Yeganə çıxış yolu - HƏKİM RƏYİ
Həkim: "Vətəndaşlarımız tibbi maskadan,
dezinfeksiya vasitələrindən istifadə etməsə, dövlətin həyata keçirdiyi bütün
qabaqlayıcı tədbirlər əbəsdir”
Dünyada, o cümlədən region ölkələrində koronavirusa
yoluxma sayı hər gün artmaqdadır. Qonşu Gürcüstanda yoluxma sayını nəzərə alan
hökumət, hətta açıq havada tibbi maska taxmağı məcburi edib. Azərbaycanda da
son günlər COVİD-19-a yoluxma sayı sürətlə artır. Əgər vəziyyət bu cür davam
etsə, şübhəsiz ki, hökumət qabaqlayıcı tədbirlər görmək məcburiyyətində
qalacaq. Sərt qapanmalara gediləcəyi də istisna deyil. Amma bu, nə sahibkarlıq
subyektlərinin, nə də sıravi vətəndaşların maraqlarına xidmət etmir. Belə olan
halda nə etmək, hansı qabaqlayıcı tədbirlər görmək lazımdır? Özümüzü, ailəmizi,
cəmiyyətimizi koronavirus bəlasından qorumaq üçün hansı addımlar atmalıyıq?
Fərdi qorunma məsələlərinə diqqət
Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinə
start verilən gündən bu prosesə cəlb edilən, yorulmadan peşə borcunu yerinə
yetirən həkim İmran Qurbanov"Kaspi” qəzetinə açıqlamasında bildirib ki,COVİD-19-dan qorunmaq üçün ən vacib şərt gigiyena qaydalarına riayət etmək,
tibbi maska taxmaq, ara məsafəsi saxlamaq, kütləvi tədbirlərdən yayınmaq, tibbi
spirtlə əlləri mütəmadi dezinfeksiya etməkdir: "Fərdi qorunma məsələlərinə diqqət
yetirmək lazımdır. İnsanlarla ünsiyyətdə olan zaman məsafə saxlamaq vacib şərtdir.
Qoruyucu maskalardan, dezinfeksiya vasitələrindən vaxtında və düzgün istifadə
olunmalıdır. Sərt qapanmalara getməmək, virusun daha kütləvi yayılmasının
qarşısını almaq üçün sadaladığım qaydalara riayət etmək lazımdır.
Sui-istifadə edənlər
Bildiyiniz kimi, yoluxma sayının aşağı olmasını,
insanların peyvəndlənməsini nəzərə alan hökumət sərt karantin qaydalarını nisbətən
yumşaltdı, kütləvi tədbirlərə, o cümlədən 150 nəfərin iştirakı ilə toyların
keçirilməsinə razılıq verdi. Lakin, əfsus ki, bir sıra hallarda bu yumşalmadan,
icazələrdən sui-istifadə edənlər tapıldı. Hüquq-mühafizə orqanlarının keçirdiyi
reydlər, yaydığı məlumatlar buna əyani misaldır. Təəssüf ki, vətəndaşlarımız
kütləvi tədbirlərdə bir qədər əvvəl sadaladığım qaydalara riayət etmədilər, ara
məsafəsini gözləmədilər, qoruyucu vasitələrə, dezinfeksiyaya əhəmiyyət vermədilər.
Bütün bunların nəticəsində günbəgün virusa yoluxma sayı yenidən artdı.
Koronavirusla mübarizənin ilk günlərindən prosesə cəlb olunan səhiyyə işçisi
kimi bütün vətəndaşlarımıza tövsiyə edirəm ki, ictimai və kütləvi yerlərdə ara
məsafəsinə diqqət yetirsinlər, qoruyucu vasitələrdən mütləq şəkildə istifadə
etsinlər. Əks halda virusa yoluxma sayı hər gün daha da artacaq, insanların həyatı
təhlükə ilə üz-üzə qalacaq. Bu zaman isə sərt qapanmalara, karantinə getmək
yeganə çıxış yolu olacaq”.
İkiqat mutasiya olunmuş qorxulu ştamm
İ.Qurbanov
deyib ki, əvvəlkilərdən fərqli olaraq koronavirusun yeni növünün – ikiqat
mutasiya olunmuş delta ştammının yoluxuculuq qabiliyyəti daha yüksəkdir. Onun
sözlərinə görə, delta ştammı əvvəlkilərdən 50-60 faiz yüksək yoluxuculuq
qabiliyyətinə malikdir və sürətlə yayılır: "Bu amili nəzərə alaraq ilk növbədə
insanların kütləvi toplaşdığı məkanlardan uzaq durmalıyıq. Çünki belə məkanlarda
insanların yeni virusa yoluxma ehtimalı həddindən artıq yüksəkdir. Yeni növ
virus belə yerlərdə daha sürətlə yayılır. Ona görə də, kütləvi tədbirləri, mərasimləri,
toplantıları məhdudlaşdırmaq lazımdır. İctimai nəqliyyatdakı, iaşə obyektlərindəki,
marketlərdəki sıxlıq da bu nöqteyi-nəzərdən olduqca təhlükəlidir. Hər bir
marşrut avtobusuna, iaşə obyektinə, yaxud da marketə mütləq deyil ki, bir
polisi təhkim edib qayda-qanuna riayət olunmasını nəzarət altında saxlayasan,
yaxud inzibati cəza ilə insanları nəyəsə məcbur edəsən. Vətəndaşlarımız özlərinin,
ailələrinin, ən nəhayət, ölkə əhalisinin sağlamlığını düşünərək könüllü şəkildə
tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə etməli, qayda-qanunlara
riayət etməlidirlər. Bunlara kütləvi şəkildə riayət etməsək, dövlətin gördüyü
bütün qabaqlayıcı tədbirlər, səhiyyə işçilərinin gecə-gündüz çəkdiyi əziyyət, vətəndaşların
sağlamlığını qorumaq üçün edilən fədakarlıqlar əbəsdir”.
Peyvəndlənən şəxs koronavirusa yoluxa bilər,
amma...
İ.Qurbanov koronavirus bəlasından qurtulmaq üçün vətəndaşları
bir daha qayda-qanunlara riayət etməyə, peyvəndlənmə prosesində könüllü şəkildə
aktiv iştirak etməyə səsləyib: "Azərbaycan koronavirusa qarşı mübarizə aparmaq
üçün bütün imkanlarını səfərbər edən, o cümlədən peyvəndi tətbiq edən ilk ölkələrdən
biridir. Peyvəndlənmiş insanların sayına görə də Azərbaycan dünyada öndə gedən
ölkələrdəndir. Əvvəlki dövrlərlə müqayisədə COVİD-19-a qarşı peyvənd olunan vətəndaşlarımızın
sayı artır. İnsanlarımız dərk edir ki, pandemiyadan qorunmağın ən etibarlı
yollarından biri məhz peyvəndlənməkdir. İddia etmirik ki, peyvənd olunmuş şəxs
koronavirusa yoluxmayacaq. Bu, əsla belə deyil. Peyvəndlənən şəxs koronavirusa
yoluxa bilər. Amma COVİD-19-a qarşı peyvənd olunmuş şəxs koronavirusa yoluxarkən
xəstəliyi daha yüngül keçirir, həyatına qarşı təhlükə az olur. Dünyada mövcud
olan peyvəndlərin hər biri Azərbaycana gətirilib. Vətəndaşlarımız ölkəmizin
ayrı-ayrı səhiyyə müəssisələrində onlayn qeydiyyatdan keçib, növbə götürüb həmin
peyvəndlərdən birini pulsuz vurdura bilərlər. Bütün vətəndaşlarımızı peyvəndlənmə
prosesində daha aktiv olmağa səsləyirəm”.
Rufik İSMAYILOV