• cümə, 29 Mart, 18:17
  • Baku Bakı 14°C

“Yeganə rəqibin bu məktublardır”

27.04.15 05:29 1310
“Yeganə rəqibin bu məktublardır”
“Balaca balıqlara çevrilənə kimi baxaq sulara”
İnqeborq Baxmandan Paul Selana

Paul Selan 1920-ci ildə Almaniyada anadan olub. Dünya ədəbiyyatı Selanı “Ölüm tanqosu” (“Death Tango”), “Uzadılmış saatlar” (“The extended hours”), “Gəlincik və xatirələr” (“Poppy and memories”), “Sahibsiz qızılgül” (“The no-one’s-rose”) kimi şeir toplularının müəllifi kimi tanıyır. Şair 1970-ci ildə Parisdə intihar edərək, dünyasını dəyişib. O, Syen gölünə atılaraq, həyatına son verib.
İnqeborq Baxman isə 1926-cı ildə Avstriyada anadan olub. Almandilli ədəbiyyatın məşhur nümayəndələrindən olan Baxman “Danışan qaranlıq” (“Darkness Spoken”), “Nəşr olunmamış şeirlər” (“Unpublished poems”), “Malina”, “Gölə üç cığır” (“Three paths to the lake”) kimi hekayə və şeirlər toplularının müəllifi kimi şöhrət qazanıb. İnqe Paulun ölümündən sonra içki və narkotik maddə aludəçisi olub. 1973-cü ildə evində baş verən yanğında ağır yaralanaraq, həyatını itirib.
- Hər qadın və hər kişi aşiq olar bilərmi?
- Yox, çünki eşq bir sənət əsəridir” (İ.Baxman)

“Ruhum,
Keçən il də eyni ilə belə olmuşdu, keçən il də məhz bu gün, heç gözləmədiyim halda, məktubun gəldi, sözün əsl mənasında uçub pəncərəmə qondu, sinəmdən süzülüb, ürəyimin içində özünə yer elədi. Hə, eyni ilə belə oldu. Səni sevirəm, bunu əvvəllər heç deməmişəm, heç eşitməmisən. Üzündə gördüyüm o məsum adamı yenə ən dərinlərdə hiss etdim, dərində, çox, çox dərində. İçimə düşdüyün andan möcüzələr yaratdın, işıqları yandırdın, bunu əsla unutmayacağam.
Bəzən burdan köçməkdən, hər şeyi arxada qoyub Parisə gəlməkdən, əllərimi tutduğunu, mənə güllərlə toxunduğunu, ətirlərlə qarışmış qoxunu hiss etməkdən başqa heç nə arzulamıram. Ora haradan gəldiyini, yanımdan ayrılıb hara gedəcəyini bilmək belə istəmirəm, maraqlanmıram, narahat olmuram.
Mənə elə gəlir ki, sən hindistanlısan, ya da ordan uzaq, hardansa qaranlıq, qəhvə rəngli bir ölkədənsən. Mənim üçün ucsuz-bucaqsız çölsən, dərinliyi qorxudan dənizlərsən, mənə qaranlıq, sirli qaranlıq, hər şeysən sən. Hələ də haqqında heç nə bilmirəm, ona görə də qorxuram. Bizim gördüyümüz sıradan işləri necə etdiyini belə təsəvvür edə, canlandıra bilmirəm. İkimiz üçün bir saray tikdirməli idim, sən o sarayın da, mənim də sirli sahibim olmalıydın, səni yanıma gətirməliydim. Orada üstündə soyuğu hiss etmədən uzanacağımız yumşaq xalçalarımız, hər otağında səslənən musiqimiz olacaqdı, orada biz, orada eşq olacaqdı.
Avqustun ortalarında Parisdə olacağam. Bir neçə gün qalmağı düşünürəm. Niyə, nə üçün gəldiyimi soruşma, amma mənim üçün bir şey elə. Orada ol, mənim üçün orada ol, bir gecəliyinə də olsa, ya da iki-üç günlüyə. Məni Syenin sahillərinə apar, bir kənarda oturub, balaca balıqlara çevrilənə kimi, yenidən bir-birimizi tanıyana, kəşf edənə kimi kimi baxaq sulara.
24 iyun, 1949, Vyana
“Səni sevirəm, amma səni sevməyə nifrət edirəm”
Paul Selandan İnqeborq Baxmana

Sevgili İnqem,
Artıq təcrübələrdən də belə başa düşdüm ki, bu həyat əldən çıxan fürsətlərdən ibarətdir, bəlkə də ən yaxşısı itirilən xoşbəxt anların üzərində çox da uzun-uzun dayanıb düşünməməkdir. Çox düşündükcə sanki kəlmələr də ağırlaşır, yerindən tərpənmək, dilə gəlmək istəmirlər. Sözlər onları yerindən oynatmağa, hərəkətə gəlməyə çağıran məktubların, gərginləşərək bir şeylər qaralamağa çalışan qələmin və barmaqlarımın arasından sıyrılıb, aid olduqları yerə qayıdırlar. Sənə ödəyə bilməyəcəyim könül borcum var. Londondan göndərdiyim o rəsmi məktub, sənin, məktublarının, hədiyyələrin və ikimiz üçün verdiyin gərgin mübarizənin qarşısında duran, əngəl olan hər şey beynimin içində çırpına-çırpına qalıb. Məni bağışla, qoy bundan sonra bir-birimizlə danışaq. Mənimlə mərhəmətli davran, qucaqla, üşüməyə qoyma. Mən də səni sevirəm, amma səni sevməyə nifrət edirəm. Səni sevmək yorucu və dözülməzdir.”
(30 sentyabr, 1951, Paris)
“signandsight.com”

“O eşqə susamışam”
Eloizadan Pyer Abelyara

Şair, filosof Abelyar ilə şagirdi Eloizanin bir-birlərinə yazdıqları məktublardan daha çox sevgi macəraları və həyat hekayələri dramatikdir. Abelyar XII əsrin tanınmış fikir adamı, filosof və şair olub. Abelyarın hələ gəncliyindən fəlsəfəyə olan marağı onu Parisə gətirir. Parisdə dini və dünyəvi elmləri dərindən mənimsəməyə çalışan və ömrünü elmə həsr etməyə hazır olan 37 yaşlı şair din dərsi verdiyi məktəbdə 16 yaşlı şagirdi Eloizaya vurulur. Fəlsəfə və din dərsləri ilə başlayan bu tanışlıq, elmi söhbətlər eşqə çevrilir. Pyer ürəyini və beynini Eloizanın yalvarış və dəvətlərindən uzaq tuta bilmir. Parisin yüksək zümrəli insanlarının verdiyi dəvətlərin fəxri qonağı olan və geniş çevrədə tanınan Pyer nəticəsi nə olursa-olsun, bu eşqə təslim olmağa razılaşır. Gizlicə evlənən cütlüyün az sonra bir oğlu dünyaya gəlir. Abelyarın şair ruhunun, fəlsəfi düşüncələrinin evliliyə və ona sadiq qalmağa imkan verməyəcəyindən qorxuya düşən Eloiza Abelyara və özünə qısqanclıq və mütəmadi ittihamlarla əzab çəkdirməyə başlayır. Eloizanın Pyerlə bir yerdə olmasını qəbul edə bilməyən dayısı bu boşluqdan istifadə edərək, evlilikdən əvvəl doğulmuş uşaq ittihamı ilə şairi həbs etdirir. Eloizanı qoruya bilməyəcəyini görən Pyer onu monastra göndərir. Sevgilisini qorusa da, Pyer özünü birdən-birə ona düşmən kəsilmiş kilsədən və cəmiyyətdən qoruya bilmir. Onun bütün elmi əsərləri yandırılır, edam hökmü isə axtalanması ilə əvəz edilir. Pyer ömrünün qalan hissəsini rahib olaraq keçirir.
“Əlin... Bu məktuba dəyib əlin.
Çox sağ ol, mənə yazmasan da...
Xəttini görən kimi tanıdım, heç dəyişməyib.
Əslində heç nə dəyişməyib, bu çəkdiyim ağrı belə eynidir.
Mənə yazılmasa da, bizdən danışmasa da, bu məktubu mən oxudum...
Utanmadım, heç kimə xəyanət etmiş kimi də hiss etmədim.
Sükunətlə keçən bu qədər ildən sonra kiməsə hesabat verəsi deyildim. İndi də verməyəcəyəm.
Əlin dəyib bu məktuba!
Aşiq olduğum əlin. O eşqə susamışam. Haqqım var o əlin yazdığı məktubu açmağa.
İnkar etmə məni, özünü, ya da bizi. Yaz mənə, nələr düşündüyünü bilmək istəyirəm. Qısqanmağa hələ də gücün varsa, bil ki, yeganə rəqibin bu məktublardır. Öpdüyüm məktubları qısqan.
***
Balaca quş kimiyəm, havam sənsən, üstümə əs. Çarəsiz balıq kimiyəm, suyum sənsən, ax keç üstümdən. Səssizliyin məni çöllərdə qoydu, susuz, ucsuz-bucaqsız çöllərdə. Bu səssizlikdə boğuluram...
Tanrım! Sevgi yolu bizimkinə bənzəməyənlərin həyatlarına, xoşbəxtliyinə necə qibtə edirəm! Söndürə bilmədiyim həvəsim, boğa bilmədiyim itirmək qorxusu ilə səni ləkələmək üçün nələr etmədim! Bütün mənfilərini, qüsurlarını axtarıb-tapmaq, beynimdə durmadan onları təkrarlayıb, səni kirli bir xatirə kimi unutmaq üçün nələr etmədim... Bu da bir işə yaramadı. Xətalarımızda belə sən həmişə yaxşı olan idin, haqlı olan... Mənfilərini yada salarkən belə sənə vurulduğum, məni aşiq qadın olaraq saxlayan keyfiyyətlərin gəlir ağlıma...
Sən filosofsan, bilirsən, sözün yeganə həqiqəti yenə söz formasında təzahür edir. Ədəbiyyatın ən nəhəng əsəri belə təbiətin yaratdığı yarpaq qədər həyat dolu və mənalı deyil.
Mən də belə sevirəm:
Zərifliyini, qəddarlığını, alicənablığını, kobudluğunu sevirəm;
Olduğun şairi, bundan sonra ola bilməyəcəyin kişini sevirəm;
Bir zamanlar olduğun uşağı, bir gün olacağın soyuq torpağı, cəsədi sevirəm;
Həm vücudunu, həm ağlını sevirəm;
Təkcə qamətində, üzündəki düzgün və biçimli cizgiləri yox, tərini də sevirəm;
Qanımı donduran gücünü və mərhəmətsizliyini də, uşaq kimi əlindən tutmağa məcbur edən çarəsizliyini də sevirəm...
Tanrı belə sevməyə icazə vermirsə, mən də sevgimi Tanrı edərəm!
Eloiza
Gutenberg.org
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər