• cümə axşamı, 28 mart, 22:29
  • Baku Bakı 13°C

Yeddi müəllif

20.05.20 14:51 1896
Yeddi müəllif
Bu səfər yenə də musiqi haqqında danışacağıq. O musiqi ki, yaradılışı ən maksimal səviyyədə təmsil edir. Musiqinin müqəddəsliyi müqəddəsliyin musiqisindən yaranmışdır.
Bir əhvalat danışmaq, bəlkə də uydurmaq istəyirəm. Deyirlər, Tanrı musiqini bir işıq topu kimi göylərdə tuturdu. Sonra bir alman dahisi onu elə göylərdə yaxaladı və bizə tərəf çəkməyə başladı. Bu dahinin adı, heç sözsüz ki, İohan Sebastian Bax idi!
Mövzu seçimimizdəki unikallıq ondan ibarətdir ki, önümüzdəki bütün maneələr, o cümlədən din, milliyyətçilik və bu tip digər təəssübkeşlik divarları çox asanlıqla yıxılaraq, öz yerini gözəlliyin həqiqətinə, dolayısı ilə, həqiqətin gözəılliyinə verir. Heç burada məğlubiyyətin etirafına da gərək qalmır. Sərhədlər, maneələr elə gözəl, elə rəvan bir şəkildə yıxılır ki, adamın həmin o "dinçilərə", "milliyyətçilərə" və bütün pataloji təəssübkeşlərə, sadəcə yazığı gəlir. Çünki, zamanında Sebastian Baxın ən böyük düşmənləri elə alman xristianları idi. Onların da təxminən yüz il sonrakı etirafı da daldan atılan gül dəstəsi kimi topuğa dəydi. Bəli, nə az, nə çox, yüz il lazım oldu ki, Feliks Mendelson ortaya çıxsın və "Matfeyin əzabları" adlı tarixin ən böyük incəsənət nümunəsini ifa edərək, bütün Dünyaya sübut etsin ki, bir zamanlar Bax adında dahi bir bəstəkar olub. Özü də bu yüz il, Baxın ölümündən sonrakı yüz ildi. Yəni, onun həyatını da bu yüz ilin üstünə gəlin və görün, Tanrıya nə qədər bağlı olasan ki, nə sağlığında, nə də ölümündən yüz il sonra səni tanıyacaqlarını bilə-bilə yazasan, yaradasan! Bu, insana məxsus bir güc deyil. Bunu ancaq Tanrı bacarar! Məçhur bir misal var, deyərlər ki, ən böyük bəstəkar Motsartdır. Bəs Bax?! O bəstəkar deyil, katibdir! Bəli, İohan Sebastian Bax heç nəyi öz iradəsi və öz gücü ilə yazmadı. O sadəcə, diqtə olunanı kağıza və oradan da klavirə köçürdü.
Bu gün dünyada Baxsız bir saniyə belə keçmir. Dünya buna mexaniki olaraq məcburdur. Çünki, heç nə olmasa belə, ibtidai musiqi məktəblərindən tutmuş, ən nəhəng profesional ifaçılıq müsabiqələrinə qədər, Baxın əsərləri "məcburi proqram" deyilən bir prosedurdur. Allah eşqinə, siz söyləyin, başqa hansı yaradıcıya nəsib olar ki, onun əsərlərini həm beş yaşında uşaq, həm də dünya şöhrətli beynəlxalq müsabiqələr qalibi ifa etsin?! Bu sifət ancaq və ancaq bir yaradıcı olaraq, Tanrıya məxsusdur. Yalnız Onun əsərlərini hər kəs eyni susuzluqla həzm edə bilir. Baxa qədər musiqi yox idi desək, yalnızca üzdə yanılmış olarıq. İçdə isə, yerdən göyə qədər haqlıyıq. Yuxarıda dediyimiz qızıl top məsələsinə bir də qayıdaq. Bax təkcə temperasiyanı yaratmadı. O həm də musiqini, yəni Tanrının səsini anlaşılan hala gətirdi. Onu bizə yaxınlaşdırdı, onu əlçatan elədi. Bu mənada hər şey Baxdan sonra başladı. Nə hikmətdisə, üzərindən üç yüz ildən artıq zaman keçib, ancaq Dünya musiqisi hər yeni doğan planet kimi o Günəşin, yəni Sebastian Baxın cazibəsindən çıxa bilmir. Onun cazibəsindən çıxan hər şey məhv olur demirik, çünki dedik ki, heç nə onun cazibəsindən çıxa bilmir!
Musiqi hər yerdə mövcuddur. Başqa sözlə desək, hər yerin öz musiqisi var. Hər evin öz adəti, öz yeməyi, öz qoxusu olan kimi. Çinin də, İslam Şərqinin də, Rusiya və Qıpçaq çöllərinin də, antik Yunan və Balkanların da. Lakin, milli və dinsəl təəssüb buraya qədər işə yarayır. Bundan o tərəfi isə, sadəcə aqressiyadır. Heç kimsə "bizim musiqimiz Dünyadakı hər şeyin üstündədir" deyə bilməz. Deyirlər, ancaq belə bir haqqa, belə obyektivliyə sahib deyillər. Onlar sadəcə, sözün nə dərəcədə ucuzlaşa biləcəyini nümayiş etdirirlər. Çünki işin içində "bizim" var. Bəlkə də "mənim" kəlməsi "bizim" kəlməsindən daha üstündür. Zira, fərdi eqonu yenə nə iləsə izah etmək olar. Ancaq toplumsal üstünlük dəliliyə belə sığmr!
"Folklor" xalq sənəti deməkdir. Fəqət profesional musiqi xalq sənəti yox, Haq sənətidir. Yəni, toplumun dayazlığa məhkum olan ümumiləşmiş duyğularını deyil, fərdin dərinliyə sahib olan xüsusiləşmiş duyğularıdır. Bu duyğular Tanrı tərəfindən bağıraraq söylənilməz. Ümumiyyətlə, Tanrının bacarmadığı yeganə iş zordur! O özünü qulaqlara və oradan qəlblərə əmanət etmişdir. Şərqin sufiləri demişkən,sözünü xəlq içində yox, xülq içində söylər. Yəni, xilqətin əslinə, batininə xitab edər. Elə buna görə də seçilmişlərin heç nəyi, hətta adları belə, nəinki təsadüfi deyil, hətta hesablanmış bir teologiyadır. Məsələn, elə Baxın öz adına, daha doğrusu, o məşhur soyadına nəzər salaq. Anqlo-sakson əlifbası ilə, bu ad BACH şəklində yazılır. Latın qrafikasında da bir növ ərəb əlifbasındakı əbcədə bənzər, ancaq çox sadə bir rəqəmsal sistem vardır. Belə ki, hərfləri təmsil edən rəqəmlər onların əlifbadakı yeri ilə mütənasibdir. B hərfi 2, A hərfi 1, C hərfi 3, H hərfi isə 8 rəqəmini ifadə edir. Bunların toplamı isə 14 edir ki, bu rəqəmin də demək olar ki, bütün mədəniyyətlərdə, o cümlədən də monoteist dinlərdə xüsusi yeri və simvolikası vardır. Məsələn, islamiyyətdəki 14 məsumdan tutmuş, hürufilikdəki 14 xət və cizgiyə qədər bir çox şey bu rəqəmlə qeyri-təsadüfi şəkildə simvolizə edilir. Eləcə də xristianlığın özündə Tanrı, İsa və on iki həvvari olaraq, 14 rəqəmi müqəddəslik artibutu sayılır. Eləcə də bu sıralamanı Tanrı, Məcdəlili Məryəm (Mariya Maqdalena) və on iki həvvari kimi yorumlayanlar da var. Ümumiyyətlə isə, Baxın bütün əsərləri rəqəmsal simvolika ilə elmi şəkildə izah edilir. Onu da qeyd edək ki, təxminən eramızın 4-cü əsrinə dayanan mənbələrə əsasən, tarix boyu musiqi bir incəsənət nümunəsi olaraq yox, rəqəmləri təmsil edən dəqiq mexanika kimi qəbul və dərk edilmişdir. Cəsarətlə demək olar ki, Sebastian Bax musiqini təkcə kilsənin monopoliyasından çıxarmadı, həm də onu gözəlliyin və fərdi insan ronantikasının sərhədlərinə yaxınlaşdırdı və onu mümkün hala gətirdi. Yəni, musiqini hesablama mexanikasına yardım edən bir şeydən arta, yəni incəsənətə çevirdi. Məhz Baxdan sonra, tərs məntiqlə düşünsək, "bizim" musiqi anlayışı formalaşmağa başladı. Belə ki, Baxdan sonra "bizim" olmayan, hər kəsin musiqisi yarandı. O zamana qədər Şərqdə də, Qərbdə də Tanrının səsi başqaydı, xalqın foklorik estetik məfkurəsi başqa. Yox, Sebastian Bax onları birləşdirmədi. O, Tanrını insan səsiylə dilləndirdi.
Baxın adındakı rəqəmlərlə, hərflərlə və onların səslərlə bağlantısıyla əlaqədar başqa bir gözəl və əsrarəngiz məqama da nəzər yetirmək istərdik. Almancadakı BACH kəlməsini oktava daxilindəki səslərin başqa adlarıyla, yəni C (Do), D (Re), E (Mi), F (Fa), G (Sol), A (Lya), H (Si) ilə assosiasiya edək; belə ki, orta əsrlər Avropasında birinci səs Do yox, Lya hesab edilirdi. Necə ki, bütün Şərq məqam musiqisində birinci pərdə "Rast" olaraq, Sol notu olmuşdur və profesional Şərq muğam nəzəriyyəsində bu, indi də belədir. Beləliklə, B Si bemol, A Lya, G Do, H Si olaraq, dörd səsdən ibarət gözəl bir melodiya alınır. Yanında musiqi aləti olanlar elə indicə bu anı praktik sınaqdan keçirə bilərlər. Bu melodiya təkcə gözəl deyil, həm də klassik barokkonun təməl melodik törəmələrinin ana xəttini təşkil edir. Bu estetikanın ülviliyi və Tanrısallığı, ancaq eyni zamanda əlçatan insaniliyini o qədər gözəl, o qədər cazibədardır ki, deyirlər Baxı sevməyən, ümumiyyətlə, musiqidən heç nə anlamır! Kobud səslənsə də həqiqətdir və yuxarıda söylədiyimiz kimi, məğlub olanların üzücü etirafına da ehtiyac qalmır.
Bu səfər yenə də musiqinin ciddi və qəliz tərəfindən söz açdıq. Lakin mən hər zaman israr etmişəm ki, qeyri-ciddi və asan musiqi yoxdur. Daha doğrusu, onlar musiqi deyil! Yenə də hər zaman hayqırdığım kimi, nə üçün hər kəs rəssam, memar və ya heykəltəraş ola bilmir, ancaq təhsilsiz, xüsusi olaraq illərini və zəhmətini sərf etməyən, azacıq musiqi duyumu olan istənilən şəxs musiqiçi ola bilir?! Mən bu dillemmanı heç cür çözə bilmədim. Musiqi kimi dərin, Tanrısal və gerçəkdən də ciddi bir incəsənət növü necə olur ki, belə asanlıqla populyar kültürün bir parçasına çevrilə bilir? Ancaq gözəl və məntiqli bir təsəlliyə də sahibəm ki, yuxarıda qeyd etdiyim kimi, onlar musiqi deyil. Çünki, məsələnin kökü kifayət qədər dərindədir. Necə ki, Lenardo Da Vinçi rəssamlığı ikonalığın əlindən aldı, eləcə də Bax musiqini kilsənin hakimiyyətindən xilas etdi. Da Vinçinin o qədər məsum olmayan heyrətamiz Məsihi, Baxın mühafizəkar dindarların qulaqlarını cırmaqlayan "kafir" harmoniyalarına nəinki bənzəyir, hətta məna və məzmun etibarilə onlarla eyniyyət təşkil edir. Ancaq Da Vinçi də, Sebastian Bax da rəngləri və musiqini insaniləşdirmədi, əksinə, Tanrını rəngləndirdi və musiqiləşdirdi. Baxa qədər insanlar Tanrı üçün oxuyurdular. Baxdan sonra Tanrı insanlar üçün oxumağa başladı. Təkcə ifaçı Baxı ifa etmir, həm də Bax onu ifa edir. Məşhur Rus bəstəkarı və pianoçusu Sokolovun qəribə bir xatirəsi var. Deyir ki, gənc yaşlarımda yaşadığım qəsəbədəki evimizin qonşuluğunda 13 yaşlı bir qız uşağı piano dərsinə gedirdi. Bir gün anasından izin alıb ona baş çəkmək istədim. Və gördüm ki, bu qızcığaz başqa bəstəkarların pyeslərini elə-belə, ibtidai təhsil səviyyəsində çalır, ancaq Baxın prelüdlərini olduqca ürəkdən və profesionalca ifa edir. Halbuki, ikincilər daha çətin əsərlərdi. Anası mənim bu heyrətimi anlayaraq, yavaşca pıçıldadı ki, mənim qızım tez-tez kilsəyə, dua etməyə gedir və ona görə Baxı belə yaxşı çalır. Əlbəttə on üç yaşlı qızcığaz bunu məqsədli və şüurlu şəkildə etmirdi. Sokolov deyir, mən başa düşdüm ki, o uşaq ümumiyyətlə heç nə etmir. Nə edirsə, Bax özü edir. Yəni, sən onu dərk etdiyin kimi, o da səni dərk edir. Lakin onun səni ifa etməsi üçün, sənin içində musiqidən, yəni profesional ifaçılıqdan başqa şeylər olmalıdır. Bu mənada Bax təkcə musiqi deyil! O pərgarın iynəsi kimi bir şeydir. Tanrı isə pərgarın özüdür. Baxdan sonra musiqi nə qədər genişlənir genişlənsin, həmin pərgarın özü qədər açılacaq. Tanrı isə, nə qədər geniş, nə qədər sonsuz pərgar olsa da, onun məlum bir nöqtəyə dikilmiş iynəsi vardır. Deməli, hər şey o iynəyə, yəni İohan Sebastian Baxa bağlıdır!
Bütün bu deyilənləri toparlasaq, belə bir qənaətə gəlmək olar ki, musiqinin müəllifi təkcə bəstəkar deyil. Ortaq düşüncələrdən doğan təxmini hesablamalara görə, musiqinin aşağı-yuxarı yeddi müəllifi vardır. Onlardan birincisi, əlbəttə ki, Tanrının özüdür. Buna başqa nə ad verirsəniz verin, müəllif deyə tanıdığımız bəstəkar ilkin və təməl səsləri özündən yox, başqa bir mənbədən alır ki, yazı müəllifi olaraq, bayaqdan sürdürdüyümüz məntiqə zidd getməyərək, bu mənbənin Tanrı olduğunu iddia edirik. İkinci müəllif təbii ki, bəstəkarın özüdür. Onun əsas fiqur görünməsinin əsas səbəbi isə, özündən sonra gələn beş müəllifin deyil, özündən əvvəl gələn tək müəllifin, Tanrının görünməməsidir. Necə deyərlər, hər şeyi görən Tanrını görməz, çünki hər şey Tanrı deyil. Tanrını görən hər şeyi görər, çünki Tanrı hər şeydir! Üçüncü müəllif notlardır. Məşhur Qvido de Arestonun əvvəl dördxətli və rəngli olub, az sonra rəngsiz beşxətli sistemi həqiqətən də əsas müəlliflərdən biridir. Çünki not bir əlifbadır. Dolayısı ilə, məchulun məluma dönüşməsini təmin edən müqəddəs yazıdır, səmavi kitablara bənzər bir şeydir. Üstəlik, bir bəstəçi olaraq, onu da qeyd edim ki, musiqi notlara töküldüyü zaman müəyyən dərəcədə dəyişilir. Bəstəkarlar çox zaman bu yarımçıqlıqdan şikayət edir. Bu paranormal fenomeni isə çözmək hələ ki, mümkün olmayıb. Dördüncü müəllif isə, gözlənildiyi kimi, ifaçıdır. Bəstəkarın Tanrıdan alıb, notlara çevirdiyini gerçəkləşdirən fiqur. Yəni, eşidilməsi gərəkən görüntünü öz məqsədinə çatdıran bir isim. Burada üç mərhələli bir proses gedir. Musiqi öncə eşidilir - ancaq yalnızca bəstəkar tərəfindən. Sonra isə, o səs yazıya, yəni səsdən görüntüyə çevrilir. Üçüncü mərhələdə isə, bu görüntü təkrar səsə çevrilir. Lakin onu bu dəfə təkcə bəstəkar yox, hamı eşidir. Dördüncü müəllifin, yəni ifaçının incə ayrıntısı, dolayısı ilə müəllifliyi bundan ibarətdir ki, onun interpritasiyasında musiqi tamamilə özünəməxsus və hər dəfə, hər kəsin ifasında yeni əsər olaraq səslənir. Beşinci müəllif musiqi alətidir. Bu çox mühüm və bir qədər də texnika ilə ruhun təmasını ehtiva edən faktordur. Hər musiqini hər alətdə ifa etmək olmaz. Hətta bir musiqini iki eyni alətdə belə ifa etmək çətinliyi də vardır ki, bu da məsələnin çox daha incə məqamlarıdır. Altıncı müəllif akustikadır. Yəni, daha geniş anlamda desək, məkan. Məkanın vacibliyi hətta musiqi janrlarının əmələ gəlməsinə də səbəb olub. Hətta akustika o qədər incə məsələdir ki, bir dəfə dahi Qustav Maler öz simfoniyasının ifa ediləcəyi zalda öncədən məşq edərkən, bir çox alətləri partituradan çıxarmışdı ki, onlar bu zalda səslənməyəcək (yəni pis səslənəcək). Və hələ ki, sonuncu, yəni yeddinci müəllif tamaşaçı, daha doğrusu, dinləyicidir. Bəli, bu müəllif elə-belə dayanmayıb yekun mərhələdə. Əsərin taleyi, yəni onun ömrü, uğuru və uğursuzluğu bu müəllifdən çox asılıdır. Əlbəttə ki, söhbət hazırlıqlı, təhsilli və ciddi dinləyicidən gedir ki, belə bir amil həqiqətən də ciddi bir müsiqinin həmmüəllifi olmağa layıqdir.
Mən isə sonda bütün bəşəriyyətin yaxın aqibətinə ciddi və Tanrısal musiqi arzulayıram. Başqa bir şey əlimdən gəlmir və məncə, bundan başqasına da ehtiyac yoxdur...
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər