• cümə, 29 Mart, 18:31
  • Baku Bakı 14°C

«Yazı masası arxasında vaxt öldürməyi çox sevirəm»

25.10.14 15:31 2226
«Yazı masası arxasında vaxt öldürməyi çox sevirəm»
Le Klezio: «Avropalı olmaq mənim mədəniyyətimə heç bir dəyər qatmırdı, çünki insana nəyin dəyər qatdığını gözlərimlə gördüm»
1985-ci ildə Klaudiya Simonun aldığı Nobel Ədəbiyyat mükafatından sonra Fransa ədəbiyyat sahəsində adını yenidən eşitdirmək üçün 23 il gözləməli oldu. 2008-ci ildə Jan Mari Qustav Le Klezionun Nobel Ədəbiyyat mükafatına layiq görülməsi ilə fransızların Nobel həsrəti bitdi. Lakin fransızdilli Nobel qalibi yazıçı yaradıcılığa ingilis dilində yazılmış detektiv hekayələrlə başlamağı arzuladığını vurğulayır. 1950-ci illərin sonlarında İngiltərənin Bristol Universitetində təhsilini tamamlayan Klezio Basda yerləşən məktəblərdən birində dərs dediyi illərdə artıq ilk mistik hekayələrini yazmağa başlamışdı. Lakin ingilis dilində yazdığı hekayələri naşirlər tərəfindən rədd edildikdən sonra gənc yazıçı problemin dildən qaynaqlandığını düşünür: “Və Fransız dilində yazmağa qərar verdim”.
Bir müddət sonra doğulduğu Nitsaya qayıdan Klezio yazır: “Kafelərin küncdə yerləşən masalarında, gözləmə məntəqələrində, park skamyalarında yazırdım. Əlcəzairə göndəriləcəyim bildirilmişdi, gedənə kimi imkan tapdığım hər yerdə yazmaqla məşğul olurdum. Fransa tarixinin ən üzücü, fırtınalı, çətin dövrləri idi”. Elə həmin dövrlərdə yazdığı “Sorğu” (“The Interrogation” (1963)) hekayəsi də ordudan qaçdığı, yoxsa ruhi xəstəxanaya düşüb, qurtulduğu məlum olmayan qəhrəmanın evinə qayıtması haqqındadır. Bu hallüsinasiyaya görə müəllif dəfələrlə təhdidlərlə üzləşib. İlk dəfə “Gallimard” tərəfindən nəşr olunanda cəmi 23 yaşında olan müəllif elə ilk əsəri ilə “Prix Renaudot” mükafatını alır. Onun ilk əsəri “Sorğu” Albert Kamyunun “Yad” (“The Outsider”) əsəri ilə müqayisə olunurdu. İlk uğurundan sonra Fransa ədəbiyyatının Steve MakKvini adlandırılan hündürboy, utancaq müəllif “Left Bank”-ın yeni üzü kimi dövrün məşhur fotoqrafı Henri Kartiyer-Bresson tərəfindən çəkilir və məşhurlaşır. Baxmayaraq ki, Klezio Fransanın cənubunda breton soyadı daşıyan, mavritan babanın idarə etdiyi ailədə doğulub, amma onun anası fransız, atası isə İngiltərədə doğulub Nigeriyada xidmət edən həkim idi. Yeni üslubu və etiketlənmiş əsərləri ilə seçilən müəllif heç vaxt Parislə səsləşən təsvirlər yaratmayıb. Hazırda da müəllif ikili vətəndaşlıq daşıyır - Klezio Mavritaniya və Fransa vətəndaşıdır: “Özümü həmişə çox yerə aid insan kimi hiss eləmişəm, çoxmillətli, çoxmədəniyyətli insan kimi. Əsasən, İngiltərə və Fransa mədəniyyətinə, bu iki ölkənin etnik dəyərlərinə aid hiss edirəm, amma eyni dərəcədə də Nigeriyaya, Tayvana, Meksikaya bağlı, oraya aidəmmiş kimi gəlir mənə. Hər şeyin mənə müəyyən təsiri olur, lakin bu ötüb, keçmir, müəyyən izlər”.
2008-ci ildə onu mükafata layiq görən Nobel komitəsi yazıçının əsərlərini “sivilizasiyasının tənqidi” kimi dəyərləndirib. Klezio Kolumbiya mədəniyyəti dövrlərindən bəhs edən “Meksika Yuxusu” (“Mexican Dream” (1988)) əsərindən tutmuş film sənayesinə olan marağının yazmağa vadar etdiyi “Film saatı”-na (“Ballaciner” (2007)) kimi bir-birindən fərqli mövzularda yazılmış 40-dan çox hekayə, memuar, uşaq ədəbiyyatı nümunəsi və esselər toplusu kitabın müəllifidir. O, Nobel Ədəbiyyat mükafatına layiq görüləndə artıq əsərləri dünyanın 36 dilinə tərcümə olunan, dünyaca məşhur naşirlərin onu dərc etmək üçün sıraya durduğu yazıçı idi. Yaradıcılığının ilk illərində qələmə aldığı “Həyəcan” (“Fever” (1965)) hekayəsindən 1973-cü ildə nəşr olunmuş “Nəhənglər” (“The Giants”) əsərinə qədər əsasən bəşəriyyətin təcrübədən keçirdiyi dünyanın təhlükəli, qorxulu dövrlərini, böhranları, avtomatlaşdırılmağa başlayan dünyanın gəldiyi ekoloji vəziyyəti, insanların düşdüyü psixi-ruhi vəziyyətləri, iqtisadi böhran dönəmlərində vəziyyətin talelərə təsirini əsas mövzu kimi qələmə alıb. Martin Amis Klezionun 70-ci illər dünya tarixinə düşən Vyetnam müharibəsi haqqında yazdığı əsərləri “işgəncəli mütaliə” adlandırıb.
Müharibədən sonrakı illərdə getdikcə daha çox səfərə çıxan, ölkələr, həyatlar tanıyan müəllifin üslubu nisbətən lirik üsluba keçir. Səfərlər zamanı gördükləri ona uşaqlıq illərini, Avropa ölkələri mədəniyyəti ilə uzlaşan, ona özünü yad hiss etdirməyən mədəniyyətləri xatırladır. Klezionun pərəstişkarlarından olan Adam Qopnik müəllifin həmin illərdə yazdığı əsərləri belə təsvir edir: “İnsanın içindən kənarda qalan dünyanın emfatik təsvirində, daxili dünya ilə kənar dünya arasında qəribə, klassik bir balans var. Bəzən isə UNİCEF-in hazırladığı sənədli film kimi hiss etdirir”.
Le Klezio görkəmli yığıncaqlar və mətbuat nümayəndələrinin sıx olduğu təqdimatlardan uzaq duran insandır. Parisin “Latın məhəlləsi” adlanan ərazisində həyat yoldaşı Cemiya ilə birgə yaşayır, yazarın mənzili birgə çalışdığı nəşriyyatın yaxınlığında yerləşir. Parisdə yaşasa da ilin böyük hissəsini Nitsadakı evində, Brittaninin qərb sahillərində keçirir. Lakin yazar özünü ən çox Mavritaniyanın Hind okeanı sahillərinə baxan tərəfində yaxşı hiss etdiyini, Fransa inqilabından sonra buraya köçən breton əcdadlarının ruhuna yaxınlaşdıran və onu rahatladan bir mühit olduğunu deyir. Bir müddət Meksikada da məhz bu doğmalığı hiss etdiyi üçün yaşayan yazıçı: “Hadisələr təhlükəli xarakter almağa başladı, xüsusilə uşaqlarımın həyatı təhlükə qarşısında qaldı, mühit mənim yaradıcılığıma mənfi təsir göstərdi və dərhal Meksikanı tərk etmək qərarıına gəldim”.
Nobel mükafatı aldığı ilə kimi və sonra da bir müddət yaradıcılıqla yanaşı, Albuqerki universitetində fransız dili müəllimi kimi işləyib. Yazıçının 1960-cı ildə ailə qurduğu polyak-fransız xanım Marinadan bir, 1975-ci ildə ailə qurduğu Cemiyadan isə iki qızı var. Səlist ingiliscəsi olan müəllif bunu əcdadlarının yerini-yurdunu istəmədən tərk edib bu dilin hakim olduğu Mavritaniyada məskunlaşmış olması ilə əlaqələndirir: “Onlar yaşadıqları yerlərdə məşğul olacaq heç nə tapmadıqlarından, yaşamlarını təmin edə bilmədiklərindən bu torpaqlara köçməli oldular. Bəlkə də məhz bu səbəbdən mən aid olduğum məkanları Fransa ilə məhdudlaşdırmıram. Onlar yeni yerdə çox şeyi dəyişməli oldular, dillərini, ənənələrini, vərdişlərini, üslublarını, dünyagörüşlərini. Mən də tez-tez gedib səfər etdikcə, bir müddət yaşadıqca belə oluram. Bu isə yenilənmədir, gəncləşmədir, yəni yaradıcılıq üçün çox yaxşıdır".
1978-ci ildə C.Dikonsun tərcüməsində “Atlantik” nəşriyyatı tərəfindən çap olunan “Qovulma” ("Desert") romanı müəllifin tərcümə olunan ilk əsəri olur. İlklərdə əsla uğursuzluq yaşamamış müəllif bu ilklə də böyük uğura imza atır. Klezionun əsəri həm yüksək satış göstəriciləri ilə yadda qalır, həm də “French Academy`s Grand Prix Paul-Morand” mükafatına layiq görülür. Yazıçı Tahar Ben Jellon bu əsəri dəyərləndirərkən: “Bu, Cənubun kitabıdır. Talenin və insanların yolundan çıxardığı, pis davrandığı, sürgünə göndərdiyi talelərə humanist yanaşmadır. Klezionun tərzində ən sevdiyim cəhət özünü əsərin hansısa yerində ön plana çıxarmamasıdır. Tamamilə qəhrəmanların hekayələrini işləyir”- deyib. Müəllif özü bu əsərlə bağlı verdiyi açıqlamada bildirib ki, romanda yer alan hadisələr, qəhrəmanlar Mərakeşdə anadan olmuş arvadı Cemiyanın danışdıqlarından ilhamlanaraq yaradılıb: “Müstəmləkə rejimində, fiziki və hərbi gücün istilası altında necə yaşandığını, bu ölkələrdə yaşayanların həyatı ilə müasir dünyanın necə ziddiyyət təşkil etdiyini anlatmağa çalışdım”.
Klezio olduqca uğurlu alınmış mövzuya ikinci dəfə atası ilə hələ 15 yaşında olarkən səfər etdiyi fransız Mərakeşi haqqında xatirələrini qələmə aldığı “Ağ Şeyx” (“The White Sheik”) əsərində həyat verib. Evliliklərindən 10 il keçdikdən sonra yazıçı xanımı ilə birgə yenidən Mərakeşə səfər edir və bu səfər onun xatirələrində dərin yaralar açır: “Hər yer minalanıb, gəzmək, tərpənmək təhlükədir. İnsanlar normal yeriyə, hərəkət edə bilmir. Heç kimin bir saniyə sonra ilə bağlı fikri yoxdur. İspaniyanın müsətmləkəsidir, yoxsa yerli hökumətin idarəçiliyindədir, bunun insanlar üçün heç bir mənası yoxdur. Azadlıq onlar üçün heç nə ifadə etmir. İnsanlar hələ də dərmansız, loğman üsulları ilə sağalırlar, ən maarifləndirici şey xalq ədəbiyyatı, şənliklər, folklor musiqisidir. Bura gələndə insan geri dönməmək fikrini özünə yaxın belə buraxmaq istəmir”.
Uşaqlığına aid bütün xatirələri müharibə və onun insanlara verdiyi əzablarla dolu olan yazıçı həmin illəri xatırlayır: “Yoxsulluq və soyuq, hər şeyin sonunun gəldiyindən başqa nəsə düşünməyə imkan verməyən pessimist ab-hava, çarəsizlik, ümidsizlik, yorğunluq. İşin ən maraqlı tərəfi onda idi ki, bütün bu hisləri babam kimi yaşlı insanlar da, gənclər də eyni şiddətlə yaşayırdı”. Sonra həmin xatirələri, müharibə dövrünün və müharibədən sonrakı illərin Nitsasını da “Didərgin ulduz” (“Wandering Star” (1992)) əsərində canlandıran müəllif həmin əsərdə İsrailə köçmüş fransız-yəhudi ailəsinə mənsub qızla İsrail əsir düşərgəsində yaşayan fələstinli qızın hekayəsini qələmə alıb: “Heç vaxt hadisələrin bir yönünü, obrazların bir tərəfini canlandıra bilməzsiniz. Hər şeyi deməli, hər şeyi danışmalı, göstərməlisiniz. Fransanın cənubunda almanlar tərəfindən öldürülən insanları da, Fələstin əsir düşərgələrində aclıq və soyuqdan ölənləri də”.
Müharibə ucbatından Klezio səkkiz yaşına kimi atası Raulu görə bilməyib. Mavritaniyada anadan olmuş Raul ingilis idi. Klezio anası ilə birgə Nigeriyaya gedən gəmiyə minəndə artıq səkkiz yaşında idi və onun yazdığı qısa hekayələr anasının çantasında toplanırdı. Atası bu hekayələrin hamısını oxumalıydı. Lakin yazıçı iddia edir ki, anası öləndən sonra hekayələrin çoxunu tapa bilməyib. Ailəsinə qovuşan ata Raul onlarla birgə Nigeriya çayı sahillərində yerləşən Onitsa şəhərinə təyinat alır: “Bu şəhər cənnətin parçası kimi idi. Əsrarəngiz, möhtəşəm, azadlıqla dolu, xoşbəxtlər şəhəri. Eyni zamanda oranın idarəedici Allah atası var idi. Qaydalar bilməyən uşaqları tərbiyə etməyə çalışırdı. Qardaşımla iki il orada oxuduq. İqboland limanında yaşayan uşaqlarla oynadıq, bir az o dildə, bir az ingiliscə danışa-danışa anlaşdıq. Yavaş-yavaş fransız dilini unudurduq”. Buradakı xatirələri müəllifin “Onitsa” (1991) əsərində yer alıb. Yaşadıqları yerin siyasi vəziyyətinin dəyişdiyini görən ana övladları ilə 1950-ci ildə Nigeriyanı tərk edir və Nitsaya qayıdır. Klezio həmin günü “ömrümün ən kədərli anları” kimi dəyərləndirir: “Sonra həmin illəri düşündükcə dəhşətə gəlirdim. Müharibə avropalıların idarəçiliyi altına keçmişdi. Fransa insanların vəhşicəsinə öldürülməsini, iyrənc məqsədlər uğruna darmadağın edilən şəhərləri Müsəlman-Xristiyan davası kimi qələmə verirdi. Düşüncədən yoxsul insanları bu üsullarla müharibəyə səsləyirdilər. Halbuki bu heç də harasa siyasi müstəqillik aparmaq, ya da kimlərinsə dini azadlığını qorumaq deyildi, açıq-aşkar neft uğrunda qanlı savaş idi”
1970-ci illərin əvvəllərində artıq bir uşaq atası olan yazıçı Embera və Vaunana hindlilərinin yaşadığı meşələrdə ömrünün üç ən çətin ilini keçirir: “Göy-qara rəngə çalan üz dərilərini çıxmaq şərti ilə bu insanlar avropalılardan fərqlənmirdi. Lazım olan şeylərimi götürüb, onları izləməyə başladım. Panama sahilləri mənim özümü, daxilimi sorğulamaq imkanı verdi. XVI əsrdə avropalıların ilk dəfə hindlilərlə qarşılaşdığı, tanışdığı yerdə idim. Bu insanlar müasir dünyanın dağıdıcı şərtlərinə qarşı sahib olduqları dəyərləri, adət-ənənələri qorumaqdan əsla şikayətlənmir, bunu istəyərək edirlər, qoruya bildikləri üçün xoşbəxtdirlər. Öz həqiqətlərinə bağlıdırlar. Bu nəcib, sakit insanlarla tanış olmaq həyatımın fürsəti idi. Yanlış anlaşılmasın, mənim onları ideallaşdırmaq fikrim yoxdur, amma yaşadıqları cəmiyyətin sahib olduğu balansla, balansın insanların həyatlarına gətirdiyi rahatlıqla mənim gəldiyim cəmiyyətin vəhşi qanunları arasında uçurum var idi. Avropalı olmaq mənim mədəniyyətimə heç bir dəyər qatmırdı, çünki insana nəyin dəyər qatdığını gözlərimlə gördüm”. Burada keçən illəri ilə bağlı xatirələrinin yer aldığı “Meksikan yuxusu” əsərində müəllif yazır: “Amerindianların mədəniyyətini dağıtmaqla işğalçılar özlərinə də dəyər qazandıracaq nəhəng bir mədəniyyəti dağıtdılar, bu elə bir mədəniyyət, elə bir həyat tərzidir ki, yəqin ki, Avropa heç vaxt buna sahib ola bilməyəcək”.
Müəllif Nobel ədəbiyyat mükafatının təqdimetmə mərasimində: “Mən bütün millətlərin öz dili olduğuna inanıram. Amma bu mükafatı Fransa üçün yox, bütün millətlərin dilində danışa bilən yazıçılar üçün alıram. Kim olduğumu bilmək üçün bu mükafata yox, yazdıqlarıma baxın. Qərb sivilizasiyası insan həyatı üçün lazım olan çox gözəl kəşflərə imza atıb, amma eyni zamanda təbiətin bəxş etdiyi nadir gözəlliklərlə mərhəmətsizcə davranıb. Məni çaşdıran bu ziddiyyətdir. Dünyada qul alverini başladan da Qərbdir, ona dahilər qazandıran da. Həllini tapmadığım məsələ budur”.
“Bir qədər ədəbi səslənə bilər, mənim üçün yazmaq səyahət etməkdir. İçimdəki səyyah əlimə qələm aldığım andan çıxıb, başqa bir həyata yollanır, bəlkə də mənim içimdə ikən yaşadığından daha yaxşı bir həyata”
- Buyurun, Kleziodur danışan.
- Salam. Sizi narahat edən Adam Smitsdir. Stokholmda yerləşən Nobel Fondunun saytından zəng vururam.
- Buyurun, eşidirəm.
- Bir neçə dəqiqənizi ayırıb, suallarımızı cavablandıra bilərsinizmi?
- Mən hazıram.
- Çox sağ olun. Bir çox ölkələrdə yaşamısınız, bir çoxunun vətəndaşlığını daşımısınız, amma indi sizə Fransa sahiblənir, fransız yazıçı kimi qələmə verir, sizcə, bu düzgündürmü, yəni adil bir davranışdırmı?
- Bəli. Çünki mən indi Fransa vətəndaşıyam. Ara-sıra Kanadaya gedib-gəlirəm, bəzi yerlərdə müəyyən müddət yaşayıram, amma Fransaya qayıdıram. Nobel təltif ediləndə də burada yaşayırdım.
- Böyümə, formalaşma, özünüzü kəşf etmə, tanıma mərhələlərini müxtəlif ölkələrdə keçirmisiniz. Dünyanın bir çox ölkəsində məskən salmısınız. Sizə əsl eviniz kimi hiss etdirən bir yer varmı?
- Əslində hə, var. Etiraf etməliyəm ki, evim deyəndə ağlıma Mavritaniya gəlir. Əcdadlarımın vətəni, özümü təhlükəsiz, balaca komada hiss etdiyim, rahatlığa, dincliyə qovuşduğum yerdir. Əgər nəzərdə tutduğunuz “ev” belə bir yerdirsə, mənim üçün ora Mavritaniyadır.
- Çoxdillisiniz, iki dildə danışan ailədə böyümüsünüz. Amma həmişə fransızca yazmısınız. Bunun xüsusi bir səbəbi varmı?
- Əslində dediyiniz kimi deyil, fransız dilində danışan ailədə doğulmuşam, o dildə təhsil almışam. Ədəbiyyatla ilk tanışlığım fransız dilində olub, baxmayaraq ki, atam ingilis ədəbiyyatını çox sevirdi, amma o uzaqda olduğundan fransız ədəbiyyatına bağlı böyüdüm, ona görə də özümü bu dildə hər zaman daha aydın ifadə edirəm, yalnız bu dildə yazmağımın səbəbi də məhz budur.
- Yazmağa çox erkən yaşlarda başlasanız da, olduqca məhsuldar yaradıcılıq illəriniz olub. Ara vermədən 30-dan çox kitab yazmısınız. Yazmaq həqiqətən bu qədər asanmı alınırdı? Qələmlə kağızı qovuşdurmaq bu qədərmi əyləncəlidir?
- Olduqca əyləncəlidir. Həyatda məşğul olmaqdan yorulmadığım, bezmədiyim yeganə işdir. Yazı masası arxasında vaxt öldürməyi çox sevirəm. Xüsusi iş otağım, ofisim yoxdur, hər yer yazmaq üçün münasibdir mənə, hər yerdə yaza bilərəm. Proses belə gedir də, ağ kağızı masanın üzərinə qoyur, qələmi əlimə alır və səyahətə çıxıram. Bir qədər ədəbi səslənə bilər, mənim üçün yazmaq səyahət etməkdir. İçimdəki səyyah əlimə qələm aldığım andan çıxıb, başqa bir həyata yollanır, bəlkə də mənim içimdə ikən yaşadığından daha yaxşı bir həyata.
- Bu ki əladır. Çünki insanlar adətən bu fikri oxumaqla bağlı deyirlər, yəni kitab oxumaq səyahət etmək kimidir. Deməli, yazmaq da belə imiş. Bu doğurdan əladır.
- Bəli, mənim üçün də ikisi də belədir. Mən başqa ölkədə, yeni yerdə, yeni məkanda olmağı, tanımağı sevirəm. Eyni ilə yeni kitaba başlayanda da bu hisləri keçirirəm. Mənə elə gəlir ki, nəsə başqa bir insan oluram.
- Klassifikasiya oluna bilməyəcək qədər genişxətli, çoxşaxəli yaradıcılığınız var. Bu qədər fərqli mövzular, cəhətlər niyə yazdığınız məqsədi ətrafında birləşir?
- Yazmaqda əsas məqsədim özümə qarşı dürüst davranmaq, özümü ən aydın, ən sadə yolla ifadə edə bilməkdir. Düşünürəm ki, yazıçı baş verən hadisələrin sadəcə şahididir. Yazıçı düha deyil, filosof deyil, ruhani deyil, sadəcə ətrafda baş verənlərin izləyicisi, şahididir. Yazmaq da şahidlik etməyin ən işəyarar yoludur.
- Yaradıcılığınızla tanış olmayanlar üçün məsləhət gördüyünüz əsərlər varmı? Hansı əsərlərin adını çəkə bilərsiniz?
- Ahh, yox. Bunu eləməyə ürəyim gəlmir. Axı, qiraət sərbəst qazanılan təcrübədir, yəni belə olmalıdır. Kiminsə məsləhəti, ya da qarşına çıxan əsəri oxumaqla xoş təəssürat almaq imkansızdır. İnsan gərək duyğularına yaxın əsərləri oxusun, özü seçsin, kimisə və ya da nəyisə izləmək onun içindən gəlsin. Məncə, oxucular hansı əsərimlə məni kəşf etməyə başlamaq istədiklərinə özləri qərar versinlər, seçim sərbəstdir.
- Olduqca aydın və cəlbedici cavab oldu. Sonuncu sualım aldığınız mükafatla bağlı olacaq. Nobel özü ilə birgə sizə əlavə şöhrət gətirəcək. Bununla bağlı vermək istədiyiniz xüsusi bir mesaj varmı?
- Bir az düşünüm... Bu tamamilə yeni bir yoldur. Heç bir fikrim yoxdur. Nədənsə qorxuducu görünür, çünki mən elə tanınmış adam deyiləm və şöhrətə elə də öyrəşməmişəm. Nəsə mesaj vermək, düşüncələrimi paylaşmaq kimi şeylər nəsə mənlik deyil. Sadəcə bunu deyə bilərəm ki, tanınmaqdan, oxunmaqdan çox, yazdıqlarımın insanları nəyəsə yönləndirməsini, həvəsləndirməsini, yaxınlaşdırmasını istərdim.
Hazırladı:
Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər