AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yeganə çıxış yolu - HƏKİM RƏYİ

Yeganə çıxış yolu - HƏKİM RƏYİ

Təfsilat
14 Avqust 2021, 13:30 677
Həkim: "Vətəndaşlarımız tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə etməsə, dövlətin həyata keçirdiyi bütün qabaqlayıcı tədbirlər əbəsdir”
 
Dünyada, o cümlədən region ölkələrində koronavirusa yoluxma sayı hər gün artmaqdadır. Qonşu Gürcüstanda yoluxma sayını nəzərə alan hökumət, hətta açıq havada tibbi maska taxmağı məcburi edib. Azərbaycanda da son günlər COVİD-19-a yoluxma sayı sürətlə artır. Əgər vəziyyət bu cür davam etsə, şübhəsiz ki, hökumət qabaqlayıcı tədbirlər görmək məcburiyyətində qalacaq. Sərt qapanmalara gediləcəyi də istisna deyil. Amma bu, nə sahibkarlıq subyektlərinin, nə də sıravi vətəndaşların maraqlarına xidmət etmir. Belə olan halda nə etmək, hansı qabaqlayıcı tədbirlər görmək lazımdır? Özümüzü, ailəmizi, cəmiyyətimizi koronavirus bəlasından qorumaq üçün hansı addımlar atmalıyıq?
 

 
Fərdi qorunma məsələlərinə diqqət
 
Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinə start verilən gündən bu prosesə cəlb edilən, yorulmadan peşə borcunu yerinə yetirən həkim İmran Qurbanov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki,COVİD-19-dan qorunmaq üçün ən vacib şərt gigiyena qaydalarına riayət etmək, tibbi maska taxmaq, ara məsafəsi saxlamaq, kütləvi tədbirlərdən yayınmaq, tibbi spirtlə əlləri mütəmadi dezinfeksiya etməkdir: "Fərdi qorunma məsələlərinə diqqət yetirmək lazımdır. İnsanlarla ünsiyyətdə olan zaman məsafə saxlamaq vacib şərtdir. Qoruyucu maskalardan, dezinfeksiya vasitələrindən vaxtında və düzgün istifadə olunmalıdır. Sərt qapanmalara getməmək, virusun daha kütləvi yayılmasının qarşısını almaq üçün sadaladığım qaydalara riayət etmək lazımdır.
 


Sui-istifadə edənlər
 
Bildiyiniz kimi, yoluxma sayının aşağı olmasını, insanların peyvəndlənməsini nəzərə alan hökumət sərt karantin qaydalarını nisbətən yumşaltdı, kütləvi tədbirlərə, o cümlədən 150 nəfərin iştirakı ilə toyların keçirilməsinə razılıq verdi. Lakin, əfsus ki, bir sıra hallarda bu yumşalmadan, icazələrdən sui-istifadə edənlər tapıldı. Hüquq-mühafizə orqanlarının keçirdiyi reydlər, yaydığı məlumatlar buna əyani misaldır. Təəssüf ki, vətəndaşlarımız kütləvi tədbirlərdə bir qədər əvvəl sadaladığım qaydalara riayət etmədilər, ara məsafəsini gözləmədilər, qoruyucu vasitələrə, dezinfeksiyaya əhəmiyyət vermədilər. Bütün bunların nəticəsində günbəgün virusa yoluxma sayı yenidən artdı. Koronavirusla mübarizənin ilk günlərindən prosesə cəlb olunan səhiyyə işçisi kimi bütün vətəndaşlarımıza tövsiyə edirəm ki, ictimai və kütləvi yerlərdə ara məsafəsinə diqqət yetirsinlər, qoruyucu vasitələrdən mütləq şəkildə istifadə etsinlər. Əks halda virusa yoluxma sayı hər gün daha da artacaq, insanların həyatı təhlükə ilə üz-üzə qalacaq. Bu zaman isə sərt qapanmalara, karantinə getmək yeganə çıxış yolu olacaq”.
 


İkiqat mutasiya olunmuş qorxulu ştamm
 
İ.Qurbanov deyib ki, əvvəlkilərdən fərqli olaraq koronavirusun yeni növünün – ikiqat mutasiya olunmuş delta ştammının yoluxuculuq qabiliyyəti daha yüksəkdir. Onun sözlərinə görə, delta ştammı əvvəlkilərdən 50-60 faiz yüksək yoluxuculuq qabiliyyətinə malikdir və sürətlə yayılır: "Bu amili nəzərə alaraq ilk növbədə insanların kütləvi toplaşdığı məkanlardan uzaq durmalıyıq. Çünki belə məkanlarda insanların yeni virusa yoluxma ehtimalı həddindən artıq yüksəkdir. Yeni növ virus belə yerlərdə daha sürətlə yayılır. Ona görə də, kütləvi tədbirləri, mərasimləri, toplantıları məhdudlaşdırmaq lazımdır. İctimai nəqliyyatdakı, iaşə obyektlərindəki, marketlərdəki sıxlıq da bu nöqteyi-nəzərdən olduqca təhlükəlidir. Hər bir marşrut avtobusuna, iaşə obyektinə, yaxud da marketə mütləq deyil ki, bir polisi təhkim edib qayda-qanuna riayət olunmasını nəzarət altında saxlayasan, yaxud inzibati cəza ilə insanları nəyəsə məcbur edəsən. Vətəndaşlarımız özlərinin, ailələrinin, ən nəhayət, ölkə əhalisinin sağlamlığını düşünərək könüllü şəkildə tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə etməli, qayda-qanunlara riayət etməlidirlər. Bunlara kütləvi şəkildə riayət etməsək, dövlətin gördüyü bütün qabaqlayıcı tədbirlər, səhiyyə işçilərinin gecə-gündüz çəkdiyi əziyyət, vətəndaşların sağlamlığını qorumaq üçün edilən fədakarlıqlar əbəsdir”.
 


Peyvəndlənən şəxs koronavirusa yoluxa bilər, amma...

İ.Qurbanov koronavirus bəlasından qurtulmaq üçün vətəndaşları bir daha qayda-qanunlara riayət etməyə, peyvəndlənmə prosesində könüllü şəkildə aktiv iştirak etməyə səsləyib: "Azərbaycan koronavirusa qarşı mübarizə aparmaq üçün bütün imkanlarını səfərbər edən, o cümlədən peyvəndi tətbiq edən ilk ölkələrdən biridir. Peyvəndlənmiş insanların sayına görə də Azərbaycan dünyada öndə gedən ölkələrdəndir. Əvvəlki dövrlərlə müqayisədə COVİD-19-a qarşı peyvənd olunan vətəndaşlarımızın sayı artır. İnsanlarımız dərk edir ki, pandemiyadan qorunmağın ən etibarlı yollarından biri məhz peyvəndlənməkdir. İddia etmirik ki, peyvənd olunmuş şəxs koronavirusa yoluxmayacaq. Bu, əsla belə deyil. Peyvəndlənən şəxs koronavirusa yoluxa bilər. Amma COVİD-19-a qarşı peyvənd olunmuş şəxs koronavirusa yoluxarkən xəstəliyi daha yüngül keçirir, həyatına qarşı təhlükə az olur. Dünyada mövcud olan peyvəndlərin hər biri Azərbaycana gətirilib. Vətəndaşlarımız ölkəmizin ayrı-ayrı səhiyyə müəssisələrində onlayn qeydiyyatdan keçib, növbə götürüb həmin peyvəndlərdən birini pulsuz vurdura bilərlər. Bütün vətəndaşlarımızı peyvəndlənmə prosesində daha aktiv olmağa səsləyirəm”. 

Rufik İSMAYILOV