• çərşənbə, 17 Aprel, 02:14
  • Baku Bakı 14°C

Yazır, paylaşır, inanır və inandırırlar

20.05.20 14:36 1013
Yazır, paylaşır, inanır və inandırırlar
Ekspertlər hesab edirlər ki, "feyk” xəbərin həqiqi xəbərdən ayırd edilməsi üçün informasiya mühiti zənginləşməli, alternativ informasiyalar əlçatan olmalıdır
İnsanlar internetdə yayılan müxtəlif cəfəng xəbərlərə asanlıqla inanırlar. Xüsusən, o xəbərlər günümüzə uyğun təhlükəli koronavirus haqqındadırsa, onu daha tez tirajlayırlar. Nəticədə sosial media platformaları, bir çox hallarda elektron media pandemiya infeksiyası haqqında yalan xəbərlərlə aşıb-daşır.Hazırda bütün dünya karantin qaydaları ilə yaşayır, internet də hamı üçün əsas informasiya mənbəyinə çevrilib. Cəmiyyət koronavirus haqqında bu cür şayiələrin arxasınca gedərək, onlara təkcə inanmır, hətta həvəslə paylaşır. Hərçənd rəsmi orqanlar tərəfindən «yalnız rəsmi mənbələrə inanın, onları paylaşın və istinad edin» deyilsə də, xeyri yoxdur... Bəs "feyk” xəbərlərə qarşı necə mübarizə aparmaq olar?
Təəssüf ki, bu gün koronavirusla bağlı təkcə ölkəmizin deyil, dünyanın internet mənzərəsi oxşardır. Məsələn, Rusiyada qeyd edirlər ki, "feyk” xəbərlər şəbəkədə hələ martda yayılmağa başlayıb. Belə ki, sosial şəbəkələrdə rəsmi mənbələrin vacib xəbərlərinə "feyk” xəbərlərdən daha az rast gəlinir. Sanitar işlərlə, xəstələnənlərin sayı, ölümü, dezinfeksiya məsələləri ilə bağlı saxta məlumatlar geniş tirajlanır. Adamlarda sanki "evin içində gizlənmək lazımdır” kimi xof yaradırlar. Virusun Çin alimləri və ABŞ Xüsusi Xidmət Orqanları tərəfindən bioloji silah kimi hazırlanması, dünya iqtisadiyyatını çökdürməyə hesablanması, dinlərə qarşı mübarizə aparılması və s. məqsədlərlə istifadə olunması ilə bağlı xəbərlərdən tutmuş "Mikrosoft” şirkətinin yaradıcısı Bill Qeytsin insan orqanizminə çip yerləşdirilməsi ilə bağlı xəbərlərə qədər...
Böyük Britaniyada konsiroloji nəzəriyyə 5G-yə keçidin infeksiyanın yayılmasını genişləndirməsi ilə əlaqədardır. Yerli insanlar da qəzəblə hər an telekommunikasiyanı məhv etməyə hazırdırlar. Mobil operatorlar insanlara müraciət edərək onları düşünülməmiş səhvlər etməməyə çağırıblar: «Bu cür etirazlar təkcə əsassız deyil, eyni zamanda insanlar və biznes üçün təhlükəlidir». "Facebook” və "YouTube” onların köməyinə gələrək yayılmış saxta informasiyaları blok etməkdə kömək edib.
Digər tərəfdən, "feyk” xəbərlərə qarşı mübarizəni uzun illərdir ki, bütün dünya aparır. 2019-u ilin aprelində Britaniya hökuməti bununla bağlı hökumətə ölçülər götürməyi tapşırdı. Belə ki, istifadəçilərin arzu olunmayan kontentlərdən – uşaq pornoqrafiyası, zorakılığın təsviri və s. mövzulardan uzaq olmaları, dezinformasiya ilə yüklənməmələri üçün təkliflər səsləndirdi. O cümlədən, Çin hökuməti də mart ayından başlayaraq şəbəkələrdə yayılan şayiələrə qarşı ölçülər götürməyə başladı. Bu xəbərləri yayanlar cərimə olundular, həbsxana barmaqlıqları arasına düşdülər. Eyni zamanda, İran, Səudiyyə Ərəbistanı, Misir, Türkiyə, Balkan yarımadası ölkələrində də vətəndaşların yalanlarını qanunvericiliklə məhdudlaşdırma yollarına əl atıldı. Hətta yalan informasiyaların yayılmasından şikayətlənməyən bəzi Qərb ölkələri də bu istiqamətdə qərarlar qəbul etməyi düşündülər. «Dialoq” analitik xidmətinin rəhbəri Timorfey Vi qeyd edir ki, hələlik, bütün ölkələr "feyk” xəbərin yaranması və yayılmasına görə cəza tədbirlərinin tətbiqi üçün eyni istiqamətdə hərəkət edirlər: "Bu tip xəbərlər virusun özündən də təhlükəlidir. Bu baxımdan, saxtalıqla mübarizəni birgə aparmaq lazımdır. Təəssüf ki, insanlar müxtəlif cəfəng xəbərlərə çox asanlıqla inanırlar. Onlar xəbəri dəqiqləşdirmədən paylaşırlar”. Təşkilatın əməkdaşları koronavirus haqqında "feyk” yeniliklərin monitorinqini aparırlar. Təşkilat rəhbərinin sözlərinə görə, heç bir ölçü öz-özlüyündə effektli deyil: "Cərimələr - lazımlı tədbirdir, ancaq məsələnin həlli üçün kifayət deyil”.
Mayın 1-də "Rossiya-24” kanalının «Beseqon» müəllif proqramında Nikita Mixalkov «Mikrosoft» şirkətinin yaradıcısı Bill Qeysin dünya əhalisinin sayını azaltmaqdan ötrü insanlara çip yerləşdirmək haqqında planlarından danışıb. Mixalkov öz fikirlərini əsaslandırmaq üçün kampaniyanın hansısa patentlərini də nümayiş etdirib. Telekanal buraxılışın təkrarı zamanı verilişdə müəyyən ixtisarlar edib. Mixalkov isə bunu senzuranın yaranması ilə əlaqələndirib. Bir qədər keçəndən sonra bu konspiroloji nəzəriyyə ilə bağlı aparıcı Aleksey Pimanov «İnsan və qanun» jurnalında çıxış edib. Elə həmin həftə baş prokurorluq koronavirusa qarşı mübarizə qismində bəşəriyyətin cipləşdirilməsini, virusun süni təbiəti haqqında söylənənləri "feyk” xəbər adlandırıb. Mayın 7-də isə Moskva prokurorluğu bu cür informasiyaların yayılmasına qarşı cinayət işi qaldırılmasını tələb edib.
Britaniya hökuməti "feyk” xəbərlərlə mübarizəyə dəstək olaraq üzərinə ciddi vəzifə götürüb. Belə ki, hökumət keçən il yeni sərt müdafiə tədbirləri elan edib və ölkənin onlayn ünsiyyət üçün dünyada ən təhlükəsiz yer elan olunması çağırışlarını səsləndirib. Hazırda sosial şəbəkələr və digər onlayn platformalar istifadəçilərin qarşısına xoşagəlməz mövzulardan qorunmaq üçün böyük cərimələr və bloklanma təhlükəsi qoyur. Hər bir şirkət də öz əməkdaşları qarşısında bu baxımdan məsuliyyət daşıyır. «İnternet, ola bilər ki, bütün dünyada insanların əlaqəsi üçün möhtəşəm vasitədir, ancaq uzun müddətdir ki, şirkətlər istifadəçilərin müdafiəsi üçün kifayət qədər lazım olanları yerinə yetirmirlər. Xüsusən, gənclər və uşaqlar üçün bu, vacib amillərdir”- deyə ölkə parlamentində səslənib: "COVİD-19 pandemiya elan olunandan oxşar xəbərlər bizim sosial platformaların əsas xəbərlərinə çevrilib. Mövzu ilə bağlı insanlar heç bir xəbəri diqqətdən kənarda qoymurlar. Yazır, paylaşır, inanır və inandırırlar. "Feyk” xəbərlərin yayılmasına bu qədər meydan vermək olmaz”.
Qeyd edək ki, bizim ölkədə sosial şəbəkələrdə, bəzi mətbu orqanlarda koronavirus infeksiyası ilə bağlı müxtəlif xəbərlər yayılır, bir çox hallarda rəsmi mənbələrə istinad edilmir. Təbii ki, bu cür xəbərlər insanlar arasında çaşqınlıq yaradır. Ən pisi isə onların doğru xəbəri qoyub yalan məlumatlara inanmalarıdır. Ekspertlər hesab edir ki, yalan məlumatların qarşısını almaq üçün məlumatın əlçatanlığından və açıqlığından istifadə etmək, auditoriyaya "feyk” xəbəri necə ayırd etməyi öyrətmək lazımdır.
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün fikrincə, "feyk” xəbər bütün zamanlarda olub və gələcəkdə də olacaq. Sadəcə, oxucular gərək diqqətli olub "feyk” xəbəri həqiqi xəbərdən ayırmağı bacarsınlar: "Bunun üçün də gərək ilk növbədə həqiqi xəbərin özü tapılsın. Hesab edirəm ki, həqiqi xəbərin olması üçün informasiya mühiti zənginləşməli, alternativ informasiyalar əlçatan olmalıdır. İlk növbədə rəsmi informasiyalar vaxtında verilməlidir ki, saxta xəbər ayırd edilsin. Digər tərəfdən, qısa bir araşdırma aparıb xəbərin "feyk” olmasını təxmin etmək olar. Məsələn, hansı resursda yayılır,” google”da axtarış etməklə mənbələrini axtarmaq olar və s. İndi hər bir adamın əlinin altında internetə çıxışı olan əlçatan alətlər var. Xəbəri dəqiqləşdirmək üçün əziyyət çəksə, bu alətlər vasitəsilə xəbərin həqiqiliyini ayırd edər». AİF rəhbəri hesab edir ki, "feyk” xəbərlərin yayılmasının qarşısını almaq üçün aidiyyəti qurumlar ölkə qanunvericiliyinə görə, saxta xəbərin məsuliyyət yaratması ilə bağlı araşdırma aparıb müəyyən tədbirlər görə bilərlər: «Düşünmürəm ki, bu məsələdə maarifləndirmə tədbirlərinin hər hansı rolu olsun. Oxucuların sayı kütləvidir, o cümlədən sosial media da kütləvidir. Xəbəri dəqiqləşdirmək üçün oxucunun özündən çox şey asılıdır. İnternet, sosial media açıq şəbəkədir. Bu məkanda yalan da ola bilər, doğru da. Bu baxımdan, oxucu özü bir qədər hazırlıqlı olmalıdır ki, yalanı doğrudan ayıra bilsin. Həmçinin xəbəri yayanın öz məsuliyyəti olmalıdır».
İnformasiya texnologiyaları üzrə ekspert Cəlil Qasımbəyli də hesab edir ki, "feyk” xəbərlər, istər-istəməz yayılacaq: "Oxucular daha çox rəsmi mənbələrə istinad etməlidirlər. Onlar koronavirusla bağlı internet üzərində hər gördükləri məlumata inanmamalı və rəsmi mənbələrin məlumatını əldə etməlidirlər”. Ekspertin sözlərinə görə, bütün dünya ölkələrində koronavirusla bağlı rəsmi məlumat mənbəyi var: "Xəbərlərin nə dərəcədə doğru və yalan olmasını insanlar özləri dəqiqləşdirməlidirlər. Əgər hər hansı müstəqil media qurumunda istinad mənbəyi göstərilmədən xəbəri oxuyarlarsa, həmin məlumata etibar etməməlidirlər”. C.Qasınbəylinin fikrincə, "feyk” xəbərləri yayanlarla bağlı hüquq-mühafizə orqanları qərar verməlidirlər: "Bununla bağlı bizim yalnız təklifimiz ola bilər. Hər hansı cəza tədbirlərinin görülməsi – cərimə, inzibati cəzalar, xəbərdarlıq, töhmət və s. tədbirlər artıq hüquq-mühafizə orqanlarının işidir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər