• çərşənbə axşamı, 23 aprel, 16:33
  • Baku Bakı 24°C

Yazın oğlan çağında qış sazağı

24.04.19 10:00 630
Yazın oğlan çağında qış sazağı
Builki yaz fəsli adət etdiyimizdən bir qədər fərqli keçdi. Artıq yazın ikinci ayında üçüncü ongünlüyü yaşasaq da, havalar isinmək bilmir. Elə mütəxəssislər də belə hava şəraitinin aprel ayı üçün səciyyəvi olmadığını və son 30 ildə Azərbaycanda müşahidə edilmədiyini qeyd edirlər. Bəs görəsən yaz yox, daha çox qışı xatırladan belə hava şəraiti kənd təsərrüfatı sahəsinə hansı təsir göstərəcək? Təsərrüfata dəyən ziyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlibildirdi ki, bu məsələ regionlarda istehsalçılar arasında ajiotaja səbəb olub: "Sosial şəbəkələrdə də bu haqda müxtəlif fikirlər səsləndirilsə də, qeyd edim ki, fikirlər heç də həqiqəti əks etdirmir. Çünki hazırda regionlarda temperatur 5 dərəcədən aşağı deyil. Əgər temperatur mənfi dərəcəyə düşsəydi, bəzi problemlərə səbəb ola bilərdi. Soyuq havaların meyvəçiliyə təsirinə gəldikdə, deyə bilərəm ki, yağışlar ağaclardakı zərərvericilərin hərəkətini yubatdı və eyni zamanda ağacların kök sisteminin yuyulmasına kömək etdi. Amma çəyirdəkli meyvələrin inkişafına müəyyən qədər mənfi təsir göstərdi, xüsusən tozlanma prosesi bir-iki həftə ləngidi. Meyvəçilikdə çox rast gəlinən dəmgin xəstəliyi regionlarda geniş yayılıb. Bu xəstəlik, adətən, torpaqdakı nəmişlikdən ağaca keçir və genişlənir. Ona görə də, fermerlər yaxşı olardı ki, temperatur yüksəldikdən sonra bu xəstəliyə mütləq nəzarət etsinlər. Xəstəliklə mübarizə tədbirlərinin aparılması vacib şərtdir. Çünki temperaturun aşağı düşməsi bu xəstəliyin yayılma arealını genişləndirə bilər. Havaların soyuq keçməsinin meyvəçiliyə bundan başqa ciddi təsiri yoxdur. Çəyirdəkli meyvələrdən yalnız əriyin məhsuldarlığı azala bilər. Çünki ərik çəyirdəkli meyvələr arasında ən tez çiçəkləyən ağacdır. Bu havalar onun çiçəkləmə prosesinə mənfi təsir göstərə bilər. Gilas ağacları isə hələ ki, çiçəkləmədiyinə görə, soyuq havaların mənfi təsiri olmayacaq. Taxılçılığa gəldikdə isə hər il Azərbaycanda 960 min hektar taxıl və taxıl məhsulları əkilir. Bunun təqribən 60-70 faizi dəmyə ərazilərdə əkilir. Bu mənada havaların yağmurlu keçməsinin taxılçılığa böyük faydası var. Çünki torpaqda su ehtiyatı toplanır. Lakin temperatur yüksəldikdən sonra alaqların kütləvi inkişafı olur. Fermerlər bu amili mütləq nəzərə almalıdırlar. Bu ərəfədə birləpəli və ikiləpəli alaqlar sürətlə inkişaf etməyə başlayır. Fermerlər bu prosesə hazır olmalıdır. Çünki alaqlara qarşı mübarizə tədbirlərinin aparılması mütləqdir. Bu məsələ isə müəyyən maliyyə vəsaiti tələb edir. Təsərrüfatda əsas yer tutan üzümçülüyə gəldikdə isə hal-hazırda üzümçülükdə zoğ inkişafı dövrüdür. Yəni soyuq havaların üzümçülüyə mənfi təsiri yoxdur. Amma üzümçülükdə ən ciddi xəstəlik olan immodium xəstəliyi belə havalarda artır. Məsləhətdir ki, temperatur düzəldikdən sonra immodium xəstəliyinə qarşı müvafiq tədbirlər görülsün”.
Ekspert bildirdi ki, açıq sahədə tərəvəzçilik üçün yağmurlu havaların faydası var: "Çünki şitillər artıq sahəyə köçürülüb. Bu yağıntıların düşməsi şitillər üçün əlavə su ehtiyatı yaradır. Lakin yazlıq əkinin səpinində bir-iki həftəlik gecikmələr müşahidə olunur. Xüsusən pambıq və qarğıdalı səpini iki həftəyə yaxın gecikdi. Proqnozlara görə, havanın temperaturu bu gündən etibarən yüksələcək. Amma dərhal əkin işlərinə başlamaq mümkün deyil. Çünki sahələrdən suyun çəkilməsini gözləmək lazımdır. Texnikanın hərəkəti rahat olmur. Torpaq adamları çalışmalıdır ki, optimal vaxtda pambıq və qarğıdalı əkinini həyata keçirsinlər. Ümumilikdə götürdükdə, yağıntılar qar və yağışla müşahidə olundu, yəni doluya çevrilmədi. Həmçinin respublikada mənfi temperatur müşahidə olunmadı. Yağmurlu havalar müəyyən problemlərə yol açsa da, böyük risklər formalaşdırmadı. Havanın təsərrüfata vurduğu ziyanın qarşısının alınması üçün müxtəlif tədbirləri həyata keçirilə bilər. Məsələn, meyvəçilikdə fermerlər xüsusi tərkibli dərmanların istifadəsinə fikir verməlidir. Dəmgin xəstəliyinə qarşı istifadə olunan dərmanlar birdəfəyə öz təsirini göstərmir. Ona görə də, bağbanlar bundan bir neçə dəfə istifadə etmək məcburiyyətində qalır. Temperatur qalxan kimi taxıl sahələrində alaqlara qarşı herbisit dərmanlarını tətbiq etmək olar. Yoxsa, bu alaqlar sürətlə inkişaf edərək torpağın tərkibindəki mineral maddələri özünə çəkir. Çalışmaq lazımdır ki, pambıq və qarğıdalı əkini sürətlənsin, əgər bu olmasa, sahədə təkrar əkin gedəcək. Təkrar əkin isə fermer üçün əlavə xərc deməkdir. Bu problemləri aradan qaldırmaq üçün fermerlər torpağın nəmi çəkilən kimi səpini həyata keçirməlidir”.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev"Kaspi”yə açıqlamasında bildirdi ki, havaların qeyri-stabil keçməsi iqlim şəraiti ilə bağlıdır: "Bu mövsümdə havaların təsərrüfata vurduğu ziyanın qarşısını almaq bir qədər çətin olur. Düzdür, belə havalar kənd təsərrüfatının müəyyən sahələrinə müsbət, bəzi sahələrinə isə mənfi təsir göstərir. Məsələn, yağışlı havaların taxılçılıq sahəsinə olduqca müsbət təsiri var. Amma meyvəçiliklə bağlı eyni şeyi demək olmaz. Xüsusən yağıntı, erkən yazda çiçəkləyən meyvə ağaclarının çiçəklərini tökür. Bu isə məhsuldarlığa ciddi ziyan vurur. Neqativ təsirlərin aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür. Profilaktik tədbirlər bu mənada böyük əhəmiyyət kəsb edir. Ümumilikdə götürdükdə isə yağmurlu havaların kənd təsərrüfatına vurduğu ziyanın qarşısını tam olaraq almaq mümkün deyil”.
Şəbnəm
banner

Oxşar Xəbərlər