• şənbə, 20 Aprel, 10:57
  • Baku Bakı 14°C

Yazarların həyatı “uşaq ailənin güzgüsü deyil” – fikrini təsdiqləyir

24.12.15 11:22 1621
Yazarların həyatı “uşaq ailənin güzgüsü deyil” – fikrini təsdiqləyir
İan Mak Evanın kitabları qəribə, sıx hörülmüş və içərisi olduqca qaranlıq toru xatırladır. Yaradıcılığının ilk illərində çap etdirdiyi qısa hekayələr toplusu – “İlk məhəbbət, sonuncu ayinlər” (“First Love, Last Rites” - 1975) və “Lövhələr arasında” (“In Between the Sheets” - 1978) və ona dünya şöhrəti gətirən iki kiçikhəcmli romanı “Beton bağça” (“The Cement Garden” -1978) və “Özgə qucağı” (“The Comfort of Strangers” - 1981) birbaşa uşaqların üzərindən qurulmuş ağır əzabları canlı göstərən, olduqca dərin və insanı kədər dalğası hücumuna məruz qoyan səhnələrdən ibarətdir. Hekayələrində yer alan qaranlıq, qorxulu və ürküdücü səhnələrə görə oxucuları və Britaniya mətbuatı tərəfindən “McAbre” (təxəllüs ingilis dilindəki “macabre” – ölüm gətirən, öldürücü, qorxunc, ürküdücü mənalarını verən sözdən götürülüb – red. E.S.) təxəllüsü “qazanııb”.
İlk iki kitabdan sonra Evan də üzərinə düşən işin öhdəsindən gəlir və müəllif bir-birinin ardınca uğurlu, amma yenə “sirli, qorxulu, ağır və əzablı” dörd roman yazır. “Dövrün uşağı” (“The Child in Time” - 1987), “Günahsız” (“The Innocent” - 1990), “Qara itlər” (“Black Dogs” - 1992) və “Sonsuz eşq” (“Enduring Love” - 1997) əsərləri ilk romanlardan bir qədər daha məqsədyönlü və aydın, düşüncə və fikir yükü baxımından daha sanballı olsa da, əvvəlkilərdə olduğu kimi səhnələr olduqca canlı və təbiidir.
1998-ci ildə yazdığı “Amsterdam” əsəri ilə İan Mak Evan özünəməxsusluğu ilə seçilən tərzinə yenilik gətirdi. Bu əsər Evanın diqqət çəkici ağır səhnələri olmayan ilk əsərdir. Özünəməxsus bir çox cəhəti ilə fərqlənən “Amsterdam” yeni və fərqli olduğunu təkcə süjeti və üslubu ilə yox, aldığı mükafatla da sübut edir. “Booker” mükafatına layiq görülən roman Evana ilk beynəlxalq nüfuzlu ədəbi mükafatı gətirməklə yanaşı növbəti roman üçün də nəhəng maliyyə imkanları və uğur bazası yaradır. 2001-ci ildə Evanın yaradıcılığının ən uğurlu əsərlərindən hesab olunan “Əvəz”-i (“Atonement”) yazır. Bu əsər yazıçının ən yaxşı kitabı olmaqla yanaşı, həm də bir roman müəllifinin inkişafının və özünütəsdiq üçün keçdiyi yolun ən bariz sübutu olur. Adıçəkilən ədəbi nəhəng Evanın yaradıcılığının zirvəsi rolunu oynayır. Onu da qeyd edək ki, bu həm də yazarın ən qalmaqallı əsəri də hesab olunur. Belə ki, Evanın uzun müddət bu əsərin süjetinin Lusilla Andreunun avtobioqrafik “Sevgiyə vaxt qalmadı” (“No time for romance”) əsərindən oğurlanmadığını sübut etməyə çalışıb. Əsər sonradan eyniadlı filmin ssenarisi olur. Baş rollarını Keira Naytli və Ceyms Mak Evoyun canlandırdığı film 2007-ci ilin ən uğurlu filmlərindən olur. Müəllifin diqqət çəkəcək başqa bir əsəri isə “Günahsız”-dır (“The İnnocent”). Bu əsər ilə Evan müharibənin insanı nəyə çevirdiyini göstərir və məhz burdan sonra roman Evansayağı gərgin və qaranlıq bir yola girir. Evanın yaradıcılığında böyüklərin və uşaqların zövqlə ortaq mütaliə edə biləcəyi əsərlər də az deyil. “Xəyalpərəst” (“The Daydreamer - 1994), “Kəndlinin süfrəsi” (“The Ploughman’s Lunch” - 1985) əsərlərinin və televiziya üçün çoxsaylı ssenarilərin müəllifi olan Evan hər zaman oxucu ilə əlaqə qurmağın bir yolunu tapır. Əgər bu əsərlə alınmırsa, onda yazdığı süjetlərlə öz oxucusunu ekrana bağlamağı bacarır. 2014-cü ilə kimi yazıçı 12 romanın, 3 hekayələr toplusunun, dörd ssenarinin, bir dramın və iki uşaq ədəbiyyatı nümunəsinin müəllifi olub. Bir yazıçı kimi olduqca qayğıkeş və diqqətlidir. Amma bir yazıçı üçün olduqca baxımlı, yaraşıqlı və təbiətən həddindən artıq rahatdır. Evan Oksford yaxınlığında gürcü evləri tərzində sıra-sıra salınmış sadə, amma əksər yazıçıları narahat edəcək qədər inanılmaz səliqəli və təmiz, yaxşı təmir olunmuş bir evdə yaşayır. Evanın xanımı Annalena Mak Afee isə “The Guardian”-ın redaktorlarındandır. Dünya ədəbiyyatının nüfuzlu və məşhur nümayəndəsinin ailəsi, uşaqlığı və ədəbiyyata gəlişi haqqında “spielberg.com”-da yer almış xatirələrini təqdim edirik.
“The Child in Time” əsərindəki qəhrəmanlar reallığa çox yaxındır, demək olar ki, ideallaşdırılmış portretlərdir. Valideynlərimin ikisində də qəribə xüsusiyyətlər var idi, onlara əsas olmadan, faktı sübut etmədən nəsə danışmaq, münasibət qurmaq olmurdu, odur ki, onlar sağ olanda portretlərini yaratmaq və xüsusiyyətlərini hansısa qəhrəmanın üzərinə köçürmək çox çətin idi. Mən 1948-ci ildə Alderşot ətrafında yerləşən bir yerdə doğulmuşam. Həmin vaxtlar atam baş çavuş olub. Atam Qlazqouda anadan olub, sadəcə Klayd çayı sahillərindəki işsizlik və səfillikdən qurtulmaq üçün yaşı ilə bağlı yanlış məlumat verərək 1933-cü ildə orduya qoşulub. “Atonement”-də onun bütün xarici görünüşünü detalları ilə təsvir etmişəm. Əsgərlərlə düzəltdikləri motosikletçi yarışlarından birində Dunkirkə gedən yolda qəzaya uğrayıb ayağından zədə almışdı. Devid Mak Evan çox yaraşıqlı idi, cəlbedici, özünədüşkün və həddindən artıq baxımlı. Qorxunc dərəcədə içki dəlisi idi, çox içirdi. Böyük bir orduda təmizliyə ən çox diqqət yetirən, əməl edən və tələb edən insan kimi seçilib. Qəribəsi odur ki, mən böyüdükcə o da mənə heyranlıqla baxırdı. Amma uşaqlarla münasibət qurmaq qabiliyyəti yox idi, uşaqlığım anamın məni atamla hədə-qorxu etməsi ilə keçib. Onun üçün dünyanın ən rahat yeri pivəxanalar və hərbçilərin toplandığı yerlər idi. Anam da, mən də ondan qorxurduq. Anam Alderşot yaxınlığında bir kənddə doğulub, böyümüşdü. 14 yaşında məktəbdən uzaqlaşıb, qulluqçuluğa başlayıb. Sonra bir müddət də hansısa idarədə xidmətçi olsa da, ömrünün böyük hissəsini evdar qadın olaraq yaşadı. Bu, onun dövründə böyümüş nəslin qızları üçün fəxr ediləcək bir şey idi. Atamın həddini aşmış içki düşkünlüyü əksərən problemə çevrilirdi, anamın ağlamağına da səbəb bu olurdu. Çox zaman hər şeyin üstündən sükutla keçərdilər. Atam hislərini kəskin formada büruzə verən, hiss etdiklərindən danışan adam deyildi. Mənə qarşı olduqca tələbkar idi. İmtahanlarımı uğurla verəndə qürurlanırdı. Ailədə yeganə davamlı təhsil alan mən idim”.
“Valideynlərim çalışırdılar ki, özlərinin itirdikləri təhsil imkanlarını mənim üçün təmin etsinlər. Amma mənə nəyi oxumaq lazımdır, hansı kitablar məsləhətlidir, nəyə yönlənməliyəm kimi məsləhətlər verə, yol göstərə bilmirdilər. Mənim kitaba həvəsim, seçimlərim və digər sadaladıqlarım erkən dövrlərdə təsadüf və intuisiya, sonralar isə öz əməyim hesabına alınıb.”
“Sakit, arıq, solğun, xəyalpərəst, anasına çox düşkün, utancaq idim. “Xəyalpərəst” əsərindəki Piter (əsərin qəhrəmanı on yaşlı Piter Fortune E.S.) bir qədər mən özüməm. Olduqca içimə qapalı uşaq idim, çox insan olan yerdə əsla danışmazdım. Yalnız yaxın dostlarla ünsiyyət qurmağa üstünlük verirdim.”
“Yeniyetmə illərimdə artıq İris Murdok, Con Masters, Nikolas Monsarrat, Con Steynbek sevə-sevə oxuduğum müəlliflər idi. Sonralar elmi-fantastik nümunələrə marağım yarandı. 16 yaşımda qarşımda tamamilə fərqli bir ədəbi mühit açıldı. İngilis dili müəllimim Neyl Klaytonun təsiri və məsləhəti ilə ədəbiyyatın nəhəng imzaları Herbert, Svift, Koleric və başqalarının yaradıcılığı ilə tanış oldum. Onun yönləndirməsi ilə qiraət bazam o qədər zənginləşdi ki, artıq ədəbiyyat mənə müqəddəs ayin, rahiblik kimi görünürdü və öz-özümə düşünürdüm ki, nə zamansa mən də bu aləmə qoşulacam. Sonra dövrün yeni yaranmış universitetlərindən olan Susseksə qəbul olundum. Bura “savadlı insan”-la bağlı konkret sərhədlərin və radikal təsəvvürün olduğu bir yer idi. İnsan özündən asılı olmadan oxumağa, öyrənməyə, kəşf etməyə həvəsləndirilirdi.”
“Ədəbi bazamı görən və yaradıcılığımın erkən dövrlərində mənə ən çox köməyi dəyən, həyatımda böyük rol oynayan insan Ted Solotarof “New American Review”nun redaktoru idi. Hekayələrimə ilk ciddi yanaşmanı mən onda hiss etmişəm. Artıq 1972-ci ildən etibarən hekayələrimin nəşri ilə o məşğul olurdu. Mənə çox kömək edirdi, hər şeyə həssas və dərin yanaşan insan idi. Bu insan elə adamların əsərlərini mütaliə edirdi, mən heç adlarını eşitməmişdim. Onu Amerika ədəbiyyatının açarı hesab edirəm. Ona çox şey borcluyam.
“Bəzi yazıçılar yazmaq istəyəndə uzun-uzadı nəyisə xəyal etməli olduqlarını deyir. 21 yaşında bir yazmağa başlayanda uşaqlığım və yeniyetməliyim var idi əlimdə. Uşaqlıqda yaşananlar insan beynindəki ən parlaq xatirədir, onu unutmaq çətindir. Hətta həyatın ən aydın xatirələri məhz uşaqlıqda yaşananlardır. Mən də onlardan ilhamlanmışam”.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər