Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - Fotolar
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi "Prezident İlham Əliyevin sosial
islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin
nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbir
iştirakçılarını salamlayan Əmək və Əhalinin Sosial MüdafiəsiNaziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sosial islahatlar proqramının yeni uğurlu
nəticələri kimi əhalinin rifahının yaxşılaşdırılması istiqamətində yeni
inqilabi addımların atıldığını vurğulayıb. Nazir bildirib ki, cari ilin ötən
dövründə minimum əməkhaqqının orta hesabla 40 faiz artırılması 600 min,
pensiyanın minimum məbləğinin orta
hesabla 40 faiz artırılması 233 min, sosial müavinət və təqaüdlərin orta
hesabla 100 faiz artırılması 600 minədək vətəndaşı əhatə edib. Həmçinin 500 mindən
çox məcburi köçkünün müavinəti 50 faiz artırılıb, 110minədək tələbənin
təqaüdlərində əhəmiyyətli artımlar edilib. Azərbaycan Respublikası
Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı isə 800 mindən çox
vətəndaşın problemli kreditlərinin həllinə, bununla onların sosial vəziyyətinin
yaxşılaşmasına imkan verib. Bu və digər sosial əhəmiyyətə malik tədbirlər ümumilikdə
3 milyon insanın rifahına mühüm dəstək olub: "Prezident cənab İlham Əliyev Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ
Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının
açılış mərasimindəki çıxışı zamanı bu istiqamətdə aparılan işlərin davamlı xarakter
daşıdığını, minimum əməkhaqqının, minimum pensiyanın artırılmasının
gündəlikdə olduğunu bir daha vurğulayıb".
Nazir, həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə
idarəçilik və əhaliyə xidmətlərin innovativ həllərin tətbiqi üzərində qurulması
istiqamətində köklü islahatların aparıldığını qeyd edib. O, pensiya
təyinatından başlayaraq dövlət sosial xidmətlərinin proaktiv formada təşkili
işlərinə başlandığını, bu işlərin məcrasının genişləndiyini, yaradılan DOST
Agentliyinin və ilk DOST mərkəzinin ölkəmizin sosial sahədə yeni bir uğurlu
təcrübəsi olduğunu, Bakı və ölkəmizin bölgələri üzrə 31 DOST mərkəzinin
qurulmasının nəzərdə tutulduğunu deyib.
Sahil Babayev onu da bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı
ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün əlavə olaraq 20 milyon
manat vəsaitin ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan
insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox - 626 mənzilin təqdim
edilməsinə səbəb olub.Nazir cari ildə bu kateqoriyadan olan 800-dək vətəndaşın
dövlət hesabına mənzillə təmin olunacağını diqqətə çatdırıb.Qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində
tədbirlərdən söz açan Sahil Babayev məqsədyönlü stimullaşdırıcı addımlar nəticəsində
cari ilin ötən dövründə əmək müqaviləsi ilə işləyənlərin sayının 91 min nəfərə
yaxın artdığını deyib.Çıxışını
davam etdirən Sahil Babayev bildirib ki, bu gün nəticələri
açıqlanan müsabiqə ölkədə sosial inkişaf sahəsində əldə olunan bu irəliləyişlərin,
islahatların uğurlu nəticələri barədə geniş ictimai məlumatlandırmanın təmin
olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasına xidmət edib. Ümumilikdə müvafiq fəaliyyət sahələrində aparılan
islahatlar, görülən işlər barədə cəmiyyətin ətraflı məlumatlandırılmasında
media ilə fəal əməkdaşlıq qurulub.Aidiyyəti mövzularda ictimai məlumatlandırmanın genişləndirilməsi,
jurnalist peşəkarlığının artırılması, maraq və əməyinin stimullaşdırılması üçün
Fondla əməkdaşlıq şəraitində fərdi jurnalist yazıları müsabiqələrinin təşkili
də diqqətdə saxlanılır: "Müsbət haldır ki, KİV nümayəndələri bu
müsabiqələrdə fəal iştirak edirlər. Qarşıdakı dövrdə də Fondla birgə belə müsabiqələrin keçirilməsi davam
etdiriləcək".
Fondun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq
qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sayca
üçüncü fərdi jurnalist yazıları müsabiqəsinin təşkilini nazirliyin fəal və
məhsuldar fəaliyyəti, habelə mediaya açıq qurum olması ilə əlaqələndirib.
V.Səfərli xüsusi vurğulayıb ki, nazirlik son aylarda fəaliyyətini tamamilə
yeni, çevik və şəffaf mexanizmlər üzərində quraraq Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial
islahatların, bu sahədə imzalanmış fərman və sərəncamların icrasında yaxından
iştirak edir.V.Səfərli qeyd edib ki, nazirliyin həyata keçirdiyi islahatların
ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında medianın rolu və
xidmətləri müstəsnadır. İcraçı direktor bu baxımdan keçirilən birgə müsabiqələrin
əhəmiyyətini xüsusi vurğulayıb. V.Səfərli 2019-cu il aprelin 3-dən mayın 1-dək
davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 20 KİV-dən 31 yazının təqdim
olunduğunu, yazıların Fondun və nazirliyin ekspertləri tərəfindən
qiymətləndirildiyini bildirib. İcraçı direktor müsabiqənin yekunlarına əsasən,
6 nəfərin əsas, 5 nəfərin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə
çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Yeni
Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, Beynəlxalq Avrasiya
Mətbuat Fondunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
İctimai Şuranın sədri Umud Mirzəyev, "Səs" qəzetinin baş redaktoru
Bəhruz Quliyev nazirliklə media arasında əməkdaşlığın genişləndirilməsinə
xidmət edən belə intensiv görüşlərin və birgə yazı müsabiqələrinin
əhəmiyyətindən söz açıblar.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub. Qaliblər arasında "Kaspi" qəzetinin müxbiri Bəxtiyar Məmmədli də olub.
Tədbiri yekunlaşdıran nazir Sahil Babayev media ilə əlaqələrin
inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə
iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin
gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.