YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

"İndi
Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik
quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli
yazı normaları vardır”
Heydər Əliyev
Hər
bir ədəbi dilin inkişafında dəqiq müəyyənləşdirilmiş orfoqrafiya qaydalarının
xüsusi əhəmiyyəti vardır. Qərbdə ciddi orfoqrafiya çalışmalarına erkən yeni
dövrlərdən başlanmışdır. Hələ ingilis qrammatiki Ceyms Qrinvud 1753-cü ildə
orfoqrafiyanı düzgün yazmaq sənəti kimi xarakterizə edirdi. Amerikalı yazıçı və
bukinist Yakob Kaminqz (1823) orfoqrafiyanı, yaxud imlanı heca və sözləri öz
spesifik hərfləri vasitəsilə ifadə etmək sənəti adlandırırdı. İngilis alimi
Albert Rayta (1870) görə, orfoqrafiya hərflərin təbiətini və gücünü, eyni
zamanda imla (yazı) qaydalarını öyrədir.
Orfoqrafiyanı
sosial norma hesab edən və onun dəyişdirilməsinin problemlər yaratdığını iddia
edən Liej Universitetinin professoru Jan-Mari Klinkenberq yazır:
"...Orfoqrafiyanı dəyişdirmək Günəşə Qərbdən çıxmağı əmr etmək kimi bir
şeydir...” Hətta o, orfoqrafiyanı ətrafında kainatın dövr etdiyi bir mehvərə bənzədir.
Hər
şeydən əvvəl, qeyd etmək lazımdır ki,
dilin fonetikası, səs quruluşu, eyni zamanda alliterasiya, ritm, qafiyə,
epifora, dissonans, anafora, müxtəlif növ səs təkrarları, assonans, proteza,
epenteza, paraqoqa kimi stilistik üsullar və fonoloji deviasiya fiqurlarının,
seqmental işarələrə daxil olan sait və samitlərin, supraseqmental işarələrə aid
vurğu, pauza, qovuşma, morfem, səs yüksəkliyi və sairlərin öyrənilməsi dilin
orfoqrafik özülünə elmi nüfuz etməyin labüd üsullarındandır. Bilməliyik
ki, dilin akustik strukturu üçün vacib olan bütün bu elementlər mətnin fonoestetikasının
əsasını formalaşdırır. Səslərin ardıcıllığı qanunundan çıxış edərək
deyə bilərik ki, dəyişmə morfoloji vahidlərin əvvəlində
(proteza), ortasında (epenteza) və yaxud sonunda (paraqoqa) gələ bilər.
Müxtəlif hecalara məxsus iki saitin bir hecada, hətta bir monoftonqda birləşməsi
sinerezis, son saitin eliziyası qaydasına müvafiq olaraq bir sözün son saitinin
digər sözün başlanğıc saiti ilə qovuşması isə sinalefa hadisəsi kimi meydana
çıxır. Fonoloji elementlərin subtraksiyası daha çox nəzm tələblərindən irəli gəlir.
O zaman akustik fiqurlar və tələffüz fiqurları stilistik konvergensiyanı
yaradır. Beləliklə, qaydalara riayət edilməsi mətndə söz ehtiyatının
strukturlaşmış xarakteri ilə nəticələnir. Bu zaman orfoqrafiya ilə
orfoepiya, deviasiya arasındakı fərqləri nəzərə almaq zərurəti ortaya
çıxır.
Müasir Azərbaycan
ədəbi dilinin əsas şöbələrindən olan orfoqrafiya düzgün yazı qaydalarından bəhs
edir. Yazı dil ilə ifadə olunan fikirləri, duyğuları başqalarına çatdırmaq üçün
insanlar arasında vacib sosial vasitədir. Yazı bəşəriyyətin tərəqqisi üçün
yeni-yeni perspektivlər açır. Mədəniyyətlərin sürətli inkişafı da məhz yazı
vasitəsilə gerçəkləşir. Mədəni irsin qorunub-saxlanılmasında yazının müstəsna əhəmiyyəti
vardır. Dil kimi, yazı da xətti-obrazlı tipdən hərfi-fonetik tipə doğru inkişaf
etmişdir.
Orfoqrafiya
qaydalarının müəyyən edilməsində fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici,
etimoloji və digər prinsiplərdən istifadə olunur. Deməli, orfoqrafiya söz və
morfemlərin normativ yazılışını tənzimləyən ümumi qəbul olunmuş qaydalar
sistemidir. O, ümumxalq dilinin, vahid dilin, xüsusən, mədəniyyətimizin ən
vacib vasitələrindən biri sayılan yazılı nitqin qanuniləşmiş normasıdır.
2018-ci ildə "Azərbaycan dilinin Orfoqrafiya lüğəti”nin növbəti 7-ci
nəşri planlaşdırılır. 6-cı nəşrdəki ciddi qüsurlar haqqında mətbuatda geniş
yazılıb, diskussiyalar açılıb. Bu yanlışlıqlardan uzun-uzadı bəhs etmək niyyətim
yoxdur. Ümid edirik ki, növbəti nəşrdə həmin iradlar nəzərə alınacaq.
"Orfoqrafiya lüğəti”ni həmişə dilimizdə mövcud yazı qaydalarının son
istinadgahı hesab etdiyimdən, hamısını da olmasa, bəzi ən zəruri məqamları diqqətə
çatdırmağı məqsədəuyğun hesab edirəm. Mənim üçün "Orfoqrafiya lüğəti” düzgün
yazı qaydalarımızın Kitabi-Müqəddəsidir. "Orfoqrafiya”nın
müqəddəsliyi müstəqil dövlət atributu olan ana dilimizin müqəddəsliyidir. Dövlət
müstəqilliyimizdən 25 ildən artıq bir zaman keçir. Belə bir vaxtda bütün azərbaycanlıların
(50 milyondan artıq) dil qibləgahı və yeganə düzgün mötəbər mənbə saya biləcəkləri
"Orfoqrafiya lüğəti”nin tərtibinə laqeyd yanaşılmasına qətiyyən yol vermək
olmaz. Qanuniləşmiş normanı pozaraq dilimizdə uzun onilliklər, hətta yüzilliklər
boyu vətəndaşlıq hüququ qazanmış, dilimizin qayda-qanunlarına uyğunlaşaraq qəlibləşmiş,
dilə fəsahət gətirən, ifadə qüdrətini artıran sözlərin hər dəfə bir-ikisinin
yazılış qaydasının dəyişdirilməsini dilçiliyimizin inkişafı üçün xidmət saymaq
olmaz.
"Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının
qanununa əsasən, "Orfoqrafiya lüğəti” ən geci 5 ildən bir təkmilləşməli və nəşr
edilməlidir.
Bəli, bu qanuna əsasən, dilimizin yazı qaydaları vaxtaşırı təkmilləşdirilməlidir.
Qloballaşma şəraitində elmin, texnikanın, İnformasiya
KommunikasiyaTexnologiyalarının yüksək templi inkişaf
perspektivləri, sivilizasiyalararası yaxınlaşmalar, ictimai-siyasi və mədəni
əlaqələrin getdikcə dərinləşməsi dilimizə yeni-yeni sözlərin, terminlərin
daxil olmasını labüd edir. Məsələn, pin-kod (yaxud pinkod), on-layn
(yaxud onlayn) və s. Artıq bu qəbildən olan sözlərin sayı get-gedə
artmaqdadır. Təkmilləşdirmə, əsasən, bu istiqamətdə aparılmalı, yeni daxil olan
sözlərin, terminlərin dilimizin qayda-qanunlarına uyğunlaşdırılmasına diqqət
yetirilməlidir.
Təəssüf ki, təkmilləşdirmənin ana dilinin lüğət tərkibində möhkəmlənmiş,
xalqın kimlik şüurunda kök salmış sözlərin yazılışını vaxtaşırı dəyişdirmək
kimi başa düşülməsi böyük fəsadlara, hətta milli identifikasiyanın zədələnməsinə
gətirib çıxara bilər. Nəzərə alsaq ki, orfoqrafiya qaydaları hamının məcburi
surətdə riayət etməli olduğu qaydalardır, onda
bu qaydaları elə düzəltmək lazımdır ki, işlədənlər könülsüz, şüursuz, məcburiyyət
hissi ilə yox, könüllü məcburiyyət hissi duyaraq işlətmiş olsunlar.
İrəli sürülən təkliflər, yeni nəşr olunacaq lüğətdə analoji ənənəni təkrar
etməməlidir. Dilimizdə kipləşmiş, pasportlaşmış, qəlibləşmiş, hətta danışanın
məqsədindən asılı olaraq nitqə təntənə, əzəmət, qalibiyyət ruhu verən sözlərdən
bəzisinin yazılışının dəyişdirilməsi vahid prinsipi poza bilər. Təkmilləşdirməni,
uzun əsrlər boyu şüurumuzda özünə yer etmiş, milliləşmiş sözlərin yazılışının
dəyişdirilməsi kimi qavranılması yanlışdır.
Apostrofun
dəyişdirilməsi ilə dilimizin orfoqrafiya lüğətinə edilən yanlış müdaxilələrə
sanki start verildi. Bunun ardınca şer sözünün şeir
və bir müddət sonra isə fel sözünün də feil
kimi yazılması qərara alındı.
Hamıya
məlumdur ki, bütün dillərdə alınmalar mövcuddur və bu amil yalnız dillərin
qarşılıqlı əlaqəsi və inkişafına xidmət edir. Məsələn, ingilis dili sözlərinin
65 faizi alınmalardan ibarətdir, rus dilində "A” və "F” hərfi ilə başlayan əsl
rus sözü, demək olar ki, yox dərəcəsindədir. Deməli, dilin strukturuna təsir
etmədikcə, alınmalar normaldır. Azərbaycan dili də öz tarixi inkişaf prosesində
bir sıra xarici dillərdən, xüsusən, ərəb, fars, o cümlədən rus, yunan, latın,
italyan və digər şərq və qərb dillərindən sözlər əxz edib. Həmin sözlər
dilimizdə artıq çoxdan milli pasport qazanıb, düşüncə və təfəkkürümüzün zəruri
ifadə vasitəsinə çevrilib, şairlərin, yazıçıların, filosofların və digərlərinin
əsərlərində dərin fikirlərin ifadəsinə xidmət edib, natiqlərin, dövlət və incəsənət
xadimlərinin nitqlərində, çıxışlarında doğmalaşıb.
Orfoqrafiya
lüğətinin tərtibinə elmi-sistematik yanaşmanı təmin etmək lazımdır. Əks halda,
fonetik, morfoloji, tarixi-ənənəvi, fərqləndirici və etimoloji prinsiplər
pozular və dolaşıqlıq yaranar. Məlumdur ki, yazı qaydasında dəyişiklik edilən şeir,
feil, eyib, nəsil, meyil, səbir sözləri də ərəb
dilindən alınma olub "fiilun” və "fəəlun” modelləri üzrə düzəlib.
Eyni modeldən olan və dilimizdə işləklik hüququ qazanmış sözlərin siyahısını
uzatmaq olar. Peşəkar yanaşma prinsipi olmadığından, üç-beş ildən bir eyni qəlibdən
olan sözlərin yalnız bir-ikisinin yazılışında dəyişiklik edilməsi orfoqrafiyanı
təkmilləşdirmək sayıla bilməz, əksinə, bu, növbəti çaşqınlıqlara, yazı
etibarsızlığına, nəticə etibarilə, "necə gəldi, elə də yaz getsin” kimi
orfoqrafik özbaşınalığa gətirib çıxara bilər ki, bu da dilin bütövlüyünü zədələmiş
olar.
Sual
olunur, mənbə dildən eyni model üzrə dilimizə daxil olmuş, indiyədək
yazıçıların, şairlərin, ədiblərin, ictimai-siyasi xadimlərin, xülasə, bütün
ziyalı təbəqənin eyni cür yazdıqları sözlərin bəzilərinin yazılış qaydası hansı əsasa görə dəyişməlidir?
Axı eyni qəlibdən olan və indiyədək eyni cür yazı qaydasına malik həmin sözlərin
beş-altısının yazı qaydası dəyişdirilirsə, onda dil qanunauyğunluğuna görə, bu
yazı qaydası həmin sözlərin hamısına şamil edilməli deyilmi? Əgər ərəb dilindən
əxz etdiyimiz "eyb” sözü "eyib”, yaxud "səbr” sözü "səbir”
şəklində yazılmalıdırsa, bəs onda nə üçün eyni mənbədən alınan, eyni qəlibdən
olan, eyni qanunauyğunluğu paylaşan "qeyb”, "seyr”, "qeyz”,
"qeyd”, "əsr”, "qəsr”, "nəşr”, "nəzm”, "rəmz”,
"hərf”, "hicr”, "əhl”, "səhv” və s. sözləri müvafiq
olaraq "qeyib”, "seyir”,"qeyiz”, "qeyid”, "əsir”,
"qəsir”, "nəzim”, "nəşir” şəklində yazılmamalıdır?
Bunları yazmaqda məqsədim heç də bu sözlərin yazılışının dəyişdirilməsinə təşviq
etmək deyil, əksinə, orfoqrafiya lüğətinin tərtibində yol verilmiş ciddi uyğunsuzluqları göstərməkdir. Atalar demişkən,
zərərin yarısından qayıtmaq da xeyirdir. Uzun illər boyu dilimizin yazı
qaydalarında özünə yer etmiş sözlərə hərf artırılması, yaxud hərfin ixtisarı
orfoqrafiyanı təkmilləşdirə bilməz, əksinə, əlavə süni problemlərin yaradılmasına
təkan verə bilər.
Bəzən
belə əsaslandırmağa çalışırlar ki, alınma sözlərdə yazı qaydası tələffüz
qaydası ilə eyni olmalıdır. Onda ərəb dilindən alınmış "kitab”, "münasib”,
"mürəkkəb”, "ailə”, "məişət”, "aid”, "növbə”
və s. sözləri müvafiq olaraq "kitap”, "münasip”, "mürəkgəp”,
"ayilə”, "məyişət”, "ayid”, "nöbə” kimi; yaxud italyan dilindən alınmış "abreviatura”
sözü "abreviyatura” şəklində, və ya "aeroport” (yun.
"aero” və lat. "port” sözlərinin birləşməsi) sözü "ayraport” kimi
yazılmalıdır və s. Göstərilən faktlar "Alınma sözlərdə yazı qaydası son dildə deyilişinə görə yazılıb oxunmalıdır, tələffüz qaydası ilə eyni olmalıdır” müddəasını təkzib edir,
yəni müasir Azərbaycan dilinin orfoqrafiyası üçün bu, sadəcə, fərziyyə ola bilər.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü
il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq
məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi
və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl
edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı
kadrların hazırlanması dövrün tələbi olaraq qalır.
Bəli, Dövlət Proqramında digər məqsəd və vəzifələrlə yanaşı, ədəbi
dilin normalarına ciddi surətdə əməl edilməsi vacib şərt kimi irəli sürülür.
Çünki məhz düzgün yazı qaydalarına riayət etməklə ədəbi dil normalarının sabitləşməsinə
nail olmaq olar.
Təbii
ki, alınma sözlərin yazılış qaydasında yol verilən qüsurları təshih etmək
vacibdir. Məsələn, bəzən görürsən ki, "ehtiyat” əvəzinə "ehtiyyat”,
"tövsiyə” əvəzinə "tövsiyyə”,
"mərsiyə”, əvəzinə "mərsiyyə”, "təziyə” əvəzinə "təziyyə” "Raziyə” əvəzinə "Raziyyə”
yazırlar. Bu sözlər mənbə dildə feilin məsdər şəklini, sonuncusu isə feili-sifəti
bildirir və bir ”y” ilə yazılır. Amma ərəb
dilindən əxz etdiyimiz -iyyat, -iyyət şəkilçisi ilə düzəlib rəngarəng məna
çalarlarına malik, dilimizdə işləkliyini qoruyub saxlamış bir çox sözlər
mövcuddur ki, yuxarıdakı sözlərdən fərqli olaraq, bunlar mənbə dildə ismi-sifətdən
düzəldilmiş isimlərdir. Belə sözlərin orfoqrafiyasının qoşa "y” ilə
yazılması ədəbi dil normalarına ciddi riayət etməkdən doğur. Orfoqrafiya ilə
orfoepiyanı qarışıq salmaq olmaz. Bəzən güman edirlər ki, ərəb mənşəli "qalibiyyət”
sözünü "qələbə” sözü ilə, "əbədiyyət” sözünü, "ölümsüzlük”lə,
"bəşəriyyət” sözünü "insanlıq” sözü ilə əvəzləmək uğurlu
seçimdir. Halbu ki, "qələbə” sözü ərəb mənşəli söz olub "qalibiyyət”
sözünün sinonimi kimi çıxış etsə də, məna çalarları baxımından hər zaman onu əvəz
edə bilmir. Yaxud "ölümsüzlük”
sözü (Bizdə, ölən bilir bu səslər ən çox; Oyadır eşqini ölümsüzlüyün (M.Müşfiq)) "əbədiyyət”sözünü əvəz etmir, "insanlıq” sözü İinsanlığı
pək sevirkən, ondan uzaq qovuldum (C.Cabbarlı)) "bəşəriyyət” sözünü
qüvvədən salmır, əksinə, ona sinonimlik edir və beləliklə, dilimizin lüğət tərkibi
daha da zənginləşir. Ədəbiyyat, fəaliyyət, cəmiyyət, bəşəriyyət, əbədiyyət,
vəsiyyət, vəziyyət, ezamiyyət və s. kimi sözlərin yazılış qaydasının dəyişdirilməsinə,
məncə, heç bir zərurət duyulmur. Əksinə, yazıda qoşa cingiltili "y”
samiti ilə yazılan söz ifadə tələblərinə görə, bəzən tələffüzdə də ikiləşir.
Bu, xüsusən, nəzm əsərlərində, bəlağətli üslubda, xitab və müraciətlərdə, təntənəli
çıxışlarda, insana xas hiss-həyəcanın dolğun ifadəsində, nitqin təsir gücünün
artırılmasında özünü göstərir. C.Cabbarlının "Ana” şeirinin ilk misrasındakı "bəşəriyyət”
sözünü misal qismində göstərmək olar: "Əgər bütün bəşəriyyət ədüvvü-canım
ola...”. Burada nəzm tələblərinə görə tələffüzdə qoşa "y” hərfinin
birini ixtisar etmək mümkün deyil. Yəni qoşa "y”-nın ikisi də tələffüz olunur.
Bu həm də psixolinqvistik aktın fonetik səviyyədə reallaşmasıdır. Dilimizin məna
ifadə edən bu səs zənginliyindən vaz keçmək olarmı?! Belə misalların sayını
artırmaq da olar.
Hətta
yunan, latın, italyan, fransız və digər qərb dillərindən alınmış sonu "a”
ilə bitən sözlərdə "a” hərfinin ixtisar edilməsi (məsələn, abreviatura
– abreviatur; angina – angin; arena – aren; arxitektura –
arxitektur; agentura – agentur; metafora – metafor və s.), yaxud yazıda bir
sıra alınma sözlərin ortasında qoşa "s” hərfindən yalnız birinin
saxlanılması (məsələn, reqressiv – reqresiv, proqressiv – proqresiv və
s.) ədəbi dil normalarının təkmilləşdirilməsi və qorunması istiqamətində
hansısa faydalı işin görülməsi mənasına gələ bilməz.
Orfoqrafiya
lüğətinə həddən artıq lüzumsuz sözlərin daxil edilməsi normativ yazı
qaydalarını pozmuş, haqlı tənqidlərə yol açmışdır. 6-cı nəşrdə bəzi sözlər həm
yazı, həm də danışıq variantında verilib. İndi də növbəti nəşrdə yol verilmiş
qüsurlar üzərində işlənilməsi tələb olunur.
Bu günlərdə təsadüfən qarşılaşdığım "Başqa
estetika, başqa mədəniyyət” adlı esseni oxudum. Müəllifin "ədva” sözünü
işlətməsi və orfoqrafiya lüğətində bu yazılışla bağlı müxtəlif, həm də qarışıq
sözlərin verilməsi anlaşılmazlığı bir qədər də dərinləşdirdi. Yəni "ədva”,
yoxsa "ədviyat”. Qızılgüldən bəhs edən müəllif yazır: "...Bizim həyətimizdə onun kolları bitirdi, ətri bütün küçəni
bürüyürdü, onu qurudub ədva kimi qışa saxlayırdılar, ondan mürəbbə
bişirirdilər...”. Dərhal bilinir ki, "ədva” alınma sözdür. Azərbaycan dilinin
izahlı lüğətində belə bir sözə rast gəlmədik. Orfoqrafiya lüğətində isə
qarışıqlıqdan baş açmaq olmadı: burada nəinki ədva, ədvalı, ədvasız; hətta
ədvə; ədvəcat; ədviyə-ədvələr; ədviyyat, ədviyyatlı, ədviyyatsız, ədviyyatsızlıq,
ədviyyə, ədviyyələmə, ədviyyələmək, ədviyyələnmə, ədviyyələnmək, ədviyyələtmə, ədviyyələtmək
və s. kimi söz yığınına rast gəldik. Etimologiyasını araşdırdıqda aydın olur ki, "dəə”
(cəm. ədva) – ərəb dilində isimdir, mənası "dərd”, "xəstəlik” və s. deməkdir;
dilimizdə eyni cür tələffüz edilə biləcək "ədva” (tələffüzümüzdə ərəb
dilindəki emfatik "a” sadələşərək "ə” olur) sözü isə "yoluxma”,
"infeksiya” mənalarını verir (Sözə etimoloji cəhətdən yanaşsaq, müəllifin
işlətdiyi "ədva” sözü "infeksiya”, "dərd” və s. deməkdir). Çox güman ki, müəllif
"ədviyat” (davāʼ, cəmdə ʼədvıyə) sözünü nəzərdə
tutub və mənası ərəb dilində "dava, dərman” deməkdir. Söz müəyyən semantik dəyişiklərlə
dilimizə keçib ki, bu da "xüsusi dad, xoº iy, bəzən də rəng vermək üçün xörəyə
və ºirniyyata qatılan, ya vurulan darçın, hil, sarıkök, mixək və s. kimi maddələrin
ümumi adı”nı bildirir. Məhz "Orfoqrafiya lüğəti”ndəki qarışıqlıq müəllifin
düzgün söz seçimi etməsinə imkan verməmişdir. Azərbaycan dilinin ədəbi dil
normalarına, həmçinin etimoloji prinsiplərə əsasən, həmin söz bir "y” ilə yazılmalıdır.
Mövcud vəziyyətə salınmış orfoqrafiyada dəqiqliyi seçmək qeyri-mümkündür.
İzahlı lüğətdə isə yalnız "ədvə” yazılışı verilmişdir ki, onun da izahı
"qoşa "y” ilə yazılan "ədviyyat” kimi göstərilmişdir. Yuxarıda da
qeyd etdiyimiz kimi "-iyyət” şəkilçili sözlər ismi-sifətdən düzəlmiş
isimlərdir, "ədviyat” sözü isə bu kateqoriyaya daxil olan sözlərdən
olmadığı üçün onun qoşa "y” ilə yazılışı yanlışdır. Təkcə bu uyğunsuz və
uğursuz məqamın üzərində saatlarla dayanmaq olar. Təəssüf ki, bir məqalədə buna
imkanımız yoxdur. Beləcə, orfoqrafiyanın növbəti nəşrində saf-çürük ediləcək
çox məsələlər vardır. Taleyüklü məsələləri bir tərəfə qoyub, rahat işləkli və
düzgün yazılış hüququ qazanmış sözlərdə hərfin dəyişdirilməsi, əlavəsi, yaxud
ixtisarı, təkrar edirəm, ədəbi dil normalarımızın təkmilləşdirilməsinə xidmət
sayıla bilməz. Əsl orfoqrafik problemləri həll etmək üçün isə sözün əsl mənasında
iş görmək lazımdır.
Qeyd.
Dünyada 274 milyon insanın danışdığı fransız dili əsrlərdir ki, son dərəcə çətin
olan orfoqrafiyasında bir hərf dəyişikliyi belə etmir. Hətta XVII əsrdə
Por-Royal qrammatikləri belə bir təşəbbüslə çıxış etsələr də, bu, reallaşmayıb.
Müasir fransız dilində nadir sözlər tapmaq olar ki, yazıldığı kimi tələffüz
edilsin. Məsələn, fransız dilində [o] kimi tələffüz edilən "su”
sözü üç hərflə yazılır: "eau”; yaxud [mo nuvo] kimi 6 səslə tələffüz
edilən "yeni sözlər” birləşməsi yazıda "mots
nouveaux” şəklində 12 hərflə ifadə olunur. Bundan əlavə, fransız
qrafikasında sətrüstü və sətraltı diakritik işarələrdən də istifadə olunur.
Bunu əcnəbi müəlliflərin özləri də təsdiq edirlər. Müasir fransız dilçisi, orfoqrafiya tarixi üzrə mütəxəssis
Nina Kataş göstərir ki, öz mənşəyini
XIII əsrdən götürən fransız yazı qaydası nisbətən italyan və ispan yazısına
yaxın "roman” yazısı olub "ideoqrafiya”
tipli yazıya transformasiya etmiş və bununla da fransız dilinin orfoqrafiyası
qohum orfoqrafiyalardan uzaqlaşmışdır. Müəllif digər Qərb dilləri ilə müqayisədə
fransız dilinin çox mürəkkəb və çətin yadda qalan yazı qaydalarının olduğunu
qeyd edir. Biz isə digər dünya dillərinin orfoqrafiyası ilə müqayisədə, Azərbaycan
dilinin nə qədər sadə və səlis yazı qaydalarına malik olduğunu tam əminliklə
söyləyə bilərik. Sadəni "sadələşdirmək”lə
mürəkkəbləşdirmək bizim şüarımız deyildir.
Yeri
gəlmişkən, bir məsələni də qeyd etmək istəyirəm ki, orfoqrafiya lüğətinin mükəmməlliyi
və müqəddəsliyi oradakı sözlərin çoxluğu və ya azlığı ilə ölçülmür. Məsələn,
belə bir statistika göstərilir ki, ingilis dilinin ədəbi dili 400 min, alman
dili 250 min, rus dili 150 min söz ehtiva edir. Lüğətin böyüklüyünün dilin
linqvistik zənginliyinə heç bir aidiyyatının olmadığını önə sürən Berkli
Kaliforniya Universitetinin adyunkt-professoru Geofrey Nunberq çox düzgün
olaraq deyir: "İngilis dilinin hüdudsuzluğuna olan heyranlığımız bir növ
linqvistik imperializmdən qaynaqlanır, yəni lüğətimiz başqalarının lüğətindən
daha böyükdür. Lakin bu, əslində bizi linqvistik cəhətdən heç cür zəngin
etmir”.
Oksford lüğəti 600 min sözü əhatə edir. Bu
sözlüyə 1150-ci ildən üzü bəri ingilis dilinin bütün variantları, hətta
dialektlər də daxil edilib. Bu prinsiplə yanaşsaq, yəni Azərbaycan dilinin
dialekt və şivələrini də lüğətə daxil etsək, onda sözləri saymaqla qurtarmaz...
Hansısa "dildə 1 milyon söz vardır” ifadəsi artıq bu gün yumorla qarşılanır.
Çünki müxtəlif yanaşma prinsiplərindən çıxış edib, bunun sayını 10 milyona, hətta
100 milyona da çatdırmaq olar.
Ümid
edirik ki, "Azərbaycan dilinin Orfoqrafiya lüğəti”nin yeni nəşrində əvvəlki nəşrlərdə
yol verilmiş yanlışlıqlar aradan qaldırılacaq, ədəbi dil normalarında oturuşmuş
düzgün yazı qaydaları dəyişdirilməyəcək və dilçiliyimizin daha aktual, daha
ciddi problemləri irəli çəkiləcəkdir.
İdris
Abbasov,
AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunun"Nəzəri
dilçilik” şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru, professor
