşvili yox, bütövlükdə gürcü xalqının NATO-ya üzvlük arzusunun üstündən xətt çəkildi. Və bu gün keçirilən rəy sorğuları da bu arzunun artıq arxivə atıldığını göstərir. Özü də tək Gürcüstan deyil, NATO-ya üzvlük istiqamətində torpaqların yarısını itirən Ukrayna da eyni taleni yaşayır. Elə ki, rusiyapərəst prezidenti yıxdılar və Qərbə inteqrasiyadan danışdılar, dərhal rus qoşunları əvvəlcə Krımı, sonra da şərq torpaqlarını ələ keçirdilər. Alyans isə hələ də vədlər verir.

Hər iki ölkəni Brüssel sammitinə dəvət etməyən Qərb, gürcülərin könlünü almaq üçün Tbilisiyə yüksək ranqlı nümayəndələrini göndərib. Səslənən bəyanatlarda vurğulanıb ki, Gürcüstan qarşıdakı sammitdə iştirak edə bilməyəcək, lakin Alyansla yaxınlaşma siyasətini davam edəcək. Bəhanələri də o olub ki, islahatlar davam etdirilməli və ölkədəki siyasi böhran başa çatdırılmalıdır. Halbuki, problem çoxdan həllini tapıb və mandat alan Saakaşvili tərəfdarları parlamentə qatılıb. Tbilisidə səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Rikerdən əvvəl isə amerikalı senatorlardan ibarət heyət Tbilisiyə gəlib. Və gürcü tərəfini inandırmağa çalışıblar ki, Rusiya avrointeqrasiya və Qərb yolunu seçən Qafqaz regionu ölkələrini qorxutmağa çalışır. Bu fikri amerikalı senator açıq şəkildə gürcü kütləvi informasiya vasitələrinə müsahibəsində də deyib. Senator media vasitəsilə gürcü rəhbərliyinə və xalqına belə bir çağırış da edib: "Biz bura sizə dəstək vermək və səylərinizə yardım göstərmək üçün gəlmişik”.

Lakin gürcülər də əvvəlki tək optimist deyillər. Bu illər onlara çox şeyi göstərdi. Neçə ildir ki, qərbyönümlü Mixail Saakaşviliyə deyil, müəyyən mənada Rusiya ilə yaxınlaşma tərəfdarı olan qüvvələrə səs verirlər. Məsələn, Gürcüstan prezident administrasiyasının keçmiş rəhbəri Petre Mamradze hesab edir ki, Gürcüstan, hətta Ukrayna heç bir halda Şimali Atlantika Alyansına üzv qəbul edilməyəcək. Strategiya və idarəetmə Mərkəzinin rəhbəri qəti şəkildə bildirir ki, bu məsələ NATO-da dəqiq və sərt şəkildə qoyulub. Rusiya tərəfi də gözəl anlayır ki, NATO hər hansı bir hava şəraitində nə Ukraynanı, nə də Gürcüstanı öz tərkibinə daxil etməyəcək. Düzdür, hər iki ölkənin liderləri kütləyə yönəlik üzvlük bəyanatları səsləndirsələr də, onların heç biri həqiqəti əks etdirmir. Gürcü analitik hesab edir ki, bu liderlərdə cəsarət və müdriklik yoxdur ki, həqiqəti etiraf etsinlər: "Əks təqdirdə bundan da pis olacaq. Bu həddən artıq uzun sürən tərtəmiz taftalogiyadır. Bu gün Gürcüstan əhalisi inteqrasiya məsələləri ilə heç maraqlanmır da. Həddən atıq şablon frazalar təkrarlanır”. Tək NATO yox, bura Avropa İttifaqına üzvlük də daxildir. İndiki mərhələdə heç kim genişlənmə haqqında fikirləşmir də. Məsələn, Fransa prezidenti Emmanuel Makron qəti şəkildə bəyan edib ki, genişlənmə məsələsi indiki mərhələdə başa çatıb. Ən paradoksal hal odur ki, sıfır iqtisadiyyatla, həddən artıq borclarla, birdən-birə Gürcüstan və Ukrayna Aİ üzvü olan dövlətə çevrilir - bu da qeyri-real görünür. Gürcü analitik tam məsuliyyəti ilə bildirib ki, bu, baş verməyəcək. Misal kimi də Türkiyəni göstərir. Əlbəttə, əməkdaşlıq etmək olar, lakin yaddan çıxarmaq lazım deyil ki, Türkiyə 60 ildir Aİ ilə azad ticarət haqqında müqavilə imzalayıb. Gürcüstan isə bu müqaviləni təzə imzalayıb. Nə qədər acı olsa da, bu, reallıqdır. Və bu reallığı da hər iki ölkənin siyasi elitası bilməlidir.
Beləliklə, 13 illik yorulmaz fəaliyyət və gözləntilərdən sonra postsovet məkanının ən qərbpərəst iki dövlətinə təhqiredici formada belə bir jest göstərildi. Baş katib Yens Stolberqin ümidverici bəyanatı səslənsə də, bu da onların dəvət olunmaması səbəbini göstərmir. Ən acınacaqlısı odur ki, baş katib, hətta tərəfdaş dövlətlərlə nə vaxt görüş keçirilməsinin tarixini belə səsləndirməyə cürət etməyib. Sadəcə bildirib ki, hər iki ölkə müdafiə sahəsində islahatları davam etdirməlidirlər. Halbuki, hər iki ölkə üzv dövlətlərdən də çox bu istiqamətdə iş aparıblar. Ordularını NATO standartlarına uyğun qurub, yeniləyiblər. Gürcü ekspertlərinin də ifadə etdiyi kimi, NATO baş katibi onlara açıq şəkildə anlatmağa çalışıb ki, "əl çəkin bizdən”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər